|
|
|
|
#101(325)
|
 |
Büdcə layihəsi vaxtında hazırlanacaqmı?
Bəzi makroiqtisadi göstəricilər BVF-ni razı salmır
|
Xəbər verdiyimiz kimi, sentyabrın 5-də Azərbaycan prezidenti Heydər Əliyev 2002-ci il üçün dövlət büdcəsi layihəsinin hazırlanması üzrə işlərin vəziyyəti, cari ildə büdcə daxilolmaları üzrə proqnozların necə yerinə yetirməsi ilə bağlı müşavirə keçirib.
Müşavirədə baş nazir Artur Rasizadə, iqtisadi inkişaf, maliyyə, vergilər nazirliklərinin, dövlət komitələrinin, konsernlərin rəhbərləri, Prezident Aparatının məsul işçiləri iştirak ediblər.
Dövlət başçısı Milli Məclisə təqdim olunacaq 2002-ci il üçün makro-iqtisadi proqnozların və büdcə layihəsinin vaxtında hazırlanmasına, əhalinin rifah halının yüksəldilməsi yönümündə tədbirlərin görülməsinə xüsusi diqqət ayırıb.
Büdcə qanunvericiliyinə uyğun olaraq büdcə paketi sentyabrın 10-na kimi Nazirlər Kabinetinə, oktyabrın 15-nə kimi isə Milli Məclisə təqdim olunmalıdır.
Maliyyəçilər bu işləri vaxtında başa çatdırmağa ümid edirlər, lakin dövlət büdcəsinin proqnozları hazırda İqtisadi İnkişaf Nazirliyinin mütəxəssislərinin hazırladıqları makro-iqtisadi göstəricilər əsasında dəqiqləşdiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin hazırladığı makro-iqtisadi göstəricilərin Maliyyə Nazirliyinə təqdim olunmasının gecikməsi, Beynəlxalq Valyuta Fondu ilə bağlıdır.
Belə ki, bu yaxınlarada Bakıda səfərdə olmuş BVF ekspertlərinin tövsiyələrinə əsasən, makroiqtisadi göstəricilərdə korrektə edilir.
BVF ekspertlərinin iradları xarici investisiyaların strukturu ilə bağlıdır. Hansı ki, BVF mütəxəssislərinin fikrincə, 2002-ci ildə gözlənilən investisiyaların həcmi aşağı salınıb.
Söhbət Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin xətti ilə Azərbaycana yatırılacaq investisiyalardan gedir.
Sərmayələrlə yanaşı, idxalın həcmi ilə də bağlı fikir ayrılıqları yaranıb. Bu məsələdə də BVF ekspertləri hesab edirlər ki, proqnozlarda 2002-ci ildə idxalın həcmi azaldılıb.
Bu və digər faktları nəzərə alman BVF ekspertləri büdcə proqnozlarının son variantı ilə tanış olmaq üçün oktyabrda Azərbaycana səfər edəcək.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə olduğu kimi, bu ilin 8 ayı ərzində də dövlət büdcəsi cəmi 88-90 faiz yerinə yetirilib.
Bunun səbəblərindən biri büdcənin gəlir hissəsini tə`min edən vergi daxilolmalarının tam toplanmamasıdır.
Ən böyük vergi ödəyicisi olan Azərbaycan Dövlət Neft Şirkəti dövlətin əvəzinə bir sıra iri ödəmələri həyata keçirdiyindən öz vergi öhdəliklərini yerinə yetirə bilməyib.
Müşavirədə prezident dövlət büdcəsi qarşısında öhdəlik götürmüş müəssisə və təşkilatlarda maliyyə nizam-intizamının pozulmasının aradan qaldırılması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Əldə etdiyimiz məlumatlara görə, 2002-ci ilin dövlət büdcəsinin gəliri və xərcləri müvafiq olaraq 4,62, 5,03 trilyon manat təşkil edəcək.
Alternativ hərbi xidmət yaradılır
Bu barədə qanun layihəsinin MM-in payız sessiyasında müzakirə olunacağı gözlənilir
|
Hazırda Milli Məclisdə "Alternativ hərbi xidmət haqqında" qanun layihəsinin hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə parlamentdəki mənbələrin verdiyi mə`lumata görə, sözügedən sənəd qanunverici orqanın payız sessiyasında deputatların müzakirəsinə çıxarılacaq.
Qanun layihəsi şəxsi inamlarına görə, orduda xidmətdən imtina edən şəxslər üçün alternativ hərbi xidmətin yaradılmasını nəzərdə tutur. Qeyd edək ki, dünya ölkələrinin bir çoxunda alternativ hərbi xidmət haqqında qanunlar qüvvədədir. Gürcüstan və Türkiyədə hərbi xidmətdən imtina edən şəxslər müəyyən olunmuş həcmdə dövlət büdcəsinə vəsait keçirirlər. Ekspertlər hesab edirlər ki, alternativ hərbi xidmətin yaradılması peşəkar ordunun formalaşmasına gətirib çıxaracaq. Digər tərəfdən orduda xidmətdən imtina edənlərin köçürdükləri pul vəsaiti silahlı qüvvələrin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Onu da deyək ki, son illərə kimi, ölkədə 30 minə yaxın orduda xidmətdən yayınmış vətəndaş mövcud idi. Bu cür qanunun qəbulu ordudan yayınma hallarını da minimuma endirə bilər.
Mənbə bildirir ki, Milli Məclisin payız sessiyasında daxili işlər, milli təhlükəsizlik nazirlikləri və prezident yanında Hərbi Əkskəşfiyyat İdarəsinin işini tənzimləyəcək "Operativ axtarış fəaliyyəti haqqında" qanun layihəsi müzakirə olunacaq.
Bundan başqa, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası Avropa Şurası və NATO-nun tələblərinə uyğun olan milli təhlükəsizlik konsepsiyasını hazırlayacaq və bu məsələlər üzrə bir sıra qanun layihələrini deputatların müzakirəsinə verəcək.
Belə sənədlərdən biri Milli Təhlükəsizlik Nazirliyinin və bu sahədə çalışan digər xidmətlərin fəaliyyətini tənzimləyən "Dövlət və milli təhlükəsizlik haqqında" qanun layihəsidir. Həmin sənəd iqisadi, siyasi sahədə təhlükəsizlik məsələlərini, həmçinin Azərbaycanın təhlükəsizlik xidmətlərinin statusunu müəyyən edəcək.
Qeyd edək ki, bu vaxta qədər sözügedən strukturun işini, funksiyasını, statusunu müəyyənləşdirən qanun olmayıb.
|
Maliyyə Nazirliyi səfirlikləri yoxlayır
|
Məlum olduğu kimi, Maliyyə Nazirliyi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən bir sıra səfirlik və nümayəndəliklərində maliyyə yoxlamaları aparır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Əjdər Ol "Bizim ƏSR"in müxbiri ilə söhbətində bunun dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin hansı istiqamətlərə sərf edilməsini dəqiqləşdirmək məqsədi daşıdığını bildirib.
Onun sözlərinə görə, bu cür yoxlamalar qanunvericiliyə uyğun olaraq hər iki ildən bir, müəyyən sistem əsasında bütün səfirliklərdə aparılır. Bu dəfə konkret olaraq araşdırmaların neçə nümayəndəlikdə aparıldığı haqda dəqiq mə`lumatı olmadığını söyləyən Əjdər Ol onların sırasında Fransa, Səudiyyə Ərəbistanındakı Azərbaycan səfirlikləri və İstanbuldakı konsulluğun olduğunu qeyd etdi. O həmçinin bildirdi ki, yaxın vaxtlarda nazirlik Türkiyədəki səfirliyimizdə də yoxlamalara başlayacaq. KİV-də yayılan xəbərlərdə yoxlamaların 6 səfirlikdə aparıldığı söylənilsə də, Ə.Ol həmin rəqəmin də qeyri-dəqiq olduğunu vurğuladı.
O, araşdırmaların yaxın günlərdə yekunlaşdırılacağını bildirdi. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mətin Mirzə yoxlamaların aparılmasını təsdiqləsə də, prosesə konkret hansı səfirliklərin daxil edildiyi haqda məlumatı olmadığını bildirdi.
Xatırladaq ki, ölkəmizin xarici ölkələr və beynəlxalq təşkilatlarda 22 səfirlik və nümayəndəliyi fəaliyyət göstərir.
İstiqraz vərəqələri
dövriyyəyə buraxıldı
Tiraja düşən seriya nömrələri 40 mindən
50 milyon manata qədər uduş əldə edə bilər
|
Birləşmiş Universal Səhmdar Bankının ("BUS bank") idarə heyətinin sədri Zakir Zeynalovun "Bizim ƏSR"ə verdiyi məlumata görə, Azərbaycanın 2001-ci il daxili uduşlu istiqrazları artıq Maliyyə Nazirliyi tərəfindən dövriyyəyə buraxılıb. Z.Zeynalov qeyd etdi ki, onların tədavülə buraxılması "BUS bank" tərəfindən həyata keçiriləcək.
"BUS bank" demək olar ki, respublikanın bütün ərazisinə istiqrazların çatdırılmasını təmin edib. 5 sentyabr tarixinə olan ilkin məlumata görə, artıq Bakıda 27 milyon 500 min manatlıq istiqraz vərəqələri satılıb. Dövriyyəyə buraxılan qiymətli kağızların nominal dəyəri 20 və 40 min manat təşkil edir. Ümumən tədavülə buraxılan istiqrazların dəyəri 40 milyard manat həcmində olacaq. Artıq 7 milyard manatdan çox dəyəri olan qiymətli kağız Azərbaycandadır. Zakir Zeynalov hesab edir ki, əhali də, fiziki şəxslər də istiqrazları almaqla öz büdcələrini artıra bilərlər. İstiqrazlar uduşlu olacaq. İldə 8 dəfə - hər 45 gündən bir, istiqrazların tirajı keçiriləcək. Tiraja düşən seriya nömrələri 40 mindən 50 milyon manata qədər uduş əldə edə bilər. Maliyyə Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən, "BUS bank" istiqrazların paylanmasında operator rolunu oynayır. Zakir Zeynalov onu da bildirdi ki, istiqrazların satışını təşkil etmək istəyənlər "BUS bank"ın filiallarına müraciət edə bilər. Bank rəhbəri bildirdi ki, keçmiş İttifaq dövrünün qayda-qanunlarından fərqli olaraq milli istiqraz vərəqələri istənilən vaxt alınıb-verilə bilər.
Zakir Zeynalovun sözlərinə görə, istiqraz vərəqələrinin çapı ilə Böyük Britaniyanın "Thomas de la Rue." şirkəti məşğul olur. İstiqraz vərəqələrinin ikinci hissəsi sentyabrın sonuna kimi respublikaya gətiriləcək.
Qiymətli kağızların ilk tirajı isə sentyabrın 30-da keçiriləcək. İstiqraz vərəqələri 2010-cu ilə kimi dövriyyədə olacaq. İllik uduş fondu realizə edilmiş qiymətli kağızların ümumi məbləğinin 12 faizini təşkil edəcək.
|