Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#102(326)
Avropa Şurasında "Volski planı"?
Etnik münaqişələrin həlli ilə bağlı bu təşkilatın kulislərində başlanan müzakirələr bizim üçün təhlükəli istiqamət ala bilər

Söhbət Avropa Şurasının "çətiri" altında muxtariyyətlərin səlahiyyətlərinin genişləndirilməsi tendensiyasından gedir. Bu isə faktiki olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyi hesabına baş verməlidir. Təsadüfi deyil ki, ermənilər bu müzakirələri xüsusi rəğbətlə qarşılayıblar. AŞPA-da təmsil olunan Azərbaycan parlamentarları ilə hələlik narahatlığa əsas görmürlər.
AŞPA Siyasi Komitəsinin iki gün öncə Tbilisidə başa çatan toplantısında müzakirələr əsas etibarilə bu mövzu ətrafında olub. Parlamentarlar AŞ məkanındakı etnik səciyyəli münaqişələrin həlli ilə bağlı çeşidli mülahizələrlə çıxış ediblər. Siyasi Komitənin isveçrəli parlamentarı Andreas Qrossun (uzun müddət Azərbaycan üzrə məruzəçilərdən olub) konfliktlərin sahmanlanmasında muxtariyyətlərin rolu barədə məruzəsi xüsusi rezonans doğurub. Erməni KİV-in məlumatına görə, A.Qross dövlətlərarası müharibə ilə müşayiət olunan münaqişəli bölgələrə mübahisəli ərazi statusunun verilməsi və tənzimləmə prosesinin də bu kontekstdə aparılmasına dair layihə ilə çıxış edib. Sözügedən təşəbbüsün Ermənistanın Dağlıq Qarabağa olan iddiasına ümumən cavab verdiyini nəzərə alan erməni heyəti onun qızğın müdafiəçisi qismində çıxış edib. Qeyd edək ki, Dağlıq Qarabağ konflikti beynəlxalq müstəviyə çıxandan Ermənistan bölgənin məhz mübahisəli ərazi kimi təsbit olunmasını özünün əsas məqsədlərindən sayır. Bu halda regionu Azərbaycanın yurisdiksiyasından çıxarmaq və oradakı separatçılıq hərəkatına haqq qazandırmaq daha əlverişli olar.
Ermənilər SSRİ qanunvericiliyi ilə bir dəfə bu məqsədə nail olublar. 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik rejiminin tətbiq edilməsi əslində bölgənin Azərbaycanın suverenliyindən çıxarılaraq mübahisəli ərazi kimi təqdim olunması idi. Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyi, SSRİ miqyasında da olsa, artıq şübhə altına alınmışdı. Təsadüfi deyil ki, ermənilərin beynəlxalq müstəvidə analoji cəhdləri də bu presedent üzərində köklənib. Yerevan taktiki yöndən özünü Qarabağ müharibəsindən kənarda göstərmək istəsə də (yəni Bakı Qarabağla birbaşa danışıqlara getməlidir), mütəmadi olaraq regionun MDB-nin, ATƏT-in, yaxud BMT-nin idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edir. Əlamətdardır ki, sözügedən qurumlardan da bu tür təkliflər ara-sıra eşidilir. İndi onların sırasına Avropa Şurası da qoşulmaq istəyir. Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsinə dair Ermənistan və Azərbaycanın üzərinə öhdəliklər qoyan AŞ sülhə dair özünün "avropoid" reseptlərini bir-bir sınaqdan keçirir.
Hərçənd, Azərbaycan parlamentarları AŞ "mətbəx"ində hazırlanan bu təşəbbüslərin o qədər də narahatlıq doğurmadığı qənaətindədirlər. Tbilisidəki toplantıda çıxış edən Səməd Seyidov konfliktlərin tənzimlənməsində muxtariyyətlərin roluna dair Azərbaycanın mövqeyini açıqlayıb. Azərbaycan, prinsipcə, muxtar ərazilərin hüquqlarının genişləndirilməsini mümkün sayır, amma bir şərtlə ki, bu proses dövlətlərin ərazi bütövlüyü və suverenliyi hesabına baş verməsin. Bakı, həmçinin, Dağlıq Qarabağ ermənilərinin Azərbaycan ərazisində faktiki müstəqil dövlət yaratmaq ideyasına beynəlxalq dairələrin dolayısı ilə rəvac verməsinə ("ümumi dövlət" formulu) qəti etiraz edir. Tbilisidə olmuş digər parlamentarımız Asim Mollazadə A.Qrossun, ermənilərin yaydığı kimi, "mübahisəli ərazi" ideyası ilə deyil, sadəcə, etnik konfliktlərin müxtəlif muxtariyyət modelləri ilə tənzimlənməsinə dair tezislərlə çıxış etdiyini bildirir. Özü də İsveçrə parlamentarının layihəsində dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülür. A.Mollazadə bu müzakirələrin AŞ adından hansısa model sənəd (konfliktlərin sahmanlanması yolları barədə) halına gələcəyini azehtimallı sayır. Lakin başlanan diskussiyanı əlamətdar hesab edir. Onun qənaətinə görə, ermənilər, sadəcə, bu müzakirələrdən sui-istifadə etmək istəyirlər.
Bununla belə, ermənilərin A.Qrossun layihəsində nədən ruhlandıqları maraq doğurur. Azərbaycan parlamentarları məsələyə sakit yanaşsalar da, fikrimizcə, düşündürücü məqamlar az deyil. A.Qrossun ikisəhifəlik layihəsində konfliktləri sahmanlayacaq muxtariyyətlərin "optimal variantlar"ından biri kimi Cənubi Tirol göstərilir. Tarixən Avstriyanın tərkibində olan, lakin əhalisinin böyük əksəriyyətini italiyalılar təşkil edən bu ərazi 1919-cu ildə, Birinci Dünya müharibəsinin yekunu olaraq (Avstriya-Macarıstan müharibədən məğlub çıxdı) Sen-Jermen sülh müqaviləsi əsasında İtaliyaya verilib. O vaxtdan Avstriya Cənubi Tirolu geri almaq üçün dəfələrlə beynəlxalq hüquqi müstəvidə cəhdlər göstərsə də, istəyinə nail ola bilməyib. Üstəlik, İtaliya 70-ci illərdə Cənubi Tirolda referendum keçirərək, yerli əhalinin razılığı bu ilhaqı rəsmiləşdirib. Hazırda həmin bölgə İtaliyanın tərkibində Trentino-Alto-Adice adlı inzibati ərazi kimi qalmaqdadır.
Bu variantı "optimal" sayanların niyyətlərinin Azərbaycan üçün nə qədər təhlükəli olduğunu anlamaq çətin deyil. Bu ssenarinin Dağlıq Qarabağda (xüsusilə azərbaycanlıların etnik tənzimlənməsi başa çatandan sonra) tətbiq etmək istəyi ermənilərdə çoxdan var. Mövcud siyasi-hüquqi şərtlər daxilində onu reallaşdıra bilməyəcəklərini yaxşı anlayan ermənilər hələlik beynəlxalq müstəvidə Qarabağın Azərbaycandan tədricən qoparılması kursunu davam etdirirlər. Yəni öncə bölgə Azərbaycanın tərkib hissəsi kimi deyil, mübahisəli ərazi statusu alsın, arxasını da gətirərik.
AŞ-nin mətbəxindən çıxan "tüstü" də, mahiyyətcə, buna xidmət edir. Azərbaycan bütün hallarda bu cür tüstülərin açısını vaxtında hiss edib tədbirlər (preventiv və etiraz) görməlidir. Yoxsa, 12 il öncə "Volski planı" ilə başımıza açılanları indi də Avropa Şurasından (sonra digər instansiyalardan) görəcəyik.

Köçəryan: müharibəni başlayan tərəf uduzacaq

Dünən Rusiyanın "www.gazetaSNG.ru" internet saytı Ermənistan prezidenti Robert Köçəryanla virtual forum keçirib. İctimaiyyətin və jurnalistlərin suallarını yalnız qismən cavablandıran Ermənistan prezidenti bir sıra maraqlı məqamlara toxunmaya bilməyib.
Köçəryan ölkənin idarə edilməsində "yaşamaq konsepsiyası"ndan vaz keçildiyini desə də, həmvətənlərindən birinin "Ölkənizdəki sadə vətəndaşların yaşayışı haqda nə bilirsiniz?" sualına cavab verərkən iqtisadi əhəmiyyət kəsb edən hadisələrin kiçikliyinin insanların güzəranına mənfi təsir göstərdiyini, vətəndaşların heç bir irəliləyiş hiss etmədiyini boynuna almalı olur.
Foruma ABŞ-dan qatılan bir iştirakçının "Nə üçün müharibəni udmuş tərəf saydığınız Ermənistan iqtisadi dilənçilik və siyasi izolyasiya şəraitində yaşayır?" sualını cavablandırarkən prezident ölkənin iqtisadi göstəricilərə görə sonuncu olmadığını deyib. Ermənistan prezidentinin fikrincə, onun ölkəsi siyasi izolyasiyada deyil.
Kompromis termininin Köçəryan üçün nə olduğuna aydınlıq gətirmək istəyən "Azadinform" əməkdaşına verilən cavabda Ermənistan prezidenti deyib ki, onun təmsil etdiyi tərəf münaqişənin həllində üç "əsas şərti" - münaqişə tərəflərinin bərabərliyi, DQR-in anklav şəklində mövcudluğunun qəbuledilməzliyi, Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi prinsiplərini əsas tutur. Yalnız bundan sonra Ermənistan müəyyən qarşılıqlı güzəştlərə gedə bilər. Əslində bu sayaq cavabı ilə "kompromis" məfhumu altında nəyi nəzərdə tutduğunu açıqlamaqdan boyun qıçırır və özü də bilmədən növbəti təzad yaradır - bu prinsiplər Ermənistan prezidenti tərəfindən səsləndirilirsə, Qarabağın hansı bərabərliyindən söhbət gedə bilər?
Köçəryana görə, Qarabağ məsələsində məhz müharibəni yenidən başlayan tərəf həm hərbi, həm də siyasi baxımdan uduzmuş sayılacaq.
Köçəryan deyib ki, Qarabağ məsələsinin haçan həll ediləcəyini söyləmək mümkün deyil, amma Ermənistan bu sahədə iş görməyə can atacaq. O, Ermənistan-Türkiyə birgə komissiyasının fəaliyyətinə münasibətini bildirərək qeyd edib ki, müzakirə edilən mövzuların kövrəkliyi bu məsələlərin dövlətlər səviyyəsinə qaldırılmasını zəruri edir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd