Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#100(324)
XİN-də "erməni izi" axtarırlar...
Azərbaycanın diplomatik xidmət korpusu ətrafında qızışan diskussiya yeni qalmaqallı açıqlamalarla müşayiət olunur

Dünən bu qalmaqallardan daha biri boy verdi. XİN-də 1-ci dərəcəli müşavir postunu tutan stajlı diplomat Vəhdət Sultanzadə sabiq nazir Tofiq Zülfüqarovu səbatsızlıqda və ölkənin diplomatik kadr potensialına böyük zərər vurmaqda ittiham etdi. Cavabını ləngitməyən keçmiş nazir isə V.Sultanzadənin vaxtilə İranın xüsusi əlaqələrinin üzə çıxdığını və bu səbəbdən XİN-də idarə rəisi vəzifəsindən azad edildiyini bildirdi. V.Sultanzadə indiki nazir Vilayət Quliyev tərəfindən işə (bu dəfə müşavir postuna) bərpa olunub. Nəzərə alsaq ki, bu dəfə tərəflər digərlərindən fərqli olaraq konkret arqumentlərlə çıxış edirlər və toxunulan mövzu heç də xırda "kalibrli" deyil, məsələni oxucularımız üçün araşdırmaq qərarına gəldik.Lakin bu qalmaqala toxunmazdan öncə bir qədər geriyə qayıdaq.
Ölkənin diplomatik korpusunun fəaliyyəti ilə bağlı tənqidlər mütəmadi səslənsə də, bu ilin mayında Azərbaycanın Cenevrədəki səfiri (BMT nümayəndəliyində) İsfəndiyar Vahabzədənin MM sədrinə ünvanladığı məktub mətbuatda dərc olunandan sonra xüsusi rezonans yarandı. Bir müddət səngiyən diskussiyalar həftənin əvvəlində İ.Vahabzadənin mətbuatda geniş çıxışı ilə mövzuya yenidən "od vurdu". İ.Vahabzadənin Azərbaycan diplomatlarının peşə hazırlığı, vətənpərvərlik keyfiyyətləri və milli-etnik mənsubiyyəti barədə subyektiv mülahizələri kifayət qədər reaksiya doğurub. Səfirlə razılaşanlar da var, e`tiraz edənlər də. Sonuncular çoxluq təşkil edirlər. İ.Vahabzadənin Azərbaycan diplomatlarının əksəriyyətinin rusdilli olması, XİN sistemində qeyri-azərbaycanlıların (etnik azlıq nümayəndələrinin) üstünlük təşkil etməsi, hətta diplomatlar arasında erməni mənşəli şəxslərin də mövcudluğu barədə fikirləri xüsusilə ajiotaj doğurub. Qeyd edək ki, səfir Vahabzadənin sözügedən mülahizələrinə hələ bir neçə ay öncə ölkə prezidenti, XİN başçısı, nazir müavinləri, habelə "Diplomatik xidmət haqqında" qanun layihəsi parlamentdə müzakirə edilərkən bir sıra millət vəkilləri münasibət bildirmişdilər. Prezident Heydər Əliyev bu mülahizələri İ.Vahabzadənin subyektiv mövqeyi saymaqla yanaşı, səfirin sərbəst fikir söyləmək imkanlarından sui-istifadə etdiyini də vurğulamışdı. XİN başçısı Vilayət Quliyev səfirin emosiyaya qapıldığını və qaldırdığı məsələlərin heç də hamısınnı həqiqətə uyğun olmadığını bildirmişdi. Nazir XİN sistemində guya ermənilərin işləməsi barədə fikirləri qəti rədd etmişdi. XİN başçısının müavinləri Mahmud Məmmədquliyev və Xələf Xələfovun münasibəti daha sərt olmuş və onlar İ.Vahabzadəni diplom statusuna yaraşmayan çıxışlar etməkdə suçlamış, XİN sisteminə işçilərin milli mənsubiyyətinə görə deyil, peşəkarlığı və vətənə, dövlətə sədaqət keyfiyyəti ilə qəbul olunduğunu qeyd etmişdilər. Parlamentarlar isə İ.Vahabzadəyə mətbuatda bu cür diskussiya açmaqdansa, "Diplomatik xidmət haqqında" qanunun hazırlanmasında yaxından iştirak etməyi tövsiyyə etmişdilər. MM-in Beynəlxalq əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun sözlərinə görə, bu qanun diplomatik xidmət sahəsində dövlət siyasətinin tənzimlənməsi üçün mükəmməl sənəddir və Vahabzadənin irad tutduğu bir sıra məqamları da sahmanlayacaq.
Bütövlükdə Vahabzadənin Azərbaycan diplomatlarının milli-vətənpərvərlik keyfiyyətləri və etnik tərkibi barədə diskussiya açmasının motivlərini incələyənlər belə bir qənaətə də gəlirlər ki, səfirin karyerası üçün problemlər yaranıb və o, geri çağırılacağını hiss edərək özünü "oda-közə" vurur. Xatırladaq ki, ölkə rəhbərliyi Azərbaycanın BMT-dəki nümayəndəliyinin fəaliyyətindən o qədər də razı deyil və bir qədər əvvəl Nyu-Yorkdakı mənzil-qərargahda akkreditə olunmuş səfir Eldar Quliyevin geri çağrılmasından sonra eyni aqibətin İ.Vahabzadəni də gözlədiyi bildirilir. Bununla belə, İ.Vahabzadənin açdığı diskussiyada ona həm opponent, həm də həmrə`ylik edənlər səfirin tutduğu iradarla bağlı konkret faktlarla danışmasını vacib sayırlar. Azərbaycanın Çindəki keçmiş səfiri Tamerlan Qarayevin fikrincə, rustəhsilli olmaq (o özü də belələrindəndir) heç də qeyri-vətənpərvər olmaq deyil. Lakin T.Qarayev hesab edir ki, dövlət qulluğunda olan istənilən şəxs (vəzifəsindən asılı olmayaraq) mütləq Azərbaycan dilini bilməlidir. O həmçinin bu qənaətdədir ki, indiki şəraitdə (müharibə, gənc dövlətçilik) Azərbaycanın mühüm dövlət sahələrində (hərbi, xarici işlər, təhlükəsizlik) azərbaycanlıların təmsilçiliyi azı 90 faiz təşkil etməlidir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə məsələnin məhz faiz müstəvisində qoyulmasını qəti yolverilməz sayır. Zülfüqarovun sözlərinə görə, onun nazir olduğu dövrdə (1998-1999-cu illər) XİN sisteminə qəbul olunanların məhz peşəkarlığı və vətənpərvərlik keyfiyyətləri əsas götürülüb. Etnik mənsubiyyət isə (sabiq nazir də XİN sistemində erməni mənşəli kadrların mövcudluğunu təkzib edir) burada hansısa əngəl olmamalıdır. Onun sözlərinə görə, Azərbaycan ordusunda olduğu kimi, diplomatiya sistemində də dövlətə sədaqətlə qulluq edən talış, ləzgi, kürd, rus və s. mənşəli peşəkarlar çoxdur. İ.Vahabzadənin indiki mülahizələrinə təəccüb edən T.Zülfüqarov onun əvvəllər (İ.Vahabzadə 1997-ci ildən səfir işləyir) belə çıxışlar etmədiyini xatırlatdı.
Dünən XİN-in daha bir mə`muru, 1-ci dərəcəli müşavir Vəhdət Sultanzadə də diplomatik xidmət ətrafında gedən diskussiyalara münasibət bildirib. Onun sözlərinə görə, subyektiv səciyyəli bu diskussiyalar Azərbaycanın xarici siyasət idarəsində aparılan islahatları, keyfiyyət dəyişikliklərini görməzlikdən irəli gəlir. V.Sultanzadənin sözlərinə əsasən, V.Quliyev nazir tə`yin olunandan sonra XİN-də kadrların seçilib yerləşdirilməsinə xüsusi diqqət yetirilir. Halbuki T.Zülfüqarovun dövründə nazirlikdə əsl depressiya hökm sürüb, təcrübəli kadrlar XİN-dən uzaqlaşdırılıb, volyuntarist idarəçilik həyata keçirilib.
V.Sultanzadə bizimlə söhbətdə onu da vurğuladı ki, T.Zülfüqarov nazir olduğu ilyarım ərzində bərbad fəaliyyəti ilə Azərbaycan diplomatiyasını 10 il geri salıb, öz dost-tanışlarını mühüm postlara yerləşdirməklə məşğul olub. Qeyd edək ki, V.Sultanzadə 1999-cu ildə T.Zülfüqarovun əmri ilə İslam Konfransı Təşkilatı (İKT) İdarəsinin rəisi vəzifəsindən azad olunmuşdu. "Mənim 40 illik diplomatiya təcrübəm var, sovet vaxtında Əfqanıstan, İran və Türkiyədə diplomatik işdə olmuşam, mən diplomatlıq edəndə Zülfüqarov anadan olmamışdı, amma nazir kreslosuna oturan kimi uşaq-muşaqları vəzifəyə tə`yin edirdi" deyə o gileylənir və 2000-ci ilin əvvəlində yeni nazir tərəfindən vəzifəyə (müşavir kimi yenə İKT-ni kurasiya edir) qaytarılmasını ədalətin təntənəsi sayır. Maraqlıdır ki, T.Zülfüqarov V.Sultanzadənin iddialarını nəinki rədd edir, hətta onun idarə rəisi vəzifəsindən məhz "ÇP"-yə yol verməsinə görə azad edildiyini bildirir. Zülfüqarovun sözlərinə görə, Sultanzadə idarə rəisi olarkən (1999-cu ilin əvvəli) İrana gizli (nazirə mə`ruzə etmədən) səfər edib, orada yüksək səviyyədə qarşılanıb və İranın rəsmiləri ilə 2 gün ərzində təmaslarda olub. T.Zülfüqarov bu səfərdən Azərbaycanın xüsusi xidmət orqanlarının mə`lumatından sonra xəbər tutub. Sultanzadənin İrana səfəri barəsində xüsusi mə`ruzə hazırlanıb. T.Zülfüqarovun sözlərinə görə, V.Sultanzadə İrandan qayıdandan sonra səfərinin motivlərini dürüst izah edə bilməyib və vəzifədən azad edilib: "XİN qapalı idarədir və ora işə qəbul və işdən azadedilmə prosesində dövlətin xüsusi orqanlarının rə`yi də əsas götürülür". Sabiq nazir təəccüb edir ki, XİN tarixində görünməmiş "ÇP" ilə işdən azad edilən şəxs sonradan vəzifəyə qaytarılıb. O, Sultanzadənin İranla hələ sovet vaxtından (7 il orada işləyib) əlaqələrini də istisna etmir. Öz növbəsində V.Sultanzadə sabiq nazirin iddialarını rədd edir və onunla hətta məhkəmədə çəkişməyə hazır olduğunu bildirir. XİN-in Kadrlar İdarəsinin rəisi Elmira Sarıcalinskaya isə Sultanzadənin diplomatik təcrübəsi nəzərə alınaraq vəzifəyə qaytarıldığını deyir.
Bütün hallarda Azərbaycanın diplomatiya korpusu ətrafında cərəyan edən diskussiyalar həm onu başlayanlar üçün (artıq opponentləri İ.Vahabzadənin şəcərəsində "erməni izi" axtarmağa başlayıblar), həm də ümumilikdə Azərbaycan dövlətinin imici üçün müsbət şey və`d etmir. Ən acınacaqlısı odur ki, bu kampaniyada iştirak edənlər işgüzarlıq və dövləti təəssübkeşlikdən çox intriqa həvəskarları tə`siri bağışlayırlar.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd