|
|
|
|
#101(325)
|
 |
"Teatr heç zaman ölməyəcək"
Gənclər Teatrının rejissoru Hüseynağa Atakişiyev
"Sənət sənət üçündür" meyarını qəbul etmir
|
Teatr mövsümünün 128-ci açılışıdır. Paytaxt teatrları bu ay bir-birinin ardınca qapılarını tamaşaçılarının üzünə açacaq. Bizsə, yolumuzu mövsüm açılışında hamını qabaqlayacaq Gənclər Teatrından salırıq.
...Səhnə arxasıdır. İkibir, üçbir həmsöhbət olan, ağa bürünmüş aktyorlar "Ölülər"in son məşqini gözləyirlər.
- Bu mövsüm də belə gəldi. Mövsümü yola verə-verə gedirik. Görən axırımız hara gedir?
- Hara gedəcək, qocalırıq.
- Sən də qocalıqdan danışırsan?
Hüseynağa Atakişiyevin amiranə səslə çağırışı aktyorlar arasında gedən dialoqu yarıda kəsir: "Kəlin! Məşqə başlayırıq!". Məşqdən öncə isə aktyorları mövsümün açılışı ilə bağlı təlimatlandırır. "Sabah elə səhnə qiyafəsində də səhnəyə çıxarsınız. Tamaşaçılarla salamlaşmadan sonra mən qısaca bu mövsümün repertuarı barədə məlumat verəcəm. Sonra hamı öz yerini tutsun, tamaşaya başlayacağıq".
Bu tamaşanın yeganə tamaşaçısı hələ ki, mənəm. Aktyorları diqqətlə müşahidə edərək, hərdən "Dayanın!" deyə düzəliş verən Hüseynağa Atakişiyev rejissor pultu arxasındadır. Bir onu deyək ki, "Ölülər" ötən mövsümdən repertuarda olsa da, bu dəfə tamaşaya ciddi əl gəzdirilib. Yeni aktyorlar, səhnə mizanları tamaşanı daha baxımlı edib. Fasilə zamanı Hüseynağa Atakişiyevə yaxınlaşırıq. Rejissor söhbətə mövsümü məhz "Ölülər"lə açmalarının səbəbindən başladı.
- Ona görə ki, "Ölülər" Cəlil Məmmədquluzadənindir. Bir əsr qabaq yazılmış pyes indi də müasir səslənir. Əsl klassikadır. Bu əsər uzun illərdir aktuallığını itirməyib. Sizi inandırıram ki, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində qaldırdığı problemlər bu gün də öz həllini tapmayıb.
128-ci mövsüm ərəfəsində teatrın
mədəni həyatda, cəmiyyətdə rolunu, dəyərini siz necə görürsünüz?
- Təəssüf ki, sənət meyarları bir qədər itib. Bildiyiniz kimi, teatr sintetik, ayrı cür desək, kollektiv sənətdir. Bu sənətdə rejissor, aktyor, bəstəkar, rəssam, texniki heyətin, eyni zamanda tamaşaçının əməyi var. Məhz buna görə də teatr həmişə canlı olub. Teatr təkcə söz sənəti deyil, həm də hərəkətdir. Professional teatrın 128 il öncə yarandığını qeyd eləsək də, bunun özü də hardasa hələ şübhəlidir. Ola bilər onun tarixi bir az da əvvələ aiddir.
Nə isə, mətləbdən yayınmayaq, 128 il öncə bu sahədə təhsili olmayanlar professional teatrın əsasını qoydular. Bu günsə, teatra bəslənilən münasibət bizdə qorxu hissi oyadır. Açıq deyirəm, şəxsən, mən qorxuram ki, professional teatr həvəskar səviyyəsinə ensin. Təbii ki, bunun qarşısını almağa çalışırlar. Teatr bu gün fanatlarının, cəfakeş insanların sayəsində mövcuddur. Arzu edək ki, teatra diqqət ayırsınlar. Yoxsa, bu gün ucuz sənətlər, daha dəqiq desək, hoqqabazlıq çoxalıb. Aktyor, rejissor sənəti isə qat-qat çətin sənətdir. Bundan başqa, televizor, informasiya bolluğu, əyləncəli proqramların çoxluğu teatrı ikinci plana sıxışdırırb. Əlbəttə, bu işdə günahkar birinci teatrın özüdür. İkinci növbədə isə əlaqədar orqanların bu sənətə olan münasibətidir. Çünki istəsək də, istəməsək də münasibətin təsiri böyükdür. Münasibətdən teatr doğur. Peşəkarlar azalır. Görürsən ki, bir dəfə efirə çıxıb, mahnı oxuyanı bütün respublika tanıdı. İllər boyu səhnədə gülüng çalan aktyoru isə heç kim tanımır. Mən sənətçiləri günahlandırmıram. Zəmanə belədir.
Deməli, zaman teatrın xeyrinə
işləmir.
- Bəli. Amma bir ona əminəm ki, teatr heç zaman ölməyəcək. Sadəcə, cəfakeşlər bir az əziyyət çəkəcəklər. Teatr ən uzunömürlü incəsənət növüdür. Çünki o, tamaşaçı ilə birbaşa ünsiyyətdədir. Birbaşa ünsiyyət isə bütün dövrlərdə böyük əhəmiyyət kəsb edib.
Teatr sənətində hansı yeni
meyllər sezilir?
- Teatr sənəti çox inkişaf edib. Hərgah xarici ölkələrlə əlaqələrimiz olmadığından, bu meyllər haqda ətraflı və dolğun təsəvvürümüz yoxdur. Bununla belə dünya teatrlarında gedən inkişaf prosesi göstərir ki, söz və hərəkətin qovuşuqluğunda heç biri üstünlüyü ələ ala bilməyib. Bu, ayrı söhbətin mövzusudur ki, tamaşada sözçülük baş alıb gedir. Xüsusən də, şüar sözlər. Söz təsiredici, hərəkətverici olanda ancaq təqdirəlayiqdir.
Hüseynağa müəllim, deyəsən,
teatrda rejissorun dəst- xətti daha qabarıqlaşıb. Məsələn, ötən illərdə olduğu kimi, uğurlu aktyor oyunu heç də tamaşanın alınması demək deyil. Rejissor yozumu önə keçib.
- Mən sizinlə razı deyiləm. Rejissor həmişə teatrda ixtiyar sahibi olub. O, yol göstərib, aktyorlar onun tapşırığını yerinə yetiriblər. Rejissorun yozumu aktyorun oyununda üzə çıxsa da, onun dəst-xətti əsasdır. Tanınmış rejissor Merxod deyir ki, teatr üç tərəfdaşdan - rejissor, aktyor və tamaşaçıdan asılıdır. Üçündən biri yoxdursa, deməli, tamaşa da yoxdur. Biz də bunun üçün çalışırq. Təbii ki, rejissorun fikri olmalıdır. Tamaşaçı bilməlidir ki, o bu səhnə yozumu ilə nə demək istəyir. Yoxsa mizan qurmaq, "Sən ordan çıx, mən burdan, kor olsun düşmənimiz" hələ rejissor işi demək deyil. Müasir teatrda texniki imkanların rolu qabarıqlaşıb.
Hərgah teatrlarımızın texniki səviyyəsi çox aşağıdır. Respublikada ən yaxşı texniki bazası olan Musiqili Komediya və Milli Dram Teatrları ən son standartlarla müqayisədə kustar səviyyəsindədir. Təsəvvür edin, bu gün dünya teatrının artıq imtina elədiyi texniki vasitələrin, məsələn, səhnədə işıqla şəkil çəkməyin nə demək olduğunu biz hələ bilmirik. Bu zaman teatr, bir növ, kino ilə yaxınlaşır. Dekorasiya da canlanır. Məsələn, səhnədə qatarın gəlməsi işıqla canlandırılır. Bizdə isə rejissorlar məcburdurlar ki, tamaşanı ancaq aktyor oyunu üzərində qursunlar.
Gənclər Teatrının simasını necə
dəyərələndirirsiniz? Dəst-xətti, yaradıcılıq yönümü və s. amillər baxımından, başqa teatrlardan nə ilə fərqlənir?
- Bu suala cavab verməyəcəm. Ən azı, bu, təvazökarlıqdan uzaq olar. Onu deyim ki, Gənclər Teatrını ən aktiv, söz deyən teatr kimi görmək istəyirəm. Özünün vətəndaş mövqeyi olmalıdır. Dövrün, zamanın tələblərinə cavab verməlidir. Texniki baza sarıdan geri qalsa da, heç olmasa, aktyor oyunu, rejissor işi müasir görüntülü olmalıdır.
Son zamanlar teatrın
repertuarında belə bir bölgü aparılır - tamaşaçıların zövqünə cavab verən, bir də sənətçilərin özlərinin arzuladığı, sənət baxımından, kamil saydıqları tamaşalar. Sizin teatrın repertuarında bu bölgü necə əksini tapıb?
- Vaxtilə belə bir meyar var idi: "Sənət sənət üçündür". Ancaq mən hesab edirəm ki, sənət hər kəsdən öncə tamaşaçı üçündür. Səviyyəsindən asılı olmayaraq, zala tamaşaçı gəlməlidir. Bu baxımdan, mən bölgünün əleyhinəyəm. Danmıram, indi hər bir incəsənət sahəsində olduğu kimi, teatrda da əyləncəli yönümə maraq artıb. Əsl sənət bir qədər kölgədə qalıb. Bu, təbiidir. Bütün dünya ölkələri bu mərhələdən keçiblər. Gec-tez bayağı sənət restoranlara və s. bu kimi yerlərdə özünə məskən tapacaq. Əsl sənət öz məbədinə qayıdacaq. Və biz indi tamaşaçının tələbatına uyğun tamaşa hazırlasaq da, o əsərlərlə öz sözümüzü deməyə çalışırıq.
Mən bunu həmişə deyirəm, əsrin əvvəlində Cəlil Məmmədquluzadə "Ölülər"i yazırdı, Sultan Məcid Qənizadə "Xor-xor"u. Eyni zamanda M.F.Axundovun əsərləri səhnələşdirilirdi. Bu, bütün zamanlarda olub, həmişə də olacaq. Sadəcə, onların arasında, necə deyərlər, "qızıl ortağı" tapmaq lazımdır.
Bu mövsüm teatrın
repertuarında hansı yeni tamaşaları görəcəyik?
- Mövsümün ilk yeni tamaşasını Anarın əsəri əsasında səhnələşdirəcəyik. Diktatura, demokratiya, terrorizm, və s. mövzuları əhatələyən maraqlı əsərdir. "Səhra yuxuları" adlanan bu əsər informatik tamaşadır. Bir növ, qəzet üstə köklənib. Çünki bütün informasiyaları qəzetlərdən alırıq. Daha sonra, Nazim Hikmətin ömrünün son illərində yazdığı "İnək" əsərini görəcəksiniz. Absurd komediyadır. Onu da deyim ki, bu tamaşada "qızıl ortağı", deyəsən, tapmışıq. Həm tamaşaçıların, həm də öz tələbatımıza cavab verir. Əbülfət Bərəkətin "Anamın gəlinlik paltarı" müharibə dövründən bəhs edir. Bu əsərə müraciət etməyimiz təsadüfi deyil. Biz bəzən duymasaq da, müharibə dövründə yaşayırıq. İnsanlar arasında humanist hisslərə toxunan bu əsər dövrlə səsləşir. Sonra Vaqif Səmədoğlu "Professor" adlı əsərini bizə təqdim edib. Fikrimiz var, Şekspirin bir əsərini tamaşaya qoyaq. Maliyyə hansı əsərinə imkan versə, tamaşçılar onu da görəcəklər.
Eşitmiş olarsınız, adətən, Gənclər
Teatrını belə nişan verirlər: Hüseynağa Atakişiyevin teatrı.
- Mən ümumiyyətlə, hesab edirəm ki, söhbət Gənclər Teatrından getmir, teatrda lider rejissor yoxdursa, o, həftəbecər olacaq. Bir çox teatrlarımız kimi. Özümüz haqda bir onu deyə bilərəm ki, rejissor kimi, mən öz aktyorlarımı düzgün seçmişəm. Öz xəttiz, öz yolumuz var. Mənə elə gəlir ki, düz yoldayıq.
Gənclər Teatrı öz ənənəsini,
deyəsən, pozmayıb. Bu mövsümdə səhnədə yeni aktyorlar görəcəyik.
- Elədir. Bu il teatrımıza Anar Səfiyev, Ceyhun Cümşüdov, Mahir Tapdıqov gəlib.
Teatr bu mövsümü də binasız
qarşılayır.
- Hələ də bu məsələ açıq qalır. Mən inanmıram ki, Mədəniyyət Nazirliyi bu məsələni qaldırıb həll eləyə bilsin. Çünki ölkənin vəziyyəti teatrlıq deyil. Binamız, deyəsən, bu mövsüm də arzu olaraq qalacaq. Bu mövsüm, arzu edirəm ki, heç olmasa, ən az maaşlı teatrlar sırasını tərk edək.
|
Pantomim mövsümə başlayır
|
Pantomim Teatrı növbəti mövsümü sentyabrın 26-sı "Gəldim ki, olam ğəmin hərifi" tamaşası ilə açacaq. Füzulinin "Leyli və Məcnun" əsəri əsasında Bəxtiyar Xanızadənin səhnələşdirdiyi bu tamaşa sənətsevərlərə ötən mövsümdən tanışdır.
Yeni mövsümün yeni tamaşalarına gəlincə, Bəxtiyar Xanızadə bu haqda əvvəlcədən danışmaq istəmədi. Ümumiyyətlə, digər teatrlarla müqayisədə Pantomimin mövsümü az sayda tamaşa ilə yola verməsinə gəlincə, Bəxtiyar Xanızadə bunu təbii hal kimi qiymətləndirdi, "Digər teatrlarda bir neçə rejissor işləyir",- deyən Bəxtiyar Xanızadə Pantomim Teatrında bu postda yeganə olduğunu bildirdi.
|
Moskvada beynəlxalq
kitab sərgisi açılıb
|
Moskvada Ümumrusiya sərgi mərkəzində XIV Moskva beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Sərgi-yarmarkada 700-ə qədər ekspozisiya, stend, təxminən 100 min adda kitab nümayiş etdirilir. İştirakçılar arasında isə İtaliyanın, Almaniyanın, Türkiyənin, İspaniyanın, ABŞ-ın və Çinin nümayəndələri var.
Tədbirin gedişində "Təbiət və kitab" beynəlxalq yarmarkası, yeni kitabların təqdimatı, seminarlar, xüsusi konfranslar, yazıçılarla görüşlər keçiriləcək. Sərginin sonunda "İlin ən yaxşı kitabı" müsabiqəsinə də yekun vurulacaq və qaliblərə xüsusi mükafatlar veriləcək.
Təşkilatçılar sentyabrın 10-dək davam edəcək sərgi-yarmarkaya 79 ölkədən nümayəndələr gələcəyini gözləyirlər. Moskva beynəlxalq kitab sərgisi 1976-cı ildən keçirilir, 1993-cü ildən isə yarmarkaya çevrilib. Burada nümayiş etdirilən kitabları sərbəst şəkildə almaq olar.
|