Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#99(323)
Kürdəmirdə qanlı olay

Sentyabrın 1-də Kürdəmir pambıqtəmizləmə zavodunda baş vermiş qanlı hadisə ilə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini Rasim Əsədov həbs edilib.
DİN mətbuat xidmətindən aldığımız mə`lumata görə, hadisə saat 22 radələrində törədilib. Belə ki, İmişli rayon sakinləri Rasim Əsədov və Adil Fətullayev pambıqtəmizləmə zavoduna gələrək, həmin gün təhvil verdikləri pambığın pulu ilə bağlı mühasib İlham Məmmədovla mübahisə ediblər. Mübahisə kəskinləşib. Onlar iş otağında İ.Məmmədova bir neçə atəş açıblar. R.Əsədov hadisə yerindən qaçıb. A.Fətullayev isə tapançadan atəş açaraq özünə qəsd edib. Hazırda İ.Məmmədovun vəziyyəti ağırdır.
Əməliyyatçılar hadisə yerində 1 "Makarov" tipli tapança və 1 ədəd patron aşkar ediblər. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu istintaq aparır.

İnsan "qaçaqmalçı"ları məhkum olundular
Onlar MTN əməkdaşına rüşvət təklif ediblər

Dünən Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bir qrup Əfqanıstan vətəndaşının qeyri-qanuni yolla Hollandiyanın Amsterdam şəhərinə immiqrasiyasını reallaşdırmağa cəhd edən 2 İran vətəndaşının mühakiməsi yekunlaşdı.
Cinayət işinin materiallarına görə, Həssas Səməd oğlu Tağızadə 1993-cü ildə gizli yolla sərhəddən keçərək Bakıya gəlib və Z.Tağıyev küçəsi, ev 74, mənzil 4-də kirayənişin qalıb. Ötən il həmyerlisi Məhəmməd Kəbir Qızılbaşla tanış olub. M.Qızılbaş 7 nəfər əfqanlının (onlardan 5-i qadın, 2-si kişidir) qeyri-qanuni yolla Hollandiyaya immiqrasiyasını təşkil etməyin vacibliyini bildirib. H.Tağızadə Binə hava limanında çalışan İntiqam Behbudovun onun tanışı olduğunu xatırladaraq, bu işi həll etməyi öz öhdəsinə götürüb. Buna görə də müvəqqəti İranda məskunlaşan Əfqanıstan vətəndaşlarını sərhəd keçid məntəqəsindən gizli şəkildə respublikamızın ərazisinə keçiriblər. H.Tağızadə onların şəxsiyyətlərini təsdiq edən sənədləri saxtalaşdıraraq, hər birinin adına sovet vətəndaşı pasportu alıb. Həmin müddətdə əcnəbi vətəndaşları Bakıda kirayə etdikləri mənzillərdə saxlayıblar. Nəhayət, müştərilərinə bilet alan Həssas onları yola salmaq üçün bu il mayın 1-də Binə Hava limanına gətirib. O, İ.Behbudovla görüşərək, həmin şəxsləri təyyarəyə ötürmək üçün ona 2300 dollar rüşvət verib və həmin anda polislər tərəfindən həbs edilib. Mə`lum olub ki, İ.Behbudov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşıdır, baş leytenantdır.
Məhkəmə istintaqı zamanı H.Tağızadə həmin səfəri reallaşdırmaq üçün Əfqanıstan vətəndaşlarından 4 min dollar aldığını söyləyib. Hakim Əlövsət Abbasovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmüylə H.Tağızadə 7 il, M.Qızılbaş isə 6 il müddətinə azadlıqdan məhrum edildi.

İsaxan Aşurovu öldürmək istəyiblər
Sifarişi keçmiş Qazax "OMON"unun rəhbəri Elçin Əmiraslanov veribmiş

Ötən gün Bayıl istintaq təcridxanasında, vətənə xəyanət də daxil olmaqla 10-a yaxın maddə ilə ittiham olunan Əliyusif Tahirovun və onunla birlikdə daha 5 nəfərin məhkəmə prosesi davam etdi. Srağagün məhkəmə zalında halı pisləşdiyindən ifadə verə bilməyən məhkum Şəmsi Abdullayev nəhayət dünən şahid ifadəsini yekunlaşdıra bildi.
O, Rəhim Qazıyevin həyatına qarşı sui-qəsd epizodu üzrə dindirildi. Şuşanın işğalına görə sabiq müdafiə nazirini öldürmək fikri olduğunu vurğulayan Ş.Abdullayev cinayət işində öz əksini tapmayan vəkil İsaxan Aşurovu qətlə yetirmək barədə sifariş aldıqlarını da bə`yan etdi. Ş.Abdullayevin sözlərinə görə, İ.Aşurov Qazax Rayon Polis İdarəsinin rəisi işləyən zaman "OMON"çuların hansısa əməliyyatına mane olub. Bundan qəzəblənən Qazax "OMON"unun rəhbəri Elçin Əmiraslanov "İsaxan ermənilərə işləyir" deyərək onun qətlinə fərman verib. Bu sifarişi yerinə yetirmək isə Ş.Abdullayevə həvalə edilib. Ş.Abdullayev sabiq polis rəisini tanıdığından onu öldürməkdən vaz keçdiyini söyləyib. "Ona şans verdim ki, müdafiə nazirinin müavini İsa Sadıqovla danışsın. Zəng vuraraq, Elçin məni tutdurub dedi. İ.Sadıqov Elçinlə danışandan sonra İsaxan ölümün pəncəsindən qurtardı", - deyə Ş.Abdullayev bildirdi.
Şahid həmin hadisədən sonra "OMON"çuların İ.Aşurovu Gəncəyə apararaq, orada saxladıqlarını və hansısa maddə ilə bir müddət azadlıqdan məhrum etdirdiklərini vurğuladı. Məhkəmədə şahid ifadəsi verən Elxan Budaqov isə 4 il əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Məmməd Mikayılovun ona yetirdiyi xəsarətdən danışdı. Və bildirdi ki, körpünün partladılması epizodunda iştirak etməyib. Qeyd edək ki, dövlət ittihamçısı E.Abdullayevin vəsatəti ilə Ə.Tahirovun qardaşı Mehman Tahirov əlavə şahid qismində məhkəmədə ifadə verəcək. Bu gün isə məhkəmədə mərhum kontr-admiral Eduard Hüseynovun qətli epizodu üzrə "İntergeo-tetis" beynəlxalq elmi-texniki kompleksinin prezidenti Elçin Xəlilov və Viktor Tatarin dindiriləcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd