|
|
|
|
#100(324)
|
 |
"Çaxırsız nə tost?"
Soso Pavliaşvili Bakıda özünü evindəki kimi hiss edir
|
Son vaxtlar Bakını tez-tez ziyarət edən Soso Pavliaşvili avqustun 29-da paytaxtdakı "Fidan" restoranında konsert proqramı ilə çıxış etdi. Konsertdən bir neçə saat əvvəl Soso "Lider-107 FM" radiosunun qonağı oldu. Həmin vaxt fürsətdən istifadə edib, qonaqdan müsahibə aldıq.
Soso, fasilə vermədən
qastrol səfərlərində olursunuz. Bakıya gəlişinizdən iki gün əvvəl Moskvada konsert vermisiniz. Bildiyimizə görə, sonra başqa bir səfərə yola düşəcəksiniz. Belə gərgin iş rejimi nə ilə bağlıdır?
- Bakıdan sonra məni, Moskvadakı "mini" konsertləri çıxmaq şərtilə, Bişkek, Stavropol, Daşkənd və Kiyev şəhərləri gözləyir. Bunu normal hesab edirəm. Yaradıcılıqla məşğul olan adam daim gərgin iş şəraitinə alışmalıdır. Vaxtaşırı təkrarlanan qastrol səfərləri, hər zaman dinləyici ilə ünsiyyətdə olmaq, məncə, müğənni üçün ən böyük stimuldur.
Sizin, demək olar ki, bütün
mahnılarınız şlyagerdir. Bunda da ifaçılığınızla yanaşı bəstəkar kimi də əməyiniz mühümdür. Hitə çevriləcək yaxşı mahnı yazmaq üçün isə bəstəkara, ən azı, vaxt və sakit mühit lazımdır...
- Çox gözəl komandam və studiyam var. Peşəkar musiqiçilərdən ibarət "Mironi" qrupu həmişə mənimlədir. Hər bir müğənni üçün ən vacib amil sayılan qrupdan çox razıyam və özümə arxayın olduğum qədər onlara da arxayınam. İstənilən vaxt yaradıcılığıma ara verib harasa gedə bilərəm. Sizi inandırıram ki, qayıdandan sonra hər şeyi öz yerində görəcəm.
Soso, şəxsən məndə belə bir
təsəvvür yaranıb ki, siz vətəniniz Tbilisidən çox Bakıda olursunuz...
- Mən həmişə və hər yerdə demişəm ki, Bakıda özümü evimdəki kimi hiss edirəm. Yer üzündə elə millətlər var ki, onlar ruhən bir-birilərinə çox yaxın olurlar. Azərbaycan və Gürcüstan da məhz belə dövlətlərdəndir.
Bizim şəhərə olan böyük
məhəbbətinizin bir əyani sübutu da var. "Mironi" qrupunda klavişli alətlərdə "işləyən" bizim həmyerlimizdir...
- O, rəhbərlik etdiyim qrupun tək solisti deyil, həm də mənim həyatda və səhnədə yaxın dostum, sağ əlimdir. Düzdür, bir az tənbəldir. Ancaq nə etmək olar, əsas odur ki, işinin öhdəsindən gəlir. Çox talantlı və e`tibarlı adamdır. Yeri gəlmişkən, "Pesnÿ o moeé lşbvi" ("Mənim sevgim haqqında mahnı") bizim birgə əməyimizin bəhrəsidir. Mən yazmışam, o isə oranjman edib.
Sizin səhnədəki
təqdimatınız çox cəlbedicidir - sevgisini musiqinin dili ilə danışan romantik bir qəhrəman. Bəs cəhnə arxasında Soso Pavliaşvili necədir?
- Prinsip e`tibarı ilə, elə səhnədəki kimiyəm. Ancaq bir qədər sakitəm. Boş vaxtlarımı isə dostlarımla birgə keçirirəm. Moskvada qafqazlıların ən çox sevdiyi "Karetnıé dvorik" və "Starıé faéton" adlanan gözəl istirahət yerləri var. Orada müştərilərə gözəl, zəngin Qafqaz mətbəxi təqdim olunur. Adətən, burada çox gözəl və səsli-küylü, unudulmaz görüşlər keçirilir. Əlbəttə ki, ən çox sevdiyim maraqlı tostların müşaiyətilə. Mənim üçün artıq bu, bir adətə, ən’ənəyə çevrilib. Əvvəla, süfrədə mütləq çaxır olmalıdır. Çaxırsız nə tost?! Çaxırsız tost, mənim aləmimdə, toyda gəlinsiz bəy kimidir. Sonrası da ki, tost deyən adam dediyi sözlərin doğruluğunu əvvəlcə özü qəbul etməlidir. Məsələn, mənim süfrə arxasında ən birinci tostum bəşəriyyət haqqındadır. Həmişə Allahdan istəmişəm ki, dünyada insanlığa qiymət qoyulsun.
Pərəstişkarlarınızı
səhnədən öz ritm və enerjinizlə təəccübləndirmək çətindir?
- Əvvəla, mən bu hissdən həzz alıram. İlhamım isə ifa etdiyim mahnıdan gəlir.
Soso, mahnılarınızın
əksəriyyətində Vətənə,
qadına, uşağa sevgidən bəhs olunur. Sizcə, sevgi nədir?
- Sevgi insan orqanizminin əsas hissəsi olan onurğa sütunudur. O sınanda insan ömrünün sonuna qədər şikəst qalır. Sevgi olmasaydı, yəqin, biz də olmazdıq. Əgər Vətənə sevgi olmasaydı, insanlar öz yurd-yuvalarının istiliyini duya bilməzdilər. Şəxsən, mən çox mülayim adamam - həyatı, gözəlliyi, yaxşılığı, təbəssümü sevirəm. İlk dəfə uşaq yaşlarında, bağçada sevmişəm. İndiyə qədər də o qızın siması mənim gözlərim önündədir. Adını da unutmamışam. Sevgi məsələsində mən çox əziyyətlərə sinə gərmişəm. İki illik əsgərliyi məhəbbətimin gücünə bir göz qırpımında başa vurmuşam. Əsgərlik illərində öz məktubları ilə mənə mə’nəvi dayaq olan həmin o qız oğlumun anasıdır.
Bəs kişinin və qadının
ləyaqəti, sizcə, nə ilə ölçülür?
- Bu barədə kitablar, memuarlar yazmaq olar. Bu elə bir mövzudur ki, danışmaqla qurtarmaz. Amma indi bu barədə danışmaq çətinləşib. Çünki insanların xasiyyəti bir qədər dəyişib.
Soso, estradamızın
primadonnası İlhamə xanımla gerçəkləşdirmək istədiyiniz duet nə yerdədir?
- Yenə də hər şeyin günahkarı vaxt azlığıdır. Prinsipcə, musiqi hazırdır. Sadəcə olaraq, yığışıb bu layihəni necə gerçəkləşdirmək barədə söhbət etmək lazımdır. Ancaq bir neçə cizgilər artıq hazırdır. Və əlavə olaraq, deyim ki, mahnı Şərq stilində, müasir ritmdədir.
|