|
|
|
|
#100(324)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Dibçəkdəki adamlar
Xarici diplomatiyanın problemləri barədə müzakirələr səngiyəcək. Tezliklə hər iki tərəf qərəzli olduğunu biləcək və həmişə olduğu kimi, azərbaycanlısayaq - deməsə də bu çəkişimədə iştirak edən hər kəs kəmhövsələlik edib ən azı bir addım qabağa atdığını anlayacaq. Axırda hamı öz şəbəkəsinə çəkilib öz iş-gücüynən məşğul olacaq. Amma elə bu ətrafdaca açıq qalan və çözülməli olan fundamental məsələlər öz həllini gözləyəcək...
Qoy hər kəs öz Faydalı İş Əmsalına arxalansın və elə bu FİƏ də son sözü birimizdənsə, hamımızın əvəzindən desin...
Amma məhz bu günlərdə xarici diplomatiyamızın bir bel sütunu kimi Azərbaycan boyda bədəndə yerini təsəvvür edirkən siyasətimizin son on ilini xatırlamalı oldum. Xatırlamalı deyəndəki, başqa bir yaxın keçmiş varmı?.. Və mobil telefonumdakı nasazlıqdan süstləşib siyasi yazıları oxuyarkən anladım ki, əslində bizim onillik siyasətçilərimiz mobil telefon kimi bir şeydirlər: adı isveç, istehsalı Latviya, üzü mürəkkəb, içi bəsit... Bu telefonlar çox sadə bir sistemlə işləyir və çox sadə bir rejimdə enerji yığırlar. Onlar səyyar olduqları qədər də bir-birindən asılı sistemlərə elə bağlıdırlar ki, bu sistem qırılan kimi (yenə çox sadə!) az qala gərəksiz bir kauçuk parçasına dönürlər və o gərəksiz parçanı yenə də adıçəkilən sistem qaytarıb çox sadəcə, fövqəladə bir zada çevirə bilir...
Biz də eləyik. Biz siyasətçilərimizi mobil telefonlar qədər sistemli və sistemsiz edə bilərik. Əslində biz fövqəladə gücə malik bir sistemik. Və səyyar köklü siyasətçilərimizin bizdən oğurlamaq istədikləri və çox sadəliklə dibçəklərə əkib gəzdirmək, göstərmək istədikləri eyni sadəliklə də qırılır və eyni kökənsizliklə "əriyib gedir". "
Xarici diplomatiyamız, dövlət maşınımız, xəfiyyəmiz barədə düşünəndə bilirsən ki, Azərbaycanın içində bu orqanizmi hərəkətdə saxlaya biləcək və onun təmsilçilik gücünü qoruya biləcək insanlar o qədər az və o qədər məhduddurlar ki, hər kəsin bizdən oğurlamaq və özü üçün əkmək istədiyi nə varsa sonunda qaydıb bizə dəymək və bizə gəlmək zorundadır.
Bu gün iç siyasətdən çıxanlar sabah dış siyasətə getməli, bizi təmsil etməlidirlər. Dibçək gülü kimi köksüz, mobil telefon qədər səyyar olanda onların burnunu əlbəttə ovub geri göndərər, dalınca bir qara daş atarlar. Ona görə də diplomatlar qədər də siyasətçilər bitirmək zorundayıq və onları mobil telefonlar kimi öz şəbəkəmizdə saxlamalıyıq.
Yoxsa, bu dibçəklərki bizdə var, kökümüz barədə nə istəsən deyəcəklər. Köksə nə Vahabzədənin axtardığı çürüklər, nə də Zülfüqarovun əl uzatdığı "uzaq, yaşıl ada"da axtarılmır. Kök bizik! Üz-üzə dayananda gözü-gözümüzə baxan biz!
Məqsəd Nur
|
|
Teatral reskalar II
|
PAYIZ YAĞIŞI,
və ya
SOLĞUN ÇİÇƏKLƏRİN HÖRÜMÇƏYİ
|
Noh teatrının maskalarını ağac kötüyündən ovub çıxaran yapon ustaları heç rəssam, heykəltəraş, zərgərlə də müqayisəyə gəlməzlər. Neyçün ki, işləri unikal və bənzərsiz. Peşələrinin sirri məchul, müəmma: illərlə əlləşərlər, məxfiliyi güdərlər və axırda bir sənət mö`cüzəsi yaparlar. Bu rahibsayaq filosof ustalar ən`ənə və inanclara söykənib düzəltdikləri maskalara həmişə cürbəcür simvolik adlar verərlər. Özü də eləsini taparlar ki, bu ad maskanın "emosional" imkanlarının bildiricisi olar, onun bir növ poetik "pasport"una çevrilər.
Teatrşünasın təsvir və analizindən ötrü MUSTAFA MƏRDANOV "çətin" bir aktyor. Ona görə ki, bu adam çay daşları kimi hamar və sığallı idi. Ətrafına aydınca görsənirdi, hamıya lütfkarlıq göstərirdi, öz içində isə qaranlıq qapalı qəsr olaraq qalırdı, gizlin, xəfə, hörümçək toruna bulaşıq bir nəfərlik qəsr.
PAYIZ YAĞIŞI ovqat melodiyasıdır, insan əhvalının rəqsidir; sevinclə kədərin kandarında oynar. Belə havada gəzməyi bayquşaoxşar yapon bonzaları xoşlar. Ruhi aləmin rəngləri payız yağışında zühur edər. Sakit, təmkinli və üzgün solğun çiçəklərin pəsdən "oxuduğu" vida nəğmələri eşidilər bu məqam.
Toruna "ilişən" səsləri HÖRÜMÇƏK "boğub" sükunətə don "tikir". Uçurumdan asılı pərdələrin, ölüm köynəklərinin müəllifi də hörümçəkdir. Təbiət onun kimi mahir kəndirbaz tanımır: hərəkəti idealdır. Şəhərdə də rahat yaşayır, kəndin quyularında da.
Mustafa Mərdanovun fotoşəkilləri: tək, rolda, qrimli, qrimsiz, dostlarla, sənətçilərlə, ailəvi. Ucdantutma muzeylik: sərgiyə düzüləsi. Ə`la aktyor maskası var: təmiz qırxılmış üz, tünd qara qövs formalı qaşlar, iri, azacıq nəm gözlər, duru baxışlar, arxaya daranmış yumşaq gümüşü saçlar. Sanki ömründə günahı olmayıb bu kişinin. Tutqundur, amma parıldayır. Onun fakturasına pərçim aktyor maskasının rəmzi adını mən belə müəyyənləşdirərdim: "PAYIZ YAĞIŞI". Toya da "geymək" mümkün, yasa da. Payız yağışının bir damlasında vodevil "əylənir", "qımışıb gülür", o birisində melodram "ağlayır". Mustafa Mərdanov "hay" deməmişdən dəyişən, başqalaşan bir sənətçi. "Payız yağışı" maskası isə onun iç dünyasına aid: duyğularının hüsnünü eyhamlaşdırır. Bu aktyor Həsən bəyi ("O olmasın, bu olsun" filmi, 1956) xalis vodevil personajı kimi, öcəşkən kloun-haramzada, Avropa təhsilini mənimsəmiş cığal, "nəğməkar əl meymunu" kimi rəsm edirdi. Əbdül əmi ("Solğun çiçəklər" tamaşası, 1969) isə Mustafa Mərdanovun ifasında Saranın solğun çiçəklərinə "ölüm köynəyi" toxuyan "xeyirxah", ləng hörümçək təəssüratı oyadırdı seyrçilərdə. Hələ indiyəcən heç kəs Əbdül əmini bu qayədə mehriban, kövrək və cəfakeş oynamamışdı. Vaxtilə mən Mustafa Mərdanovun bu beli bükülü qocasını Cəfər Cabbarlının zavallı yavrularının məzarçısı qismində qavramışdım.
Hörümçək torunun gözəlliyi, virtual cizgiləri payız yağışından sonra aşkarlanır. Bu yağış tülküləri də ilgiləndirir.
Teatrın bir nömrəli kommunisti yoldaş Mərdanovun aktyor şərhində Qərb dramaturgiyasının Fiqaro, Sqanarel, Osip kimi personajları bic səhnə tülkülərini xatırladırdı, tüklü, eleqant, bəzəkli tülküləri...
"Payız yağışı" aktyorun özünəxas dərvişliyinin işarəsidir.
Təpədən dırnağadək ziyalı idi Mustafa Mərdanov. Azərbaycan maarifçiliyindən çıxmışdı. Sənətkarlığı Avropa teatrının prinsiplərinə uyğun gəlişmişdi. Geyim tərzi və davranış manerası üstəgəl danışıq qüsuru bu aktyoru Frans Kafkanın yəhudi hesabdarlarına bənzədirdi. Ancaq ona heç nə milli kəndçi paltarı qədər qəşəng yaraşmırdı. Bunu mən demirəm, rolları söyləyir: nökərlər və rəncbərlər. Mənim də sonucda fikrim budur ki, Azərbaycan teatrının tarixində Mustafa Mərdanov fenomenini yaradan məhz müxtəlif mədəni başlanğıcların bir şəxsdə fokuslaşıb toparlanması olub.
Aydın Talıbzadə
|
Suallı künc
|
Bakıya erməni gəlib. Soruşacaqsınız ki, məgər Bakıda erməni yox idi ki? Əlbəttə, var. Azərbaycana qarşı başladıqları işğalçılıq müharibəsindən sonra onların böyük hissəsi getsə də bir neçə (on) mini paytaxtımızda qalıb və yəqin bu qədər üzüyumşaq olduğumuza hələ də təəccüblənilər. Amma bu ermənilər Qarabağdan gəliblər. Artıq 13 ildir ki, Azərbaycanın idarəçiliyinə tabe olmayan və mə`lum səbəblərdən indi ölkəmizin beşdə birini nəzarətdə (?) saxlayan ermənilər Bakıya bizimlə əməkdaşlıq yollarını müzakirə etməyə gəliblər. Azərbaycanın suverenliyinə və konstitusion əsaslarına qəsd etmiş qüvvələrin dövlətlə hansısa tərzdə əməkdaşlığı təbii ki, sayıqlamadır və onun təfərrüatına varmağa dəyməz. Çünki arxalı köpək qismində çıxış edən Qarabağ dığaları bizə "Müstəqilliyimizi tanıyın, sizinlə bərabərtərəfli əlaqələr quraq" deyirlər. Necə deyərlər, qulaqlarının dibini görəcəklər.
Qarabağ erməniləri yaxşı anlayırlar ki, onlar Azərbaycanın suverenlik çətirinin altına girməyincə nə bu münaqişə bitəcək, nə də sülh əldə olunacaq. Hələlik iddialarını qursaqlarına sıxışdıra bilmirlər, amma belə çox sürməyəcək. Avtomat qundağı altında "müstəqil" yaşamaqdan beziblər, sosial vəziyyətləri bizim üçün edilən bər-bəzəkli anonslarından fərqli olaraq, çox ağırdır, üstəlik, özü xaricdən gələn paya dolanan Ermənistan da Qarabağdakı dığaları yemləməkdən tədricən boyun qaçırır. İş o yerə çatıb ki, "Soros Fondu"nun Ermənistan üzrə bölməsi Dağlıq Qarabağdakı ictimai qurumlara qrant ayırmaqdan imtina edib və saqqalı yoluq Karen Ohacanyan başda olmaqla bir qrup Qarabağ ermənisi "Soros"un məhz Azərbaycan bölməsinin vəsaiti hesabına paytaxtımıza gəlib.
İlk baxışdan elə görünə bilər ki, macar yəhudisi Corc Soros Azərbaycanın ərazi bütövlüyü üçün çalışır və Fond Qarabağ ermənilərinin ağzını Bakıya yönəltməklə bunu nümayiş etdirir. Sadlövh olmayın, möhtərəm "Soros Fondu" Qarabağ separatçılarının "qeyri-hökumət" (guya Qarabağda "hökumət" varmış) təşkilatlarını Bakıya dənizkənarı gəzintiyə deyil, azərbaycanlılarla ermənilər arasında qarşılıqlı e`timad və sülh (?) havası yaratmaq niyyətilə gətiriblər. Bu niyyətin kökündə Qarabağdakı oyuncaq strukturlarla Azərbaycanın əvvəl qeyri-hökumət, tədricən isə hökumət qurumlarının münasibətlərini tənzimləmək durur. Düşünə bilərik ki, əbəs cəhdlərdir və Soros siyasi xeyriyyəçiliyi ilə pulunu küləyə verir. Amma heç də belə deyilmiş.
Bakıya təşrif buyuran ermənilərin hava limanında necə təmtəraqla qarşılandığını gördük. Media nümayəndələrimiz kamera, mikorofon və diktofonlarını elə həvəslə işə salmışdılar ki, sanki Ohacanyan və yanındakılar Qarabağı nə vaxt bizə qaytaracaqlarını bəyan etməyə hazırlaşırdılar. Amma mənim diqqətimi ön plandakı bu mənzərə yox, ikinci planda azərbaycanlıların erməni həmkarlarını necə qucaqlayıb bağırlarına basmaları oldu. "Helsinki təşəbbüsü" ilə çoxdan aşna olanlar Qarabağdan gələnlərlə elə öpüşüb-görüşürdülər ki, kənar müşahidəçi uzun illər bir-birini görməyən döyüş dostlarının görüşdüyünü zənn edərdi. Bircə şampanları, yaxud da erməni konyakları çatışmırdı. Yəqin bu da olacaq, axı erməni hey`əti hələ bir həftə qonağımız olacaq. Necə ki, 200 ildir ki, gülşən Qarabağda onları qonaq kimi gözümüzün üstündə saxlamışdıq.
Mən erməniləri qucaq və öpüşlə qarşılayanları qınamıram. Onlar neçə illərdir ki, bir qrant süfrəsindən dolanırlar, çörəkləri eyni yerdən çıxır. Üstəlik, bu cür "maç-quc"larla Soros və onun kimi süfrə sahiblərinə nümayiş etdirməlidirlər ki, bəs ayrılan pullar havaya getmir və bu da ermənilərlə qarşılıqlı e`timad atmosferinin mənzərəsi. Amma heç olmasa bu mənzərini bizim (xalqın, milyonların) gözümüzə soxmasınlar.
Ermənilərlə gözdən iraq yerdə nə qədər istəryirsinizsə qol-boyun olun, amma bunu bütün xalqın adına çıxmayıb və torpağı işğalda olub çadırda çürüyən köçkünün, şəhid analarının, Qarabağ həsrətindən boynu bükülən qocaların qəlbini yaralamayın. Bəlkə erməni konyakından və qrant dollarından xumarlanan sizlər üçün fərqi yoxdur, amma bizim üçün işğal, təcavüz və Xocalı yarası həmişə təzədir və sağalmayınca qaysaq bağlamayacaq.
V.Orxan
|
 |
|
| |
|