|
|
|
|
#100(324) |
 |
Hərbi təyyarələrimiz Bakı üzərində uçur
Müdafiə Nazirliyi bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin tə’limlərə başlaması ilə izah edir
|
Dünən saat 9.15 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Bakı üzərində uçuşlar keçirib. Təxminən 15 dəqiqə müddətində şəhər üzərində dövrə vuran təyyarəni Xəzər sahilinə yaxın ərazilərdə yaşayan əhali asanlıqla seyr edə bilib.
Saat 15.15 radələrində isə təyyarələr "Azadlıq" meydanı üzərində görünüb. SU-25 qırıcı təyyarələrinin manevrlərini Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı Raul Rzayev və Müdafiə Nazirliyinin bir neçə məs’ul əməkdaşı müşahidə edib. Raul Rzayev hərbi manevrlərlə bağlı jurnalistlərə mə’lumat verməkdən imtina edib.
Xəzərlə bağlı gərginliyin səngimədiyi bir məqamda qırıcının uçuşunu həyəcanla qarşılayanlar da olub. Bə’zi hərbi ekspertlər şəhər ictimaiyyətində çaşqınlıq və həyəcan yaradan bu cür hərbi manevrlərin hərbi əsasnamələrə uyğun olmadığını deyirlər.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən "Bizim ƏSR"in müxbirinə bildiriblər ki, hərbi təyyarələrin uçuşu ilə bağlı hər hansı narahatlığa əsas yoxdur. Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələri müvafiq plan üzrə hərbi tə’limlərə başlayıb. Təyyarələrin Bakı üzərində uçuşunu da bununla əlaqələndirən mənbə mövsümi olaraq belə hərbi manevrlərin keçirildiyini qeyd edib. Mətbuat xidməti, həmçinin, uçuşların hərbi qaydalara tamamilə uyğun aparıldığını bildirib.
"Erməniləri qranta görə Bakıya çağırıblar"
QAT bə’zi qeyri-hökumət təşkilatlarını maliyyə maxinasiyalarında ittiham edir
|
"Qarabağ Azadlıq Təşkilatı (QAT) rəhbərliyinin "Soros" Fondu xəttilə Bakıya gəlmiş "DQR" nümayəndə hey’əti ilə görüşəcəyi barədə yayılan mə’lumatların əsası yoxdur". Təşkilatın Ali Məclisinin üzvü Barat İmani "Bizim ƏSR"ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, QAT Sədrlər Şurasının dünənki iclasında məsələyə kəskin münasibət ifadə olunub.
İmanlı əlavə edib ki, QAT üzvləri erməni separatçılarının Bakıya səfərinin təşkil olunmasını həqarətlə qarşılayıblar. İmaninin fikrincə, səfərin reallaşmasında xüsusi xidmətləri olan Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi və "Soros" Fondu Azərbaycanın milli maraqlarına zidd addımlar atıblar: "Onların "DQR" pasportu ilə Bakıya gəlişi qətiyyən yolverilməzdir. Bizim fikrimizcə, bu səfəri təşkil edən bütün qeyri-hökumət təşkilatları səhv yoldadırlar və dövlətçilik maraqlarından çıxış etmirlər".
QAT funksioneri əlavə edib ki, separatçıların səfərinə e’tiraz olaraq bir sıra kütləvi aksiyalar planlaşdırılır. O iddia edib ki, bə’zi qeyri-hökumət təşkilatları məhz qrant almaq məqsədi ilə heç bir ölkə tərəfindən tanınmayan "DQR" nümayəndələrini Bakıya də`vət ediblər: "Ermənilərin səfərində də məqsəd beynəlxalq donor təşkilatlarından qrant almaqdır. Onları çağırmasalar, həmin təşkilatlara qrant verən olmayacaq. Burada digər səbəblər axtarmaq lazım deyil".
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva isə QAT funksionerinin ittihamlarını rədd edib. Onun sözlərinə görə, ermənilər Bakıya gəlməyə özləri təşəbbüs göstəriblər və bu məqsədlə "Soros" Fondunun Azərbaycan təmsilçiliyinə müraciət ediblər: "Onlara rədd cavabı verilməyib. Və səfər reallaşıb. Buna görə, həmin ermənilər qondarma rejimin rəhbərliyi tərəfindən də təzyiqlərə mə’ruz qalıblar".
Arzu Abdullayevanın sözlərinə görə, Dağlıq Qarabağ erməniləri Bakıya xoş məramla gəliblər. Abdullayeva münaqişənin həlli üçün belə görüşlərin vacib olduğunu iddia edir: "Münaqişənin həlli üçün "xalq diplomatiyası"ndan istifadə etməliyik. Onlar da müharibə istəmirlər. Onlarla birgə sülhə nail olmağın yolları barədə müzakirələr aparacağıq. Nümayəndə hey’əti qeyri-hökumət təşkilatları, siyasi partiya nümayəndələri ilə görüşlər keçirəcək. Onlar bir daha münaqişənin həlli ilə bağlı Azərbaycan ictimaiyyətinin rə’yi ilə tanış olacaqlar".
Bir çox siyasi partiya və gənclər təşkilatının e’tirazlarına gəlincə, Arzu xanım bunu təbii sayır: "Təbii ki, nümayəndə hey’əti burada ciddi təzyiq altında olacaq. Gənclər qisas hissi ilə yaşayırlar və buna da haqları çatır. Nə qədər itkilərimiz olub. Bunu yaddan çıxarmaq mümkün deyil. Amma eyni zamanda, biz siyasi proseslərə real yanaşıb elə etməliyik ki, bunlar təkrarlanmasın".
Azərbaycan diplomatiyasına ciddi dəstək
Eldar Namazov: "Qarabağ probleminin həllini istəyiriksə,
Azərbaycanın mövqeyi daha sərt, güclü və konkret olmalıdır"
|
ABŞ Dövlət Departamentinin bəyanatının ardınca İslam Konfransı Təşkilatı adekvat addım atdı. Dağlıq Qarabağda keçiriləcək bələdiyyə seçkilərinin sülh danışıqları üçün heç bir maneə yaratmayacağını iddia edən ABŞ-dan fərqli olaraq İslam Konfransı Təşkilatı bunu yolverilməz hesab edir. İKT-nin yaydığı bəyatda bildirilir ki,ÿDağlıq Qarabağda keçiriləcək seçkinin legitimliyi heç bir halda tanına bilməz.
Prezidentin keçmiş köməkçisi, konfliktoloq Eldar Namazov bildirdi ki, İKT həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistanı isə işğalçı dövlət kimi tanıyıb: "Onlar həmişə işğal edilmiş ərazilərin azad olunmasını tələb ediblər. Biz həmişə onlardan dəstək almışıq. Çox şadam ki, İKT öz mövqeyində qərarlıdır. Həmin təşkilatın dünya dövlətləri arasında böyük nüfuzu olduğuna görə, bu, bizim üçün ciddi nailiyyət hesab edilə bilər. Nəzərdən qaçırmamalıyıq ki, həmin dövlətlər BMT Baş Assambleyasında keçirilən iclaslarda səsvermələrdə iştirak edirlər. Ona görə də Azərbaycan İKT ilə əlaqələrini daha da gücləndirməlidir".
Eldar Namazov İKT-nin bu addımını Azərbaycan diplomatiyası üçün ciddi dəstək hesab edir. Bununla belə konfliktoloq bəyanatlarla problemin həll olunmayacağını da deyir: "Bu cür bəyanatları dəyərləndirməliyik. Həm də nəzərə almalıyıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm diplomatik, həm də iqtisadi üstünlüklərdən asılı olacaq. Ona görə də, vacib amillərdən istifadə etməliyik. Bundan əlavə Azərbaycan problemin həll olunmasını istəyirsə, mövqeyi daha güclü, sərt və daha konkret olmalıdır".
ABŞ Dövlət Departamentinin "DQ-də keçiriləcək seçkilər danışıqlara maneə olmayacaq" bəyanatını Eldar Namazov Amerikanın ikili siyasəti ilə əlaqələndirdi. O hesab edir ki, ABŞ nə Ermənistan, nə də ki, Azərbaycanla münasibətlərinin gərginləşməsində maraqlı deyil: "Qarabağ konfliktinin həllində bu, özünü büruzə verir. Ona görə də, ABŞ Dövlət Departamentinin bu bəyanatı heç bir halda Qarabağ münaqişəsinin həllinə kömək etmir. Çünki həmin ərazidə etnik təmizləmə siyasəti aparılıb, sonuncu nəfərə kimi azərbaycanlılar oradan qovulub, torpaqlarımız işğal olunub. Ona görə də, orada hansısa seçkilərin keçirilməsinə loyal münasibət bəsləmək DQ münaqişəsinin həllinə daha çox kömək edə bilər".
Sərdar Cəlaloğlu
məhkəməyə verilir
"Yeni Müsavat"ın baş redaktor əvəzi
Qabil Abbasoğlu artıq vəkillərlə məsləhətləşmələr aparır
|
"Yeni Müsavat" qəzetini cinayət əməllərinə görə axtarışda olan Mahir Cavadovla işbirliyində ittiham edən ADP baş katibi Sərdar Cəlaloğlu məhkəməyə veriləcək.
Qəzetin baş redaktor əvəzi Qabil Abbasoğlu "Bizim ƏSR"ə açıqlamasında ADP baş katibinin böhtanlara görə cavab verməli olacağını deyib: "Cəlaloğlu utanmır, ağzına gələni danışır. Onun böhtanlarını bir neçə dəfə rədd etsək də, bu hərəkətlərindən əl çəkmək istəmir. Artıq bu adam bizi bezdirib, cana yığıb. Odur ki, artıq vəkillərlə məsləhətləşirik. Yaxın günlərdə böhtanlarına görə, Sərdar Cəlaloğlu məhkəməyə veriləcək. Onun bizi Mahir Cavadovla əməkdaşlıqda ittiham etməsi əsas verir ki, bu addımı ataq".
Baş redaktor əvəzi Sərdar Cəlaloğlunun qəzetə ünvanlanan ittihamlarının məntiqsiz olduğunu deyib: "Onun sözlərində məntiq yoxdur. Çünki biz Mahir Cavadovdan da çox axtarışda olan Rəsul Quliyevdən müsahibələr götürmüşük. Bu o deməkdir ki, biz cinayətkarlarla işbirliyindəyik? Qəzetçilikdən başı çıxanlara onun bu fikirləri olduqca gülməli və absurd görünür. Əksinə, bunu bütün mətbuatın müvəffəqiyyəti hesab edirəm ki, Mahir Cavadovun Azərbaycan əleyhinə cinayətkar fəaliyyəti barədə ictimaiyyətdə obyektiv rə`y yarada bilmişik".
|