Siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#102(326)
"İşğal olunmuş ərazilər qaytarılmalıdır"
Dağlıq Qarabağ erməniləri "Dördlər"lə görüşdə ərazilərimizin işğal olunduğunu etiraf etdilər

"Qarabağ Xartiyası"nın müəllifləri olan sabiqlər - Tofiq Zülfüqarov, Eldar Namazov və Sabit Bağırov dünən "Ayna" qəzetinin redaksiyasında Soros Fondu xəttilə Bakıya gəlmiş Dağlıq Qarabağ erməniləri ilə görüş keçirdilər. Sənədin daha bir müəllifi - AMİP-çi Nazim İmanov isə tədbirdə iştirak etmirdi.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov giriş sözündə tədbirin əvvəlində erməni nümayəndə heyətinin üzvlərini Azərbaycan vətəndaşları kimi qəbul etdiyini bildirdi və onları salamladı. Sabiq nazir əlavə etdi ki, görüşün təşkilində əsas məqsəd erməni nümayəndə heyətini Dağlıq Qarabağ probleminin həlli ilə bağlı cəmiyyətin ümumi mövqeyini əks etdirən prinsiplərlə tanış etməkdir. Problemin həlli istiqamətində aparılan danışıqların cari ilin əvvəlindən etibarən "daşa dirəndiyini" deyən Zülfüqarov bunu Ermənistan parlamentinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müəyyənləşdirdiyi prinsiplərlə əlaqələndirdi: "Hazırda aparılan danışıqlar böhranlı mərhələyə çatıb. Bizim fikrimizcə, bunun başlıca səbəbi ilin əvvəlində Ermənistan parlamentinin münaqişənin həlli ilə bağlı müəyyənləşdirdiyi prinsiplərlə bağlıdır. Ermənistanın mövqeyini indiki halda yalnız belə izah etmək olar: ya Dağlıq Qarabağ müstəqil olmalıdır, ya da Ermənistana birləşdirilməlidir. Bu bir növ ultimatumdur ki, Azərbaycan Qarabağın itkisi ilə barışmalıdır".
Tofiq Zülfüqarov bildirdi ki, Azərbaycan cəmiyyəti də problemlə bağlı öz mövqeyini ortaya qoyub və münaqişə ilə bağlı prioritet prinsipləri müəyyənləşdirib. Bu prinsipləri özündə əks etdirən "Qarabağ Xartiyası"nın 600-dan çox ictimai-siyasi təşkilat tərəfindən imzalandığını deyən sabiq nazir Azərbaycanın mövqeyini ermənilərin diqqətinə çatdırdı: "Sənəddə 3 əsas prinsip öz əksini tapıb. Birincisi, işğal olunmuş ərazilərin azad olunması və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, ikincisi, qaçqınların öz torpaqlarına qayıtması, üçüncüsü, Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək status verilməsi. Azərbaycan ictimaiyyətinin mövqeyi belədir ki, bu üç prinsip qəbul olunmasa, Azərbaycan güc tətbiq etməlidir. Cəmiyyət bu məsuliyyəti artıq üzərinə götürüb".
"Qarabağ Xartiyası"na Azərbaycan iqtidarının münasibəti ilə bağlı "Stepanakert Press-Klubu"nun nümayəndəsi Baqram Ohacanyanın sualını cavablandıran Tofiq Zülfüqarov bildirdi ki, prioritet prinsiplər hamı tərəfindən dəstəklənir: "Biz sonda bu sənədlə bağlı Azərbaycan iqtidarını da məlumatlandıracağıq. Şübhə etmirik ki, sənəd hakimiyyət tərəfindən də dəstəklənəcək".
Tofiq Zülfüqarov erməni nümayəndə heyətinin nəzərinə çatdırdı ki, Ermənistan qarşılıqlı etimad üçün ilkin addımları atmadan qondarma rejimlə hər hansı danışıqlar mümkün deyil: "Bunun üçün heç olmasa, Dağlıq Qarabağ ətrafındakı rayonlar tezliklə azad olunmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusunu daha asanlıqla müəyyənləşdirmək olar".
Azərbaycan tərəfinin Dağlıq Qarabağa təklif etdiyi statusun səviyyəsi ilə bağlı verilən sualı cavablandıran politoloq bunları bildirdi: "Ən azı xarici siyasət, vergi, seçkilər məsələsində Dağlıq Qarabağ mərkəzi hakimiyyətə tabe olmalıdır. Məsələn, biz Rusiyada mövcud olan Tatarıstan statusu səviyyəsində status təklif edirik. Dağlıq Qarabağa verilən status yalnız Azərbaycan Konstitusiyasının imkan verdiyi çərçivədə ola bilər".
Nazirin çıxışından sonra Baqram Oqacadyan bildirdi ki, Dağlıq Qarabağ erməniləri onların təhlükəsizliyinə təminat veriləcəyinə inanmırlar. Bununla belə əlavə etdi ki, Ermənistan parlamentində aparılan müzakirələr zamanı Azərbaycanın tutulan torpaqlarının geri qaytarılması ilə bağlı ümumi fikir olub: "Məncə, bu torpaqların qaytarılmasından Ermənistan da imtina etmir. Yəni həmin torpaqlar geri qaytarılmalıdır. Sadəcə, Ermənistanda deyirlər ki, Azərbaycan sizi aldadır. Torpaqlar azad olunan kimi sizi yenidən əzəcəklər".
Ermənilərin narahatçılığını əsassız sayan Zülfüqarov dedi ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi beynəlxalq təşkilatların diqqət mərkəzində olacaq: "Siz torpaqları azad etmirsiniz, qaçqınlarımız çadırlarda yaşayır, özü də bizimlə kompromisdən danışırsınız. Əgər Ermənistan düşünürsə ki, Dağlıq Qarabağı Azərbaycandan qopara bilər, çox böyük səhv edir. Azərbaycan neft hasil və ixrac edən ölkədir. Əgər təhlükəsizliklə bağlı vədinə əməl etməsə, çox ciddi sanksiyalarla üzləşə bilər. Biz bunu dəfələrlə demişik. Sadəcə, siz yenə də təhlükəsizlik məsələsindən bəhanə kimi istifadə edirsiniz".
Prezident Katibliyinin sabiq rəhbəri, politoloq Eldar Namazov da Ermənistanın danışıqlarda ultimativ mövqe tutmasının yolverilməz olduğunu dedi. O bu səbəbdən də Azərbaycan cəmiyyətinin Ermənistanın sülh barədə bəyanatlarına qeyri-ciddi yanaşdığını vurğuladı. "Ermənistan istəyir ki, Dağlıq Qarabağın təhlükəsizliyini də özü təmin etsin. Bu, yolverilməzdir" - deyən politoloq Azərbaycanın problemi həll etmək üçün güc tətbiq etmək hüququnun olduğunu ermənilərin diqqətinə çatdırdı.
Tədbirin sonunda ermənilər mövqelərin yaxınlaşması, ortaq məxrəcin tapılması üçün ictimaiyyətin ayrı-ayrı təbəqələrinin mütəmadi olaraq görüşməsinə ciddi önəm verdiklərini vurğuladılar.

666 manatlıq cərimə?..

"Ulus" qəzeti ilə redaksiyanın keçmiş əməkdaşı Aybəniz İlqar arasındakı insident davam etməkdədir. Onu da deyək ki, A.İlqar bu il iyulun 5-də əmək kitabçasına möhür vurulmasını tələb edərkən qəzetin təsisçisi Yaqub Abbasov və baş redaktorun müavini Surxay Qocayev tərəfindən əvvəlcə təhqir olunmuş, sonra isə döyülmüşdür. S.Qocayevlə Y.Abbasov isə AR CM-nin 221.2.1 maddəsiylə (xuliqanlıq-red.) ittiham edilərək həbs olunublar.
Dünən Bakı Mətbuat Klubunda vəkil Osman Kazımov və "Ulus" qəzetinin əməkdaşları mətbuat konfransı keçirdi. Əvvəlcə Dağlıq Qarabağda yaşayan bir qrup erməninin ölkəmizə səfərinə münasibətini bildirən O.Kazımov səfərin təşkilatçılarını - Zərdüşt Əlizadə ilə Arzu Abdullayevanı ittiham etdi: "Əgər bu iki insan vəkili olduğum Qarabağ Əlillərinin huquqlarını müdafiə təşkilatından çıxmasa, mən onların vəkili olmaqdan imtina edəcəyəm". Osman Kazımov hətta A.Abdullayevanı bir-iki günə məhkəməyə verəcəyini də bəyan etdi: "İnsidentdən iki ay keçməsinə baxmayaraq, hüquq mühafizə orqanları tərəfindən heç bir istintaq aparılmayıb. Hadisənin baş verdiyi yer - yəni qəzetin redaksiyası yoxlanılmayıb, əməkdaşlar dindirilməyib. Redaksiyanın binası ilə üzbəüz olan firmanın işçiləri həmin gün kiminsə döyüldüyünü görmədiklərini deyirlər. Hadisəni Aybəniz İlqarla, Mahir Səmədov planlaşdırıb.Onu da deyim ki, Surxay Qocayevin həbsi onların planlarına daxil olmayıb. A.İlqarın hər dəfə 9-cu polis bölməsinə şikayət etməsi şübhə doğurur".
O.Kazımov qeyd etdi ki, A.İlqar Elxan Şükürlü ilə münaqişə edən zaman da məhz həmin bölməyə müraciət edib. A.İlqarın məhkəməyə gəlməkdən imtina edərək müstəntiqə "rəy alınandan sonra görərsiz onlar mənə hansı xəsarəti yetirib" dediyini vurğulayan vəkil ekspert rəyindən narazı qaldıqlarını bildirdi. O, yeni ekspert rəyi almaq üçün məhkəmə tibb ekspertizasına müraciət edəcəklərini söylədi.
Qarşı tərəf A.İlqarı məhkəməyə verərək, onlara böhtan atdığına görə 666 manat məbləğində təzminatı - onların dili ilə desək, "şeytan rəqəmi"ni ödəməsini tələb ediblər. Tədbirdə hadisənin şahidi olan qəzetin əməkdaşları da çıxış etdilər. Onlar keçmiş həmkarlarının heç kimin döymədiyini, A.İlqarın özünün otaqda qışqıraraq, təsisçi ilə redaktorun ünvanına təhqirlər yağdırdığını dedilər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd