|
|
|
|
#99(323) |
 |
Ermənistan cəzalandırıla bilər
AŞPA Azərbaycanın işğal olunmuş ərazilərində mədəni abidələrin dağıdılması məsələsini araşdırmağa başlayır
|
Bu gün Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm və təhsil məsələləri üzrə komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycanın mədəni dəyərlərinin dağıdılması və zəbt edilməsi ilə bağlı sənədin müzakirə olunacağı bildirilir. Mə’lumat üçün qeyd edək ki, hələ yay sessiyasında Azərbaycan nümayəndə hey’əti işğal olunmuş ərazilərimizdə mədəni-tarixi abidələrin dağıdılması və mənimsənilməsi ilə bağlı sənədi AŞPA üzvlərinə yaymışdı. Bugünkü müzakirələrdən sonra təşkilatın vəziyyəti yerində araşdırmaq məqsədilə Azərbaycanın işğal altında olan ərazilərinə xüsusi nümayəndələr göndərəcəyi də istisna olunmur.
Azərbaycanı AŞPA-da təmsil edən nümayəndə hey’ətinin üzvü, millət vəkili Qulamhüseyn Əliyev araşdırmalardan sonra Ermənistanın cəzalandırılacağını istisna etməyib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə hey’əti tarixi abidələrin dağıdılması ilə bağlı konkret faktları artıq AŞPA-nın müvafiq komitəsinə təqdim edib. O, Ermənistana qarşı tətbiq olunacaq sanksiyaların müxtəlif ola biləcəyini deyib: "Avropa Şurasının öz üzvlərinə qarşı xüsusi tə’sir tədbirləri mövcuddur. Məsələn, səsvermədən məhrum etmə, AŞPA-nın işindən uzaqlaşdırma, Avropa Şurasından çıxarılma və s. cəza tədbirləri nəzərdə tutulur. Məsələ hələ komitədə araşdırılacaq. Bundan sonra isə Assambleyanın gündəliyinə çıxarılacaq. Biz ən müxtəlif faktları və sənədləri onlara təqdim etmişik".
AŞPA baş katibi Lord Rassel Consonun Bakıya gözlənilən səfərinə gəlincə, Qulamhüseyn Əliyev bunun mühüm siyasi əhəmiyyət daşıdığını vurğulayıb: "Səfər bir növ tanışlıq xarakteri daşıyacaq. Ola bilsin ki, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl edib-etməməsi məsələsi müzakirə olunacaq. Hər halda, səfər mühüm siyasi əhəmiyyət daşıyır".
Azərbaycan nümayəndə hey’ətinin AŞPA-nın payız sessiyasına ciddi hazırlaşdığını deyən Qulamhüseyn Əliyev hazırlanan sənədlər barədə açıqlama verməyi məqsədəuyğun saymayıb: "Bu, bizim görəcəyimiz işlərə maneələr yarada bilər. Əks tədbirlər görülməsi ehtimalı olduğu üçün mətbuata açıqlama vermirik".
"Azərbaycanı
təhlükə gözləmir"
Mübariz Əhmədoğlunun fikrincə,
İran-Rusiya əməkdaşlığı ölkəmizə qarşı yönəlməyib
|
İranın müdafiə naziri, vitse-admiral Əli Şəmxaninin Moskvaya gözlənilən rəsmi səfəri siyasi müşahidəçilərin diqqət mərkəzindədir. Bir çoxları Xəzərlə bağlı gərginliyin səngimədiyi bir məqamda Rusiya-İran hərbi yaxınlaşmasını Azərbaycan üçün təhlükəli hesab etsələr də, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu başqa fikirdədir.
Əhmədoğlunun sözlərinə görə, Rusiya İranla yalnız özünün iqtisadi maraqları ucbatından hərbi əməkdaşlığa başlayıb: "Demək olmaz ki, Rusiya və İran Azərbaycana qarşı hərbi əməkdaşlığa başlayıblar. Belə fikirləşənlər sadəlövhlük edirlər. Rusiya və İran artıq neçə illərdir ki, hərbi sahədə əməkdaşlıq edirlər. Rusiyanın məqsədi İranı gücləndirmək yox, özü üçün alternativ maliyyə mənbələri tapmaqdır. Rusiyanın neftindən başqa satmağa həm də silahı var".
Mübariz Əhmədoğlu hesab edir ki, İran-Rusiya hərbi əməkdaşlığının güclənməsində Qərbin də rolu var: "Rusiya Qərbə inanıb İraq və İranla bağlı embarqonu dəstəklədi. Əvəzində isə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Rusiya qarşısında müəyyən şərtlər irəli sürdülər. Bundan sonra Rusiya İraqa qarşı embarqonu götürdü və İranla ticari əlaqələri gücləndirməyə başladı. Rusiya fikirləşir ki, öz silahını satmaqla maliyyə mənbələri tapar və Qərbin də iqtisadi təzyiqlərindən xilas olar. Əslində bu, Qərbin buraxdığı səhvdir".
Politoloqun fikrincə, Qərb maliyyə yardımını kəsməklə Rusiyaya təzyiq göstərə bilməyəcək: "Çünki dünya bazarında neftin qiymətləri kifayət qədər yüksəkdir. Ona görə də Rusiya artıq Qərbin maliyyəsindən asılı deyil".
Yunus Oğuzdur da, gəlir, qoy gəlsin
Almurad Əliyev: "Mirəlioğlu da AXCP-nin MVP-yə birləşməsini istəyir"
|
İlk günlər adi ideya kimi görünən Milli Vəhdət Partiyası (MVP) ilə AXCP "klassiklər" qanadının birləşmə məsələsi günü-gündən ciddiləşməyə başlayıb. Elə bu günlərdə mərhum AXCP sədri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev evində Mirmahmud Mirəlioğlu ilə Yunus Oğuzun görüşməsi ideyasının nə qədər ciddi olduğu barədə mə`lumatlara aydınlıq gətirməyə çalışdı. Halbuki, iki-üç gün əvvəl əksər "klassiklər" sözügedən məsələ ilə bağlı partiyada heç bir müzakirənin aparılmadığını iddia edirdi.
Hələlik mətbuatda rəsmi şəkildə açıqlanmasa da, AXCP-də Yunus Oğuzun partiyaya gəlişini istəməyən böyük bir təbəqə var. Yunus Oğuzun XAP-da və Vəhdət Partiyasındakı hərəkətləri AXCP-dəkiləri ciddi şəkildə düşünməyə vadar edib. Bununla belə, Yunus Oğuzun tezliklə AXCP-yə gəlməsində də maraqlı qüvvələr var.
Bizimlə söhbətində Yunus Oğuz üçlük arasında belə bir görüşün olduğunu təsdiqlədi. Amma görüşdə konkret olaraq nədən danışıldığını açıqlamadı. MVP sədri dolayısı ilə təsdiqlədi ki, partiyaların birləşmək məsələləri müzakirə edilib. Buna baxmayaraq, Yunus Oğuz "partiyalar birləşərsə, özünüzü hansı postda görürsünüz" sualına cavab vermədi. Bildirilir ki, Almurad Əliyev hətta Yunus Oğuzun həmsədr olmasını təklif edib. Yunus Oğuz dedi ki, bütün bu məsələlər qapalı saxlanılmalıdır: "Aramızda belə bir razılaşma oldu ki,bunları hələlik mətbuata açıqlamayaq. Yəqin ki, vaxtı çatanda özümüz söylərik".
Almurad Əliyev isə dedi ki, partiyaların birləşmək məsələsində Yunus Oğuz hər şeyə razılığını verib. Bununla belə, o, Milli Vəhdət Partiyası sədrinin nəyə razılıq verdiyini də konkret şəkildə açıqlamadı: "O hər şeyə razıdır, təki mənim yanımda olsun.Çünki 14 ilə yaxındır, onunla bir yerdəyik".
Partiyaların birləşməsində müəyyən narazılar təbəqəsinin olması xəbəri ilə razılaşmayan Almurad Əliyev dedi ki, hamı bir nəfər kimi buna razılığını verib. AXCP (klassiklər) sədri Mirmahmud Mirəlioğlunun mövqeyinə gəlincə, Almurad bəy AXCP sədrinin də razılıq verdiyini açıqladı: "Artıq Mirmahmud Mirəlioğlu da partiyaların birləşməsinə razıdır.Yunus Oğuzdur da, gəlir, qoy gəlsin. Burda nə var ki? Partiyaların birləşməsini ancaq alqışlamaq lazımdır".
|
Bircə mitinqə
gücümüz çatmırsa...
|
Müsavat Partiyasını "siyasi mühacir" adı ilə İrana sığınmış Mahir Cavadovla əməkdaşlıqda ittiham edən ADP baş katibi Sərdar Cəlaloğlunun başı qaldadır. Adekvat olaraq "demokratlar"ı hədəfə götürən Müsavat funksionerləri ittihamlarını davam etdirəcəyi təqdirdə Sərdar Cəlaloğlunun məhkəmə qarşısında dayanmalı olacağını bildirirlər.
ADP baş katibi Sərdar Cəlaloğlu isə bundan narahat deyil. O, "Bizim ƏSR"ə açıqlamasında müsavatçıların "panika"ya düşdüyünü iddia edib: "Amma başa düşə bilmirəm ki, bunun səbəbi nədir? Haqqımızda indiyə qədər müxtəlif ittihamlar irəli sürüblər, ancaq biz buna reaksiya verməmişik. Görünür, onlar nədənsə bərk həyəcanlanıblar. Son vaxtlar İsa Qəmbərin tə’sisçi olduğu "Yeni Müsavat" qəzetinin Mahir Cavadova geniş yer ayırması nədən xəbər verir? Hər halda, qəzetin təbliğat siyasətində partiyanın maraqları aydın görünür".
Cəlaloğlu həmçinin, Müsavat rəhbərliyinin son addımlarının iqtidarın maraqlarına uyğun olduğunu söyləyib: "Müxalifətçi fəxri ad deyil. Əgər bu gün bir mitinq keçirməyə cəsarətimiz çatmırsa, onda deməli, Azərbaycanda müxalifət yoxdur. Onlar kütləvi aksiyalara qoşulmaq istəmədiklərinə görə, bizi də gözdən salmaq, aksiyaları mə’nasızlaşdırmaq yolu tutublar. Müsavat rəhbərliyi indiki halda sadəcə, sözbazlıqla məşğuldur".
|