Yazarlar köşəsi

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#96(320)

Bizim ziyalı oyunu

Arada güdümlü şairlərin, yazıçıların, sənətkarların - bütövlükdə "humanitarlar"ın siyasi proseslərə "stavka" mexanizmi (bu daha çox instinkdir-M.N) işə düşür və bu mexanizm heç də sözügedən kəslərin bəyənmək istəmədiyi yeni nəslin gözündən, qulağından qaçmır. (Amma, indiki cavanlar çox şeyi görür və çox şey barədə bilir və çox şey barədə düşünür və çox şey barədə susmağı bacarırlar...)
Bir də görürsən, qoca, bacarıqlı bir "humanitar" hansısa siyasi oyunun başında tas qurub-oturmağında, bir başqası "qılçı boyda"lardan filan siyasətçinin parametrləri barədə mə`lumat toplamağında, digəri isə bütün olanlardan baş çıxarmayıb təzədən özünə çəkilməyindədir və... beləcə, bizim siyasi elita ilə humanitar elitamızın inteqrasiyası, qarşılıqlı faydalı münasibətləri müəyyənləşməyindədir.
Maraqlısı odur ki, proses gedir. Siyasilər də öz növbəsində - ziyalı ovuna çıxır, baxır, görür, tələ qurur, ovundurur, saray nostaljisindən faydalanır və ürək fəth eləməkdə qalib çıxırlar. Onların işi budur. Axı siyasi proseslərə ziyalı axını o qədər normal haldır ki, burada mə`nəvi-yaradıcılıq dəyərlərinə xəyanət axtarmaq bizə yaraşmaz. Amma nədənsə, bu gün Azərbaycanın "humanitar canı"nın az qala üstündə oturmuş fundamental inhisarçılar siyasi məsələlərə elə rəng verirlər ki, guya bu axtarışlar, bu getməkdə olan proses, bu milli-intellektual inkişaf Azərbaycanda baş vermir: guya çəkilən bu qədər ağrılar, əzablar, mərhumiyyətlər yerdə qalanların, sonra gələnlərin gözündən, ruhundan, gələcəyindən yan keçir və bunlardan başqa heç kəs ibrət dərsinin nə olduğunu bilmir...
Filoloq, diplomatik peşəkarlığı barədə heç nə deyə bilməyəcəyim İsfəndiyar Vahabzadə "525-ci qəzet"də öz mə`lum məqaləsinə yazılan cavablara yuvarlaq da cavab yazıb. Vahabzadənin yazmaq istədikləri az qala diplomatik qalmaqaldır. Yazdığı, dedikləri isə ağrıdır. Və o kəslər ki, Vahabzadənin yanğısına reaksiya verib, kökündə heç bir diplomatik məsələ, heç bir peşəkar axtarış yoxdur. Eyni zamanda Vahabzadənin də dediklərində heç bir diplomatik tərkib görünmür: Vahabzadə nəyin nə yerdə olduğunu bizdən yaxşı bilsə də, məsələləri öz yanğısına yönəldir. Əslində isə Vahabzadənin yazısına başqa cür cavab vermək lazımıymış: məsələni dəyərli bir filoloji-industrial-diplomatik müzakirəyə çıxarmaq, humanitar boşluğu doldurduğuna və emosiyaları tərpətdiyinə görə ona təşəkkür etmək gərəkirmiş.
Mən olsaydım, Vahabzadəyə və ona cavab yazan dostlarına yazacağım məqaləni belə başlardım: "...Bütün bunlar mə`lum ziyalı oyunlarının köhnə nümunəsi, 37-ci il dartışmalarının başqa bir formasını xatırladır. Belə məsələnin üstündə xüsusi dayanmağa ehtiyac duymadan deməyim budur ki, şükür, hər iki tərəfin düşüncə tərzi Azərbaycanın humanitar havasından silinib getməkdədir..."

Susanlar kimdir?

Bu gün Azərbaycanın işğal olunmuş ərazisindəki oyuncaq rejim növbəti seçki oyununu düzənləyir. Separatçılar yerli idarəetmə vəzifələrini təzədən bölüşdürəcəklər. Əslində yenidən bölüşdürüləsi bir şey yoxdur. Ermənistandan (və daha uzaqlardan) idarə olunan hərbi ilhaqdan sonra hərəyə bir vəzifə qamarlayan top-tüfəngli dəstələr sadəcə yerlərini dəyişəcəklər: Karenin yerində Suren əyləşəcək, yaxud da əksinə. Necə ki, Dağlıq Qarabağdakı separatçıların "yerli" və "mərkəzi" idarəetmə orqanlarının illüzor və qondarma mahiyyəti onların özünə də yaxşı bəllidir. Azərbaycanın bu bölgəsində mə`lum hadisələr başlayandan bu cür seçki səhnəcikləri tez-tez düzəldilir. Budəfəkini də "milçək vızıltısı" kimi diqqətdənkənar qoymaq olardı. Amma bir cəhət mövzuya toxunmağı vacib edir.
Beynəlxalq praktikada heç kim tərəfindən tanınmayan separatçı rəsmilərin müxtəlif seçkilərlə özünüifadə cəhdləri bir qayda olaraq tənə ilə qarşılanır. Beynəlxalq hüquq normaları bu cür seçkiləri qeyri-legitim e`lan edir. Ancaq, görək, Qarabağ konfliktinin sahmanlanmasına məs`uliyyət daşıyan beynəlxalq instansiyaların münasibəti adekvat oldumu? Dünənədək yalnız Avropa Şurasının alaçiy məzəmmətini və Azərbaycanın haqq işinə sözdə də olsa dəstəyini heç vaxt əsirgəməyən İslam Konfransı Təşkilatının bəyanatını eşitmişik. İKT növbəti dəfə Ermənistanı Azərbaycana qarşı təcavüzə və işğal olunmuş ərazilərdə qondarma seçkilərə son qoymağa çağırıb. AŞ-a Yerevana müraciət edərək sülh prosesini çətinləşdirən bu cür tədbirlərin qarşısını almağa çağırıb. Amma Ermənistan nəinki AŞ-nin çağırışını çürük qoz qədər saymadı, üstəlik bütün imkanları ilə bu "seçkilərə" yardım edəcəyini dedi. Sözü yerə salınan mö`təbər təşkilat da Avropa qarşısında götürdüyü öhdəliyi Ermənistanın yadına salıb onun yekəbaşlığına münasibət bildirmədi.
Avropa Şurası bir kənara, bəs digərləri niyə susur? Öz üzvlərinin suverenliyinə cavabdeh olan ATƏT-dən, onun məxsusi olaraq Dağlıq Qarabağ tənzimlənməsi üçün tə`sis etdiyi Minsk qrupu və bu qrupun üç nəhəng həmsədrindən səs-səmir yoxdur. Tutaq ki, ATƏT-in başı Belorusdakı seçkilərə qarışıb. Həmsədr dövlətlər ki, maşallah, hər şeyi diqqətlə izləyilər. Amerika diplomatiyasının "hə, noolsun" tipli münasibəti bəllidir. Cənab Bauçer (özəlləşdirmə çeki ilə qarışdırmayın) bunu elə arxayıncasına bəyan etdi ki, sanki Qarabağda baş verənlərdə qeyri-adi heç nə yoxdur və separatçılar nə edirlərsə haqlı edirlər. Rusiyanın xarici siyasət idarəsi hələ qımıldanmır. Halbuki analoji hadisə Çeçenistanda baş verəndə Moskva ona qarşı nəinki siyasi iradə, hərbi güc tətbiq etməkdən də çəkinmirdi. Təkcə onu xatırlamaq kifayətdir ki, Rusiya Çeçenistandakı separatçı idarəetmənin qeyri-legitimliyini təsdiqləmək üçün beynəlxalq dairələrə uzun müddət ayaq döydü. Fransa bu baxımdan əsl tamaşa predmetidir. Dağlıq Qarabağdakı seçki oyunlarına laqeyd olan Paris formal muxtariyyət atributları (yerli dildə təhsil və yerli özünüidarədə qismən sərbəstlik) uğrunda illərdən bəri mübarizə aparan Korsikaya dirsək göstərməkdədir. Gör, bu bölgə Fransaya tabeçilikdən çıxıb daxili hakimiyyət strukturlarına seçkilər keçirsə, Yelisey sarayında nə həngamə qopar? Amma noolsun. Nə olursa, elə bizə olur.
Əslində sözügedən instansiyalardan umduğumuz tənə və məzəmmətlərin praktik mə`nada Dağlıq Qarabağın Azərbaycanın suverenlik çətiri altına qaytarılmasına bir tə`siri olmayacaq. Əvvəl-axır Qarabağdakı dığaları buna özümüz (gücümüzlə) məcbur etməliyik. Amma umduğumuzda da haqlıyıq. Çünki bu bizə ən azı siyasi nöqteyi-nəzərdən, Azərbaycanın üzləşdiyi separatizmə beynəlxalq qiymət baxımından lazımdır. Amma danışmalı olan adamlar susurlar. Yəqin ki, yenə iş-işdən keçəndən sonra "Biz bu seçkiləri sülh prosesinə pəl vuran qeyri-legitim tədbir hesab edirik" kimi "xalaxətrin qalmasın" bəyanatla çıxış edəcəklər. Bəlkə heç bunu da etmədilər. Amma qəm yeməyə dəyməz. Onsuz da bu gün susanların hərdənbir səsləndirdikləri "Qarabağnamələr"dən bizə kar aşmayıb. Qoy indi də özlərini karlığa vursunlar.

Əlvida yay - 2001!

Tə`til günlərinin son çağlarını nostalji ruhda yaşayıram. Oğlumla zarafatlaşıb-oynamaqdan doymuram. Məktəb onu əlimdən alır... Yenə məktəb, incəsənət universiteti, televiziya, gündəlik qayğılar, bazar, ev işləri, problemlər və s. başımı elə qatacaq ki, hətta adi ünsiyyətə belə vaxt qalmayacaq. Yadıma düşdü ki, oğlum hələ qışdan - şaxtalı yanvar günlərindən yay paltarını yol çantasına yığıb Nabrana hazırlaşırdı. İndi Nabran da, isti, cırhacırlı, bürkülü-tüstülü, uzun yay gecələri də arxada qalıb... Heç bir yay Nabranda bu dəfəki qədər arı olmamışdı. Arılar milçəkdən, ağcaqanaddan çox idi.
Əlindən dənizə qaçdığımız bu arıların sayəsində sualtı üzməyi də ə`la öyrəndim. Çünki suyun üzünə çıxan kimi, 7-8-i birdən adamın üstünə şığıyırdı. Məcbur olurduq başımızı da suya salaq. Xülasə, belə getsə, üzgüçülük üzrə rekordlar qazanacağıq. Amma maraqlı burasıdır ki, bu arılar hardan peyda olmuşdular və niyə insanlara göz verib işıq vermirdilər?! Digər tərəfdən, ehtimal var ki, belə getsə, ölkəmizin bal tə`minatı problemi də aradan qalxacaq. Doğrudur, deyilənə görə, bu il çimərliklərə baş çəkmiş adamlar arasında arı sancmamışı qalmayıb (zərərçəkənlər arasında mən də varam). Amma xalq təbabətinə görə arının sancmasının da, insana böyük xeyri var. Beləliklə, xoşbəxt yay çağları ildırım sür`əti ilə ötüb keçdi: "May çıxdı, yay çıxdı!", - deyə anam mə`nalı-mə`nalı mənə baxaraq, başını yırğalayır.
- Yenə nə yazırsan? Bütün yayı uşaqla tennis oynadın, özüvə palto almadın. Axı yayın malını qışda alırlar!
- Sovetlərin vaxtında elə idi. İndi isə qışın malını qışda alırlar.
- Heyif deyildi o vaxtlar. Hər şey ucuz idi... Düzdür, indi hər şey var, amma pul yoxdur, - anam bu sözləri deyib nostalji ruhda otağı tərk edir.
Mənsə, yenə də cırcırama xorunun konsertləri ilə zəngin isti yay günlərini xatırlayıram və ömrümün ən xoşbəxt yayı - 1986-cı ilin iyun-avqust çağları yadıma düşür. Həmin yay biz Nargin adasında birində Eldar Quliyevin "Şəhərkənarı gəzinti" ("Burulğan") filmində çəkilirdik. Litva aktrisası Eqle Qabrinayte ilə birgə Qirimvajen deyilən qrim vaqonunda qalırdım. Tufanlı gecədən sonra bir yay səhəri ayılıb gördük ki, bizim qrimvajen dənizin ortasındadır. Eqle ilə birgə yırğalanan vaqonun içində qışqırmağa başladıq: "Köməyə gəlin!". Bütün çəkiliş qrupumuz sahildəki çadırlarda mışıl-mışıl yatmışdı. Biz isə hey qışqırırdıq: "Kömək edin, batırıq!..". Birdən məndəki təəccüb hissi qorxu hissinə qalib gəldi. Gördüm ki, Eqle qorxudan rusca yox, doğma litva dilində köməyə çağırır. O an fikirləşdim ki, güclü stress keçirən insan öz köklərinə qayıdır. Bizi xilas etdilər, balaca vaqonumuzla birgə sahilə çıxartdılar və o haray-həşirdə Eqle vaxt tapıb ehtiyatla məndən soruşdu: "Sən eşidirdin?". "Eşidirdim" dedim və başa düşdüm ki, harada, hansı mühitdə olursa olaq, öz millətimizin nümayəndəsiyik.... "Həmidə, - dedi. - mən heç vaxt 1986-cı ilin yayını unutmayacağam. Çünki bu yay mən son dərəcə gözəl qəlbli, təmiz, qonaqpərvər və müdrik millətin nümayəndələri ilə dostlaşdım və bir də ki... biz 3 aydır sivilizasiyadan uzaqdayıq. Hiss edirəm ki, tamam dəyişmişəm. Yəqin ki təbiət insanları saflaşdıran, müdrikləşdirən yeganə təbibdir...".
- Ma, indi axşamdır, yoxsa səhər? - yuxudan ayılan oğlum gözlərini ovuşdura-ovuşdura gəlib qucağımda oturur.
- Axşamdır, bayaq televizora baxa-baxa yuxuya getdin.
- Kaş indi səhər olaydı.
- Niyə?
- Çünki onda məktəbə gedərdim. Məktəb üçün elə darıxmışam ki.
- Bəs, Nabran?
- Ora yayda gedərik. Ağcanın (dovşanın) da uşaqlarını ora apararıq. Axı onlar heyvandırlar, amma meşəni görməyiblər. Apararıq hə, ma?
- Apararıq...
- Yes! - deyib məni bağrına basır və birdən diqqətlə Ağcaya baxır: - ma, arılar dovşanları sanca bilər?
- Heç vaxt. Çünki dovşanlar torpağı qazıb yerin altı ilə qaça bilirlər. - Yes! - deyib oğlum sevinclə Ağcanı qucaqlayır, - malades, Ağca, əgər anama söz verməsəydim, səni öpərdim.
Əlvida yay - 2001, əlvida, xatirələrdə qalacaq arılı yay. Yenə də ömrümüzün payızı başladı...

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd