|
|
|
|
#99(323)
|
 |
Kütləvi qırğın "butılka"ları
Polietilen taralar əsl təhlükə mənbəyidir
|
Ekoloqlar həyəcan təbili çalır! Azərbaycan zəhərli polietilen qabların məzarlığına çevrilib. İnsanların həyatı təhlükədədir! Polietilen "butılka"lar xərçəng xəstəliyi yarada bilər. Əhalinin əksər hissəsi bu tükürpədici mə`lumatlardan xəbərsiz şəkildə artıq bir neçə dəfə istifadə olunmuş polietilen qablardan müxtəlif məqsədlər üçün yararlanmaqda davam edirlər.
Ekoloji problemlərin tədqiqi mərkəzinin rəhbəri Kamran Mahmudovun "Bizim ƏSR"ə verdiyi mə`lumata görə, polietilen qabların e`mal edilməsi dünyada 1 saylı problemlərdən sayılır. Ekspert qeyd edir ki, Bakı və paytaxtətrafı ərazilərdə minlərlə polietilen taraların atıldığı məzarlıqlar mövcuddur. Kamran Mahmudov bildirir ki, əhali polietilen taralardan müxtəlif məqsədlər üçün istifadə edir. Ekspertin sözlərinə görə, bə`zi işbazlar tərəfindən istifadə edilmiş taralara yenidən su doldurub satışa çıxarmaları barədə sözügedən mərkəzə siqnallar daxil olub.
Haşiyə
Sərinləşdirici içkilərin, bitki yağlarının hətta çaxırın qablaşdırıldığı belə taralara polietilen tereftalat deyilir.
Qısa elmi adı PETF-dir. Ərimə temperaturu 280-300 dərəcədir. Təkrar e`mal olunarkən destruksiyaya uğrayır (əvvəlki xassəsini itirir). Respublika üzrə il ərzində 100 tonlarla belə tara ətraf mühitə atılır. Bu da torpağı eroziyaya uğradır, yandırıldıqda isə ətraf mühitə 70-ə yaxın zəhərləyici maddə buraxır. Bunların içərisində ən təhlükəlisi kanserogen maddə olan (xərçəng törədici) dioksindir.
Ekspert bildirir ki, respublikada poletilen qablarda müxtəlif məhsullar istehsal edən əsas şirkətlər Coca-Sola, Persi-Sola, Shollar, Aqua vita, Xayal, Bonaqua, Budad, Intersun-dur. Lakin həmin şirkətlər kommersiya sirri olduğundan nə qədər məhsul istehsal etmələri barədə mə`lumatları sirr saxlayırlar. Bu da təbii ki, ətraf mühitə atılan polietilen taraların miqdarını müəyyənləşdirməkdə çətinlik yaradır. K.Mahmudovun sözlərinə görə, içərisində sərinləşdirici içki və s. doldurulduğu belə "butılka"ların zavodda istehsalından 1 həftə keçdikdən sonra sözügedən tara daxilində olan hər hansı bir mayeyə zəhərli maddə -vinilxlorid ifraz edir. Bu kanserogen orqanizmi zəhərləyir, hətta xərçəng xəstəliyi yaradır. 1 ay keçdikdən sonra isə həmin maddənin miqdarı bir neçə milliqrama çatır.
Ekspert bildirir ki, respublika ərazisində belə qablarda məhsul istehsal edən şirkətlər yaxalarını kənara çəkib həmin taraların zərərsizləşdirilməməsinə göz yumurlar. Ekspertin sözlərinə görə, Ekoloji Problemlərin Tədqiqi Mərkəzi polietilen taraların e`mal edilməsi üsullarını təcrübədən keçirib. Uğurla başa çatdırılmış təcrübələr nəticəsində polietilen taraların e`malı mümkün olub. K.Mahmudov bildirir ki, əgər Azərbaycanda fəaliyyət göstərən şirkətlər kommersiyadan əlavə insanların sağlamlığının qayğısına qalırlarsa, polietilen taraların e`mal edilməsinə vəsait ayırsınlar. Ekspertin sözlərinə görə, əgər vəsait ayrılarsa, sözügedən mərkəz Bakı və paytaxtətrafı ərazilərdə minlərlə taranı tolayıb e`malını həyata keçirə bilərlər.
Söhbətimizin sonunda K.Mahmudov əhalini daha çox şüşə qablarda məhsul almağa üstünlük verməsini arzuladı. O ərz etdi ki, ola bilsin bir neçə dəfə istifadə olunmaqla polietilen taralar insanlara zərər vurmaya bilər. Lakin mütəmadi olaraq belə qablarda istehsal olunmuş məhsulları qəbul edən vətəndaşlar ehtiyatlı olmalıdırlar. Xüsusilə də ikinci dəfə istifadə olunan taralara isti qidaların doldurulması yolverilməzdir.
Azərbaycanda avroya tələbat yoxdur
Dollar isə uzun müddət hegemonluğunu saxlayacaq
|
Azərbaycanın qızıl-valyuta ehtiyatlarının 2002-ci il yanvarın 1-də Avropa Birliyi ölkələrində dövriyyəyə buraxılacaq avroya köçürülməsinə ehtiyac yoxdur.
Bu barədə dünən jurnalistlərə mə`lumat verən Azərbaycan Milli Bankı idarə hey`ətinin sədr müavini Alim Quliyev bildirib ki, respublikada avroya tələbat olmadığından, Milli Bank sözügedən valyutanı nağd şəkildə də almayacaq.
Beynəlxalq Bankın (BB) prezidenti Cahangir Hacıyev hesab edir ki, BB valyuta alqı-satqısında aktiv iştirak edən maliyyə strukturlarından biridir. Hacıyevin qənaətincə, əgər respublikada avroya tələbat yaranarsa, BB bu valyutanı ölkəyə gətirə bilər.
Qeyd edək ki, 2002-ci ildən e`tibarən Avropa ölkələri vahid valyutaya - avroya keçəcək. Həmin ölkələrin milli valyutaları isə dövriyyədən çıxarılacaq.
Mütəxəssislərin fikrincə, avronun dolları üstələyəcəyi real görünmür. Digər tərəfdən Fransa, İngiltərə və Almaniyada əksəriyyət kredit kartlarından istifadə edir. Son statistik mə`lumatlar göstərir ki, ABŞ iqtisadiyyatı yüksəlişdədir və bu da öz növbəsində dolların möhkəmliyi deməkdir.
Demək olar ki, Avropa ölkələri ilə ticarət balansı olmayan Azərbaycanda yaxın illərdə dolların sıradan çıxması real görünmür. Azərbaycana Avropa dövlətlərindən deyil, əsasən MDB və Asiya ölkələrindən mal idxal olunur. Respublika iqtisadiyyatı faktiki olaraq dollara bağlıdır.
"Bakinski bulvar" bağlandı
Qəzetin tə`sisçisi Elmar Hüseynov 80 milyon manat cərimə olundu
|
Dünən Nizami Rayon Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "Bakinski bulvar" qəzetinə qarşı qaldırdığı iddia ərizəsinə baxıldı. Hakim Svetlana Əhmədovanın sədrlik etdiyi məhkəmə iclası qalmaqalsız ötüşmədi. Belə ki, nəzarətçilər prosesi işıqlandırmaq istəyən media mənsublarına qarşı kobudluq nümayiş etdirərək, jurnalistləri zaldan çıxarmağa çalışdılar və yalnız hakimin göstərişi ilə qəzet müxbirləri içəri buraxıldı. Çəkilişə isə icazə verilmədi.
Xatırladaq ki, qəzetin 15 iyun tarixli sayında dərc olunmuş "Dövlət reketi" başlıqlı məqalədə icra başçısı H.Abutalıbovun son vaxtlar şəhərdə apardığı abadlıq işlərinə şərh verilib. Məqalənin sonunda müəllifin adı və soyadı Q. Şamaxinskaya kimi göstərilsə də, məhkəmə prosesində mə`lum olub ki, əslində o, qəzetin əməkdaşı İradə Hüseynovadır.
Materialda merin şərəf və ləyaqəti təhqir edildiyinə görə, ilk öncə qəzetə verilən lisenziyanın ləğv olunması və qəzetin bağlanması iddiasıyla məhkəməyə müraciət edilib.
Məhkəmə uzandıqca isə qəzet yenidən icra başçısının ünvanına böhtanla dolu yazılar dərc edib.
Bundan sonra icra başçısı qəzetin tə`sisçisi Elmar Hüseynov, baş redaktor Bella Zakirova və yazının müəllifi İ.Hüseynovanın barəsində cinayət işinin qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırıb.
Dünənki məhkəmə prosesində iddiaçının nümayəndəsi, vəkil Sani Nəsibov qəzetə qarşı cinayət işinin qaldırılması iddiası ilə çıxış etməyə məcbur olduqlarını bildirdi. O, bunu "Bakinski bulvar"ın sonrakı saylarında daha kəskin və böhtan xarakterli yazıların dərc olunması ilə izah etdi.
İddianı əsassız hesab edən cavabdeh tərəf müxbirin merə qarşı heç bir qərəzli mövqedə olmadığını, məqalədə yalnız merin son zamanlar gördüyü işlərin əhalinin aşağı təbəqəsinə tə`sirindən bəhs edildiyini bildirdi.
Fasilədən sonra müşavirədən qayıdan məhkəmə kollegiyası "Bakinski bulvar"ın fəaliyyətinin dayandırılmasını və qəzetə 5 fevral 1999-cu ildə verilmiş lisenziyanın ləğv edilməsinə qərar verdi. Bundan başqa, qərara əsasən, qəzetin tə`sisçisi H.Abutalıbova dəyən maddi ziyana görə, 80 milyon manat ödəməlidir.
"Bakinski bulvar"ın tə`sisçisi E.Hüseynov bildirdi ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.
|