|
|
|
|
#100(324)
|
 |
"Şəfa"da ilk qol sevinci yaşandı
Onu bu yeni arenada bizlərə milli komandamız və Fərrux İsmayılov bəxş etdi
|
Slovakiya futbolçuları üzərindəki qələbədən sonra azarkeşlər Azərbaycan milli seçmə komandasının Makedoniya kollektivinə asanlıqla qalib gələcəyini güman edirdilər. Lakin matç ərəfəsində seçmə komandamız aparıcı oyunçularının bir çoxundan məhrum oldu: Emin Ağayev cərrahiyə əməliyyatına mə’ruz qalaraq uzun müddətə sıradan çıxdı, Tərlan Əhmədov, Qurban Qurbanov isə ciddi zədə üzündən çıxış edə bilmədilər.
Srağagün keçirdiyi mətbuat konfransında baş məşqçi İqor Ponomaryov bu amili xüsusi vurğulamış, onlara layiqli əvəzçilərin tapılmamasından narahatlığını izhar etmişdi. Makedoniya ilə görüşün birinci hissəsində onun nə qədər haqlı olduğu aydın nəzərə çarpırdı. Futbolçularımız ləng davranır, ötürmələrdə tez-tez səhvlərə yol verir, nəticədə müdafiədən hücuma keçidlər qonaqlar üçün heç bir təhlükə törətmirdi. Rəqibin erkən müvəffəqiyyət qazanması həmyerlilərimizin çaşqınlığına səbəb oldu və onlar fasiləyədək özlərinə gələ bilmədilər. Yalnız 39-cu dəqiqədə kombinasiyalı oyun baş tutdu, lakin cərimə meydançasına daxil olan Rüf’ət Quliyevin qarşısı aşkar kobudluqla alındı. Təəssüf ki, Şimali İrlandiyadan olan FİFA referisi Maykl Ross penalti tə’yin etmədi. Yeri gəlmişkən bu, bütövlükdə hakimlər briqadasının fəaliyyətindəki yeganə nöqsan deyildi. Bir sıra epizodlarda da qəbul edilən qərarlar daha çox qonaqların xeyrinə yönəlmişdi. Komandamızın qapısından topu isə 12-ci dəqiqədə Bolqarıstanın "Lokomotiv" klubunda çıxış edən Vanko Trajanov keçirdi.
İkinci hissədə təşəbbüsün bütünlüklə Azərbaycan futbolçularının tərəfində olmasını söyləsək yanılmarıq. Onlar hər top uğrunda axıradək əzmlə mübarizə aparır, oyunda dönüş yaratmaq üçün var güclərini sərf edirdilər. Hey’ətdə edilən dəyişikliklər müsbət nəticəsini verdi, ön xətdə müşahidə olunan "dişsizlik" aradan qalxdı. Yeganə çatışmazlıq isə həlledici məqamlarda qapıya dəqiq zərbələrin endirilməsi idi. Lakin Azərbaycan futbolçularının aramsız hücumları, nəhayət, bəhrəsini verdi: son dəqiqələrdə rəqib qapısı qarşısında yaranmış əlverişli vəziyyətdə Fərrux İsmayılov hesabı bərabərləşdirdi - 1:1.
Komandamız görüşü bu hey’ətdə keçirdi:
Cahangir Həsənzadə, İlham Yadullayev, Mehman Yunusov (K), Azər Məmmədov, Emin Quliyev (sarı vərəqə, 58), Kamal Quliyev (sarı vərəqə, 81), Mahmud Qurbanov, Zaur Tağızadə, Rüf’ət Quliyev (Samir Əliyev, 60), Vadim Vasilyev (Fərrux İsmayılov, 70), Bəxtiyar Musayev.
Eltac birincidir
Gənc şahmatçılarımız Yunanıstanda uğurla çıxış edirlər
|
Yunanıstanın Tsakalaki şəhərində gənc və yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi davam edir. Xatırladaq ki, bu yarışlarda qitənin 44 şahmat federasiyasının 600-dən artıq idmançısı mübarizə aparır. Hər birində beş yaş qrupu üzrə (10, 12, 14, 16, 18) qızlar və oğlanlar arasında keçirilən turnirdə Azərbaycan 27 şahmatçı ilə təmsil olunur.
Beş turdan sonra ən yaxşı nəticəni 10 yaşlılar arasında mübarizə aparan Eltac Səfərli göstərib: o, 4,5 xalla rusiyalı Maksim Maltakovla 1-2-ci yerləri bölüşdürür. Həmin yaş qrupundakı digər təmsilçimiz Sən’an Quliyev 3 xal toplayıb. 16 yaşlılar arasında Şəhriyar Məmmədyarov vəziyyətini bir qədər yaxşılaşdırıb: şahmatçımız indi 4 xalla ilk onluqdadır. Xatırladaq ki, bu şahmatçı reytinq göstəricisinə görə turnirdə iştirak edən yaşıdlarının hamısını üstələyir. Ən yuxarı yaş qrupunda isə Vüqar Həşimov daha uğurla çıxış edir. Qızların yarışında ən yüksək nəticə 14 yaşlılar arasında Aytac İsmayılovaya və 10 yaşlı Hökumə Zeynalovya məxsusdur. Bu qızlar müvafiq olaraq 4 və 3,5 xalla liderlər qrupundadırlar.
Bizim futbol
Onu cari mövsümdə
kimlərin simasında izləyəcəyik
|
"Bizim ƏSR"in dünənki sayında ölkə çempionu "Şəmkir" və vitse-çempion "Neftçi"nin hey`ətində builki mövsümdə çıxış edəcək futbolçuların siyahısını sizlərə çatdırmışdıq. Bu gün yubiley birinciliyində uğurla yarışaraq IV yeri tutmuş, eyni zamanda ölkə kubokuna yiyələnmiş "Şəfa" komandasının şərəfini qoruyacaq idmançıları təqdim edirik.
"Şəfa" (Bakı) - 21 futbolçu
qapıçılar - Mikayıl Yusifov (1982), Sadiq Əliyev (1982);
müdafiəçilər - Emin Əbdürrəhmanov (1983), Vüqar Astanov (1982), Ramin Quliyev (1981), Aftandil Hacıyev (1981), Füzuli Məmmədov (1977), Faiq Cabbarov (1972);
yarımmüdafiəçilər - Romal Hüseynov (1984), Emil Kitelman (1983), Pərviz Bağırov (1982), Səbuhi Sadıqov (1982), Rəşad Sadıqov (1982), Mixail Kitelman (1981), Ayxan Abbasov (1981), Emin İmaməliyev (1980), Elçin Rəhmanov (1979), Adil Şükürov (1977);
hücumçular - Fəqan Şahbazov (1983), Samir Musayev (1979), Zaur Tağızadə (1979);
klubun prezidenti - Çingiz İsmayılov;
baş məşqçi - Əsgər Abdullayev.
"Dördlər Finalı"
Elçin İsmayılov çempionlar kuboku uğrunda mübarizə aparacaq
|
Avropa Cüdo İttifaqı Çempionlar Kuboku yarışlarının dörd ən güclü komandası arasında təşkil ediləcək xüsusi turnirinin - "Dördlər Finalı"nın keçiriləcəyi yeri dəqiqləşdirib.
Avropanın ən güclü komandaları Hollandiyada - Amsterdam yaxınlığındakı Harlem şəhərində güclərini sınayacaqlar. "Dördlər Finalı"nda dörd komanda - Rusiyanın Sankt-Peterburq şəhərini təmsil edən, amma ölkə yığmasının üzvləri hesabına xeyli gücləndirilmiş "Yavara-Neva" klubu, meydan sahibləri "Kenami", Türkiyə "İstanbul"u, habelə hazırkı qitə çempionları - Almaniyanın "Abenzberq" komandaları mübarizə aparacaqlar. Noyabrın 10-da başlanacaq turnirin klublar səviyyəsində keçirilməsi planlaşdırılıb. Bu, hər hansı idmançının digər ölkənin bayrağı altında çıxışına qadağa qoymur. Məhz bu amil məşhur Azərbaycan cüdoçusu, ikiqat Avropa çempionu Elçin İsmayılovun Türkiyə komandasının hey’ətində yer almasına imkan verib. Xatırladaq ki, həmyerlimiz oxşar təklifləri əvvəllər də almışdı. Elçin sonuncu Avropa çempionatında göstərdiyi uğurlu nəticələrdən sonra yenidən "İstanbul"a də’vət olunub.
|