Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#100(324)
Zaqatalanı nəzarətdən çıxarmaq istəyirlər
Daxili işlər naziri Ramil Usubovun sözlərinə görə, cinayətkar dəstənin bu cəhdinin qarşısını almaq üçün intensiv tədbirlər görülür

"Azərbaycanın şimal bölgəsində kriminogen durum tam nəzarət altındadır. Baş vermiş hadisələrlə bağlı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, MTN-nin yüksək ixtisaslı əməkdaşları cəlb edilməklə intensiv iş aparılır və bu orqanların fəaliyyəti daim ölkə prezidentinin nəzarəti altındadır". Bu sözləri daxili işlər naziri, polis general-leytenantı Ramil Usubov "Turan"a eksklüziv müsahibəsində deyib.
Nazirin cözlərinə görə, bu il iyunun əvvəllərindən başlayaraq bölgədə kriminogen durum gərginləşib: "Hüquq-mühafizə orqanlarının vaxtında gördüyü əks tədbirlər nəticəsində cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib. Bu günədək cinayətlərdə iştirak edənlərin 12 nəfəri yaxalanıb, 10 nəfəri barəsində isə axtarış elan edilib". General-leytenant bildirib ki, hazırda qonşu ölkədə gizlənənlərin tutulması üçün Rusiyanın daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
"Baş verən hadisələrin təhlili göstərir ki, cinayəti törədən terrorçu dəstələrin əsas məqsədi Zaqatala rayonunda nəzarətsiz bir bölgə yaratmaqdır. Onlar həmin bölgəni hüquq-mühafizə orqanlarının nəzarətindən çıxartmaqla oradan cinayətkar məqsədləri üçün istifadə etmək fikrindədir," -deyə nazir vurğulayıb.
R.Usubovun fikrincə, terrorist dəstələr Pankisi dərəsində olduğu kimi Zaqatalada da yaratmaq istədikləri nəzarətsiz ərazidən istifadə edərək Azərbaycan, Rusiya və Gürcüstandakı imkanlı adamları oğurlayaraq pul qoparmaq məqsədi güdür: "Cinayətkar dəstə, həmçinin Zaqatala ərazisində narkotik maddələrin tədarükü, istehsalı, tranziti ilə də məşğul olmaq fikrindədir".
Nazir baş verən hadisələrin bəzi qüvvələr tərəfindən separatizmə meyllər kimi qiymətləndirilməsinə də münasibət bildirib. O, "Turan"ın sualının cavabında bölgədə baş verən cinayət hadisələrini separatizm meylləri kimi qiymətləndirənlərə etirazını bildirib: "Mən bunu inkar edirəm. Bu həqiqətə uyğun olmayan məlumatdır".
R.Usubovun sözlərinə görə, aparılan əməliyyat-istintaq tədbirləri cinayətkar dəstənin separatçılıq, hər hansı milli azlığın mənafeyini müdafiə etmək məqsədi ilə cinayət törətdiyini təsdiq etmir: "Onların məqsədi yalnız varlanmaqdır".
General ötən şənbə Nabran qəsəbəsində Dağıstanın daxili işlər naziri ilə görüşü zamanı hər iki ölkənin ərazisində gizlənən cinayətkarların tutulub təhvil verilməsi barədə razılığa gəlindiyini də deyib: "Dağıstanın daxili işlər naziri və mən xidmət idarələrinin rəislərinə bu cinayətləri törədib gizlənən cinayətkarların təcili tapılması ilə bağlı işlərin gücləndirilməsi barədə göstəriş vermişik". Onun sözlərinə görə, hər iki nazir terrorizmə, silah alverçiliyinə, narkotik maddələrin qaçaqmalçılığına qarşı gələcəkdə də birgə mübarizə aparmaq barədə razılığa gəlmələri ilə bağlı protokol imzalayıb.
R.Usubov qeyd edib ki, narkotiklərin istehsalı, yayılması, tranziti Azərbaycan polisini narahat edən məsələlərdəndir: "Son 7-8 ildə narkotiklərlə, psixotrop maddələrlə bağlı törədilən cinayətlərin artması meyli müşahidə edilir. DİN narkotiklərə, psixotrop maddələrə qarşı mübarizəni gücləndirmək üçün qərb və cənub rayonlarında regional şöbələr yaradıb. Eyni zamanda qonşu ölkələrlə operativ informasiya mübadiləsi sahəsində razılığa gəlinib".
Nazir narkotiklərə qarşı mübarizə sahəsində polisin kifayət qədər texniki vasitələrinin olmamasını da vurğulayıb. "Ölkədə kriminogen durum tamamilə nəzarət altındadır. Azərbaycan hər yüz nəfərə düşən cinayətlərin sayına görə MDB ölkələri arasında axırıncı yerlərdə durur", - deyə nazir son zamanlar ölkədə ağır cinayətlərin sayının artması ilə bağlı bəzi KİV-də gedən məlumatlara da münasibət bildirib.
Nazir bildirib ki, son zamanlar ağır cinayətlərin sayı artmayıb: "Əksinə ölüm, ölümə sui-qəsd və digər ağır cinayətlər ötən ilin müvafiq dövrünə nisbətən 10-12 faiz azalıb. Sadəcə, Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə məsələn, bütün növ oğurluqlar indi ağır cinayət hesab olunur. Bunun hesabına ağır cinayətlərin sayı ötən illə müqayisədə süni surətdə artıb". R.Usubov "Turan"ın sualının cavabında 1998-ci ildə Dövlət Yol Polisinin 150 nəfər əməkdaşının ixtisara salındığını bildirib: "Buna baxmayaraq, təkcə son dörd ildə ölkədə 80 minə yaxın maşın artıb, yol polisinin sayı isə sabit qalıb".
Nazir qeyd edib ki, gələcəkdə əsas magistral yollarda elektron-nəzarət sisteminin tətbiqinə üstünlük veriləcək:"Maddi imkanlarımız artdıqca yollarda Avropada qəbul edilmiş nəzarət sistemi tətbiq ediləcək".

İran Azərbaycanı təhlükəli zona sayır
Həsən Ruhani Namiq Abbasovu qəbul edərkən bildirib ki, Bakı və Tehran ikitərəfli əlaqələrin pisləşməsinə yol verməməlidirlər

Qafqaz regionu və xüsusilə Azərbaycan milli təhlükəsizlik baxımından İran üçün təhlükəlidir. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Həsən Ruhani bu qıcıqlandırıcı bəyanatı dünən Azərbaycanın milli təhlükəsizlik naziri Namik Abbasovu qəbul edərkən verib.
H.Ruhaninin sözlərinə görə, Bakı və Tehranın münasibətlərinin xüsusi şəraitdə olması onlar arasındakı mübahisəli məsələləri həll etməyə imkan verir. Üçüncü ölkələri Azərbaycan-İran münasibətlərini pisləşdirməkdə ittiham edən H.Ruhani bildirib ki, Bakı və Tehran ikitərəfli əlaqələrin pozulmasına imkan verməməli və onları bütün istiqamətlər üzrə inkişaf etdirməlidirlər. O, Tehranın Bakı ilə münasibətləri inkişaf etdirməyə kökləndiyini və yüksək rütbəli dövlət xadimlərinin səfərinin bu prosesə kömək etdiyini vurğulayıb. "İran mehriban qonşuluq prinsiplərinə hörmət edir və eyni zamanda digər ölkələrin də region daxilində və xaricində hərəkətlərini müşahidə edir. Şübhəsiz ki, İran rəqib tərəfin qızışdırıcı addımlarına qarşı zəruri olan addımları atır," - deyə H.Ruhani söyləyib. Digər ölkələr Bakı ilə Tehranın ikitərəfli əlaqələrinə müdaxilə etmədikcə, Qafqazda İranın milli maraqları pozulmadıqca, Azərbaycan- İran münasibətlərində problem olmayacaq. "Lakin hər şey rəsmi Bakının qətiyyətindən asılı olacaq," - deyə o əlavə edib.
Öz növbəsində N.Abbasov İranın Azərbaycan üçün siyasi, tarixi və iqtisadi planda mühüm əhəmiyyətə malik olduğunu söyləyib. O, ikitərəfli əlaqələrin inkişafı üçün heç bir maneə olmadığını bildirib. Eyni zamanda, N.Abbasov 20-ci əsrdə islam ölkələri arasında kifayət qədər birliyin olmamasına təəssüfləndiyini bildirib. Nazirin fikrincə, ümumi tarix və din Bakı ilə Tehranın yaxınlaşması üçün vacib komponentdir. Onun sözlərinə görə, bu münasibətlər yüksək səviyyəyə qalxsa, heç bir qüvvə ona zərər vurmaq gücünə malik ola bilməz. Nazir müharibənin gərgin vaxtında İranın Azərbaycan hökumətinə və xalqına göstərdiyi köməyin unudulmaz olduğunu diqqətə çatdırıb. Eyni zamanda, N.Abbasov iki ölkə arasında indiki münasibətlərin yetərli olmadığını bildirib. Onun sözlərinə görə, bunun səbəbi iki ölkə arasında münasibətlərdə təhlükəsizlik faktorunun nəzərə alınmamasıdır. Nazir Azərbaycan ərazisindən hansısa dövlətin və ya şəxsin İran əleyhinə istifadə etməsinə imkan verilməyəcəyini vurğulayıb.

Dövlət qulluqçusuna güzəştlər ediləcək
Ayrı-ayrı kateqoriyalar üçün qısaldılmış iş vaxtı müəyyənləşdirilib

Dünən rəsmi mətbuatda "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanunun mətni dərc edilib.
Sənəd dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün onların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən edir. Qanuna görə, dövlət qulluğunda olan I və II qrup əlillərə, hamilə və yaş yarımadək uşağı olan qadınlara, yaş yarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir. Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

XİN-də "erməni izi" axtarırlar...

Dünən bu qalmaqallardan daha biri boy verdi. XİN-də 1-ci dərəcəli müşavir postunu tutan stajlı diplomat Vəhdət Sultanzadə sabiq nazir Tofiq Zülfüqarovu səbatsızlıqda və ölkənin diplomatik kadr potensialına böyük zərər vurmaqda ittiham etdi.
Cavabını ləngitməyən keçmiş nazir isə V.Sultanzadənin vaxtilə İranın xüsusi idarələri ilə əlaqələrinin üzə çıxdığını və bu səbəbdən XİN-də idarə rəisi vəzifəsindən azad edildiyini bildirdi. V.Sultanzadə indiki nazir Vilayət Quliyev tərəfindən işə (bu dəfə müşavir postuna) bərpa olunub. Nəzərə alsaq ki, bu dəfə tərəflər digərlərindən fərqli olaraq konkret arqumentlərlə çıxış edirlər və toxunulan mövzu heç də xırda "kalibrli" deyil, məsələni oxucularımız üçün araşdırmaq qərarına gəldik. Lakin bu qalmaqala toxunmazdan öncə bir qədər geriyə qayıdaq.

Çingiz Abdullayev Azərbaycan dilində

Çingiz Abdullayevin yeni kitabı işıq üzü görüb. Bir qayda olaraq, detektivlərini rus dilində yazan və həmin dildə də çap etdirən yazıçı, nəhayət ki, azərbaycandilli oxucuların da marağını nəzərə aldı.
Xeyli əvvəl rus dilində dərc olunan "Qanın üç rəngi" kitabı dünəndən e’tibarən doğma dilimizdə, amma köhnə əlifbamızda satışdadır. Avqustun 1-dən e’tibarən kirill əlifbasından birdəfəlik imtina haqda qərarı nəzərə alsaq, güman etmək olar ki, "Qanın üç rəngi" indi satışa buraxılsa da, bu tarixdən əvvəl nəşr olunub.

Türkmənistan qapılarını bağlamayıb

Türkmənistanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə əlaqədar sentyabrın 5-dən bu ölkəyə xarici vətəndaşların gəlişinin məhdudlaşdırılması barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumat düz çıxmayıb.
Məlumatda bildirilirdi ki, sözügedən məhdudiyyət Əfqanıstan, Pakistan, İran, Rusiya, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Azərbaycan və Gürcüstan vətəndaşlarına tətbiq olunacaq. Türkmənistanın Xarici İşlər Nazirliyi dünən bu məlumatı rəsmən təkzib edib. Nazirliyin xarici əlaqələr şöbəsindən onu da bildiriblər ki, əslində, qarşıdakı bayramla əlaqədar ölkəyə gələnlərin sayının xeyli artacağı gözlənilir. Həmin vaxt keçiriləcək beynəlxalq neft-qaz sərgisində çoxlu qonaq iştirak edəcək. Söhbət yalnız ondan gedir ki, Türkmənistanın xaricdəki konsulluqlarının qarşıdakı iki ay ərzində işi o qədər çox olacaq ki, ölkəyə gəlmək istəyənlərin hamısının arzusunu yerinə yetirməyə onların, sadəcə, fiziki imkanı çatmayacaq.

Arzu Abdullayevanın ofisi qarşısında piket keçirilib

Qarabağ Azadlıq Təşkilatının, Bütöv Azərbaycan Birliyinin və qadın təşkilatlarının 50-dən yuxarı üzvü Dağlıq Qarabağ nümayəndə heyətinin Bakıya səfərinə etiraz olaraq Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVA MK) ofisi qarşısında aksiya keçirib. Bu barədə QAT sədrinin müavini Qalabəy Ağalarov məlumat verib. Onun sözlərinə görə, piket nümayəndələri HVA MK-nın sədri Arzu Abdullayeva ilə görüşüb. Q.Ağalarov aksiya keçirilən zaman erməni nümayəndə heyətinin Prezident Aparatında görüşdə olduğunu bildirib.
Q.Ağalarovun dediklərinə görə, aksiya iştirakçılarının nümayəndələri söhbətdə Azərbaycanın ərazi bütövlüyünü və vətəndaşlığını qəbul edən DQ sakinləri ilə danışıqlar aparmağın mümkünlüyünü A.Abdullayevanın diqqətinə çatdırıb. O eyni zamanda bu şərtləri qəbul etməyən şəxslərlə nəinki danışıqlar aparmaq, hətta onları ölkəyə buraxmağın lazım olmadığının xüsusi vurğulandığını deyib. Q.Ağalarovun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad edilənə, qaçqınlar öz torpaqlarına qayıdana kimi belə səfərlərin təşkilinin məqsəduyğun olmadığı A.Abdullayevanın diqqətinə çatdırılıb.

İranda Xorasan dövləti yaranır?

İranda baş verən hadisələr günbəgün yeni istiqamət götürür. İranın Xorasan vilayətində bir neçə gün əvvəldən başlayan yerli sakinlərlə hökumət qüvvələri arasındakı toqquşma demək olar ki, hələ də tam mahiyyəti ilə açılmayıb.
İrandakı mənbələrin yaydığı mə`lumata görə, Xorasan vilayətinin yerli sakinləri öz dövlətlərini qurmaq istəyirlər. Rəsmi Tehranın yerli sakinlərin üzərinə qüvvə yeritməsi də elə bununla bağlıdır. Bildirilir ki,ÿİran ərazisində Xorasan dövləti qurmaq istəyən qüvvələr bir neçə dövlətə ərazi iddiası ilə çıxış edəcək. İranda və Türkmənistanda tarixi Xorasan ərazilərinin olduğunu iddia edən yerli sakinlər artıq yeni qurulacaq dövlətin xəritəsini də cızıblar.
AXCP "klassiklər" sədrinin müavini Fazil Qəzənfəroğlu deyir ki, son vaxtlar İranla Azərbaycan arasında baş verən xoşagəlməz hadisələrdən sonra əyalətlərdə bu cür insidentlərin sayı artıb: "Xorasan vilayətinin etnik tərkibi çox qarışıq olduğuna görə, orada müsbət istiqamətdə hər hansı bir inqlabın və ya dəyişikliyin baş verməsi fikrini perspektivsiz hesab edirik. Xorasanın etnik tərkibi monoton deyil. Hesab edirəm ki, bunlar elə inzibati ərazi bölgöüsünə e`tiraz aksiyasıdır".
Bununla belə, Fazil Qəzənfəroğlu hesab edir ki, Xorasanda yerli sakinlərlə hakimiyyət qüvvələri arasında baş verən insident rejimin zəiflədiyini göstərir. Onun sözlərinə görə, son hadisə bir daha göstərdi ki, hər hansı bir motivlə də olsa, ciddi hərəkat başlaya bilər.

Gültəkin Hacıyeva: "Vahabzadə tələskənliyə yol verib, amma..."

BMT-nin Cenevrə bölməsində Azərbaycanın daimi nümayəndəsi və səfiri İsfəndiyar Vahabzadənin bəyanatı diplomatik sahədə çalışanlar arasında birmənalı qarşılanmayıb. Xarici siyasət sahəsində çalışan kadrlarının milli, etnik tərkibini yenidən gündəmə gətirən Vahabzadə problemi bir az da emosianal tərzdə təqdim edib.
Parlametin beynəlxaq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü, millət vəkili Gültəkin Hacıyeva "Bizim ƏSR"ə verdiyi eksklüziv müsahibədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsini önə çəkərək Vahabzadənin dedikləri ilə qətiyyən razılaşmadığını bildirdi.
- Azərbaycanın xarici siyasətində kifayət qədər önəmli vəzifə tutan bir şəxs ölçüb-biçib danışmalı idi. Onun vətəndaşlıq təəssübkeşliyini də başa düşürəm. O, müxtəlif etnik mənsubiyyətə malik olan insanların xarici siyasətdə yüksək vəzifədə çalışdıqlarını bildirib. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bütün vətəndaşlara bərabərlik hüququ verib. Bu, dilindən, dinindən, irqindən, milliyyətindən, sosial statusundan asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına şamil edilir. Ona görə də xarici siyasət sahəsində insanların etnik, milli mənsubiyyəti yox, onların peşəkarlıq səviyyəsi əsas götürülməlidir. Açığı, xarici siyasətdə kadrların peşəkarlığının artırılmasına zərurət böyükdür. Tez-tez səfərlərdə olan bir şəxs kimi deyə bilərəm ki, bir çox dövlətlərdə Azərbaycan diplomatiyasının fəaliyyəti məni də qane etmir.
Konkret nələr?
- Təəssüflər olsun ki, xarici xidmət idarələrimiz Azərbaycanı lazımi səviyyədə təmsil edə, rəsmi Bakının mövqeyini həmin ölkələrin rəhbərliyinə çatdıra bilmirlər. Nəticədə də Azərbaycan nəinki tanınmır, üstəlik, Ermənistan tərəfinin təbliğatı nəticəsində mənfi obrazımız cızılır.
İsfəndiyar Vahabzadə də onu deyir ki,ÿsəfirliklərdə, diplomatik korpuslarda vəziyyət ona görə belədir ki, orada vətən yanğısı olmayan qeyri-azərbaycanlılar çalışır. Elə götürək BMT-nin Çenevrədəki bölməsində Azərbaycanın keçmiş damimi nümayəndəsi Sima Eyvazovanı. (Bə`zi mə`lumatlara görə, S.Eyvazovanın həyat yoldaşı ermənidir-V.A) Araşdırmalardan sonra bəlli olub ki, o, hər gün Rusiyanın XİN-i ilə əlaqədə olurmuş.
- Bu hal həqiqətən də XİN-in kadr siyasəti şö`bəsində müəyyən nöqsanların olmasından xəbər verir. Dövlət bir diplomatı o səviyyəyə çatdırmaq üçün külli miqdarda pul xərcləyir. Ona çox məs`uliyyətli və şərəfli işi həvalə etdikdən sonra həmin insanın işini atıb qaçması, vətənindən imtina etməsi Azərbaycanın dövlətçiliyinə xəyanətdir. Ona görə də kadr siyasətində ciddi olmağı arzulayıram. Bununla belə, bu işdə də milli, etnik ayrıseçkiliyin salınmasını düzgün hesab etmirəm.
Artıq dəfələrlə məsələ qaldırılıb ki, səfirliklərdə, diplomatik korpuslarda xarici ölkələrin agentləri, xəfiyyələri var. Bəlkə bütün bunlar elə işə götürülərkən milli, etnik mənsubiyyətin araşdırılmamasından irəli gəlir?
- Hər hansı bir şəxsin etnik mənsubiyyəti onun başqa bir ölkəyə işləməsinə dəlalət etmir. Səfir işə götürülərkən onun həyatı, keçdiyi yol araşdırılmalıdır. Vətəndaş işə götürülərkən onun peşəkarlığı,ÿAzərbaycan dövlətinə sədaqəti araşdırılmalıdır. Açığı, etnik azərbaycanlılar arasında da xarici xəfiyyəyə işləyənlərin olması istisna edilmir. Bu, artıq cinayətkar, vətən xaini hesab edilir. Cinayətkarın isə vətəni olmur. Bə`zən elə olur ki, insanlar öz səriştəsizliyini ört-basdır etmək üçün bu kimi fəndlərdən istifadə edirlər. Ola bilər ki, əsl azəri türkü işinin öhdəsindən gəlməsin və buna haqq qazandırmaq üçün başqalarını etnik mənsubiyyətinə görə qınasın. Məncə, bütün diplomatlarımız Azərbaycan dilini mükəmməl bilməlidir. Çünki öz dilini bilməyən insan əcnəbilərdə öz ölkəsinə sevgi, məhəbbət aşılaya bilməz.
Belə bir fikir söyləyənlər də var ki, İsfəndiyar Vahabzadə də öz qüsurlarını ört-basdır etmək üçün başqalarının mənfi cəhətlərini qabardır.
- Mən konkret olaraq İsfəndiyar Vahabzadənin adından danışa bilmərəm. Mən ümumiyyətlə, belə bir metodun mövcudluğundan danışdım. Onun bəyanatına gəlincə, hesab edirəm ki, burada müəyyən tələskənliyə yol verilib.
Əgər bir bəyanat ikinci dəfə verilirsə, söhbət hansı tələskənlikdən gedir?
- Həmin bəyanatın bir vətəndaş yanğısı ilə verildiyinə inanıram. Və düşünürəm ki, diplomatiya sahəsində çalışan insanlar daha təmkinli olmalı, Azərbaycanın daxili və xarici durumunu nəzərə almalıdır.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd