|
|
|
|
#100(324)
|
 |
"Yemək pulumuzu vaxtında, kəsmədən versinlər"
Qaçqın və məcburi köçkünlərin umacağı budur
|
Xəbər verildiyi kimi, Nazirlər Kabineti qaçqın və məcburi köçkünlərin yemək xərclərinin ödənilməsi ilə əlaqədar olaraq 20 avqust 2001-ci ildə 139 saylı qərar qəbul edib. Qərara əsasən, yemək xərclərinin ödənilməsi Birləşmiş Universal Səhmdar Bankının (BUSB) filialları vasitəsilə həyata keçiriləcək. Yemək xərclərinin BUSB-nın yerli filialları vasitəsilə paylanmasının necə təşkil olunacağı, qaçqınların NK-nın yeni qərarını necə qarşılamalarını öyrənmək məqsədilə BUSB-nın idarə heyətinin sədri Zakir Zeynalovla və Şərifzadə küçəsində məskunlaşmış bir qrup qaçqınla görüşdük.
Zakir Zeynalov "Bizim ƏSR"ə bildirdi ki, əvvəllər də, sözügedən kateqoriyaya aid əhalinin yemək xərclərinin ödənilməsi istiqamətində BUSB müəyyən iş aparıb.
"Qeyd edək ki, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Füzuli və Ağdam qaçqınlarının yemək xərclərinin ödənilməsi BUSB-nın yerli filialları tərəfindən həyata keçiriləcək. Faktiki olaraq ölkə ərazisində olan 82 filialımız məcburi köçkünlərin yemək pullarının paylanması istiqamətində öz işlərini qurublar. Bu günlərdə baş nazirin müavini Əli Həsənovun yanında keçirilən iclasda həmin məsələ müzakirə olunub. İclasda tapşırıq verilib ki, neqativ hallara yol verilməsin, BUSB-nın yerli filialları ilə icra hakimiyyətləri arasında düzgün əlaqə qurulsun. Biz hökumət qarşısında öhdəlik götürmüşük ki, qaçqın və məcburi köçkünlərin yemək xərclərini ünvanına vaxtında çatdıraq, heç bir narazılıq yaranmasın. Problemi aradan qaldırmaq üçün icra hakimiyyətlərinin nümayəndələri ilə belə qərara gəldik ki, hər hansı bir narazılıq olarsa dərhal məsələyə müdaxilə olunsun,"-deyə Zakir Zeynalov bildirdi.
Mə`lumdur ki, icra hakimiyyətinin bə`zi nümayəndələri yemək xərclərinin paylanması zamanı müəyyən əyintilərə yol verirlər. Yemək pulları heç də son qəpiyinəcən ünvanına çatdırılmırdı. Bəs BUSB-nın filiallarında necə, bu cür hallar baş verə bilərmi? Bu məsələyə münasibət bildirən Zakir Zeynalov qeyd etdi ki, Əli Həsənovun yanında keçirilən yığıncağın da əsas məqsədi o idi ki, neqativ hallara imkan verilməsin.
Zakir Zeynalov onu da bildirdi ki, qaçqın və məcburi köçkünlərin yemək pullarının paylanmasında göstərdikləri xidmətə görə, cəmi 0,5 faiz gəlir götürəcəklər.
Zakir Zenalov ərz etdi ki, BUSB bu günədək 225 min nəfər qaçqın və məcburi köçkünün yemək pulunu paylayır və bu kateqoriyaya aid əhali ilə sözügedən bankın filialları arasında heç bir problem yoxdur.
Zakir Zeynalov qəzetmiz vasitəsilə BUSB-nın yerli filiallarının rəhbərlərinin nəzərinə çatdırdı ki, istər yemək pullarının, istərsə də pensiyaların paylanmasında əyintilərə yol versələr, onlar vəzifələrindən azad olunacaqlar.
Bundan başqa bank rəhbərinin sözlərinə görə, yemək pulları almalı olan şəxslərin dəqiq uçotu aparılacaq, bu məqsədlə filiallarda əlavə kompüter texnikası yerləşdiriləcək.
Bəs görəsən Nazirlər Kabinetinin yeni qərarını qaçqınlar necə qarşılayıblar? Paytaxtın Yasamal rayonunun Şərifzadə küçəsində məskunlaşmış bir qrup qaçqınla söhbətimizdə mə`lum oldu ki, onların əksəriyyəti hökumətin qərarını alqışlayır. "Təki pulumuzu vaxtlı-vaxtında, tam şəkildə versinlər. Yoxsa icra hakimiyyətinin nümayəndələri bizə çatacaq müavinətlərdən min manatdan 4 min manatadək pul çıxırdılar",-deyə köçkünlərdən biri söylədi.
Göründüyü kimi, evlərindən-eşiklərindən didərgin düşmüş qaçqınlar yemək pullarını paylayanlardan yalnız bir şeyi istəyirlər:hər şey vaxtlı-vaxtında və kəsilmədən ünvanına çatdırılsın!
Bakının bütün məktəbləri modernləşdiriləcək
Hökumət məktəblərin tə`mirinə xüsusi diqqət yönəldib
|
Azərbaycan hökuməti paytaxt məktəblərinin tə`miri ilə ciddi məşğul olmaq niyyətindədir. Bu barədə mə`luat verən baş nazirin müavini Abid Şərifov bildirib ki, həmin məqsədlər üçün İslam İnkişaf Bankı güzəştli əsaslarla təqribən 12 milyon dollar kredit ayırıb.
Artıq görülmüş işlərin nəticəsində 5 məktəb müasir tələblərə uyğun vəziyyətə çatdırılıb. Həmin məktəblərin konkret adını çəkməyən baş nazirin müavini qeyd edib ki, bu vaxta qədər Bakıda belə səviyyədə məktəb mövcud olmayıb.
Təhsil müəssisələrinin tə`mir edilməsinə ABŞ və Türkiyə də kömək göstərib. Lakin işlərin əsas hissəsini prezident Heydər Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti aparır.
"Mən düşünürəm ki, yerdə qalan digər 80 məktəbin müasirləşdirilməsi yaxın vaxtlarda həll olunacaq. Həmin məktəblər növbəti tədris ilində şagirdləri qəbul edə biləcəklər", - deyə Abid Şərifov bildirib.
Baş nazirin müavini ötən il noyabrın 25-də baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində hökumətin gördüyü tədbirlərə də toxunub. Abid Şərifovun sözlərinə görə, təbii fəlakət nəticəsində zərər çəkmiş təsərrüfatlara dəyən ziyanın aradan qaldırılması üçün 120 milyard manat vəsait tələb olunur. Artıq həmin məbləğdən 33 milyard manatı bərpa işlərinə yönəldilib. Bu il dövlət büdcəsindən həmin məqsədlər üçün 18 milyard manat vəsait ayrılıb. Bundan başqa, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün kreditin ayrılması məsələsi İslam İnkişaf Bankının missiyasının sentyabrın 15-də Bakıya səfəri zamanı müzakirə olunacaq. Gözlənlir ki, sözügedən maliyyə strukturu 40 il müddətinə 10 milyon dollar həcmində güzəştli kredit ayıracaq.
""Millətin səsi"
ovcumun içindədir"
Gülnaz Qəmbərli "açsam partlayar" deyir
|
Xəbər verdiyimiz kimi Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev "Millətin səsi" qəzetinin 26 avqust-1 sentyabr tarixli sayında dərc olunmuş məqalədə şərəf və ləyaqətinin təhqir olunduğuna görə, sözügedən qəzeti məhkəməyə verib. R.Mehdiyev qəzetin baş redaktoru Şahbaz Xuduoğluna və məqalənin müəllifinə qarşı CM-nin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət işi qaldırılması üçün Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Lakin bir neçə gündən sonra baş redaktor qəzetdə təkzib verərək, yazının müəllifinin Samət deyil, Gülnaz Qəmbərli olduğunu göstərib. Təkzibdə Ş.Xuduoğlu bildirib ki, müəllif və qəzetin məs`ul katibi Aydın Hacıyev işdən uzaqlaşdırılıb.
Məqalənin müəllifi G.Qəmbərli bu təkzibdən qeyzlənib. Dünən "Azad söz" Jurnalistlər Birliyində mətbuat konfransı keçirən müxbir bir sıra məqamlara aydınlıq gətirməyə çalışdı. İlk öncə "Millətin səsi" qəzetindən üç dəfə çıxdığını və hər dəfə də baş redaktorun xahişi ilə geri qayıtdığını bildirdi. O qeyd etdi ki, qəzetdə ştatlı işçi olmadığından, başqa imza ilə yazılar verib. Gülnaz Qəmbərli özünün gizli imzasının açılmasını Şahbaz Xuduoğlunun qorxaqlığı hesab edir.
G.Qəmbərlinin sözlərinə görə, əslində qəzetdə dərc edilən məqaləni o qələmə almayıb. Belə ki, məqaləni yazdıqdan sonra baş redaktora təqdim edən jurnalist xanım ertəsi gün materialda xeyli dəyişikliklər edildiyini, ümumiyyətlə, onun yazısından əsər-əlamət qalmadığını söylədi. Əvvəlcə məqaləyə görə redaktorun tə`rifini qazanan müxbirə iki gündən sonra bildirilib ki, onun barəsində cinayət işi qaldırılıb. "Qəzetin baş redaktor müavini Eynulla Fətullayev mənə dedi ki, sən R.Mehdiyevə qarşı qərəzli mövqedə durmusan, yaxud da səni kimsə öyrədir".
G.Qəmbərlinin dediyinə görə, E.Fətullayev təkziblə bağlı baş redaktora e`tirazını bildirib. Lakin Ş.Xuduoğlu ona "bir Qəmbərliyə görə bütün redaksiyanı qurban verə bilmərik" deyib.
Düşdüyü vəziyyətdən və özünə qarşı haqsızlıqla barışmayan G.Qəmbərli intihar etmək istədiyini deyəndə göz yaşlarını saxlaya bilmədi.
"Hesab edirdim ki, bu qəzet adı kimi həqiqətən də millətin səsidir. Lakin əslində qəzet Şahbazın və Eynullanın səsidir",- deyən jurnalist xanım ona edilən təzyiqlərə görə, məhkəməyə müraciət edəcəyini bildirdi.
Mətbuat konfransında sonadək mübarizə aparacağını söyləyən müxbir hətta hədələrə də əl atdı:"Millətin səsi mənim ovcumun içindədir. Açsam partlayar". Sonda G.Qəmbərli fikirlərini əsaslandırmaq üçün öz yazısının əslini və qəzetdəki məqaləni jurnalistlərə göstərdi.
Qeyd edək ki, dünən Nərimanov Rayon Məhkəməsində qəzetə qarşı iddia ərizəsinə baxılıb. Proses sabah davam edəcək.
Qasırğa daha
4 rayonu "ağuşuna" alıb
|
Srağagün Gəncədə başlayan qasırğa dünən Azərbaycanın Qərb rayonlarına keçib. Qazax, Ağstafa, Şəmkir və Tovuz rayonlarını əhatə edən qasırğa zamanı şəhər və kəndlərə güclü ziyan dəyməyib.
Eyni zamanda, Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi mə`lumata görə, sentyabrın 4-də baş vermiş qasırğa elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Bunun da nəticəsində şəhərin böyük bir hissəsi, o cümlədən, kəndlər enerjisiz qalıb. Bir qədər sonra isə güc strukturları və həyati əhəmiyyətə malik obyektlərə elektrik enerjisinin verilməsi bərpa olunub. Sentyabrın 5-nə olan mə`lumata görə, əvvəlki iş rejimini bərpa etmək üçün sürətli templərlə elektrik xətləri, o cümlədən, bə`zi zərər çəkmiş yaşayış binaları bərpa olunur.
Qazax, Ağstafa və Şəmkir rayonlarında yalnız bə`zi evlərin damlarına, Tovuzda isə elektrik xətlərinə ziyan dəyib.
|