Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#99(323)
DK-da xırdaların müharibəsi başlayacaq

Müsavat yönlülərin toplaşdığı demokratik konqresdəki kiçik partiyaların ədavəti getdikcə güclənməkdədir. İdarə Hey`ətində təmsil olunmaq istəyən Türk Millətçi Partiyası ilə Azadlıq Partiyası ciddi qarşıdurma ərəfəsindədir.
TMP-nin DK-nın İdarə Hey`ətində təmsil olunmasına Azadlıq Partiyası daha ciddi müqavimət göstərmək fikrindədir. Bu da təbii ki, kiçik partiyaların DK çərçivəsində narazılıq yaratmasına gətirib çıxarıb. Azadlıq Partiyasının sədrinin mətbuatdakı açıqlamalarından sonra, TMP də öz növbəsində bu məsələyə münasibət açıqlamağı vacib bilir. Türk Millətçi Partiyasının sədri Azadlıq Partiyasının DK-dan çıxarılmasını tələb etmək niyyətindədir. O bildirib ki, hələ DK-ya qəbul olunmamışdan qabaq şəxsən Azadlıq Partiyasının sədri Əhməd Oruc onların İdarə Hey`ətində təmsil olunacaqlarına kömək edəcəyinə söz veribmiş.

Gəlin, etik olaq!
İsa Qəmbər Rəsul Quliyevlə danışıb

Aldığımız mə`lumata görə, Müsavat başqanı İ.Qəmbərin ADP sədri Rəsul Quliyevlə telefon danışığı olub.
Danışıq zamanı İsa Qəmbər ADP baş katibi S.Cəlaloğlunun və digər ADP funksionerlərinin Müsavata qarşı sərt açıqlamalara son qoymasını xahiş edib. Rəsul Quliyev də öz növbəsində İ.Qəmbərdən ona qarşı kompaniyaya son qoyulmasını xahiş edib. Verilən mə`lumata görə, ümumi razılıq əldə olunub. Rəsul Quliyev S.Cəlalloğluna və Aydın Quliyevə Müsavat əleyhinə kampaniya aparmamağı tapşırıb. İsa Qəmbər də ona yaxın mətbu orqanlarda R.Quliyevə etika çərçivəsində münasibət bildirməyi tapşırıb.

DYP qərar verəcək

Demokratik Yol Partiyasının rəhbəri Mahir Səmədov bu qurumun qurultaya hazırlaşdığını bildirib.
Vaxtı ilə zorla ADP-yə birləşdirilən və DYP-nın 33 rayon təşkilatının hələ də "demokratlar"a birləşməkdən imtina etdiyini söyləyən M.Səmədov Mərkəzi Şuranın iclasında ikinci qurultay haqda bu yaxınlarda qərar veriləcəyini söylədi: "Qurultayda seçkili orqanlar müəyyənləşdiriləcək". M.Səmədov onu da bildirdi ki, bu partiya müstəqil siyasi kurs yeridəcək.

BAB qurultaya hazırlaşacaq
Təşkilatın yeni sədri seçilə bilər...

Bütöv Azərbaycan Birliyi sədrinin I müavini Çingiz Göytürk bu qurumun fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayacağını bildirir.
Göytürkün sözlərinə görə Azərbaycanın güneyində fəaliyyəti ən çox hiss olunan təşkilat BAB-dır: "Bizim təşkilat ən geniş sosial bazaya malikdir". BAB-ın monolit birliyini heç kimin parçalaya bilməyəcəyinə inanan Göytürk qurumun qurultaya hazırlaşdığını bildirir: "Sentyabrın 8-dən e`tibarən BAB-ın Mərkəzi Şurası öz fəaliyyətinə başlayacaq. MŞ-nin iclasında qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yaradılması qərarlaşdırılacaq. Bundan sonra birlik qurultaya hazırlıq işinə başlayacaq və yəqin ki, 2002-ci ilin birinci yarısında biz qurultay keçirməyə nail olacayıq". Ç.Göytürk qurultayda partiya sədrinin səlahiyyətlərini daşıyacaq şəxsin seçiləcəyini dedi. Ancaq mənim fikrimcə, BAB-ın əzəli və əbədi sədri Ə.Elçibəydir". nArzu

VBP AMİP-lə sazişə gedəcək?
Vahid Çıraqlı: "Kiminlə əməkdaşlıq edəcəyimizi özümüz müəyyənləşdiririk"

"Vəhdət Partiyasının sədri Tahir Kərimlinin e’tirazlarına baxmayaraq, VBP əməkdaşlıq etdiyi partiyaları özü müəyyənləşdirəcək". Ayaz Mütəllibovun rəhbərlik etdiyi VBP Mərkəzi Şurasının sədri Vahid Çıraqlı müxbirimizlə söhbətində belə deyib.
Tahir Kərimlinin AMİP-VBP danışıqlarına sərt münasibətinin anlaşılmaz olduğunu bildirən Vahid Çıraqlı bunları əlavə edib: "İki partiya rəhbəri görüşürsə, bu heç də o demək deyil ki, hər iki partiya sədri o saat eyni strateji xəttə keçirlər. AMİP sədri E’tibar Məmmədov özü şəxsən bu görüşə cəhd edib. Bu səbəbdən də hər iki partiyanın rəhbərliyi görüşüb ölkədəki ictimai-siyasi durumu müzakirə ediblər. AMİP-lə VBP-nin siyasi kursu fərqlənir və bu baxımdan demək olmaz ki, biz müttəfiqlik edəcəyik. Biz öz hərəkətlərimizdə heç bir yanlışlığa yol verməmişik".
Mərkəzi Şura sədri həmçinin bildirib ki, Tahir Kərimli bu kimi açıqlamaları ilə VBP-yə təzyiq göstərə bilməz: "Tahir Kərimli bizim daxili işlərimizə müdaxilə edə bilməz. Bizimlə heç bir partiya sədri ultimativ formada danışa bilməz. Əməkdaşlıq edəcəyimiz partiyanı da özümüz müəyyənləşdiririk. Tahir Kərimli bizi iqtidara işləməkdə ittiham etməklə səhvə yol verir".

İran Mahir Cavadovu verəcəkmi?
Arif Paşa: "İranın təzyiq "rıçaq"larından imtina edəcəyi inandırıcı görünmür"

Azərbaycanın milli təhlükəsizlik naziri Namiq Abbasov və İran "Ettelaat"ının rəhbəri Əli Yunisinin İranda keçirəcəyi görüşlə bağlı müxtəlif versiyalar ortaya çıxıb. Yayılan mə’lumatlara görə, İrana səfəri zamanı Azərbaycan tərəfi bu ölkədə sığınacaq tapmış Mahir Cavadovun təhvil verilməsi ilə bağlı məsələ qaldıracaq. Əvəzində isə İrandan qaçıb Azərbaycanda məskunlaşmış bə’zi şəxslərin tutulub bu ölkəyə veriləcəyi bildirilir.
Məsələyə münasibətini bildirən AXCP sədrinin müavini Arif Paşanın fikrincə, İran Mahir Cavadovu asanlıqla Azərbaycana təhvil verməyəcək: "Hesab etmirəm ki, İran uzun müddət Azərbaycana qarşı istifadə etdiyi kriminal fiqurları təhvil verəcək. İran Mahir Cavadovun fəaliyyəti üçün hər cür şərait yaradıb və onu istədiyi vaxt Azərbaycana qarşı qaldırır. Üstəlik, İran-Azərbaycan münasibətlərinin indiki səviyyəsi imkan vermir ki, Mahir Cavadov Azərbaycana təhvil verilsin".

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd