Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#99(323)
Ermənistanın "Paris xəstəliyi"...
  ABŞ "şimal kartı"ndan istifadə etməyə tələsmir

Prezident Aparatı xarici əlaqələr şö`bəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, Ermənistan-Azərbaycan danışıqlarının indiki mərhələsi nikbinliyə heç bir əsas vermir.
Danışıqlar prosesinin dalana girdiyi bir vaxtda Ermənistan rəhbərliyi "soyuq müharibəyə" güc verərək Azərbaycana qarşı uydurma iddialarını davam etdirir. Dünən bəyanatla çıxış edən Ermənistan XİN başçısı Vardan Oskanyan Dağlıq Qarabağda düzənlənən qondarma "seçkilərə" bəraət qazandıraraq bu regionun onsuz da hüquqi baxımdan heç vaxt Azərbaycana məxsus olmadığını bildirib. Oskanyanın sərsəmləməsinə əsasən Dağlıq Qarabağ nə 1918-20-ci illərdə, nə də ondan sonrakı dövrdə hüquqi nöqteyi-nəzərdən Azərbaycanın ərazisi kimit təsbitlənməyib və bu baxımdan Azərbaycan istənilən beynəlxalq-hüquqi çəkişmədə Dağlıq Qarabağa iddiasını əsaslandıra bilməz. Erməni naziri uydurma "Paris prinsiplərini" təzədən gündəmə gətirərək münaqişənin yalnız bu əsasda tənzimlənməsini mümkün sayır. O, həmçinin Avropa Şurasının sülh prosesinə müdaxiləsini də qeyri-mümkün adlandırıb. O, AŞ-nin Qarabağdakı "seçkilərə" mənfi münasibəti ilə razılaşmayıb.
Erməni nazirinin fikirlərinə münasibət bildirən PA-nın şö`bə müdiri Novurz Məmmədov Ermənistanın nəinki uzaq keçmiş, hətta müasir tarixi də saxtalaşdırma üzrə xəstəliyə mübtəla olduğunu vurğulayıb. N.Məmmədov erməni nazirinə tarixi diqqətlə oxumağı tövsiyə edib: "Oskanyan tarixi yaxşı oxusaydı, bilərdi ki, indiki Ermənistan deyilən ərazi tarixən Azərbaycanın xanlığı olub və Rusiya tərkibində də azərbaycanlılardan ibarət quberniya kimi təsbitlənib". N.Məmmədov Oskanyanın "Paris prinsipləri" barədə növbəti çıxışını artıq xəstəlik əlaməti kimi dəyərləndirib. Onun sözlərinə görə, Ermənistan rəsmiləri olmayan prinsip barədə gecə-gündüz bəyanat yayırlar. N.Məmmədovun sözlərinə əsasən, erməni naziri yatıb yuxuda da "Paris prinsip"lərini görür. PA-nın şö`bə müdiri bildirib ki, tənzimləmə prosesinin cari mərhələsi nikbinliyə əsas vermir və hansısa prinsiplərdən danışmaq ümumiyyətlə, yersizdir.

Köçkünlərə "çörək pulu"nu banklar verməlidir

Dünən Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə bağlı iclas keçirilib. Baş nazirin müavini, Dövlətqaçqınkomün sədri Əli Həsənovun sədrlik etdiyi iclasda hökumətin bu il 20 avqust tarixli 139 saylı qərarından irəli gələn vəzifələr müzakirə olunub. Qərara əsasən, qaçqın və məcburi köçkünlərə ayrılan aylıq ərzaq xərci bundan sonra yalnız banklar vasitəsilə ödənməlidir. Belə ki, pulların paylanması zamanı bir sıra əyintilərə yol verildiyi aşkara çıxarılıb.
İclasda işğal altında olan rayonların icra hakimiyyətlərinin başçıları, maliyyə nazirinin müavini, Birləşmiş Universal Bankın rəhbərliyi iştirak edib. Nazirlər Kabinetinin yeni qərarının icrası məcburi köçkünlərin "çörək pulu" adlandırdıqları vəsaitin onlara tam həcmdə çatmasını tə’min edəcəkmi? İndiyədək yerli icra hakimiyyəti nümayəndələrinin bu məbləğdən müəyyən qədər kəsmələri faktı mövcud idi.
İclasda iştirak etmiş Şuşa rayon icra hakmiyyətinin başçısı Nizami Bəhmənov qənaətinə görə, bank işçilərinin də belə əyintilərə yol verməyəcəyi istisna deyil. O, "Lider" televiziyasının müxbiri ilə söhbətində deyib ki, hazırda ən başlıca problem hökumətin ayırdığı vəsaitin məcburi köçkünlərin yığcam yaşadığı yerlərə çatdırılmasıdır. Bunun üçün banklar səyyar xidmət göstərməlidirlər. Lakin onların belə xidmət göstərməyə ixtiyarı çatmır. Şuşa, Kəlbəcər, Xocalı, Xocavənd, Qubadlı kimi öz bankı olmayan rayonların əhalisinə "çörək pulu"nun çatdırılması xüsusilə çətinlik törədəcək. N.Bəhmənov məcburi köçkünlərin yığcam yaşadığı yerlərə pulu vaxtında çatdırmaq üçün bank şö’bələrinə onların öz aralarından nümayəndə seçib işə götürməyi təklif edir. Onun sözlərinə görə, iclasda qərara alınıb ki, aidiyyati orqanlar bu məsələ ilə bağlı təkliflərini bir həftə ərzində Nazirlər Kabinetinə göndərsinlər.

Gəncədə güclü qasırğa
  Tufanın təkrar olunacağı gözlənilir

Sentyabrın 4-də axşam saat 19.30-dan 20-yə qədər Gəncə şəhərində güclü qasırğa baş verib.
Bu qasırğa elektrik dirəklərini sıradan çıxarıb və bunun nəticəsi olaraq şəhərin böyük hissəsi hazırda elektrikdən məhrum olub. Qasırğa yaşayaş evlərinə, ictimai binalara da ziyan vurub, şüşələr sınıb, dam örtükləri dağılıb, bə’zi yerlərdə güclü külək ağacları kökündən qoparıb. Gəncə Şəhər İcra Hakimiyyətindən şəhərin yüksək gərginlikli sisteminə ziyan dəymədiyi, yalnız paylayıcı sistemdə müəyyən qəzalar baş verdiyi bildirilir. İcra hakimiyyətindən verilən mə’lumatda daha sonra deyilir ki, hazırda qəzanın aradan qaldırılması üçün energetiklər tədbirlər həyata keçirirlər. Qasırğanın təkrar olunacağı gözlənilir. Təbii fəlakətin vurduğu ziyanın həcmi yaxın bir-iki günə mə’lum olacaq.

İranla 13 sənəd imzalanacaq

Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi ekspertlər hey`əti prezident Heydər Əliyevin sentyabrın 17-də başlanacaq İrana səfər proqramının hazırlanması məqsədi ilə sentyabrın 8-də Tehrana gedəcək.
Ekspertlər İran tərəfi ilə imzalanması gözlənilən 13 sənəd layihəsinin yekun mətnini razılaşdıracaqlar. Buraya əsas e`tibarı ilə iqtisadi əməkdaşlıq, nəqliyyat və ticarət sahəsinə aid sazişlər daxildir. Bu həftənin sonunda isə MTN başçısı Namiq Abbasovun eyni missiya ilə Tehrana səfəri gözlənilir.

Qəbələ RLS-in statusuna Moskvada baxılacaq

Sentyabrın 6-8-də Moskvada Rusiya və Azərbaycan müdafiə nazirlərinin görüşü olacaq. Görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bu barədə dünən İTAR-TASS agentliyi mə’lumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti mə’lumatı şərh etməyərək bildirib ki, bununla bağlı informasiya bir qədər gec veriləcək. Qeyri-rəsmi mənbələrdən "Turan"a bəlli olub ki, Moskva danışıqlarında əsas mövzulardan biri Rusiyanın Azərbaycandakı yeganə hərbi obyekti - Qəbələ RLS-in statusu olacaq. Mə’lum olduğu kimi, Azərbaycan və Rusiya indiyədək bu strateji obyektin fəaliyyətinə dair saziş imzalamayıb. Obyekt 80-cı illərin əvvəllərində tikilib və Cənub yarımkürəsində qitələrarası ballistik raketlərin uçuşunu izləyir. Bu ilin noyabrında prezident Heydər Əliyevin Moskvaya rəsmi səfəri zamanı məsələyə dair ikitərəfli sazişin imzanalacağı ehtimal edilir.

Sabir Rüstəmxanlı "Yeni Müsavat"a qalib gəldi

Dünən Səbayel Rayon Məhkəməsi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının "Yeni Müsavat" qəzeti və müxbir Elgün Araza qarşı iddiasını tə’min edib.
Məhkəmə redaksiyanın və jurnalistin hər birinin 30 milyon manat ödəməsini tələb edib. Bu barədə VHP mətbuat xidmətindən bildiriblər. Bundan əlavə, məhkəmə E.Araza qarşı CM-in 147.2-ci maddəsilə (ağır cinayət törətməkdə ittiham) cinayət işi qaldırılması barədə xüsusi qərardad çıxarıb. S.Rüstəmxanlının məhkəməyə müraciət etməsinə səbəb qəzetin bu ilin iyununda dərc etdiyi "Ələkrəmin qiyamına 60 milyonluq yardım?" və "Rüstəmxanlılar bizə böhtan hazırlayır?" məqalələridir. Öz növbəsində "Yeni Müsavat" qəzetinin vəkili Vidadi Mahmudov məhkəmənin qərarını əsassız adlandırıb. Onun sözlərinə görə, qərarın ləğvi və yeni məhkəmə prosesinin keçirilməsi barədə hakimə müraciət edib. Vəkil hakimləri "Yeni Müsavat" qəzetinə qarşı qərəzli mövqe tutmaqda ittiham edib.

MSK separatçıların seçkisini tanımır

Milli Məclis və Xarici İşlər Nazirliyinin ardınca dünən Mərkəzi Seçki Komissiyası da Dağlıq Qarabağ separatçılarının "yerli idarəetmə seçkilərini" pisləyən bəyanatla çıxış edib.
MSK-nın bəyanatında bildirilir ki, Qarabağdakı oyuncaq rejimin seçki adlandırdığı bu tədbir tamamilə qanunsuzdur və nəticələri heç bir halda legitim sayıla bilməz.

Mahaçqalada dəmiryolunu partladıblar

Şimali Qafqaz dəmir yolunda baş vermiş partlayış nəticəsində Mahaçqala ərazisində dəmir yolu qollarından biri tamamilə sıradan çıxıb.
Partlayış Moskva vaxtı ilə saat 5.15-də Xəzər dənizi sahilindəki yaşayış evlərinin yaxınlığında, "Beryozka" çimərliyi ərazisində baş verib. Həlak olan və xəsarət alan yoxdur. Partlayış zamanı həmin yerdən sərnişin və yük qatarları keçməyib. Hadisə yerində dərinliyi 1, diametri 2 metr olan çala əmələ gəlib. Rusiya Federasiyasının Nəqliyyat Prokurorluğu "terrorizm" maddəsilə cinayət işi qaldırıb. Sıradan çıxmış dəmir yolunda bərpa işləri aparılır. Son mə’lumatlara görə, yol bir neçə saat ərzində bərpa ediləcək. Sentyabrın 3-də gecə yola düşmüş Bakı-Moskva sərnişin qatarı dəmir yolunda baş vermiş partlayışla əlaqədar Mahaçqala yaxınlığında dayanıb. Bu barədə Azərbaycan Dəmir yolu İdarəsindən mə’lumat veriblər.

Cəlilabadda tutulanlar "hizbullah"çılardır

Hazırda Cəlilabad rayonunun 30-a yaxın sakini İran xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinərək axtarışdadır. "Turan" bu xəbəri Cəlilabadda adının çəkilməsini istəməyən mə’lumatlı mənbəyə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, son vaxtlar hüquq-mühafizə orqanları bu məsələdə şübhəli bilinən 60 nəfəri saxlayıb. Lakin araşdırmalar nəticəsində onların əksəriyyəti buraxılıb. Hazırda altı nəfər Cəlilabad sakini həbsdədir. Onlar "Hizbullah" ekstremist təşkilatının üzvləridir. Həmin şəxslər bu faktı inkar etmir. Onlar Azərbaycanda mövcud rejimi qəbul etmir və dini dövlət qurulmasına tərəfdardır. Mənbənin mə’lumatına görə, eyni zamanda ehtimal olunur ki, həbs edilənlər Azərbaycanın cənub rayonlarında "Hizbullah" özəyinin təşkilatçıları deyil, sadəcə, icraçılarıdır.

Hava dəyişkən olacaq

Yaxın günlərdə ölkə ərazisində hava şəraiti dəyişkən olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hidrometeoroloji xidmətdən verilən mə’lumata görə, sentyabrın 5-6-da şimal-qərb küləklərinin güclənəcəyi, temperaturun aşağı düşəcəyi gözlənilir.
Sonrakı iki gündə temperatur qalxacaq. Lakin sentyabrın 9-da yenidən hava şəraiti sərinləşəcək. Belə ki, ayın 9-da axşam Böyük Qafqazda yağışlar yağacaq. Sentyabrın 9-12-də temperatur 5-6 dərəcə aşağı düşəcək.

Allahşükür Paşazadə Ermənistana də`vət alıb

Bütün ermənilərin katalikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni Ermənistanda xristianlığın qəbul edilməsinin 1700-cü ildönümü ilə bağlı keçiriləcək bayram tədbirlərinə də`vət edib.
Bu barədə mə`lumat verən Allahşükür Paşazadənin sözlərinə görə, ona ünvanlanmış məktubda II Qaregin qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Yerevana səfəri Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyi müəyyən dərəcədə aşağı sala və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə təkan verə bilər.
"Bu, Qareginin öz fikridir. Də`vət etmək onun hüququdur. O ki qaldı bayram mərasimlərində hər hansı bir formada iştiraka, yaxud məktuba cavab verib-verməməyə, bu artıq bizim işimizdir. Yəqin ki, biz müzakirələrdən sonra məsələnin necə həll olunacağı barədə qərar verəcəyik", - deyə Allahşükür Paşazadə bildirib. Sonda xatırladaq ki, Ermənistanda bayram tədbirləri sentyabrın 27-28-də keçiriləcək.

Hava limanında mehmanxana tikiləcək

Binə beynəlxalq hava limanında mehmanxana kompleksinin tikintisi 12 ilə başa çatdırılacaq.
Bu barədə mə`lumat verən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov bildirib ki, İspaniya biznesmenləri ilə görüşündə sonuncular tikintiyə hökumət zəmanəti olmadan 20 milyon dollar həcmində kredit ayırmağa razılıq veriblər. Qeyd edək ki, ilk mərhələdə 100 nömrəlik, ikinci mərhələdə isə 200 nömrəlik 5 ulduzlu otelin inşa edilməsi planlaşdırılır.

10 milyon dollar kredit ayrılacaq
Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün...

Sentyabrın 15-də İslam İnkişaf Bankı nümayəndə hey`ətinin Bakıya səfəri gözlənilir.
Bu barədə jurnalistlərə mə`lumat verən baş nazirin müavini Abid Şərifov bildirib ki, səfərin gedişində Bakıda baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə 40 il müddətinə 10 milyon dollar kredit ayrılması müzakirə olunacaq. Şərifov qeyd edib ki, Azərbaycan hökuməti bu cür təkliflə Dünya Bankına müraciət etsə də, sözügedən bank bundan imtina edib.

Əmanətlər 10 ilə qaytarılacaq
Yaxın vaxtlarda bu barədə qanun layihəsi müzakirəyə çıxarılacaq

Parlamentin iqtisadi siyasət komissiyası "Əhalinin əmanətlərinin indeksasiyası haqqında" qanun layihəsini qanunverici orqanın payız sessiyasının gedişində müzakirəyə çıxarmaq niyyətindədir.
Bu barədə mə`lumat verən layihənin müəllifi, sözügedən komissiyanın sədr müavini Əli Əlirzayev bildirib ki, prinsipcə Maliyyə Nazirliyi layihənin həyata keçirilməsinə e`tiraz etmir. 2003-cü ildə reallaşdırılmağa başlayacaq layihəni neft müqavilələrindən daxil olacaq konkret vəsaitlər hesabına maliyyələşdirmək mümkün olacaq. Layihənin yerinə yetirilməsi üçün 10 il müddət nəzərdə tutulub. Əli Əlirzayev bildirib ki, Maliyyə Nazirliyinin hesablamalarına görə, Azərbaycan əhalisinin 70 faizinin əmanətləri 2000 rubldan çox deyil. Sonda bildirək ki, 1 yanvar 1992-ci ilə kimi əhalinin əmanət banklarındakı əmanətlərini indeksasiya etmək üçün 3,7 trilyon manat vəsait tələb olunur. İndeksasiyanın mənbəyi kimi, dövlət büdcəsi, özəlləşdirmədən daxil olan gəlirlər və Neft Fondunun vəsaitlərindən istifadə olunacağı gözlənilir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd