|
|
|
|
#99(323)
|
 |
Albom, layihə, klip...
Nüşabə qışadək bunun hamısını
gerçəkləşdirmək fikrindədir
|
Nüşabə Ələsgərlinin başı bərk qarışıqdır. Şəfiqə Axundovanın Xuraman Vəfanın sözlərinə yazdığı "Sənə çatmaq istədim" və Nadir Əzimovun Vüqar Əhmədin sözlərinə bəstələdiyi "Mənim eşqim" mahnılarını təzəcə lentə aldırsa da, yenə bekar deyil.
İndi müğənni gənc bəstəkar Esmiralda ilə də bir neçə mahnı üzərində işləyir. İnşallah, dekabr ayında təzə albomlar - audiokaset və disk çıxarmaq fikrində olan Nüşabə Vaqif Gərayzadə ilə də yeni layihə üzərində işləməyi nəzərdə tutub. Hələ klip! Sənətçi həm də Sevda Məmmədlinin mahnılarından birini ekranlaşdırmaq niyyətindədir.
"Zirvə"nin qalibləri mə’lumdur
Gələn həftə mükafat
sahiblərinə təqdim ediləcək
|
Sentyabrın 14-də "Tuqay" şadlıq evində "Zirvə" mükafatının təqdimetmə mərasimi keçiriləcək.
Mükafatın qalibləri gənclər arasında keçirilən sorğuların nəticələrinə görə tə’yin edilir. İlk dəfə 1998-ci ildə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı respublikanın 63 rayonunda 4 mərhələdə sorğu keçirib və qalibləri təşkilatın fəxri diplom və fərmanlarına layiq görüb. Qaliblər Azərbaycan gəncliyinə göstərdiyi diqqət, qayğı, eləcə də elm, təhsil, mədəniyyət və digər ictimai sahələrdəki xidmətlərinə və mesenantlıq fəaliyyətlərinə görə seçiliblər. Ən ali mükafat isə "Zirvə"dir. Qaliblər müğənnilər, şairlər, bəstəkarlar, aktyorlar, jurnalistlər, müəllimlər, musiqiçilər və digər peşə sahibləri arasından seçilir. "Zirvə" mükaftı ildə 2 dəfə - yazda və payızda təqdim edilir. Artıq payızadır və yuxarıda qeyd etdiyimiz kimi, bu günlərdə "Zirvə" öz sahiblərinə çatacaq. Nominasiyalar üzrə qaliblər isə bunlardır:
"Ali Zirvə" Qədir Məmmədov, "Sənətində Zirvə" Brilliant Dadaşova, "Müxtəlif janrlar ifaçısı" Nisə Qasımova, Baloğlan Əşrəfov, "Gəncliyin dostu" İlhamə Quliyeva, Azər Zeynalov, "İlin müğənnisi" Nazpəri Dostəliyeva, Niyaməddin Musayev,
"İlin ən gənc populyar müğənnisi" İzzət Bağırov, "Vətənpərvər sənətçi" Məhəbbət Kazımov, "İlin klipi" Faiq Ağayev -"Aldatdı məni", "Nəğməkar-şair" Vüqar Əhməd,
"İlin debütü" İlkin Fərhadoğlu, Nurcan Əliyeva.
|
"Gəl ömrümə"
Könül Xasıyeva çağırır
|
Xalq mahnılarımızın, muğam və təsniflərimizin gözəl ifaçısı Könül Xasıyevanın pərəstişkarları tezliklə onun yeni kasetini əldə edə biləcəklər.
Yadınızdadırsa, müğənninin "Səbuhi" səsyazma studiyasında Mirəli Vəkiloğlunun sözlərinə yazılmış mahnı və muğamlardan ibarət "Qayıt gəl" adlı kasetinin çıxması barədə sizlərə mə’lumat vermişdik. Bu yaxınlarda isə Könülün "Şahin" studiyasında yazılacaq "Gəl ömrümə" adlı audiokaseti işıq üzü görəcək. Bu işləri ilə yanaşı nəzərinizə çatdıraq ki, müğənni fəaliyyətini "Azərneftyağ" şirkətinin mədəniyyət evində də davam etdirir. Könül xanım, demək olar ki, burada keçirilən bütün tədbirlərdə iştirak edir.
|