|
|
|
|
#101(325)
|
 |
|
Rusiya üzünü bizə çevirəcəkmi?
|
Azərbaycan müdafiə nazirinin Moskvaya dünən başlanan səfərinin nəticələri iki ölkə arasında təkcə hərbi-texniki deyil, siyasi münasibətlərin perspektivinə də təsir edəcək. Çünki Kremlin hərbi nöqteyi-nəzərdən Azərbaycandan umduqları bütövlükdə strateji məqsəd daşıyır. Öz növbəsində Bakının Moskvadan gözlədiyi də analoji səciyyəlidir. İndiyədək edilən çeşidli cəhdlərə rəğmən bu kontekstdə "böyük razılaşma" (Moskvanın strateji istəklərinin təmin olunması müqabilində Dağlıq Qarabağ konfliktinin ədalətli həllinə yardım) hələlik gerçəkləşməyib.
General-polkovnik Səfər Əbiyevin Moskvaya üçgünlük səfəri işgüzar xarakter daşıyır. Azərbaycan hərbi idarəsinin başçısı rusiyalı həmkarı Sergey İvanov tərəfindən dəvət olunub və səfər gedişində geniş spektrli məsələlər müzakirə olunacaq. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bu məsələlərə aydınlıq gətirilmədi və səfər bitəndən sonra açıqlanacağı bildirildi. Ümumən o bəllidir ki, danışıqlar gedişində Qəbələ RLS-in aqibəti, hərbi kadrların hazırlanması və hərbi-texniki əməkdaşlıq ön mövzulardan olacaq. Bu istiqamətdə müəyyən saziş layihələrinin müzakirəsi gözlənilir. MN-dən onu da bildirdilər ki, nazirlər səfərin yekunlarına dair protokol imzalayacaqlar. Nəticə etibarilə müdafiə nazirinin Moskva ziyarəti Azərbaycan prezidentinin Rusiyaya gözlənilən (cari ilin sonu - gələn ilin əvvəli) rəsmi səfərinə mühüm hazırlıq mərhələsidir. Həmin səfər Azərbaycan-Rusiya münasibətlərindəki bir sıra məsələlərin üstünə nöqtə qoymalıdır.
Təbii ki, Rusiyanı praktik şəkildə maraqlandıran ilk məsələ Qəbələdəki obyektdir. Rusiya hərbi idarəsində "analitik informasiya sistemi" adlandırılan bu obyektin strateji əhəmiyyəti bəllidir. Keçmiş SSRİ-nin hava hücumundan müdafiə çətirinin əsas cinahını təşkil edən Qəbələ RLS artıq 10 ildir ki, eyni rolu Rusiya üçün oynayır. Lakin indiyədək bu məsələ hüquqi həllini tapmayıb və nə obyektin (həmin Qəbələdəki Rusiya kontingentinin) statusu bəllidir, nə də onun istismarına görə Moskvanın maliyyə öhdəliyi, Ötən ilin sonunda aktuallaşan Qəbələ problemi məhz bu iki məqama dirənib. Rusiya lap əvvəldən RLS-i özünün Azərbaycandakı hərbi bazası kimi təsbit etdirmək niyyətindədir, lakin Bakı bunu qəbul etmir və obyekti öz mülkiyyəti kimi rəsmiləşdirib Rusiyaya icarəyə verməyə razıdır. Burada isə müddət və haqq məsələsi açıq qalmaqdadır. Moskva Qəbələ RLS-i uzun müddətə (15-20 il) icarəyə götürmək istəyir, Bakı isə 3-5 il üstündə israrlıdır. Bakının mövqeyini təqdir edən politoloq Vəfa Quluzadənin sözlərinə görə, Qəbələ RLS strateji baxımdan Azərbaycanın Rusiyaya yeganə və praktik təsir vasitəsidir və onu uzun müddətə əldən vermək ciddi səhv olardı. Əksinə, Azərbaycan azmüddətli icarə müqavilələri ilə Rusiyanı müəyyən "nəzarətdə" saxlaya bilər. O ki qaldı icarə qiymətinə, Moskva onu bir neçə milyon dollara rəsmiləşdirmək istəyir. Lakin HHM sistemi üzrə mütəxəssis, general Vladimir Timoşenkonun sözlərinə əsasən, Qəbələ RLS strateji əhəmiyyətinə görə, Baykonur kosmodromundan o qədər də geri qalmır. Qeyd edək ki, dövlətlərarası müqavilə ilə Rusiya Baykonurun icarəsinə görə, Qazaxıstana ildə 80-100 milyon dollar ödəyir. Qəbələ RLS məsələsində açıq qalan məqamlardan biri də obyektin ekoloji zərərin və kommunikasiya xərclərinə görə yığılmış borcların ödənilməsidir. İki ölkə prezidentinin sərəncamı ilə yaradılan birgə komissiya ekologiya məsələsini ümumən razılaşdırıb. Ötən ay hazırlanan birgə ekspert rəyinə görə, Qəbələ RLS-in ətraf mühitə təsiri təhlükəli həddə deyil və bu yöndə səslənən mülahizələr xeyli şişirdilib. Borclar probleminə baxışda isə fərqlər var. Azərbaycan baş nazirinin müavini Abbas Abbasovun sözlərinə əsasən, onun ümumi məbləği təxminən 50 milyon dollar təşkil edir. Lakin Rusiya bu rəqəmi yaxına buraxmaq istəmir. Məhz bu məsələlər kompleks həll edildikdən sonra Qəbələ RLS-ə dair dövlətlərarası saziş imzalanmışdır.
Azərbaycan müdafiə nazirinin danışıqlarında hərbi kadr hazırlığı da yer tutacaq. Hələ yanvarda Bakıda səfərdə olarkən Rusiya prezidenti bu yöndə Azərbaycanla sıx əməkdaşlıq niyyətlərini önə çəkmişdi. Rusiyanın o vaxtkı müdafiə naziri İqor Sergeyev isə konkret təklifləri Bakıya təqdim etmişdi. Amma Silahlı Qüvvələrin hərbi-texniki hazırlığını NATO standartlarına uyğunlaşdırmağa başlayan Azərbaycan hələlik bu məsələyə cavab verməyib. Hərçənd arxasında siyasi motivlər dayanan bu əməkdaşlıqda Rusiyaya müəyyən jestlər (qarşılıqlı olmaq şərtilə) etmək mümkündür. Qeyd edək ki, hazırda Azərbaycanın 10-a yaxın ölkə ilə (o cümlədən Çinlə) bu sahədə əməkdaşlıq sazişi var. Eyni fikri hərbi-texniki sahədə tərəfdaşlığa da aid etmək olar. Azərbaycan ordusunun texniki təchizat məsələsində yəqin ki, hələ uzun müddət Rusiyanın "payı" önəmli olacaq.
Səfər Əbiyevin Moskvadakı danışıqlarında diqqətə alınacaq bir əlamətdar mövzu da MDB-nin vahid HHM sistemi və hava sərhədlərinin birgə mühafizəsi ilə bağlıdır. Bəllidir ki, Azərbaycan əvvəldən MDB-nin kollektiv təhlükəsizlik haqqında "Daşkənd müqaviləsi"ndə (1992-ci il) təmsil olunur. İki həftə öncə MDB "HHM-çi"lərinin növbəti təlimlərində də Azərbaycan müdafiə naziri müşahidəçi qismində iştirak edirdi. Amma İranın Xəzərdəki məlum hərəkətindən sonra Azərbaycan bu məsələyə dair mövqeyində müəyyən korrektələr götür-qoy edir. Xatırladaq ki, avqustun əvvəlində Soçidə keçirilən MDB sammitində Rusiya prezidenti Azərbaycanın Xəzər üzərindəki hava sərhədini MDB-nin vahid sərhədi kimi birgə qorumağı təklif etmişdi. Bakı bu təklifə müsbət yanaşmaqla təkcə Moskvaya jest etməyəcək, həm də Rusiya faktoru ilə İranın ambisiyalarını "vurmuş" olacaq. Bütövlükdə Azərbaycanın MDB-nin kollektiv təhlükəsizlik konsepsiyasını qəbul etməsi indiyədək yeridilmiş xarici siyasət kursunun nisbətən dəyişdirilməsini zəruri edəcək.
Sadalanmalardan sonra bir məqamı vurğulamaq olar. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının (geo)siyasi-iqtisadi cəhətləri ilə yanaşı, hərbiyyə sahəsinin əsas parametrləridə bəllidir. Bakı prinsipcə Moskvanın iddialarını (özünün suverenlik və dövlətçilik maraqlarına xələl gətirmədən) təmin etməyi mümkün sayır, amma əvəzində Qarabağ tənzimlənməsində Rusiyadan deklarativ müddəalar deyil, gerçək və ədalətli fəaliyyət gözləyir. Moskva indiyədək bu fəaliyyəti nümayiş etdirməyib və bütün hallarda Ermənistanı qoltuğundan yerə qoymur. 1997-ci ilin avqustunda Rusiyanın Ermənistan və Azərbaycanla imzaladığı "böyük saziş"lərdən yalnız biri, ermənilərin payına düşən sənəd səmərəli işləyir. Maraqlıdır ki, Rusiya müdafiə naziri azərbaycanlı həmkarı ilə danışıqlardan sonra gələn həftə Yerevana (prezident Putinin səfər proqramını hazırlamaq üçün) gələcək. Rusiya-Ermənistan hərbi tərəfdaşlığı daha bir neçə müqavilə ilə gücləndiriləcək. Rusiyanın Ermənistandakından az olmayan maraqları Azərbaycan üzərində köklənib və Moskvanın üzünü bizə nə dərəcədə çevirmək niyyətində olduğu Putinin Yerevanda bəyan edəcəyi tezislərdən sonra daha şəffaf görünəcək.
|