|
|
|
|
#99(323)
|
 |
Qarabağ erməniləri dialoqa gəlirlər?
İndən belə onlar qrant almaq üçün Soros Fondunun
Bakı nümayəndəliyinə müraciət etməlidirlər
|
Dağlıq Qarabağ ictimaiyyəti və qeyri-hökumət təşkilatları (QHT) nümayəndə hey’əti dünən Bakıya bir həftəlik səfərə gəlib. Səfərin məqsədi erməni əhalisinin təmsilçiləri ilə Azərbaycan ictimaiyyəti arasında dialoqu canlandırmaqdır. Bu barədə səfərin sponsoru - Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) press-relizində mə’lumat verilib.
Təşkilatdan verilən mə’lumata görə, nümayəndə hey’ətinə Dağlıq Qarabağ "Helsinki təşəbbüsü-92" Komitəsi, "Arpen" Xeyriyyə Fondu, Dağlıq Qarabağ Qadınlar Komitəsinin nümayəndələri, alim-ictimaiyyətçilər, jurnalistlər daxildir.
Nümayəndə hey’ətinə "Helsinki təşəbbüsü-92" Komitəsinin koordinatoru Karen Ohacanyan rəhbərlik edir.
Səfər zamanı nümayəndə hey’ətinin üzvləri Dağlıq Qarabağ QHT və Azərbaycanın digər bölgələri arasında əməkdaşlıq məsələlərini, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sülh təşəbbüslərinin dəstəklənməsi imkanlarını müzakirə edəcək.
Səfər çərçivəsində Azərbaycan Prezident Aparatı nümayəndələri, aparıcı siyasi partiyaların liderləri, Azərbaycanın
AŞPA-dakı nümayəndə hey’ətinin üzvləri, QHT təmsilçiləri ilə görüşlər planlaşdırılır.
Lakin qeyri-rəsmi mə’lumatlara görə, Dağlıq Qarabağ nümayəndələrinin Bakı səfəri başqa bir məqsəd də daşıyır. İndən belə onlar qrant almaq üçün Açıq Cəmiyyət İnstitutunun Bakı nümayəndəliyinə müraciət etməlidirlər. Belə ki, Dağlıq Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisi sayılır.
HVA Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın dediyinə görə, Dağlıq Qarabağ erməni icmasının nümayəndə hey’ətinin iştirakı ilə Bakıda keçirilən tədbirdə əsas məqsəd sözügedən regionda erməni-azərbaycanlı birgəyaşayışı imkanlarını müzakirə etməkdir. Qarabağ Azadlıq Təşkilatının (QAT) Dağlıq Qarabağ nümayəndə hey’ətinin Bakıya səfərini pisləyən bəyanatına gəlincə, A.Abdullayeva bunu təbii qarşıladığını deyib. Bəyanatı QAT-ın mövqeyi sayan A.Abdullayeva qeyd edib ki, bütün insanlar eyni cür düşünə və bir məsələyə eyni mövqedən yanaşa bilməz. Onun fikrincə, qarşılıqlı dialoq, anlaşma və müzakirələr regionda sülhə nail olunmasını sür’ətləndirə bilər.
|
Amerika-Azərbaycan Ticarət-Sənaye Palatasının
növbəti illik yığıncağı da tə’xirə salınıb
|
Amerika-Azərbaycan Ticarət-Sənaye Palatasının növbəti illik yığıncağı bu ilin oktyabrında Vaşinqtonda keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev mə’lumat verib.
Əvvəllər bu yığıncağı 19-21 sentyabrda, Azərbaycan prezidenti H.Əliyevin ABŞ-a səfəri gedişində keçirmək planlaşdırılmışdı. Lakin həm dövlət başçısının səfəri, həm də yığıncaq tə’xirə salınıb. M.Məmməd-Quliyev prezidentin ABŞ səfərinin oktyabrda, Palatanın illik yığıncağı ilə bir vaxtda baş tutacağını istisna etməsə də, bu iki hadisənin üstə düşməsinin heç də məcburi olmadığını bildirib.
Londonda Azərbaycanın investisiya imkanlarına həsr edilmiş növbəti konfransın keçirilib-keçirilməyəcəyi barədə suala cavab olaraq isə M.Məmməd-Quliyev bu tədbirin, ən azı, bu il keçirilməsi nəzərdə tutulmadığını bildirib. Onun sözlərinə görə, belə forumların təkcə Londonda deyil, həm də dünyanın aparıcı iqtisadi mərkəzlərində, o cümlədən Frankfurtda, Nyu-Yorkda, Honkonqda, Tokioda da keçirilməsi barədə ölkə hökumətinə təklif təqdim olunub. M.Məmməd-Quliyev sözügedən konfransların hər il təşkil edilməsinin (Londonda "Azərbaycanın investisiya imkanları" konfransı 1998-ci ildə keçirilib) tərəfdarı olmadığını, lakin 2-3 il ərzində ölkə iqtisadiyyatında müəyyən dəyişiklər baş verdiyi təqdirdə belə forumlara ehtiyac yarandığını bildirib. "Hesab edirəm ki, Azərbaycanda neft müqavilələri inkişafdadır, ikinci investisiya proqramı, buna uyğun olaraq iri müəssisələrin özəlləşdirilməsi həyata keçirilir ki, bütün bu amillər də konfransların təşkilinə əsas verir," - deyən M.Məmməd-Quliyev bu zaman iqtisadiyyatın qeyri-neft bölməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini investisiya konransları barədə təklifə hələ Nazirlər Kabinetində baxıldığını bildirib.
|
Türkmənistanın şərqində qaz yatağı tapılıb
|
Türkmənistanın şərqində, Amudəryanın sağ sahilində təzə qaz yatağı aşkar edilib. "Yaşıl təpə" adlanan yerdə qazılan kəşfiyyat quyusunun üç min metr dərinliyindən qaz hasil olunub. Bu, həmin ərazinin təkində iri karbohidrat yataqlarının mövcudluğu barədə mütəxəssislərin proqnozlarını təsdiqləyib.
Ölkənin Nazirlər Kabinetindəki mənbənin verdiyi mə’lumata görə, "Yaşıl təpə" sahəsində axtarış-kəşfiyyat işlərinin aparılması üçün investisiya layihəsi ötən il təsdiq olunub. Prezident S.Türkmənbaşının fərmanına əsasən, layihənin maliyyə və maddi-texniki təchizat məsələləri tam şkəildə həll edilib. Bir neçə ay əvvəl isə qazmaçılar Amudəryanın sağ sahilindəki "Bərəkətli" sahəsində qaz ehtiyatı üzə çıxarıblar.
|
Nazirlər parlament
komissiyasının iclaslarına gəlmirlər
|
Dünən Milli Məclisin iqtisadi siyasət komissiyasının iclası keçirilib. İclasda komissiyanın payız sessiyası üçün iş planı və "Milli istehsalın stimullaşdırılması haqqında" qanun layihəsi müzakirə edilib.
Komissiyanın sədri Səttar Səfərov bildirib ki, payız sessiyasında parlamentə dövlət qiymət siyasəti, daşınmaz əmlakın sığortası, ekoloji sığorta, büdcə, veksellər haqqında və bir sıra digər qanun layihələri təqdim ediləcək.
"Milli istehsalın stimullaşdırılması haqqında" qanun layihəsini müzakirə edən millət vəkilləri nazir və komitə rəhbərlərinin komissiya iclaslarına gəlməmələrindən narazılıqlarını bildiriblər.
"Tehran Times" yalan yazır
Leyla Qafurova: "Azərbaycanda İran kitabları müsadirə edilmir"
|
Bu günlərdə İran İslam Respublikasının "Tehran Times" qəzeti bir xəbər yayılıb. Belə ki, qəzetdə Azərbaycanda İran ədəbiyyatının kütləvi şəkildə müsadirə edilməsi bildirilir.
Mənbənin dediyinə görə, hətta Azərbaycan hökumətinin əmri ilə Naxçıvan Muxtar Respublikasında İranda nəşr edilən kitabların satışdan kütləvi şəkildə yığılması kampaniyası da başlayıb. Hətta bu "kitab autodafesi" Azərbaycan Milli Kitabxanasına (AMK) da sirayət edib. Belə ki, AMK-dan İran dinşünası "Şəhid" Mürtəza Mütəhərrinin kitabları çıxarılıb.
Məsələyə münasibətini bildirən kitabxananın direktoru Leyla Qafurova qəzetdə yazılanları təkzib etdi. Dedi ki, kitabxanadan nəinki kitab, hətta heç bir vərəq də müsadirə edilməyib: "AMK-nın şərq ədəbiyyatı şö`bəsində 11 min kitab saxlanılır. Bunların çoxu İran ədəbiyyatıdır. Bir də ki, kitabxanamızda Lenin, Stalin, Bağırovun kitabları da qorunub saxlanılır. Çünki oxucuların belə kitablara tələbatı ola bilər. Hər il fevral ayında İran İslam Respublikasının yaranmasının ildönümü ilə əlaqədar həmin hökumətin ölkəmizdəki səfirliyi kitabxanamızda tədbir təşkil edir. Bu münasibətlə onlar bizə çoxlu İran ədəbiyyatı hədiyyə ediblər. Hesab edirəm ki, bu xəbər İran hökumətinin bizə qarşı növbəti provakasiyasıdır".
Ohancanyan "ön sözü"nü dedi...
Dağlıq Qarabağdan gəlmiş ermənilərin başçısı yaşadığı ərazini "müstəqil dövlət" sayır
|
Dağlıq Qarabağ ermənilərinin nümayəndələri dünən Bakıya gəliblər. Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) maliyyələşdirdiyi səfərdə iştirak edən ermənilər burada olduqları müddətdə bir sıra görüşlər keçirəcəklər. Səfər təşkilatçılarının fikrincə, bu təmaslar azərbaycanlala Qarabağ erməniləri arasında birbaşa dialoq yaranmasına yardım göstərməlidir.
Lakin nümayəndə hey’ətinin rəhbəri, "Helsinki təşəbbüsü-92" Komitəsinin koordinatoru Karen Ohacanyanın Binə hava limanında dediyi sözlər ermənilərlə "birbaşa söhbət"in asan olmayacağını göstərir. "Lider" televiziyası müxbirinin verdiyi mə’lumata görə, Bakıya qədəm qoyar-qoymaz, o, yerli jurnalistlərə Dağlıq Qarabağı müstəqil dövlət hesab etdiyini bildirib.
Bununla belə, K.Ohancanyan bu səfərin vasitəçilərsiz baş tutduğunu vurğulayaraq deyib: "Biz Azərbaycanın qeyri-hökumət təşkilatları ilə birbaşa əlaqələri bərpa etməyə, Qarabağ münaqişəsinin sülh yoluyla həlli haqda ictimai səviyyədə intensiv dialoq aparmağa və birgə sülhməramlı layihələr üzərində işə başlamağa gəlmişik".
Qarabağın erməni icması nümayəndələrinin təkliflərinin konkret nədən ibarət olduğuna gəldikdə isə, Karen Ohancanyan bunu "sonraya" saxlamağı üstün tutub. O, yalnız "Azərbaycana birləşmək üçün Dağlıq Qarabağa təzyiqlər olduğunu", ancaq bundan "qorxmadıqlarını" dilə gətirib.
Təzyiqi kimlərin etdiyini açıqlamayan K.Ohancanyan "Qarabağ ermənilərinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən xəbərsiz olduğunu və buna görə də müzakirə edilən təkliflərin sülhə gətirib-gətirməyəcəyini bilmədiyini" deyib: "Minsk qrupunun fəaliyyəti son vaxtlar konfedensial xarakter daşıyır. İctimaiyyət işin içində deyil və prezidentlərin hansı yolları müzakirə etdiyini bilmir. Buna görə də biz Minsk qrupunun fəaliyyətini mühakimə edə bilmərik".
Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi saymayan K.Ohancanyanın, öz tə’birincə desək, "adi erməni pasportu"nu telekamera önündə nümayiş etdirməkdən də çəkinməyib.
|
İKT də
e’tirazını
bildirdi
|
"İslam Konfransı Təşkilatı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hökmranlıq edən separatçı hərəkatın həmin bölgədə yerli hakimiyyət orqanlarına seçkilər keçirilməsini çox dərin həyəcanla qarşılayır".
Bu sözlər İslam Konfransı Təşkilatı (İKT) baş katibliyinin sentyabrın 5-də Dağlıq Qarabağda erməni separatçılarının "yerli hakimiyyət orqanlarına" seçkilər keçirməsilə bağlı yaydığı bəyanatdandır.
İKT bu tədbiri bütün beynəlxalq qanun və qaydalara zidd hesab edərək, onun keçirilməsinə qəti surətdə e’tirazını bildirir, Azərbaycan ərazisində, o cümlədən Dağlıq Qarabağ bölgəsində erməni işğalına son qoyulması ilə əlaqədar özünün sadiq mövqeyini bir daha təsdiq edir. Azərbaycan ərazisinin işğalına son qoymağı, onun suverenliyinə, milli vəhdət və ərazi bütövlüyünə hörmət etməyi Ermənistandan tələb edən İKT Ermənistan-Azərbaycan münaqişəsinin İKT, BMT və ATƏT-in qərarlarına əsasən sülh və danışıqlar yolu ilə həllinə çağırır.
|
Məhkəmə deyil, məzhəkədir
|
Dünən İsveçrənin paytaxtı Berndə 1915-ci il uydurma "erməni soyqırımı" ilə bağlı məhkəmə başlayıb. Türkiyənin İsveçrədəki səfirinin köməkçisi Levənt Şahin Qayanın "Lider" TV yə verdiyi mə`lumata görə, "məhkəmə"də İsveçrədə yaşayan erməni icması ilə türk icmasının üvzləri qarşılaşıb.
Bu çəkişmənin bünövrəsi hələ 1996-cı ildə isveçrəli millət vəkili Frank Hauzerin "erməni soyqırımı"nın qəbul edilməsi tələbilə parlamentə müraciətindən sonra qoyulub. Bu müraciətdən sonra İsveçrədə yaşayan türk vətəndaşları da uydurma "soyqırımını" təkzib edən kampaniyaya başlayıblar. Maraqlıdır ki, İsveçrə cəza qanunlarının 261-ci maddəsinə görə, hər hansı bir soyqırımı inkar etmək qəbahət sayılır. Levnt Şahin Qayanın sözlərinə görə, bundan istifadə edən ermənilər türk icmasının üzvlərilə mübahisəni məhkəmədə həll etmək istəyirlər.
Məhkəmədə 30 adam dindirilməlidir. Onlardan 17-si İsveçrədəki türk icmalarının nümayəndələri, yerdə qalan hissəsi isə erməni və digər millətlərin təmsilçiləridir. Məhkəmə sentyabrın 14-də 1915-ci ildə həqiqətən də soyqırımın olub-olmaması barədə verdikt çıxarmalıdır. Türkiyənin İsveçrədəki səfirliyi məhkəmə sona çatmamış nəticələr barədə mə`lumat verməkdə çətinlik çəkir. Mediamaks agentliyi isə bu barədə yaydığı gülünc mə`lumatda iddia edir ki, erməni soyqırımı həmçinin 1996-cı ildə qəbul edilmiş irqi ayrıseçkilik haqqında qanuna da uyğunlaşdırılmalıdır. Bütövlükdə isə İsveçrə "Femida"sının düzənlədiyi bu tədbir məzhəkədən savayı bir şey deyil.
|
Şimal kəmərinə neft vuruldu
|
ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını bərpa edib. Bir neçə gün əvvəl Mahaçqalanın 40 kilometrliyində kəmərin partladılması bu işi ləngidirdi. Sentyabrın 6-7-də Novorossiysk limanından 135 ton Azərbaycan nefti yüklənmiş tanker yola salınmalıdır. Həmin neftin sahibi Çexiyanın "CheskoRafinerska" şirkətidir.
ARDNŞ-dən bildiriblər ki, kəmərlə əvvəlcədən müəyyən edilmiş həcmdə neft göndərilməsi mümkün olmasa, onun çatışmayan hissəsi başqa tankerlərdən götürüləcək və sonra əvəzi müvafiq şirkətlərə qaytarılacaq. Ümumiyyətlə, ARDNŞ-nin sentyabrdakı neft satışının həcmi 250 min tondur.
|
Xəzər Boru Kəməri
istismara verildi
|
Xəzər Boru Kəməri (XBK) konsorsiumu adlanan və Qazaxıstandakı "Tengiz" yatağından çıxarılan neftin Novorossiysk limanına çatdırılması üçün inşa olunmuş boru kəməri sisitemi istismara verilib.
Kəmərin işə düşməsi ilə əlaqədar sentyabrın 20-də keçiriləcək təntənəli mərasimdə Rusiya və Qazaxıstan prezidentləri - V.Putin və N.Nazarbayev iştirak edəcəklər. Lakin konsorsiumun nümayəndəsi bildirib ki, XBK hər şeydən əvvəl kommersiya layihəsidir və formal mərasim onun istismara verilməsini ləngidə bilməz. Kəmərin doldurulması üçün bu ilin əvvəlindən bəri ona 900 min ton neft vurulub. Dünən istismara verilmiş boru kəməri hələ iki gün sınaq rejimində işləyəcək, bundan sonra dövlət komissiyası onun qəbulu barədə rəsmi akt imzalayacaq.
|
İvanovun Yerevana
gəlişinin səbəbi bilinmir
|
Sentyabrın 13-də Rusiyanın müdafiə naziri Sergey İvanov Ermənistana rəsmi səfərə gələcək. Bu barədə Ermənistan XİN mətbuat xidməti bildirib. Mə’lumatda səfərin konkret səbəbləri və gündəliyi açıqlanmır.
Mə’lum olduğu kimi, sentyabrın 14-16-da Rusiya prezidenti Vladimir Putin Ermənistanda rəsmi səfərdə olacaq. RF dövlət başçısının səfəri ərəfsində S.İvanov Ermənistan rəhbərliyilə ölkənin bir sıra hərbi-sənaye kompleksinin Rusiyaya verilməsinə dair məsələləri müzakirə edəcək.
|