|
#101(325)
|
 |
|
İki dövlət qurumu haqqında əsasnamə imzalanıb
|
Azərbaycan prezidenti Heydər Əliyev bu gün öz fərmanları ilə "Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında" Əsasnamələri təsdiq edib.
Qeyd edək ki, Əsasnamələri təsdiq edilən hər iki dövlət qurumu 18 may 2001-ci il tarixli prezident fərmanları ilə yaradılıb.
Qırğızıstanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazi Xəzər dənizinin resurslarının istismarı məsələsində İranın mövqeyinin Rusiya mövqeyinə yaxın olduğunu bəyan edib. Onun sözlərinə görə, resursların istismarına maraqlı dövlətlər arasında bütün sazişlər imzalanandan sonra başlamaq olar.
|
Türmədəki narkomanlar da müalicə olunmalıdır
|
Sentyabrın 5-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov Avropa Birliyinin eksperti Paul Kuk və Cənubi Qafqaz narkotiklərə nəzarət proqramının milli koordinatoru Məzahir Əfəndiyevi qəbul edib.
Görüş zamanı regional səviyyədə informasiya sisteminin yaradılmasına dair fikir mübadiləsi aparılıb. Cəzaçəkmə yerlərində məhkumların narkomaniyadan məcburi müalicə olunması üçün məhkəmənin çıxardığı qərarların icrasının vəziyyəti də müzakirə edilib.
|
Alternativ hərbi
xidmət
yaradılır
|
Hazırda Milli Məclisdə "Alternativ hərbi xidmət haqqında" qanun layihəsinin hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə parlamentdəki mənbələrin verdiyi məlumata görə, sözügedən sənəd qanunverici orqanın payız sessiyasında deputatların müzakirəsinə çıxarılacaq.
Qanun layihəsi şəxsi inamlarına görə, orduda xidmətdən imtina edən şəxslər üçün alternativ hərbi xidmətin yaradılmasını nəzərdə tutur. Qeyd edək ki, dünya ölkələrinin bir çoxunda alternativ hərbi xidmət haqqında qanunlar qüvvədədir. Gürcüstan və Türkiyədə hərbi xidmətdən imtina edən şəxslər müəyyən olunmuş həcmdə dövlət büdcəsinə vəsait keçirirlər. Ekspertlər hesab edirlər ki, alternativ hərbi xidmətin yaradılması peşəkar ordunun formalaşmasına gətirib çıxaracaq.
|
KİV rəhbərləri
ermənilərlə görüşdülər
|
Dünən Bakı mətbuat klubunun təsisçiləri dialoq yaradılması məqsədilə sentyabrın 4-dən Bakıda səfərdə olan Dağlıq Qarabağ qeyri- hökumət təşkilatları (QHT) nümayəndələrilə görüş keçirib.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində mətbuatın roluna dair fikir mübadiləsi aparılıb. Münaqişənin səngiməsində, tərəflər arasında dialoqun təşkilində, regionda situasiya barədə ictimaiyyətin məlumatlandırılmasında KİV-in rolu vurğulanıb. Bu planda tərəflər razılığa gəliblər ki, nizamlanma məsələsində KİV-in rolunu şişirtmək və ya azaltmaq olmaz.
Görüş iştirakçıları qarşıdurmadan çıxış yolları, münasibətlərin iki xalq arasında əməkdaşlıq məcrasına yönəldilməsi barədə fikir mübadiləsi aparıb. Tərəflər bu fikrə gəlib ki, Qarabağ regionunun iqtisadi inkişafı Azərbaycana inteqrasiyasız mümkün deyil.
|
Türkmənistan Gürcüstana
"Su-25" göndərir
|
Bu günlərdə Tbilisidəki təyyarə təmiri zavodunda Türkmənistana məxsus növbəti iki "Su-25" hərbi təyyarəsinin təmiri başa çatacaq.
Zavodun baş mühəndisi Qoça Qoquadzenin sözlərinə görə, Türkmənistanın özünün 46 hərbi təyyarəsinin hamısını Gürcüstanda təmir etdirmək niyyətindədir. İndiyədək Tbilisidə Aşqabadın sifarişi ilə 22 təyyarə təmir olunub. Onların hər bir təmiri 1 milyon dollara başa gəlir. Qoça Qoquadzenin sözlərinə görə, bu sifarişlərin yerinə yetirilməsi nəinki maliyyə baxımından Gürcüstan üçün sərfəlidir, həm də Tbilisi Aviasiya Zavodunun nüfuzunu yüksəldir.
Türkmənistan mənbələrindən alınan məlumatda isə bildirilir ki, hərbi təyyarələrin təmiri Gürcüstanın təbii qaza görə bu ölkəyə olan borclarının hesabına aparılır. Həmin borcun ümumi məbləği 30 milyon dollardır.
|
Koreyalar: birliyə
doğru daha bir addım
|
Rəsmi Seul bəyan edib ki, sentyabrın 15-də Şimali və Cənubi Koreya arasında nazirlər səviyyəsində danışıqların başlanması haqda Pxenyan qarşısında təşəbbüs qaldırıb. Bu haqda bəyanat Pxenyanın hökumətlərarası əlaqələrə qoyulmuş altı aylıq moratoriumun dayandırılmasını nəzərdə tutan məlum təklifindən dörd gün sonra səsləndirilib. Ötən il Şimali və Cənubi Koreya prezidentləri Pxenyanda tarixi sammit keçirmişdilər, amma sonradan Şimali Koreya ilə ABŞ arasında münasibətlərin kəskinləşməsi əlaqələrin müntəzəmliyinə durğunluq gətirmişdi.
|
Gürcüstan sərhəd problemini qaldırır
|
Gürcüstan Dövlət Sərhədlərinin Mühafizə İdarəsinin rəisi Valeri Çxeidze Rusiya ilə 900 km-lik sərhədin delimitizasiyası prosesinin sürətləndirilməsinin zəruri olduğu deyib. Gürcüstan rəsmisinin fikrincə, Rusiyada müvafiq komissiyasının yaradılmaması, habelə Gürcüstan tərəfinin kifayət qədər maliyyələşdirilməməsi işin ləngiməsinə səbəb olan əsas amillərdəndir.
|
Dnestryanı bölgə kompensasiya umur
|
Dnestryanı bölgənin Ali Sovetinin iclasında qəbul edilən qərara görə, Rusiya tərəfi respublikanın ərazisində olan silah arsenalını yalnız onlara görə kompensasiya ödədikdən sonra çıxara bilər. Ən yaxın günlərdə qiyamçı əyalətin parlamenti Rusiya Dövlət Dumasına müraciət edərək vəziyyəti yerində öyrənəcək komissiyanın yaradılmasını və Dnestryanı bölgəyə ezam edilməsini istəyəcək.
|
Avropa Parlamenti
"Kipr hesabatını" qəbul etdi
|
Avropa Parlamenti birliyə yeni üzvlərin qəbulu məsələləri ilə bağlı müzakirələri davam etdirir. Parlamentin xüsusi altkomitəsi namizəd ölkələrlə bağlı hesabatları, o cümlədən lüksemburqlu sosialist parlamentar Jak Puuzun Kiprlə bağlı hazırladığı raportu qəbul edib. Xatırladaq ki, Puuz parlamentin Kipr üzrə xüsusi reportyorudur.
|
Əmək Partiyası barışı seçir
|
İsrail hökumətində təmsil olunan Əmək Partiyasının lideri postu uğrunda mübarizə gərginləşib. Səsvermənin nəticələri tam bəlli olmasa da, səslərin əksəriyyəti hesablanıb. Hələlik parlament spikeri Avraam Burq əsas rəqibi olan Ben Elizeri azacıq üstələyir. Seçkinin son nəticələri bu günlərdə açıqlanacaq. Burq mötədil xəttin tərəfdarı olduğu halda, Ben Elizer Fələstin-İsrail münaqişəsinin hərbi yolla həll edilməsi tərəfdarı kimi ad çıxarıb.
|
Koray Aydın istefaya getdi
|
Türkiyənin abadlaşdırma və məskunlaşdırma naziri Koray Aydın tutduğu dövlət vəzifəsindən, habelə millət vəkilliyindən istefa verib. Bu, Türkiyədəki indiki kabinetin tərkibindən istefa verən doqquzuncu nazirdir. Xatırladaq ki, adı çəkilən şəxs koalisiya ortağı olan MHP üzvüdür. Son zamanlar müxalifətin tənqid hədəfinə çevrilmiş Aydın istefa addımını vəzifə hərisi olmadığını isbatlamaq üçün atdığını söyləyib. Nazir deyib ki, onun son qərarı Dövlət Baxçalının təsiri altında qəbul etdiyi haqda dolaşan şayiələrin heç bir əsası yoxdur.
|
İran partiyası ali dini şuranı qınadı
|
İran İslam Respublikasının tarixində ilk dəfə olaraq siyasi partiya ali dini orqanı ciddi tənqid edib. Qonşu ölkədən verilən xəbərlərə görə, İran İştirak Cəbhəsi ("Cebheye Moşarekət") Ali Dini Ekspertlər Şurasını ("Məcles-e Xobreqan") səlahiyyət həddini aşmaqda, nəzarət orqanında müzakirəyə çıxarılan məsələləri ictimaiyyətdən gizli saxlamaqda günahlandırıb. Xatırladaq ki, Ali Dini Ekspertlər Şurası dini rəhbərin seçilməsinə və qanunların qəbul edilməsinə nəzarəti həyata keçirən əsas orqanlardan biridir.
|
Bölmə rəisi stadionda yaralanıb
|
Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinin rəisi Oruc Alıyev 3 gün əvvəl ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Dünən bölmədən aldığımız məlumata görə, rəis hələlik reanimasiya şöbəsindədir. Xəstəxanadan verilən məlumatda isə O.Alıyevin vəziyyətinin yaxşı olduğunu və palataya köçürüldüyünü bildirdilər.
Hadisə ilə bağlı şahidlərin dediyinə görə, o, sentyabrın 4-də Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına stadionda Azərbaycan və Makedoniyanın gənclərdən ibarət futbol komandalarının görüşündə yaralanıb. Belə ki, O.Alıyev stadionun qonaqlar üçün nəzərdə tutulan və tikintisi başa çatdırılmayan mərkəzi tribunasında əyləşibmiş. Görüşün son dəqiqələri gedirmiş bu vaxt Azərbaycan futbolçuları rəqib komandasının qapısına qol vurublar. Digər azarkeşlər kimi, qol sevinci yaşayan bölmə rəisi ayağa duraraq dəmir tutalğaclara söykənib. Qarşısındakı tutalğac yerindən çıxdığından O.Alıyev müvazinəti saxlaya bilməyərək 6-7 metr hündürlükdən yerə yıxılıb. Rəisin köməyinə çatan bölmə əməkdaşları onun ağır xəsarət aldığını görüb stadiondakı təcili yardım maşını ilə xəstəxanaya aparıblar.
Daxili İşlər Nazirliyi Yol Polisi İdarəsinin ictimai təhlükəsizliyin tə`minatı və təbliğatı şö`bəsinin rəisi polkovnik-leytenant Ərəstun Məcidovdan aldığımız mə`lumata görə, ötən 8 ay ərzində respublikanın ərazisində 1339 yol- nəqliyyat hadisəsi baş verib.
Nəticədə 382 nəfər həlak olub, 1548 nəfər isə müxtəlif bədən xəsarəti alıb. Ə.Məcidovun dediyinə görə, yollarımızda piyadalarla bağlı 618 hadisə qeydə alınıb. Həmin hadisələr zamanı 164 piyada həlak olub, 504 nəfər isə xəsarət alıb. 8 ay ərzində yol polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində 13 "Kalaşnikov" markalı avtomat, 6 müxtəlif tipli tapança, bir pulemyot, 19 tüfəng, 3 min ədəd müxtəlif çaplı güllələr aşkar olunmuş, axtarışda olan 21 nəfər isə tutularaq istintaq orqanlarına təhvil verilib.
|
"Bədən" alverçisi yaxalandı
|
Sentyabrın 5-də gecə saat 23 radələrində 2-ci mikrorayon, Cavadxan küçəsi, 40 saylı binanın qarşısında Göyçay rayon sakini 1979-cu il təvəllüdlü Mətanət Nağıyeva Xaçmaz rayon sakini 1982-ci il təvəllüdlü Validə Abdulkərimovanı əxlaqsızlığa təhrik edərkən həbs olunub.
O, V.Abdulkərimovanı Ağcabədi rayon sakini, Bakıda müvəqqəti yaşayan 1977-ci il təvəllüdlü Ramin Hüseynova 117 min manata satmaq istəyirmiş. M.Nağıyeva barəsində CM-nin 243-cü maddəsi ilə cinayət işi qaldırılıb. V.Abdulkərimovada isə zöhrəvi xəstəlik aşkar olunduğundan o, Ramanadakı qapalı xəstəxanaya göndərilib.
|