Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#100(324)
Əsrin yarısı qədər
Xalq artisti Sədayə Mustafayevanın anadan olmasının 75, Gəncə Dövlət Dram Teatrında fəaliyyətinin 50-ci ili tamam olur

"Sədayə Mustafayevanın Kəmaləsi böyük məhəbbətlə sevən, lakin zahirən çox müt`i görünən, son dərəcə, saf bir məxluqdur. Yelkənli qayıqda Romeşlə olan söhbəti o qədər təbii, sadə, həm də incə aparır ki, tamaşaçı Kəmaləyə valeh olur, onun xoşbəxt olmasını ürəkdən arzulayır." - Bu sözlər yazıçı-dramaturq Həsən Seyidbəyliyə məxsusdur. H.Seyidbəyli istinad etdiyimiz bu fikri R.Taqorun "Hind qızı" tamaşasına baxandan sonra aktyorların oyunu barədə çıxışında deyib.
Sədayə Mustafayeva - milli teatrımızın ünvanına deyilən xoş sözləri bölüşdürən vaxtilə ən məşhur adlardan biri. Həyatını səhnədə yaşamaq seçimi üzərində dayanan və bu qərarına görə heç vaxt taleyindən gileylənməyən sənətkar ömrünün sahibəsi. Bu il səhnəyə bağışladığı ömrünün, nə az-nə çox, düz 75-ci pilləsini adlayır Sədayə xanım. Sədayə Mustafayeva Şəki şəhərində anadan olub. Amma onun aktrisa taleyinin ən parlaq ulduzu yerli teatrda deyil, Gəncə Dövlət Dram Teatrında parlayıb. Onu Gəncə teatrına gətirən yollar heç də hamar olmayıb. Nədən və haradan başlayıb Sədayə xanımın aktrisa olmaq həvəsi? Adi xoş bir təsadüfdən.
Böyük Vətən müharibəsi ərəfəsində aktyorlar Bakıdan Azərbaycanın bölgələrinə səfərlər edir, tamaşalar göstərməklə yanaşı, yerli sakinlərdən bacarığı olanları teatra cəlb edirdilər. Şəki də Bakı artistlərinin tez-tez qonaq düşdükləri yer idi. Sədayə xanımın sənətkar taleyinin isə görkəmli səhnə ustalarımız İsmayıl Dağıstanlı və Möhsün Sən`ani ilə bağlılığı var. Bu aktyorların növbəti səfərində səhnə həyatı ilə maraqlanan teatr həvəskarları arasında diqqəti cəlb edən Sədayə olur. İlk dəfə səhnəyə qədəm qoyanda Sədayənin cəmi 12 yaşı var idi. Ona Süleyman Rüstəmin "Qaçaq Nəbi" tamaşasında Çimnaz rolu tapşırılmışdı. Ta ki bu tamaşa oynanılanadək Sədayə tək səhnədə, məşq zamanı deyil, evdə də Çimnaz idi. Çimnaz balaca Sədayənin səhnəyə, teatra gəlib-gəlməmək tərəddüdlərinə özlüyündə son qoymalı idi. Nəhayət ki, tamaşa oynanıldı. Bu da nəticə. Sədayənin oyunu görkəmli teatr xadimlərinin müzakirəsinə çıxır. Müzakirə onunla nəticələnir ki, Sədayəyə növbəti, daha ciddi və daha mürəkkəb rol tapşırılır - Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında Gülər. Gülər onu teatra gətirən yolda bir təkan olur, üçüncü rola haqq qazandıran uğurlu bir təkan. M.H.Təhmasibin "Bahar" əsərində baş rol - Bahar Sədayənin qabiliyyətli, iste’dadlı bir aktrisa olacağını artıq təsdiq edir. "İntizar"dakı Gülnazını isə Sədayə bu sənətin bərkinə-boşuna bələd, təcrübəli bir aktrisa kimi təqdim edir. Sədayə Mustafayevanın iste`dadlı gənc aktrisa kimi tanınması Gülnazın taleyinə düşür və onu görməyə başlayırlar.
1942-ci ildə Şəki Dövlət Dram Teatrında aktrisa kimi işləməyə başlayan Sədayə xanımı sonralar tale Ağdaş və Göyçay teatrlarına gətirir. Burada da yaddaqalan rollar yaratdıqdan sonra - 1950-ci il mart ayının 15-dən Gəncə Dövlət Dram Teatrı onu bu teatrda işləməyə də`vət edir. Gəncə onun yaradıcılıq məkanının son dayanacağı olur. Teatra bağlanan 56 ilin əsrin yarısı qədəri - düz 50-si Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının inkişaf yolu ilə qırılmaz surətdə bağlıdır. 1950-ci ildə Gəncə teatrına gələn Sədayə Mustafayeva öz iste`dadı və zəhməti sayəsində tamaşaçıların rəğbətini qazanır, burada oynanılan tamaşalarda əsas rolların ifaçısı, teatrın aparıcı aktrisası kimi teatrsevərlərin yaddaşına hopur. Təsadüfi deyil ki, onun bir aktrisa kimi yetişməsində və formalaşmasında Cəfər Cabbarlı qəhrəmanlarının həlledici rolu olub. Sədayə xanım milli dramaturgiyamızın nəhəng simalarından biri olan C.Cabbarlının bütün əsərlərində müxtəlif rollarda çıxış edib, sözün əsl mə`nasında, yaradıcılıq imtahanı verib. Ömrünün 56 ilini Azərbaycan teatr tarixinin salnaməsinə həsr etmiş Sədayə Mustafayeva Azərbaycan, rus və Avropa dramaturqlarının bir çox müasir və klassik əsərlərində maraqlı surətlər qalereyası yaradıb: "Aydın"da Gültəkin, "Solğun çiçəklər"də Sara, "Kəndçi qızı"nda Bənövşə, "Sən həmişə mənimləsən"də Nargilə, "Bahar"da Bahar, "Dağlı qız"da Asiyat, "Təbilçi qız"da Nila, "Eşq və intiqam"da Qəmər, "Otello"da Emilya, "Anacan"da Anacan, "Kələkbaz sevgili"də Fenitza, "Diribaş adamlar"da Vera Sergeyevna, "Vaqif"də Xuraman, Gülnar, "Sokratla söhbətlər"də Ksaktina, "Ana vüqarı"nda Ana, "III-Riçard"da Yelizaveta, "İtkin gəlin"də Səbihə, "Odu atma, Prometey"də Femida və s.
Sədayə xanımın milli teatrımızın inkişafında xidməti diqqətdən yayınmır. 1958-ci ildə o, "respublikanın əməkdar artisti", 1981-ci ildə isə "xalq artisti" fəxri adlarına layiq görülür.
Sədayə Mustafayeva teatrda işləməklə bərabər 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərdə də yaddaqalan obrazlar yaradır. "Biri varmış, biri yoxmuş" filmində Qadın, "Mehman"da Xatun arvad, "Mən ki gözəl deyildim"də Gözəl arvad, "Qayınana"da Mülayim, "Şərikli çörək"də Şamama, "İlıq dənizdə buz"da Ana, "Şəhər biçinçiləri"ndə Ana, "Ölsəm, bağışla"da Ana, "Qızıl ayaqlı qaz"da Ana, "Cin mikrorayonda"da Ana, "Ağ atlı oğlan"da Nənə, Amerika kinematoqrafçıları ilə birgə işin nəticəsi olan "İlk körpü" filmində Əsmər, "Həm ziyarət, həm ticarət"də Ana, "Ad günü"ndə Nənə rolları Sədayə xanımı lent yaddaşında da saxlayıb.
Sədayə Mustafayeva aktyorluq sənətinə olduqca məs`uliyyətlə yanaşan, hər bir rolu özü üçün bir növ imtahan sayan narahat bir sənətkardır. O, yaradacağı hər bir obrazın varlığını tamaşaçılara çatdırmaqdan ötrü əziyyətə qatlaşmağa, bu yolda axtarışlar aparmağa qadir səhnə ustasıdır. Şərqiyyə "Böyük ürək", Meli "Tülkü və üzüm", Klara Setkin "İnqlabi etüd", Sədəf "Bahar suları", Emilya "Otello", Ulduz "Yaxın adam", Həcər "Qaçaq Nəbi", Sevər "Oqtay Eloğlu", İntizar "Şairin yuxusu", Vera "Diribaş adamlar" və digər parlaq obrazlar aktrisanın gərgin əməyinin, keçirdiyi sənət narahatlığının nəticəsində yaranan və geniş tamaşaçı kütləsinin qəlbinə yol tapan, onun təqdimatına çevrilən rollardan hesab edilir.
Bu il Sədayə Mustafayevanın anadan olmasının 75 ili tamam olur. Ölkəmizin teatr ictimaiyyəti, xüsusən də, Gəncə Dövlət Dram Teatrı qocaman aktrisanın yubileyinin təntənəsinə hazırlaşır. Bakıda yerləşən Cəfər Cabbarlı adına Dövlət Teatr Tarixi Muzeyi də Sədayə Mustafayevanın ad gününü qeyd etmək niyyətindədir. Muzey tamaşaçılara aktrisanın çalışdığı Gəncə teatrı ilə birgə onun yaradıcılığının bütün dönəmlərini əhatə edəcək zəngin bir fotosərgi təqdim etmək istəyindədir. Gənclərə belə bir sənətkarın, sənət fədaisinin xidmətlərini xatırlatmaq üçün...

"Şərq bülbülü" titulunu qazanan Alim Qasımov artıq Bakıdadır

Alim Qasımov ötən gün Bakıya dönüb. Xəbər verdiyimiz kimi, Firəngiz Əlizadənin əsərlərini ifa etmək üçün Fransaya gedən Alim Qasımov səfər müddətində YUNESKO-nun xəttilə Özbəkistanda keçirilən "Şərq təranələri" festivalına qatılmışdı.
32 ölkənin ən tanınmış musiqiçilərinin iştirakı ilə keçən bu tədbirdə Alim Qasımovun çıxışı böyük əks-səda yaratdı. O, birinci yerə çıxaraq, "Şərq bülbülü" tituluna layiq görülüb. İkinci yeri Gürcüstan və Hindistan, üçüncü yeri isə Türkiyə və Yunanıstan musiqiçiləri tutub. Səfər təəssüratı barədə geniş mə`lumat verməsə də, söhbət əsnasında mə`lum oldu ki, müsabiqənin qalibini müəyyənləşdirərkən, bəzi fikir ayrılığı yaranıb. Festival təşkilatçıları "Şərq bülbülü" tituluna məhz Özbəkistan musiqiçilərindən birinin layiq görülməsini israr ediblər. Ancaq münsiflər hey`əti onlara yekdilliklə e`tirazını bildirərək, mükafatı həqiqi sahibinə, Alim Qasımova təqdim ediblər.

Milli Dövlət Kitabxanası iş rejimini dəyişir

Milli Dövlət Kitabxanası gələn həftənin birinci günündən e`tibarən iki növbəli iş sisteminə keçəcək. Bu haqda bizə mə`lumat verən Milli Dövlət Kitabxanasının direktoru Leyla xanım bildirdi ki, son illər kitab fondu nəzərəçarpacaq dərəcədə zənginləşib.
Belə ki, hal-hazırda 4 milyon kitab və jurnal saxlanılan fondda materialların sayı hər il təxminən 15-16 min artır. "Oxucu auditoriyamız kifayət qədər genişdir",- deyən müsahibim bunu nəzərə aldıqlarını bildirdi. Kitabxananın fondundan ən müxtəlif mövzu və sahələrə dair materallar tapmaq olar. Leyla xanım onu da bildirdi ki, son zamanlar kitabxana bir sıra beynəlxalq təşkilatlarla əlaqələr qurub. O cümlədən, BMT, ATƏT-in bütün sənədləri toplanılır. Kitabxana, həmçinin, Azərbaycanda fəaliyyət göstərən bir sıra qurumlarla əməkdaşlıq edir. nCƏmilƏ

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd