|
|
|
|
#99(323)
|
 |
Rüstəm İbrahimbəyov
"Kinomuzun
milli siması yoxdur"
|
"Dünyada məndən də talantlı minlərlə insan var. Ancaq onlar mənim yaşadıqlarımdan, gördüklərimdən xəbərsizdirlər, onu təsvir eləməkdə acizdirlər. Həyatın elə ştrixlərini cızıram ki, o, yalnız mənə mə`lumdur, başqa heç kimə. Bu, iç dünyamın, yaradıcılığımın məziyyətidir..."
Rüstəm İbrahimbəyovun söylədiyi bu sözlər onun külli yaradıcılığının epiqrafıdır. Ayrı cür desək, Rüstəm İbrahimbəyov yaradıcılığı məhz bu e`tirafdan başlayır.
Bəlkə elə ona görə də, ilk dəfə soyadının 1970-ci ildə ekrana çıxan "Bir cənub şəhərində" filminin titrlərində yazılmasına baxmayaraq, az keçməmiş, bu imzanı izləyənlərin sayı birə-beş artdı.
... İndi isə, adətən, onu belə təqdim edirlər -
Amerika Kino Akademiyasının "Oskar" mükafatının laureatı, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqı Konfederasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri, Azərbaycan xalq yazıçısı, ssenarist, rejissor Rüstəm İbrahimbəyov.
Müsahibimlə söhbətə isə, çoxdan bəri açılışını gözlədiyimiz "İbrus" Eksperimental Teatrdan başladıq.
- Teatrımızın açılışı bir neçə səbəbə görə ləngiyir. Hərgah Moskvada keçirilən Ümumdünya Teatr Olimpiadasına də`vətnamə alanda elə zənn edirdik ki, "İbrus" artıq fəaliyyətdədir. Çünki Azərbaycandan yeganə biz də`vət almışdıq. Güman edirdik ki, "İbrus"un maliyyə problemi olmayacaq. Amma qəribədir ki, ümidimiz doğrulmadı. Bir neçə sponsor söz versə də, axırda heç biri kömək etmədi. İndi isə, hələ gözləyirik. Hər halda, fikrimiz var teatrı oktyabrın əvvəli açaq.
Necə oldu ki, teatr
yaratmaq fikrinə düşdünüz? Sözün düzü, əsərləriniz səhnələşdirilsə də, imzasını kino aləmində görməyə alışdığımız Rüstəm İbrahimbəyovun teatr yaratmaq istəyini bir qədər təəccüblə qarşıladıq.
- Həyatda bir prinsipim var. Biləndə ki, hər hansı gərəkli bir işi heç kim görmür və görməyəcək, onun məs`uliyyətini öz üzərimə götürürəm. Neçə ildir baxıram ki, Azərbaycanda hardasa 7-8 nəfər çox yüksək səviyyəli aktyor öz yerini tapa bilmir. İmkanlarından istifadə etmirlər. Üstəlik, xarici ölkələr- də, o cümlədən, Moskvada Azərbaycan teatrı anlayışı yoxdur. Ancaq mən bunu əminliklə deyirəm, xüsusən də, İstanbulda "Şirəbənzər"i səhnələşdirəndə bu fikrimi bir daha qətiləşdirdim. Bir çox ölkələrlə müqayisədə Azərbaycan teatr mədəniyyətinin ümumi səviyyəsi kifayət qədər yüksəkdir. Mən inanmıram ki, ayrı bir ölkədə tamaşanı iki-üç dildə oynayan belə iste`dadlı aktyorlar ola. Ancaq Bakıda var. Bu cəhət məni çox maraqlandırır, istəyirəm ki, xaricdə Azərbaycan teatr anlayışı "İbrus"un simasında formalaşsın. Teatr təfəkkürümüzlə tanış olsunlar, görsünlər ki, necə aktyorlarımız var.
Repertuarınızı
müəyyənləşdirmisiniz?
- Demək olar ki, hə. "Şirəbənzər" haqqında artıq mə`lumatınız var. İkinci səhnələşdirdiyim əsərimlə oxucular tanış deyillər. Üçüncü tamaşa Cəlil Məmmədquluzadənin əsərləri əsasında yazdığım pyesdir. Onun haqqında bir az ətraflı danışacam. Cəlil Məmmədquluzadənin qəhrəmanlarını bu günümüzdə canlandırıram. Əminəm ki, ədibin əsərlərinin müasir yozumu oxucularımız üçün maraqlı olacaq. Bir ailə evlərinin küçəyə baxan hissəsində balaca dükan açıb, çörək pulunu çıxarır. Çox mədəni, intelligent bir ailədir. Ancaq nə edəsən, dolanışıqları yoxdur. Ailənin övladlarından biri isə teatr rejissorudur. Yə`ni müasirimiz olan Kefli İsgəndərdir. Hərdən evə sərxoş gələn kefli İsgəndər hamını ayağa qaldırır ki, gəlin tamaşa qoyaq. O, Cəlilin əsərlərini səhnələşdirir. Səhnədə daha bir səhnə qurur.
Dövrünün başa
düşülməyən ziyalısının prototipi olan Kefli İsgəndəri nəyə görə məhz sənət adamının simasında canlandırmısınız?
- Bu günün sənət adamı, təəssüf ki, həqiqətən də dövrünün Kefli İsgəndəridir. Özü də heç nə dəyişməyib, Xudayar bəyi sahə müvəkkili əvəzləyir. Zeynəbi isə elə həmin evin xanımı. Özümün, bilirsiniz, ən çox nə xoşuma gəlir? Qəhrəmanlar öz həyatlarını səhnələşdirirlər; hadisələr təkrarlanır.
Xarici dramaturqlara da müraciət etmək fikrimiz var. Hələlik repertuarda, təxminən altı-yeddi əsərdir. Aktyorlar ayrı-ayrı teatrlardandır. İstəsələr təkcə "İbrus" da işləyə bilərlər, ancaq nəyə görə iş yerlərindən uzaqlaşsınlar? Paralel şəkildə işləsələr yaxşıdır.
Siz dünya kinosunda baş
verən prosesləri yaxından izləyirsiniz. Həmin proseslər baxımından, Azərbaycan filmlərini necə dəyərləndirərdiniz?
- Azərbaycanda elə vaxtlar olub ki, hər il, ən azı, bir ekran əsəri ortalığa çıxırdı. Kino tarixində Həsən Seyidbəylinin filmləri önəmli yer tutub. Ümumrespublika müsabiqələrində Hüseyn Mehdiyevin, Rasim Ocaqovun filmləri dəfələrlə mükafat alıb. O gün bağda köhnə jurnalları vərəqləyirdim. Tanınmış kino tənqidçisi Marsel Martenin bir yazısı diqqətimi cəlb elədi. Deyəsən, 76-ci ilin məqaləsi idi. Yazır ki, "Daşkənddə böyük maraqla yeni Azərbaycan filmləri ilə tanış oldum. Çox maraqlı ekran əsərləri idi, dünya kinematoqrafiyasında öz yerlərini tutmağa qadirdilər".
Hansı rejissorların
filmlərindən söhbət gedir?
- Marsel ad çəkməyib. Təxminən hansı filmlərin olduğu mə`lumdur. 5-6 il bundan əvvəl Kann kinofestivalında da müsabiqədən kənar nümayiş olunan Azərbaycan filmləri çox maraqla qarşılandı. Barmaqla sayılsa da, dəyərli filmlərimiz var. Azərbaycan kinosunun bu günündən danışanda isə yalnız bir rejissorun adını çəkəcəm: Vaqif Mustafayevin. Çox maraqlı rejissordur. Yazdığı bir ssenarini də oxumuşam, tutarlı iş idi. Deməyim odur ki, qələmi də var. Yeri gəlmişkən, onu da deyim ki, "Hər şey yaxşılığa doğru" bədii filminin ideologiyasını heç cür qəbul eləmirəm. Mən dünyasını dəyişmiş insanlara kimliyindən asılı olmayaraq, hörmətlə yanaşıram. Heç və`də belə film çəkmərəm; meyid qala ortalıqda. Vaqifin də bu mövqeyini, yenə deyirəm, heç cür qəbul eləmirəm. Rejissorun bu yanaşma tərzi, adət-ən’ənəmizi pozur. Ancaq sənətkar kimi bir-neçə filminə baxmışam, çox bəyənmişəm. Təəssüf ki, bütün filmlərinə baxmamışam. Ancaq zövqünə inandığım insanların hamısı onun barəsində yüksək fikirdədir. Mənə də tə`rifləyiblər. Təbii ki, özümüzünkülər yox.
Nə üçün özümüzünkülər
yox?
- Bu, bizim milli problemimizdir. Ona görə də Vaqif Mustafayev məcbur idi, özü özünü təqdim eləsin, desin mən iste`dadlıyam. Çünki onun heç bir həmkarı deməyib ki, "Vaqif, sən talantlısan, nə gözəl işlərin var". Bunu gözləyən iste`dadlı bir rejissorsa, söhbət tək Vaqifdən getmir, başa düşür ki, heç kim onu dəyərləndirməyəcək, axırı özü dillənir.
Bu arzuolunmaz hal olsa
da, sənət müstəvəsində həmkar dəstəyi və yaxud da tə`rifi nəyisə həll edirmi? Məgər tamaşaçı rəğbəti, kino tənqidçilərinin fikirləri daha çox önəm daşımır?
- Elə bir kino tənqidçimiz yoxdur ki, əsaslı çıxış eləsin. Və hamı başa düşsün ki, kimsə yaxşı rejissordur. Sizə bir hadisə danışacam, məncə, ondan sonra vəziyyətin şərhə ehtiyacı olmayacaq. Moskvada bir əsərimi tamaşaya qoymuşdular. Tənqidçi Rəhman Bədəlov Moskvada bu tamaşanı görəndən sonra gəlib, Bakıda tənqidi bir məqalə yazdı. Təəssüf ki, əsassız. Biz görüşəndə mən ona öz fikrimi bildirdim. Dedim ki, əgər sən başqalarından da belə yazsaydın, hardasa səni başa düşərdim. Yanaşma tərzi belədir. Amma sənin məqalələrini oxuyanda oxucuda belə bir təəsssürat oyanır ki, müasirin olan Şekspir haqqında məqalə mütailə edirsən. Belə olan təqdirdə, necə olur ki, onlardan qat-qat üstün bu əsərdə bir belə nöqsan tutursan? Bunun iki səbəbi ola bilər. Ya sən onlardan çəkinirsən, məndən yox, ya da o əsəri, ümumiyyətlə, başa düşmürsən. Və ondan xahiş elədim ki, bir də mənim əsərlərim barədə heç nə yazmasın. Çünki profesionallığına inanmıram. Bu bizim dərdimizdir. Azərbaycanda düzgün şərhə, əsaslı tənqidi materiala rast gəlməzsən.
Sizcə, niyə? Ola bilərmi ki,
uzun zaman sovet mədəniyyətinin arxasınca sürünən tənqidşünaslıq hələ də o ideologiyanın stereorotiplərindən azad deyil? Və tənqidə qarşı göstərilən dözümsüzlük, şəxsi münasibət yenə də əsas rol oynayır?
- Əlbəttə. Düzgün dəyərləndirmə aparanda da yaza bilmirlər. Çünki bilirlər ki, yazsalar, özlərinə düşmən qazanacaqlar. Bizdə, ümumiyyətlə, tənqid ən`ənəsi yoxdur. Ancaq burada bir məqam var, tutaq ki, tənqid eləməyə qorxurlar, bəs tə`rifə nə problem? Layiqlilərə niyə göz yumurlar? Yenə deyirəm, Vaqif Mustafayev kimi rejissor niyə üç il-beş il gözləməli idi? İstər-istəməz müəyyən inciklik yaranır. Mən onu başa düşürəm.
Azərbaycan kinosunda
hansı meyllər özünü göstərir? Lirik psixoloji ovqat təəssüratı oyadan Azərbaycan kinosunda gedən dəyişikliklərin təqdirə və tənqidə layiq xüsusiyyətləri hansılardır?
- Bunu araşdırmaq üçün gərək çoxlu sayda filmlərə müraciət edəsən. Təəssüf ki, son illərin filmləri barmaqla sayıldığından, müasir Azərbaycan kinosunun bu günü barədə dolğun və düzgün fikir yürütmək mümkün deyil. Ancaq onu deyə bilərəm ki, senzuranın olmaması özünü göstərir. Məsələn, Eldar Quliyevin "Nə gözəldir bu dünya" kimi filmi sovet dövründə yarana bilməzdi. Bu ekran əsəri cəmiyyətin ən ağrılı yerlərinə toxunur, kinomuz üçün də yeni mövzudur. Bədii səviyyəsi yüksək olsaydı, daha maraqla qarşılanardı.
Sonra Hüseyn Mehdiyevlə Ramiz Rövşənin birgə yaradıcılığı çox maraqlı görünür. Çünki onlar milli kino dili axtarışındadır. "Süd dişinin ağrısı" filmində bu özünü qabarıq göstərir. Vaqifin "Yaramaz" filmində də bu var. Ancaq burada filmin dilində yox, qəhrəmanların psixologiyasındadır.
Kinonun milli tərəflərinə
toxundunuz. Bir məsələyə sizin münasibətinizi bilmək istərdim. Tez-tez belə bir fikir səslənir ki, postsovet məkanında milli kinodan söhbət gedərsə, yeganə gürcü kinosunun adını çəkmək olar. O dövrdə nə rus kinosu olub, nə də Azərbaycan.
- Yüz faiz razıyam. Həqiqətən də nə Azərbaycan, nə də rus kinosu olub. Bilirsiniz, yaxşı və ya pis, fərqi yoxdur, kinonun milli dəyərlərdən qaynaqlanan öz xüsusiyyətləri olmalıdır. Bə`zilərində, o cümlədən, bizdə kinonun milli siması yoxdur. Hadisələrin - hələlik milli kinomuzun yeganə atributu sayıla bilən məkanda - Bakıda və ya Moskvada baş verməsindən asılı olmayaraq, ümumi mövzuyla rastlaşırıq. Heç uzağa getməyəcəm. "Bir cənub şəhərində" bədii filmində material milli olsa da, düşüncə Avrasiyaya xasdır.
Dünya kino arenasında İran və Çin kinematoqrafiyası Amerika, İngiltərə səviyyəsinə yüksəlib. Vaxtilə Yaponiya da bu sırada gedirdi. Bu gün orada yaxşı filmlər çəkilsə də, ancaq iki ölkə ilə müqayisədə o geriləyib. Elə beynəlxalq kino müsabiqəsi yoxdur ki, adını çəkdiyim bu iki ölkə mükafatlara sahib çıxmasın. Özü də maraqlıdır ki, İran kinematoqrafiyası kifayət qədər gəncdir. Moskvada məni gənc bir qızla tanış elədilər, elə bildim aktrisadır. Sonra mə`lum oldu ki, İranın ən tanınmış rejissorlarından biridir. İran kinosu, sənət səviyyəsi baxımından, dünya kinosu dəyərindədir, ancaq mənsub olduğu xalqın elə problemlərinə toxunur ki, özlərinin elə psixoloji nüanslarını tapırlar ki, təqdimatsız başa düşürsən ki, bu, İran filmidir. Məsələn, hind filmləri kimi. Bilirsiniz, bu, çox maraqlıdır. Postsovet məkanında da yeganə gürcü kinosu fenomeni olub.
Nə zamansa milli
kinonun yaranmasını şərtləndirəcək təməldən necə, bu gün danışmaq mümkündür?
- Yox. Hərgah bir neçə il öncə, bu təməl yaranmışdı. İndi isə vəziyyət tamam başqadır. Elə durumdayıq ki, milli kino daha yada düşmür. Çünki bu gün illər boyu formalaşan kino bazası dağılır. Xüsusən də, kadr məsələsi çox narahatlıq doğurur. İşsiz qalan kino mütəxəssisləri hərəsi bir sahəyə üz tutub. Vəziyyəti ki, belə görürəm, deyəsən, heç müstəqil Azərbaycanda kino olmayacaq.
Kino strukturunda
aparılan dəyişikliklər, gözlənilən islahatlar kinonun perspektivinə nikbinliklə baxmağa, sizcə, heç bir əsas vermir?
- Kino sahəsində islahatlar aparılmayıb. Son dəyişikliklərcə, sadəcə, bürokratik oyunlardır. Mə`nasızdır, heç bir faydası olmayacaq. "Azərkinovideo" hökumət idarəsidir, nə fərqi var, o, müstəqil və ya hansısa bir nazirliyin tabeliyində olsun. Dörd il öncə kino sahəsində aparılması vacib islahatlara dair öz təkliflərimizi bildirdik, əhəmiyyət verən olmadı.
O təkliflər nədən
ibarət idi?
- Kino strukturu konsern şəklində olmalıdır. Həm hökumətdən, həm də ayrı-ayrı şəxslərdən sifarişlər almalıdır. Bu konsernin tabeliyində müəyyən sayda kinoteatrlar fəaliyyət göstərməlidir. Özü də yüksək komfortla. "Azərbaycan" kinoteatrı kimi. Qeyri kinoteatrlarsa müəyyən şərtlər əsasında özəlləşdirilməlidir. Kino sahəsinin spesifik xüsusiyyəti mütləq nəzərə alınmalıdır. Əks təqdirdə, əminəm ki, kinoteatrların əksəriyyətində restoranlar açılacaq. O təklifləri yenə yazıb vermişik. Görək də, Polad Bülbüloğlu bu işə qarışsa, vəziyyət necə olacaq...
Ən nəhayət, ən`ənəvi sual.
Rüstəm İbrahimbəyov nə üzərində işləyir?
- Ssenanrim əsasında rejissor Arik Kaplun Hollivudun ən məşhur kinostudiyalarının birində film çəkir. Sonra Nazarbayev məndən xahiş edib, qazax hökumətinin yaradıcısı Abla xan barədə ssenari yazacam. Filmin bədii rəhbəri də özüm olacam. Sonra, bu ay təzə povestim çıxacaq. Əlimdə daha bir-neçə əsərim var. Ayın 11-də Moskvada yeni tamaşamın premyerası olacaq. Söylədiklərimdən başqa daha bir neçə proyektim var. Təəssüf ki, Azərbaycanda onları gerçəkləşdirmək çox çətindir.
Rüstəm müəllim, işləriniz
həddən ziyadə çoxdur, həmişə səfərlərdə olursunuz. Bəs necə istirahət edirsiniz?
- Onun bir yolu var. Loru dildə desək, aradan çıxıram. Heç kim məni tapa bilmir. Görəndə soruşurlar: "Hardasan, görünmürsən". Deyirəm: "Yaşamaq istəyirəm". Həmişə göz qabağında olsam, gücüm çatmaz.
|