Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#101(325)
XXI
m.nur@azeurotel.com

Mən ingilisdən qorxmuram!

... Əlini qulağının dibinə atıb muğamat oxuyan erməni qocası görməmisiniz? Deyirdi, (yalan, doğru, bilmirdim) Qədir Rüstəmovnan bir yerdə qazamatda yatıb və o zaman illah da Qədiri bir ağız oxutmaq üçün ilan dili çıxarıb. Qədir nəinki ermənini, yanındakı türk qardaşlarını da söyüb, heç yarım ağız da oxumayacağını deyib və qazamatın bir küncünə çəkilərək öz fikrinə qapılıb. Bir də deyəndə Qədir onu döyəcəkmiş və bu türmədən tez çıxıb getməsə, bu qırsaqqız ermənini gəbərdəcəkmiş. (Qədir, bildiyim qədər, türmədə olmayıb və sonradan bildiyim qədər də türk qardaşını söyməyib).
... Mən o qırsaqqız qoca erməninin atını qaçırardım və hər dəfə də onu barmağıma sarımaq istəyəndə bir muğamat oxutdurub atdan düşərdim. Hər dəfə də nə oxuyardı? Xanı yamsılamaq istəyib pəsdən gedərdi: "...sərasər dişlərin dürdanədəndir". Mən atın üstündəcə "əriyərdim" və hər dəfə də atdan düşüb xeyli özümə yer tapa bilməzdim. İndi durub bir çoxları kimi deyə bilmərəm ki elə o vaxtdan mən erməniyə nifrət edərdim, elə mən bilirdim belə olacaq, elə mən əsl patriotuydum. Görüb-bildiyim o idi ki, nənəm evimizdə işləyən dülgər Qurgenin qabını ayırtdırar, sonra da onu qızlara yudurtdurar, axırı özü alıb salavat aerərdi...
Olan oldu. Gərək olmayaydı. Kim deyə bilər ki, erməni pislikləri barədə danışmayıblar, nəsihətlər verməyiblər... Hər şey öz tarixi kontekstində, öz yerində olub. İndi sanki nə tarixi konteskt var, nə tarixin yeri, nə də nəsihət. İndi biz içəridə erməni vurhavuru ilə məşğul oluruq və yenə olduğu kimi mahiyyəti bir başqa yerdə qoyub səbəb ətrafında fırlanır, dartışırıq. Müharibədə də belə oldu.
Bakıya gələn ermənilər bizi özümüzdən çıxarıb: qrant məsələləri öz yerində, hər kəsin öz düşüncəsi və öz dəyərləri var. Hərə öz dünyagörüşünü ortaya qoyur və demək olmaz ki, bu işlə məşğul olanların hansısa, öz yurdunu bu və ya digər formada sevmir. Sadəcə, həmişə olduğu kimi, bütün döyüşlər öncəsi saxta və miskin bir panika mexanizmi işə düşüb və məsələn, işini itirəcəyindən qorxub erməninin təpəsinə mikrofonu çırpmalı olan reportyor, ya da məsəlçün kameraman öz təbii duyğularını ifadə edə biləcəyi halda özü də bilmədən uzun-uzadı bir şərh koridoruna düşür, sözü siyasətçiyə ötürür, onlar da müdafiə çəpərlərini işə salır, özlərini qorumaq üçün erməninin cəddi-əğrabasını söyməyə qıcanırlar. Beləcə hamı qıcanır. Halbuki, qıcanmaqdansa, ya soyuqca gözləmək, ya Arzu Abdullayeva kimi kefin gələni etmək, ya da döyüş öncəsi rəqibin nəmənəçiliyiynən ilgilənməyən adama dönmək lazımdır.
Son vaxtlar Hollivud filmlərində balaban musiqisi eşidirəm. Titrlərdə erməni famili görməkdən qorxmuram! Hər kəs Hollivuda gedə və istədiyi mahnını oxuya bilər. Mən daha nə ingilisdən, nə ermənidən qorxmuram və bu qorxunu yanımdakılarda görəndə onlardan qaçıram. Bu erməni vurhavurunun içində başınızı açın və birdə içinizə baxın...

Məqsəd Nur

Pərdəarxası

Tamaşaçı xətası

Bu haqda adətən danışılmır. Səhnə ilə bağlı nə varsa, hamısı dilə gəlsə də, nədənsə, heç kim tamaşaçı ucbatından yarımçıq qalan tamaşaları yada salmır. Teatr mövsümünün açılışı ərəfəsi, bu ənənəni pozub, yada düşməyənləri xatırlayacam. Özü də birə yetən yerdə, düz üçünü. Birinci tamaşaçı xətası çoxdan, lap çoxdan olub. Özü də Şuşada. Şuşa əhli "Məcnun Leylinin qəbri üstündə" səhnəsindən sonra tez-tez həvəskar teatr truppasının sürprizlərinə tamaşa edərmiş. Bir nəfər də olsun övrətə rast gəlinməyən bu tamaşalar əslində teatrla ilk tanışlıq idi. Abbasqulu ağa Qarabağın məşhur bəylərindən biri imiş. Elin "həm zəri var, həm zoru" deyiminə boyaboy düz gələn Abbasqulu ağa bir gün yolunu teatrdan salır.
"Əsli və Kərəm"i oynayırlar. Hamı səsini içinə çəkib diqqətlə nə baş verdiyini bilmək istəyir. Elə Abbasqulu ağa da. Mətləbin nə yerdə olduğunu biləndə isə hövsələsi daralır. "Belə də iş olar, bir keşiş bu qədər adamı işindən-gücündən edib". Kərəmin keşişə yalvarması isə onu tamam təbdən çıxarır. Hövsələsi tükənən Abbasqulu ağa ədəb-ərkanla, ağayana duruşu ilə səhnədə görünür, "Hanı o Əsli!". Cavab almayan Abbasqulu ağa keçir səhnənin arxasına. Əslinin əlindən tutub gətirir Kərəmin yanına "Bir qız üçün də bu qədər yalvararlar. Utanım yerinə". Səhnədəkilər çaşıb qalıblar, bilməyiblər neynəsinlər? Acıqlarından dişləri bağırsaqlarını kəssə də, Abbasqulu ağaya cavab qaytarmaq olarmı? Onları qanlarına qəltan edər. Abbasqulu ağa isə xeyirxah missiyasını davam etdirərək Kərəmə acıqlanır "Daha nə dayanmısan? A bala, götür qızı get də, qız sənindir". Sonra isə hələ nə baş verdiyini az qala anlamayan tamaşaçılara üzünü turur, "A kişilər, səhərdən bir keşişin öhdəsindən gələ bilmirsiniz! Daha dağılışın, teatr qurtardı!"
İkinci hadisə üç-dörd ilin söhbətidir. Teatrlarımızın aktyorlarından birinin, hər Yeni ildə "ştatnı Şaxtı babayam" deyib, əsasını əlinə alanın başına gəlib. Hərgah bu hadisədən sonra Şaxta babadan söz düşəndə "ştatdan çıxmışam" deyir.
...Yeni il şənliyidir. Uzun illər Şaxta baba olması özünü göstərir, uşaqlar yanından əl çəkmir. Ancaq nədənsə, bu dəfə uşaqlar daha yaxına gəliblər. "Bir də gördüm ki, uşaqların birinin əlində kibrit var. O biri uşağa deyir ki, "Şaxta babanın başını qat, saqqalını yandırım". Başıbəlalı Şaxta baba onların niyyətindən duyuq düşsə də, vəziyyətdən çıxa bilmir. Bir də görür ki, saqqalı od tutub yanır. Uşaqlarsa yanında atılıb düşərək "Şaxta baba, şaxta can", - deyə sevinirdilər.
...Səhnədə "Otello" tamaşası gedir. Dezdemonanı boğub öldürən Otello sanki birdən-birə ayılır. Özündən, hər kəsdən sual edirmiş kimi, soruşur: "Kimdir günahkar". Dezdemonanın ölümü səhnədəkilərin hamısını sarsıdıb. Onlar Otellonun peşmançılıq, sanki kömək diləyən bu çağırışına cavab vermək iqtidarında deyillər, hamı sanki donub. Birdən yerdən kimsə dillənir: "Əliqulu". "Əliqulu" kəlməsinin intonasiyası, Otellonun sualına əsl cavab kimi səslənir. Otello qarışıq səhnədəkilərin hamısı bu sözə etinasız qala bilmir. Dönə-dönə belə vəziyyətdən çox soyuqqanlıqla çıxsalar da, bu dəfə səhnənin ovqatı tamam dəyişir. Bayaqdan ən kiçik hənirti belə duyulan zalda isə səs-küydən ağız deyəni qulaq eşitmirmiş. Tamaşa pozulmuşdu. Səhnə arxasına keçəndən sonra bir-birlərini nə qədər qınasalar da, illər sonra bu hadisə onlar üçün ən xoş xatirəyə döndü. Məlik Dadaşov səhnə həyatında bir də heç vaxt təkrarlanmayan bu hadisəni tez-tez xatırlayırmış. Yenə teatr mövsümü gəldi...ÿÿ

Sevinc R᫵himova

Suallı künc

Bizə böyüklük etməyin

İran Azərbaycandan təhlükə gözlədiyini bəyan etdi. İran dövlətinin təhlükəsizliyinə cavabdeh olan ali mə`murun Azərbaycan naziri ilə görüşdə söylədiyi fikirlər kənar müşahidəçini mat-məəttəl qoyar. Demə, İran boyda ölkə ondan ərazicə 20, əhali sayına görə 7-8 dəfə kiçik olan Azərbaycana ürkək nəzərlə baxırmış və bizdən qaynaqlanan təhlükəyə qarşı durmadan tədbirlər görürmüş. Lakin fakta kənardan baxıb mat qalmaq lazım deyil. İran əslində bizdən deyil, dövlət olaraq strateji yerimizdən, bizə diqqət kəsilib himayədarılıq edən (yalnız öz mənafeləri bunu zəruri edəndə) böyük qüvvələrin hikkə-qəzəbindən ehtiyatlanır. Ara-sıra üzərimizə ayaq açmaq istəyən Tehran yaxşı anlayır ki, siyasətdə də "dəvədən böyük fil var".
Yaxınlarda İran bunun növbəti dəfə şahidi oldu. Amerikanın siyasi dəstəyindən (Vaşinqton işarə vurdu ki, zərurət yaransa, bu dəstək təkcə siyasi səciyyəli olmayacaq), Türkiyənin effektli addımından (Bakı üzərində uçuşlar) sonra İran öz yerini bildi. Başa düşdü ki, Azərbaycanın su və hava sərhədlərini manevr meydanına çevirməklə nəinki istədiyinə nail olmayacaq, üstəlik itirdikləri də (o cümlədən Azərbaycanla səmərəli əməkdaşlıq baxımdan) olacaq. Amma İran da İran olmazdı, sakitcə qınına çəkilib kənarda dursaydı. İki həftə əvvəl Bakıya təşrif buyuran ağaye Əhani sətiraltı təhdidlərdən qalmamış və Azərbaycanı səhv etməməyə çağırmışdı. İndi də ağayi Ruhani həmin tezisin üzərinə yüklənərək bizdən İranın maraqlarını üçüncü dövlətlərin ayağına verməməyi istəyir. Diqqət verin, İranın ali məmuru bunu bizdən xahiş etmir. Sadəcə, "Belə etsəniz, xeyrinizə olar" deyir.
Azərbaycan dövlət kimi gənc olsa da, xeyir-şərini yaxşı bilir. Xüsusilə bizə şər təhlükəsinin haradan gəldiyini dəqiq görürük. Azərbaycana təcavüz edən və onun arxasında duranlar həmin ünvanın sahibləridir. Fəqət biz bu məsələdə İranın hansı mövqedə olduğunu indiyədək dəqiqləşdirə bilməmişik. Sözdə İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın təcavüzünü pisləyir. Amma eyni mövqeyi bəyan edən Türkiyə, yaxud Pakistandan fərqli olaraq İran əməldə nəinki Ermənistana təsir-təzyiq göstərmək istəmir, əksinə, onun təcavüzkar siyasətinə real yardım (neft-qazdan ərzaqadək) edir. Dəfələrlə İranı əməlini sözünə uyğunlaşdırmağa çağırmışıq. Amma cənub qonşumuz yenə öz bildiyini edir. Hərçənd biz (söhbət dövləti səviyyədə bəyanatdan gedir) indiyədək heç vaxt İranı təhlükə mənbəyi elan etməmiş, bütün hallarda (hətta Xəzərdəki insident zamanı) onunla dinc, mehriban münasibətlər tərəfdarı olduğumuzu göstərmişik.
İran bizdən təkcə təhlükə deyil, həm də qətiyyət gözlədiyini bəyan edir. Bunun açmasının nə olduğunu bilirik. Qonşumuz istəyir ki, biz xarici əlaqələrimizə həm də onun gözü ilə baxıb, Amerika ilə, İsraillə, hətta Türkiyə ilə əməkdaşılığa İranın maraqları prizmasından yanaşaq. Halbuki indiyədək beynəlxalq arenada Azərbaycana verilən dəstəyi saf-çürük etsək, İranın etdikləri (praktik olaraq) xırda İsrailin göstərdiyi həmrəylik qədər də olmayıb. Bizdən beş addım tələb edən İran əvəzində heç olmasa bir addım da özü atırmı? Söhbət qətiyyətdən gedirsə, nədən İran bu keyfiyyəti özündə hiss edib, Ermənistana qulaqburması bir kənara, heç "gözünü ağartmır? Axı işğal və təcavüzə məruz qalan İranın təəssübkeşi qismində çıxış etdiyi müsəlmanlardır. Nədən bizə qahmar çıxmır?
Azərbaycan dövlət kimi qiymətini, beynəlxalq düzəndəki yer və çəkisini də yaxşı dərk edir. Biz böyüklük iddiasında deyilik, amma kiminsə bizə böyüklük etməyinə də razı olmarıq. İranın bizə bu tür yol göstərməsi isə məhz bu qəbildəndir. Bu fakt aşkardır, Dılğır siyasi spekulyasiya naminə "Bakı Tehranla gizli razılaşma imzalayaraq onun tələbləri qarşısında geri çəkilir" kimi mülahizələri tirajlayanlar isə həmişəki kimi bayağı görünürlər. Min təəssüf ki, daxildəki cılız siyasətbazlığı dövlət siyasətinin önünə çıxaranlar bu bayağılıqdan usanmırlar.

V.Orxan

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd