Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#100(324)
Prezident büdcəyə həsr olunmuş müşavirə keçirib
  ABŞ "şimal kartı"ndan istifadə etməyə tələsmir

Dünən Azərbaycan prezidenti Heydər Əliyevin sədrliyi ilə 2002-ci il dövlət büdcəsi layihəsinin hazırlanması və cari büdcə ödəmələrinin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.
İclasda müzakirə olunan məsələlər barədə iqtisadi inkişaf, maliyyə və vergi nazirlərinin məlumatları dinlənilib. Ölkə prezidenti dövlət büdcəsinin layihəsinin vaxtında hazırlanıb MM təqdim olunmasını, büdcə layihəsində vergilərin daha dolğun yığılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin nəzərdə tutulmasına xüsusi diqqət verməyi tapşırıb. Müşavirədə baş-nazir, müvafiq nazirliklərin, dövlət komitələrinin, şirkətlərin, konsernlərin rəhbərləri iştirak edib.

Həmsədrlər oktyabrda gələcək

Oktyabrda ATƏT Minsk qrupunun üç həmsədrinin Azərbaycana səfəri planlaşdırılıb. XİN başçısı Vilayət Quliyevin verdiyi məlumata görə, səfərdə məqsəd Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların davam etdirilməsidir.

Bakı-Aktau bərə-keçid xətti açılır

Sentyabrın 6-da Qazaxıstanın Aktau limanında Bakı-Aktau-Bakı bərə-keçidinin təntənəli açılış mərasimi olacaq. Mərasimdə baş nazirin müavini Abid Şərifov başda olmaqla Azərbaycan, prezident Nursultan Nazarbayev başda olmaqla Qazaxıstan nümayəndə heyətləri iştirak edəcəkdir.
Xəzər Dəniz Gəmiçiliyindən verilən məlumata görə, ilk reysi həyata keçirməli olan "Merkuri-1" bərə-gəmisi artıq Bakı limanından Aktauya yola düşüb. Bərənin yükgötürmə qabiliyyəti 3 min tondur. Onunla iritutumlu çənlər, maşın və mexanizmlər, həmçinin sərnişin daşınacaqdır. Bu bərə-keçid xətti 1991-ci ildən fəaliyyət göstərsə də, sonralar Xəzərdə suyun səviyyəsinin qalxması nəticəsində Aktau limanında yükləri qəbul edən dəmiryol şaxəsi sıradan çıxmışdı. Hazırda onun bərpası tam başa çatdırılıb.

XİN-də attestasiya başlanacaq

Noyabrın 1-dən Azərbaycan Xarici İşlər Nazirliyində əməkdaşların attestasiyasına başlanacaq.
XİN-dən bildiriblər ki, attestasiya nazirliyin aşağı və orta rütbəli əməkdaşlarından tutmuş idarə rəislərinin müavinlərinədək şamil ediləcək. Xaricdə çalışan diplomatlara gəlincə, onlar missiyalarını başa vurub ölkəyə qayıtdıqdan sonra attestasiyadan keçəcəklər.

"Butırka"dan görünməmiş qaçış

Dünən Moskvadakı "Butırka" türməsindən bu vaxtadək görünməmiş qaçış olub. Barələrində ölüm hökmü çıxarılmış 3 nəfər - Anatoli Kulikov, Vladimir Jelezoqoy və Boris Bezoteçestva qaldıqları kameranın divarını deşərək qaçıblar. Dünən gecəyədək aparılan axtarış qaçanların "Butırka"nın ərazisini tərk edib-etmədiyinə aydınlıq gətirməmişdi. 230 yaşı olan "Butırka" türməsində belə hadisənin baş verməsi onun tamamilə bərbad halda olduğunu göstərir. Türmə rəhbərliyinin e`tirafına görə, kərpic divarları hətta adi xörək qaşığı ilə də oyub deşmək mümkündür. "Butırka"dakı 400 kameranın hamısı yarıqəza vəziyyətindədir.

ARDNŞ bu il 1,5 milyon ton neft ixrac edib

Bu ilin əvvəlindən bəri ARDNŞ-nin Xarici İqtisadi Əlaqələr İdarəsi dünya bazarına 1,5 milyon ton xam neft ixrac edib.
Bu barədə şirkətdən verilən məlumatda bildirilir ki, həmin dövrdə xarici şirkətlərə xam neftdən başqa, həm də 1,1504 milyon ton koks, 109,168 min ton avtomobil benzini, 341,620 min ton dizel yanacağı, 155,085 min ton aviakerosin, 5,036 ton mazut, 1,213 min ton texiniki butan satılıb.

Fransalı mütəxəssislər "Günəşli"də araşdırma aparıblar

Fransanın "TotalFinaElf" şirkəti "Günəşli" yatağının dayaz hissəsində aparılan texniki işlərin nəticələrini sentyabrın axırında açıqlayacaq.
Həmin nəticələrdə yataqdakı ehtiyatların həcmi barədə hesabat öz əksini tapacaq. Bundan sonra "TotalFinaElf" və ARDNŞ arasında yatağın sözügedən hissəsində işlərin bərpası barədə danışıqlar aparılacağı gözlənilir. Bu danışıqlar indiyədək bir neçə dəfə təxirə salınıb. Səbəb isə odur ki, "TotalFinaElf" ARDNŞ-nin yataqda 130 milyon ton neft ehtiyatı olması barədəki proqnozlarını doğru hesab etmir. Fransalı mütəxəssislərin apardıqları hesablamaların bu məsələdə ortaq məxrəc tapılmasına imkan verəcəyi güman olunur.

Bakıda beynəlxalq geoloji konfrans keçiriləcək

Sentyabrın 24-26-da Bakıda "Qara dəniz - Xəzər dənizi regionunun neft-qaz potensialı və neft geologiyasının problemləri" mövzusunda IÜ Beynəlxalq geoloji konfrans keçiriləcək.
Azərbaycan Neftçi-geoloqlar Cəmiyyətinin, Milli Gelologiya Komitəsinin, həmçinin Avropa Alim-geoloqlar və Mühəndislər Assosiasiyasının birgə təşkil etdiyi konfransa ARDNŞ və ölkəmizdə işləyən bir sıra xarici neft şirkətləri sponsorluq edəcək. Tədbirdə 300 nəfərdən çox yerli və xarici mütəxəssislərin iştirak edəcəyi gözlənilir. Təşkilat Komitəsinə indiyədək 100-dən artıq məruzə təqdim edilib. Konfransda geoloji kəşfiyyat işləri zamanı ekoloji normaların gözlənilməsi, geotektonikanın karbohidrat ehtiyatlarının mənimsənilməsinə təsiri problemləri və digər məsələlər müzakirəyə çıxarılacaq.

İran Türkiyəyə təbii qaz göndərməyə hazırdır

Sentyabrın sonunadək İran Türkiyəyə təbii qaz ixrac etməyə başlayacaq. Hazırda Türkiyə mütəxəssisləri iki ölkənin sərhədində yerləşən Bazarqan şəhərindəki ölçü-hesablama stansiyasına baxış keçirirlər.
İran neft nazirinin müavini Həmdulla Məhəmməd-Necat ölkəsinin Türkiyə qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirdiyini bildirib. Türkiyə tərəfi də ölçü-hesablama stansiyasına baxışdan və müvafiq protokol imzalanmasından sonra qarşıda heç bir maneə olmadığını bəyan edib. 1996-cı ildə imzalanmış sazişə görə, Türkiyə hər il iki milyard kubmetr İran qazı idxal etməlidir. Sonralar bu göstərici 10 milyard kubmetrə çatdırılacaq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd