|
|
|
|
#102(326)
|
 |
|
... İmanov "dördlər"dən inciyib
|
"Dördlər" Dağlıq Qarabağdan gələn ermənilərlə görüşüblər. "Dördlər"dən biri - Nazim İmanov bu görüşün əleyhinə olub, ciddi-cəhdlə bunun qarşısını almağa çalışıb. Qalan üç nəfər onunla razılaşmadığına görə Nazim İmanov onlardan inciyib. Bu incikliyin nə qədər sürəcəyi ilə maraqlandıq və İmanovla əlaqə saxladıq. O, belə bir narazılığın olduğunu etiraf etdi. Bununla belə, İmanov fikirləşir ki, belə bir narazılıq "dördlər"in birliyinə təsir edə bilməz: "Biz bir təşkilat deyilik, yalnız bir layihə üzərində əməkdaşlıq edirik. Hərçənd ki, bir çox digər məsələlərdə, o cümlədən dövlət üçün həyati dərəcədə vacib problemlərdə fikirlərimiz üst-üstə düşür. Lakin əməkdaşlığımız hələ ki, Ermənistan - Azərbaycan münaqişəsinin həlli ilə bağlı xartiya ilə əlaqədardır. Digər bütün məsələlərdə hər kəs öz mülahizəsi və şəxsi proqramı əsasında fəaliyyət göstərir. Fikrimcə, inciməli heç bir şey yoxdur."
|
... Mütəllibovçular
"islahatçılar"a yaxınlaşır?
|
Aldığımız məlumata görə, hazırda Moskvada olan Vətəndaş Birliyi Partiyasının baş katibi Sabit Hacıyev Ayaz Mütəllibovla görüşərkən AXCP ("islahatçılar") ilə ciddi münasibətlər qurmaq tapşırığı alıb. Məsələni dəqiqləşdirmək üçün həmin partiya ilə əlaqə saxladıq. Partiyanın mətbuat xidmətinin rəhbəri baş katib S.Hacıyevin bu gün axşam Bakıya dönəcəyini qeyd edərək bildirdi: "Demək olar ki, hər ayın axırında baş katibimiz Moskvaya gedərək, partiyanın fəaliyyəti ilə bağlı sədrə məlumatlar verir və müəyyən tapşırıqlar alır. Düzdür, Özbəkistanın müstəqilliyi günü ilə bağlı tədbirdə bizim partiyanın katibi E.Qəmbərov Əli Kərimovla görüşüb ictimai-siyasi vəziyyətlə bağlı söhbət ediblər." Mətbuat xidməti rəhbərinin sözlərinə görə, partiya bütün digər təşkilatlarla normal münasibətdədir. "Lakin AXCP ilə VBP arasında belə tezliklə müttəfiqlik yaradılması haqqında tapşırığın verilməsinə inanmıram. Çünki müttəfiqlik məsələsi yalnız müzakirələr nəticəsində ola bilər, hələlik isə biz heç bir partiya ilə danışıq aparmırıq."
|
... Müasir Müsavatın qəzeti çıxır
|
Yeni yaranan Müasir Müsavat Partiyasının Böyük Millət Partiyası ilə birləşməsi artıq yekunlaşmaq üzrədir. Bu partiyanın sədri Hafiz Hacıyevin "Bizim ƏSR"ə verdiyi məlumata görə, artıq onlar bir yerdədir və sentyabrın 28-29-da birləşdirici qurultay keçiriləcək. H.Hacıyevin sözlərinə görə, Demokratik Yol və Cümhuriyyət Xalq partiyaları ilə blok yaratmaq haqda danışıqlar gedir: "İki-üç aya qədər Azərbaycanda öz sözünü deyən böyük bir blok meydana gələcək."
"Müasir Müsavat" adlanan qəzet artıq nəşrə başlayır və aldığımız məlumata görə, bu qəzet yalnız Müsavatı "vurmaq" məqsədilə yaradılır: "Müasir Müsavat" qəzeti "Yeni Müsavat"dan fərqli olaraq ictimai rəyə çox güclü təsir gücünə malik olacaq."
H.Hacıyev qəzetin yaxın günlərdə fəaliyyətə başlayacağını bildirdi.
|
AMİP-in iddiası təmin olunmadı
|
Sentyabrın 7-də İqtisad məhkəməsində AMİP-in İqtisadi İnkişaf Nazirliyinə qarşı iddiası üzrə məhkəmə prosesi davam edib və məhkəmənin qətnaməsi qəbul olunub. Qətnaməyə görə, AMİP-in iddiası təmin olunmayıb. Bu barədə "Bizim ƏSR"ə bildirən AMİP siyasi şurasının sədri, AMİP-in məhkəmədə təmsilçisi Fuad Ağayev qərardan narazı qaldıqlarını söylədi. "Biz açıq-aşkar nümayiş etdirdik ki, İqtisadi İnkişaf Nazirliyi AMİP-lə icarə müqaviləsi bağlaya bilərdi və bağlamalı idi."
|