|
|
|
|
#101(325)
|
 |
İki cinayətkar da tutuldu
Zaqatalada polisə hücum edənlərdən biri Rusiyadan Azərbaycana gətirilib
|
Sentyabrın 5-də Azərbaycan və Rusiya daxili işlər orqanları əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Zaqatala ərazisində cinayət törətmiş dəstənin daha iki fəal üzvü, rayonun Kebeloba kənd sakinləri Qurban Həsənov və Emin Mollayev qonşu respublikanın ərazisində həbs edilib. Xəbəri Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun mətbuat xidmətləri yayıb.
Məlumatda deyilir ki, Qurban Həsənov Azərbaycana gətirilib, Emin Mollayevin ekstradisiya məsələsinin həlli üçün ölkə prokurorluğu müvafiq tədbirlər görür. Mətbuat xidməti bildirir ki, cinayətkar bandanın hər iki üzvünün iyunun 30-da daxili qoşunların Zaqatalada yerləşən hərbi hissəsinə silahlı basqında, həmçinin avqustun 19-da Zaqatala rayon polis şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarının avtomat silahlardan atəşə tutulmasında və digər cinayətlərdə iştirakı aparılan ixtisaslı əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri ilə sübuta yetirilib.
Qeyd edilir ki, mütəşəkkil dəstənin istintaqdan yayınan digər üzvlərinin tutulması üçün hazırda zəruri tədbirlər ardıcıl surətdə həyata keçirilir.
|
Frenk Elkaponi
prezidentdən kömək istəyib
|
"Mənə zəruri olan köməyinizi göstərməyinizi xahiş edirəm, yeganə xahişim isə həbsimə səbəb olan şəraitin obyektiv və qərəzsiz şəkildə araşdırılmasından ibarətdir".
Bu barədə Xalq Vətənpərvərlər İttifaqı - Azərbaycan 21-ci əsr" Partiyasının (XVİP) lideri Füzuli Məmmədovun (Frenk Elkaponi) dövlət başçısı Heydər Əliyevə müraciətində bildirilir. H.Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini qeyd edən F.Məmmədov öz fəaliyyətində məqsədinin Azərbaycan və Rusiya arasında əlaqələrin güclənməsi olduğunu bildirir, bu fəaliyyətdə səhvləri olsa da onları düzəlməsi mümkün səhvlər sayır. Üçüncü aydır ki, Butırka təcridxanasında saxlandığını deyən F.Məmmədov ona qarşı irəli sürülən narkotik maddələrin saxlanması ittihamını rədd edir, heç vaxt qanunu pozmadığını dövlət başçısının diqqətinə çatdırır.
Heç bir cinayət törətmədiyini xatırladan F.Məmmədov ona qarşı irəli sürülən ittihamların bir gün üzərindən götürüləcəyinə inanır, hazırda isə hansısa şər qüvvənin ona günahsız olduğunu sübut etməyə imkan vermədiyini açıqlayır.
Bu il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının qurultayının keçirilməsinin nəzərdə tutulmasını böyük hadisə adlandıran F.Məmmədov qurultayda iştirak etmək arzusunu, iştirakı baş tutmasa belə, bu tarixi hadisəni alqışladığını bildirir.
Ermənilərə qapı açan olmadı
Dağlıq Qarabağ ermənilərinin Bakıya səfəri ətrafında etirazla müşayiət olunan qalmaqal getdikcə böyüyür
|
Soros Fondunun qrantı hesabına paytaxtımıza gələn separatçıların nümayəndələri dünən döydükləri bütün qapılardan əliboş döndülər.
Qarabağ ermənilərinin Bakıya müstəqil dövlətin təmsilçisi olaraq gəldiklərini bəyan etməsinə etiraz olaraq AXCP, AMİP və Müsavat liderləri onlarla görüşdən imtina etdilər. Dağlıq Qarabağın "qeyri-hökumət təşkilatlarını" təmsil edən 12 ermənidən ibarət nümayəndə heyətinin səfər proqramına cavabdeh olan Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsi biabırçılıqdan çıxmaq üçün onları ancaq media mənsubları ilə görüşdürə bildilər.
Qarabağ ermənilərinin səfərinə geniş ictimai etiraz ölkə rəsmiləri tərəfindən də dəstəklənir. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, bu etiraz təbiidir. Çünki Azərbaycan xalqı erməni separatçılarına özgə cür münasibət göstərə bilməzdi. Bununla belə, Ə.Həsənov Qarabağ separatçılarına etirazın qışqırıq və hay-küylə bildirməsini məqsədəuyğun saymır. "Biz etirazımızda haqlıyıq, ancaq bunu sivil qaydada etməliyik" deyən Ə.Həsənovun sözlərinə görə, Qarabağ erməniləri bu səfər gedişində separatçılıq fəaliyyətlərinin yanlış olduğuna bir daha əmin olmalıdırlar. Ə.Həsənovun qənaətinə görə, Dağlıq Qarabağda Ermənistandan idarə olunan separatçılıq siyasətini bölüşməyən qüvvələr də var və onlarla işləmək lazımdır. PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə Qarabağ ermənilərinin səfərini təşkil edənləri qınayır.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-hökumət təşkilatları öz fəaliyyətlərində çox vaxt Azərbaycan dövlətinin maraqlarını nəzərə almırlar.
N.Məmmədov da ermənilərin səfərinə ictimai etirazı haqlı sayır: "Əgər biz onları bir şey olmamış kimi sakitcə qarşılasaydıq dünya ictimaiyyətində yanlış rəy formalaşar və düşünərdilər ki, ermənilərlə azərbaycanlılar arasında heç bir problem yoxdur. Ermənilərin gəlişinə etiraz edənlər içərisində separatçıların həbs olunması kimi radikal tələblərlə çıxış edənlər də var. Etiraz dalğasının önündə gedən Qarabağ köçkünləri və Qarabağ Azadlıq Təşkilatının üzvləri "Erməniləri Bakıya gətirənlərə ar olsun" şüarı ilə heyəti addımbaşı izləyirlər. Lakin səfərin əsas təşkilatçısı olan HVA AMK-nın rəhbəri Arzu Abdullayeva bu ittihamlarla razılaşmayaraq Bakıya gələn ermənilərin Qarabağdakı separatçı rejimin deyil, ictimaiyyətin nümayəndələri olduğunu vurğulayır. A.Abdullayeva Qarabağ əsirlərin azad olunmasında hamıdan çox iş gördüyünü deyərək "İndiki etirazçılar mən edənin yarısını da etməyiblər" deməklə vəziyyəti daha da gərginləşdirib. Qarabağ ermənilərinin Bakıya səfəri ətrafında qalmaqalın bu gün necə davam edəcəyi maraqla gözlənilir.
|
Dövlət qulluğuna qəbul müsabiqəsi
iki mərhələdə keçiriləcək
|
Azərbaycan prezidenti "İcra hakimiyyəti orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları haqqında" fərman imzalayıb.
Yeni qaydalara əsasən icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularına ixtisas dərəcələri verilir. Belə dərəcəyə görə əməkhaqqına əlavələr edilir. Qanun aşağıdakı ixtisas dərəcələrini və dərəcəyə görə vəzifə maaşına əlavə haqqları müəyyən edir:
-
Həqiqi dövlət müşaviri 30 misli şərti maliyyə vahidi (ş.m.v.) ilə
- 1-ci dərəcəli dövlət müşaviri - 28 ş.m.v.
- 2-ci dərəcəli dövlət müşaviri- 26 ş.m.v.
- 3-cü dərəcəli müşavir- 24 ş.m.v.
- Dövlət qulluğunun baş müşaviri- 21 ş.m.v.
- Dövlət qulluğunun müşaviri- 20 ş.m.v.
- Dövlət qulluğunun kiçik müşaviri - 18 ş.m.v.
- Dövlət qulluğunun 1-ci dərəcəli referenti- 16 ş.m.v.
- Dövlət qulluğunun 2-ci dərəcəli referenti - 14 ş.m.v.
- Dövlət qulluğunun 3-cü dərəcəli referenti- 12 ş.m.v.
- Dövlət qulluğunun kiçik referenti- 10 ş.m.v.
3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri ölkə prezidenti, qalan dərəcələr isə müvafiq icra hakimiyyətləri orqanları tərəfindən verilir.
Eyni zamanda prezident öz fərmanı ilə icra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydalarını təsdiq edib. Sənədə görə, qəbul müsabiqə əsasında iki mərhələdən ibarət test imtahanı yolu ilə aparılır.
Çin də bizi dəstəklədi
BMT Təhlükəsizlik Şurasının üzvü olan bu nəhəng dövlət Dağlıq Qarabağdakı seçkiləri tanımır
|
"Çin birmənalı şəkildə separatizmin bütün formalarına qarşı çıxan ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində həmişə Azərbaycanı dəstəkləyib". Bu sözləri Çinin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Çjan Qotsyan deyib.
Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini və ona oxşar digər problemləri ölkənin ərazi bütövlüyünə riayət etməklə, milli azlıqlara isə müxtariyyət verməklə həll etmək lazımdır. Bu məsələdə Azərbaycan da Çini tam dəstəkləyir. "Ona görə də Çin Dağlıq Qarabağda keçirilən seçkilərin legitimliyini tanımadığını bəyan edən ilk ölkələrdəndir," -deyə səfir bildirib.
Azərbaycan-Çin hərbi əməkdaşlığına toxunan Çjan Qotsyan hər iki ölkə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqaviləni xatırladıb. Həmin müqaviləyə əsasən azərbaycanlı hərbçilər Çində hərbi hazırlıq keçirlər. Səfirin sözlərinə görə, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsi istisna olunmur.
Səfir bildirib ki, oktyabrın sonu, noyabrın əvvəlində Azərbaycan parlamentarları və Prezidentin İcra Aparatının bir qrup işçisi Çinə səfərə gedəcək.
"Biz çox istərdik ki, Çin və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərini təşkil edək. Lakin bu ideyanın həyata keçirilməsi üçün böyük ilkin iş tələb olunur," - deyə səfir bildirib.
|
Xüsusi komissiya təkliflərini
gələn həftə təqdim edəcək
|
Gürcüstan xarici işlər naziri İrakli Menaqarişvilinin başçılıq etdiyi xüsusi komissiya Azərbaycan qazının Türkiyəyə ixracının tranzit tarifləri barədə təkliflərini gələn həftə ölkə prezidenti Eduard Şevardnadzeyə təqdim edəcəklər.
Bundan sonra Gürcüstan prezidentinin Bakıya rəsmi səfərinin müddəti müəyyənləşəcək. Məhz bu səfər çərçivəsində Bakı-Tbilisi-Ərzrum qaz kəməri layihəsi ətrafında sənədlərin imzalanacağı qeyd olunur.
Xatırladaq ki, adı çəkilən layihənin imzalanması tərəflər arasında fikir ayrılığından dəfələrlə təxirə salınıb. Əsas mübahisə predmeti Azərbaycan tərəfinin qazın hər min kubmetrinə 2 ABŞ dollarından 4, 25 ABŞ dollaradək pul təklif etməsi və Dünya Bankının təhrikilə Gürcüstandan 5-10 ABŞ dolları hüdudunda tarif tələb etməsidir. Əks təqdirdə Gürcüstan adı çəkilən qurumun maliyyə dəstəyindən məhrum ola bilər.
Vəhdət yoxlanılacaq
Partiyanın keçmiş üzvləri
Ədliyyə Nazirliyinə müraciət ediblər
|
"Vəhdət Partiyasında idarəetmə sahəsində ciddi qanun pozuntularına yol verildiyi barədə və bununla bağlı Ədliyyə Nazirliyinin yoxlama aparması üçün çoxsaylı müraciətlər var". Bu barədə Ədliyyə Nazirliyi (ƏN) hüquqi və fiziki şəxslərin qeydiyyatı idarəsinin rəisi Fazil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Vəhdət Partiyası (VP) Gəncə şəhər şöbəsinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri, partiya sədrinin keçmiş müavini belə xahişlə nazirliyə müraciət edib. F.Məmmədovun fikrincə, Milli Vəhdət Partiyasını yaradan Yunis Oğuz nazirliyə təqdim etdiyi sənədlərdə partiyanı VP-nin varisi saymaqla faktiki VP-yə iddia irəli sürüb.
Bu məsələ ilə bağlı VP rəhbərliyinə məlumat verilib və onların mövqeyi öyrənildikdən sonra yoxlama aparılması nəzərdə tutulub. F.Məmmədovun sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanunun 14 və 15-ci maddələrinə əsasən, nazirliyin belə yoxlama aparmağa hüquq və səlahiyyəti var. VP-nin bağlanmasının mümkünlüyü barədə mətbuatda gedən yazılara münasibət bildirən F.Məmmədov deyib ki, nazirliyin partiyanı bağlamaq hüququ yoxdur. Lakin yoxlama zamanı ciddi qanun pozuntuları aşkar olunarsa, nazirlik bu məqsədlə məhkəməyə müraciət edə bilər.
F.Məmmədovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalarda da analoji hallar mövcuddur. Bu sıraya Xalq Cəbhəsi, Sosial-Demokrat, Liberal Demokrat partiyaları daxildir.
|
"Hövsan-Zığ" yatağı
"LUKoyl"a
verildi
|
"Hövsan-Zığ" yatağının işlənməsi üzrə ARDNŞ və Rusiyanın "LUKoyl" şirkəti arasında bağlanmış saziş qüvvəyə minib. Layihənin həyata keçirilməsi şərtlərinə uyğun olaraq, ARDNŞ "Hövsan-Zığ" müqavilə sahəsini "LUKoyl"un balansına keçirib.
Bundan əvvəl isə Rusiya şirkəti sahənin ilkin vəziyyətini qiymətləndirib, onun faydalı və boş yerlərini müəyyənləşdirib. "Qum adası" Neft və Qazçıxarma İdarəsinin mədən və qazma avadanlıqlarının pasportlaşdırılması da başa çatdırılıb. Bu avadanlıq müvəqqəti olaraq "Hövsan-Zığ" əməliyyat şirkətinin istifadəsinə veriləcək.
Yatağın işlənməsi layihəsində ARDNŞ və "LUKoyl"un hər birinin 50 faiz payı var. Rusiya tərəfi layihənin gerçəkləşməsinə 250 milyon dollar sərmayə qoymalıdır. ARDNŞ-nin hesablamalarına görə, "Hövsan-Zığ" yatağında 17-20 milyon neft ehtiyatı var.
|
Tələbə mübadiləsi
proqramı başlanır
|
Sentyabırn 11-də "Nyatt Regency" mehmanxanasının "Naxçıvan" zalında 2001/2002-ci il üçün Azadlığı Dəstəkləmə Aktı çərçivəsində həyata keçirilən tələbə mübadiləsi proqramlarının başlanmasına həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti yayıb. Xəbərdə deyilir ki, mətbuat konfransında aşağıdakı proqramlar təqdim olunacaq:
1. Gələcək liderlərin mübadiləsi proqramı;
2. Azadlığı Dəstəkləmə Aktı çərçivəsində tələbə mübadiləsi proqramı;
3. Edmynd S. Masi-Mübadilə proqramı:
4. Ali təhsil müəssisələrində çalışan gənc müəllimlərin
inkişaf proqramı;
5. Bölgə alimlərinin mübadiləsi proqramı;
6. Təhsildə tərəfmüqabil proqramı;
7. İngilis dili və Amerikaşünaslıq fənlərinin tədrisi üzrə Yüksək Mükafat;
8. Müasir məsələlər proqramı;
9. İcma əlaqələri;
10. Azərbaycan məktəbləri əlaqələndirmə proqramı;
11. Alimlərin Fulbrayt proqramı.
|
Krasnoyarska həftədə
bir dəfə təyyarə uçacaq
|
Gələn il mart ayının 1-dən "Turan Air" aviaşirkəti Bakı-Krasnoyarsk-Bakı reysi ilə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır. Şirkətin baş direktoru Oleq Əliyevin dediyinə görə, uçuşları həftədə bir dəfə "Tu-154" təyyarəsi yerinə yetirəcək.
O həmçinin, bildirib ki, qarşılıqlı razılıq əsasında Rusiyanın "Kras Eyr" şirkəti bu payız Krasnoyarsk-Bakı-Krasnoyarsk reysi ilə uçuşlara başlayacaq. Azərbaycan şirkətinin uçuşlara gec başlamasının səbəbi yetərincə sərnişin olmamasıdır.
"Azərbaycan Hava Yolları" dövlət konsernindən bildiriblər ki, bu istiqamətdə indiyədək yalnız çarter reysləri həyata keçirilirdi. Müntəzəm reyslərə başlanmasını Rusiya tərəfi xahiş edib.
İşləmək lazımdır, nəinki səsimizi qaldırmaq
Arif Əliyev: "Ermənilərə qarşı aksiyalar hansısa qüvvələr tərəfindən təşkil olunub"
|
Helsinki Vətəndaş Assambleyası Azərbaycan milli komitəsinin dəvəti ilə Dağlıq Qarabağdan Azərbaycana gələn nümayəndə heyətinə qarşı cəmiyyətin və siyasi dairələrin gözlənilməz mövqeyi başqalarından çox özümüzünküləri çaşdırıb. DQ-dən gələn ermənilərlə dünən keçirilən görüşdə iştirak edən "Yeni Nəsil" jurnalistlər birliyinin sədri Arif Əliyev sərt reaksiya nümayiş etdirilməsindən təəssüflənir. Hətta deyir ki, bütün bu insidentləri hansısa düşmən qüvvələr təşkil edib.
- Açığı, son hadisələrə diqqətlə fikir verdim və mənə belə gəldi ki, bunlar hansısa qüvvələr tərəfindən təşkil olunub.
Hansı qüvvələri nəzərdə tutursunuz,
bəlkə adlarını çəkəsiniz?
- Onu deyə bilmərəm. Açığı, bunların nə üçün lazım olduğunu da anlamıram. Çünki hesab edirəm ki, siyasi qüvvələr və cəmiyyət başqa mövqe nümayiş etdirməli idi.
Demək, ermənilərə qarşı bu cür
mövqe nümayiş etdirilməsindən narazısınız.
- Bəli. Çünki onlarla işləmək üçün bizə imkan verilmişdi. Halbuki bu imkandan kifayət qədər geniş şəkildə istifadə etmək də olardı. Səfərə gələnlər Dağlıq Qarabağa Azərbaycandan gedən informasiyaların artması üçün kifayət qədər müsbət rol oynaya bilərdilər.
Hər halda separatçıların
nümayəndələri idilər və buna görə də... (Sualı yarımçıq kəsir - V.A.)
- Görürsünüz, siz də separatçı sözünü işlətdiniz. Təbii ki, biz onları dövlət kimi qəbul etmirik. Bu, çox incə bir məsələdir. Onlar Azərbaycanın tərkibində olan və bizə qarşı üsyan qaldırmış bir toplumun nümayəndələridirlər. Bu cür problemlərin müxtəlif - sülh və hərb yolları var. Şəxsən mən heç bir variantı istisna etmirəm. Bununla belə, hansı dövlətlə olursa-olsun, informasiya mübadiləsi həmişə davam etməlidir. Hətta ən sülhpərvər qüvvələrdən tutmuş ABŞ-ın zalım hərbi maşınına qədər hamı qəbul edir ki, informasiya mübadiləsinin öz rolu var. Bu da ondan ibarətdir ki, heç bir münaqişəni informasiya mübadiləsi aparmadan udmaq olmaz. Bunu başa düşmək lazımdır. Amma onlarla görüşdə ermənilərə dedim ki, başqa nə gözləyirdiniz. Çünki bu cəmiyyətdə Qarabağ ermənilərinə qarşı nifrət, narazılıq var. Onların bu reaksiyalarını hissiyat kimi başa düşürəm. Amma bu cür məsələlərdə ağıllı davranmaq lazımdır. Mənə belə gəlir ki, işləmək lazımdır, nəinki səsimizi qaldırmaq.
Amma vəziyyət o həddə çatmışdı ki,
bəzi siyasi qüvvələr DQ-dən gələn ermənilərin həbs olunmasını təklif etdilər. Belə bir vəziyyət yaransaydı və ya hər hansı bir hadisə baş versəydi, məsuliyyət kimin üzərinə düşəcəkdi?
- İnanın ki, Dağlıq Qarabağda yaşayanların Azərbaycana qarşı kəskin mövqe nümayiş etdirməsini istəyənlərin arzu etdiyi elə bu idi. Və bundan sonra birmənalı şəkildə fikir formalaşacaq ki, Azərbaycan Qarabağı yox, yalnız Dağlıq Qarabağ torpaqlarını istəyir. Halbuki həmişə söhbət orada yaşayanların təhlükəsizliyinə təminatın verilib-verilməyəcəyindən gedir. Azərbaycan tərəfi həmişə deyib ki, biz orada yaşayan ermənilərin qalacağına və təhlükəsizliyinə təminat veririk, sadəcə olaraq ərazi bütövlüyümüz və suveren hüquqlarımız bərpa olunmalıdır. Buna görə də ermənilər düzgün deyir ki, Azərbaycanın tərkibində onların təhlükəsizliyinə heç bir zəmanət yoxdur. Ona görə də bizdə tamam başqa bir niyyətli aksiyalar keçirildi. Bu isə ermənilərin bizə qarşı istifadə, bizim isə həmişə inkar etdiyimiz bir arqumenti daha da qüvvətləndirdi.
Azərbaycandan Ermənistana gedən
nümayəndə heyətinin tərkibində dəfələrlə Siz də olmusunuz. Yerevanda Sizə qarşı bu cür insidentə rast gəlmisiniz?
- İndiyə kimi bizim Ermənistana və ermənilərin Azərbaycana səfərləri çox olub. Amma indiyə kimi bu cür reaksiyaya rast gəlinməmişdi. Ona görə də son hadisələri Azərbaycan üçün xarakterik hesab etmirəm. İnanın ki, Ermənistanda olarkən Azərbaycandan gedən nümayəndə heyətinə qarşı bu cür münasibət görmədik.
Deyəsən, sabah (bu gün - red.)
Ermənistana yola düşürsünüz...
- Bəli. Azərbaycan, Türkiyə və Ermənistan jurnalistləri arasında ikitərəfli layihə var. Azərbaycan tərəfindən təkcə "Yeni Nəsil" Jurnalistlər Birliyi, Ermənistandan Yerevan Mətbuat Klubu, Türkiyədən isə Demokratik Vəqflə Türkiyə Diplomatik Yazarlar Birliyi iştirak edir. Məqsəd üç "dəyirmi masa"nın keçirilməsidir. Bunun birincisi Bakıda, ikincisi İstanbulda oldu, sonuncusu isə Yerevanda keçiriləcək. Müzakirə olunan məsələlər Ermənistan Azərbaycan və Türkiyə arasında olan mətbuatın problemlərini və düşmən obrazının yaradılmasını müzakirə etmək olub. Əsas məqsədimiz isə odur ki, hələlik mətbuat səhifəsində Türkiyə jurnalistlərini regionda gedən proseslərə daha yaxından qoşmaqdır.
Adekvat reaksiyanı ermənilərdən
Sizə qarşı gözləyirsiniz? Yəqin ki, artıq özünüzü buna hazırlamısınız...
- Nə işlə məşğul olduğumun məsuliyyətini və risqini dərk edirəm. Hər şey mümkündür, amma mən bunu gözləmirəm.
Amma həyatınız üçün risq var.
- Hər halda o şəkildə hesab etmirəm. Provokasiya isə istənilən şəkildə mümkündür. Bunun üçün ciddi narahatlıq keçirmirəm. Neqativ reaksiyalara isə həmişə hazırıq. Ən kritik şəraitdə belə, Azərbaycanın sözünü və mövqeyini deyəcəyik.
|