Siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#101(325)
Pənah Hüseynov Müsavata qarşı
Sabiqlərin İsa Qəmbərin məxfi tapşırığı ilə hazırladığı "Qarabağ Xartiyası" AXP sədrini qane etmir

Sabiqlər - Tofiq Zülfüqarov və Eldar Namazovun hazırladığı "Qarabağ Xartiyası" Müsavatyönlü Demkonqresdə bütün partiyalar tərəfindən dəstəklənmədi. Sənədə qarşı xüsusi aqressivlik nümayiş etdirən AXP sədri Pənah Hüseynov ironiya ilə sabiqlərin partiya liderlərindən birinin siyasi sifarişini yerinə yetirdiyini iddia etdi. AXP sədri sabiqlərin kimin sifarişi ilə çalışdığını gizli saxlasa da, bu günlərdə mövzu ilə bağlı müəyyən məlumatlar əldə etdik.
Məlumatlı mənbə "Bizim ƏSR"ə bildirdi ki, Pənah Hüseynovun eyham vurduğu partiya sədri Müsavat başqanı İsa Qəmbərdir. Mənbə bir çox partiya və təşkilatların sənədə qarşı çıxmasını da bununla əlaqələndirir. Belə ki, başqan cəmiyyətin ümumi mövqeyini əks etdirən sənədin hazırlanması xahişi ilə Eldar Namazov və Tofiq Zülfüqarova müraciət edib. O, fikrini onunla izah edib ki, sənəd Müsavat tərəfindən hazırlansa, bir çox partiyaların qısqanclığına səbəb olacaq. Ehtimal olunur ki, bununla İsa Qəmbər həm də müəyyən mesajları cəmiyyətə "müstəqil politoloqlar" vasitəsilə çatdırmaq taktikasını seçib. Deyilənlərdən o da məlum oldu ki, Müsavatın Qarabağ problemi ilə bağlı mövqeyi AXP sədri Pənah Hüseynovu qane etmir. Məsələ burasındadır ki, "Qarabağ Xartiyası"nda öz əksini tapmış prinsiplərin böyük əksəriyyəti Müsavatın Qarabağ problemi ilə bağlı hazırladığı "Uğur" paketində də öz əksini tapıb. "Qarabağ Xartiyası"nın hazırlanması təşəbbüsünün Müsavata məxsusluğunu partiyanın sədr müavini Sülhəddin Əkbər də təsdiqlədi. Onun sözlərinə görə, cəmiyyətin ümumi mövqeyini ifadə edən sənədin hazırlanması ideyası, əslində, Müsavat başqanı İsa Qəmbər tərəfindən ortaya atılıb: "Bir müddət "Press-Klub"da "Azərbaycan diplomatiyası bu gün" mövzusunda "dəyirmi masa" keçirilirdi. Həmin tədbirdə belə bir təklif İsa Qəmbər tərəfindən səsləndirildi. Bundan sonra həm Eldar Namazov, həm də Tofiq Zülfüqarovla şəxsi görüşlərimiz olmuşdu. Bu görüşlərdə qeyri-rəsmi razılığa gəldik ki, onlar bu missiyanı öz üzərlərinə götürsünlər. Yəni ola bilərdi ki, bizim öz təşəbbüsümüz kimlərdəsə qısqanclıq yarada bilərdi. Onlar da bizim təklifimizlə razı oldular və təşəbbüsü öz üzərlərinə götürdülər. Mənə elə gəlir ki, onlar bu işi uğurla başa çatdırmaq üzrədirlər".
Sülhəddin Əkbər əlavə etdi ki, sənədin hazırlanmasında şəxsən iştirak edib. AXP sədri Pənah Hüseynovun "Qarabağ Xartiyası"na qarşı çıxmasını isə Müsavatın sədr müavini belə izah etdi: "Sənədin hazırlanmasında mən də iştirak etmişəm. Bu, bizim partiyanın tam mövqeyi deyil. Lakin sənəddə Azərbaycan cəmiyyətinin mövqeyini tam ifadə edə biləcək prinsiplər öz əksini tapıb. Demkonqresdə demək olar ki, Pənah Hüseynovdan başqa hamı sənədi dəstəkləyir. Onun fikri belədir ki, Azərbaycan cəmiyyətində daha sərt və radikal mövqenin tutulmasına ehtiyac var. Ona görə də həmin sənədin əleyhinə çıxır".

"AQB-nin narazılığı cəhalətdən irəli gəlir"
Zərdüşt Əlizadə ASDP-nin də təmsil olunduğu qurumun mövqeyini pislədi

Dağlıq Qarabağ ermənilərinin Bakıya səfərinin "Azərbaycançı Qüvvələr Birliyi" (AQB) tərəfindən də pislənilməsi ASDP həmsədri Zərdüşt Əlizadənin hiddətinə səbəb olub. Ermənilərin Bakı səfərini etirazla qarşılayanları qaragüruhçuluqda ittiham edən Z.Əlizadə AQB-yə daxil olan bəzi partiyaların da bu sırada olmasından təəssüfləndiyini bildirib.
"Bunu bir tərəfdən cəhalət, digər tərəfdən Qarabağ problemini öz inhisarında saxlamaq istəyən hakimiyyətin siyasi sifarişi kimi izah etmək olar" - deyən ASDP həmsədri əlavə edib ki, Qarabağ probleminin həlli üçün belə səfərlərin təşkili faydalıdır. Əlizadənin fikrincə, sülhə nail olmaq üçün ən müxtəlif üsullardan istifadə olunmalıdır: "Buraya psixoloji, informasiya, təbliğati və s. vasitələr aiddir. Onları tanımırıq deyə, danışıqlardan imtina etmək ən böyük sadəlövhlükdür. Əksinə, onlarla danışıb mövqelərinə təsir göstərmək lazımdır. Hüquqi cəhətdən onlar Azərbaycanın vətəndaşlarıdır. Özləri bunu etiraf etməsələr də, dünyanın bütün təşkilatları Dağlıq Qarabağ ermənilərini Azərbaycan vətəndaşları kimi qəbul edirlər. Bütün dünyada isə belədir ki, hər bir ölkə qiyamçı vətəndaşları ilə danışıqlara gedir". Zərdüşt Əlizadə həmçinin bildirib ki, səfərin reallaşmasında aktiv iştirakına peşman deyil. Onun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri ilə danışıb onların səhv yolda olduqlarını başa salmaq lazımdır: "800 nəfər AXC üzvü 20 Yanvar hadisələrindən əvvəl fikirlərimə görə məni xain adlandırırdı. Zaman göstərdi ki, mənim mövqeyim daha düzgündür. İndi də fikirlərimi başa düşməyənlər məni vətən xaini elan ediblər. Danışıqlar yolunu seçmişiksə, bu, bütün səviyyələrdə aparılmalıdır. Ermənilərlə söhbətdən belə görünür ki, Dağlıq Qarabağda vəziyyətləri çox ağırdır. Onların radikallarının yeritdiyi siyasət gəlib dalana dirənib. Dağlıq Qarabağın müstəqil olacağına inananlar getdikcə azalır. Onlar sadəcə olaraq indi Azərbaycandan qorxurlar. Onlara deyilib ki, Azərbaycanın tərkibində qalsanız, sizi öldürəcəklər. Biz isə onlarla görüşüb həqiqəti başa salmalıyıq. İnandırmalıyıq ki, təhlükəsizliklərini təmin edəcəyik. Bu halda, problemin həllinə də daha tezliklə nail ola bilərik".

"Ermənilərlə görüşün əleyhinəyəm"
Araz Əlizadə qardaşının mövqeyi ilə razılaşmadı

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin təşkilatçılığı, Soros Fondunun maliyyə dəstəyi ilə Dağlıq Qarabağdan gələn nümayəndə heyətinin səfəri gözləniləndən qat-qat artıq səs-küylü keçdi. Səfərə gələn ermənilərin geri qaytarılmasından tutmuş nümayəndə heyətinin bütün üzvlərinin həbs edilməsi fikrinə qədər təkliflər verildi. HVA-nın mövqeyini dəstəkləyən isə cəmi bir partiya, daha dəqiq desək, ASDP həmsədri Zərdüşt Əlizadə oldu. Xarici ölkələrdən birində səfərdə olan ASDP-nin digər həmsədri Araz Əlizadə dünən əməkdaşımızla telefon söhbətində qalmaqala münasibətini bildirib. ASDP həmsədrinin sözlərinə görə, onlar "xalq müharibəsi" modelinin tərəfdarıdırlar.
Araz Əlizadə qardaşından fərqli olaraq dedi ki, onlar xalq diplomatiyası modelinə o qədər də müsbət yanaşmırlar: "Mənə telefon açıb dedilər ki, QAT-ın üzvləri dünən (srağagün-red.) HVA-nın binası qarşısında piket keçiriblər. Amma unutmaq lazım deyil ki, bir neçə azərbaycanlı nazir və millət vəkili erməni həmkarı ilə dəfələrlə görüşüb. Onda belə çıxır ki, həmin nazirliklərin binası qarşısında da kütləvi aksiyalar keçirilməlidir". ASDP həmsədri dedi ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır: "Biz əksinə, elə təbliğat aparmalıyıq ki, onlar Ermənistan və ya qondarma Dağlıq Qarabağ Respublikasının yox, Azərbaycanın vətəndaşı olduqlarını özləri də təsdiqləsinlər. Amma Qarabağ problemi tam həll edilənədək bu cür münasibətlərin qurulmasının əleyhinəyəm".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd