|
|
|
|
#102(326)
|
 |
Ponomaryov
ittihamlara cavab verir
|
Moldova və Makedoniyaya qarşı dünya çempionatının qrup seçmə oyunlarında Azərbaycan milli yığma komandasına dəvət almayan Vidadi Rzayev bu işdə bilavasitə baş məşqçi
İ. Ponomaryovu günahlandırır. O, mətbu orqanlara müsahibələrində seçmə kollektivə çağırılmamasını özünə qarşı qərəzli mövqe kimi qiymətləndirir, baş məşqçini vətənini dəyişməkdə, Azərbaycana qeyri-sadiqlikdə və s. ittiham edir.
İnsidentlə bağlı dünən AFFA-da təşkil edilən mətbuat konfransında İqor Ponomaryov bildirib ki, o, Azərbaycana həmişə sadiq olub və vaxtilə "Neftçi"nin şərəfini qorumasından, indi isə ölkənin milli seçmə kollektivinə başçılıq etməsindən məmnundur: "Mən Bakıda doğulmuşam. Xaricdə yaşasam da, indi də özümü bakılı sayıram. Çünki dostlarım ən yaxın, qohumlarım, anam bu şəhərdə yaşayır. Mən milli komandanı qəbul edəndə, məsələnin maddi tərəfini əsas götürməmişəm. Başlıca məqsədim yalnız Azərbaycan futboluna xidmət etmək olub".
Qısamüddətli fasilə bitdi
Milli çempionat yenidən diqqət mərkəzində
|
Futbol üzrə XI Azərbaycan çempionatının güclülər dəstəsində yaranmış qısamüddətli fasilə başa çatdı: bu gün təqvim-cədvələ əsasən üçüncü tur start götürür.
Hesabat turu bir sıra xüsusiyyətlərinə görə səciyyəvidir - uzun fasilədən sonra, belə demək mümkünsə, böyük futbol Qusara qayıdır, yenicə istifadəyə verilmiş "Şəfa" stadionu isə beynəlxalq görüşlərin ardınca qapılarını ilk dəfə ölkədaxili matç üçün açacaq. "Şəfa" - "Neftçi" matçı ənənəvi gündüz vaxtda deyil, saat 19.00-da başlanacaq. Yeri gəlmişkən, görüş ölkə çempionatının oyunlarının yayım hüququnu almış "Lider" TV ilə birbaşa göstəriləcək.
Üçüncü turun bütöv anonsu:
8 sentyabr
"Xəzər Universiteti" - "Qarabağ/Azərsun". Zabrat qəsəbə stadionu. Hakim: Xaqani Məmmədov (Bakı);
"Şahdağ" (Qusar) - "Kəpəz" (Gəncə). Qusar, Şövkət Orduxanov adına şəhər stadionu. Hakim: İmanxan Sultani (Bakı);
9 sentyabr
"Ümid" (Bakı) - "Dinamo/Bakılı" (Bakı). Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadion. Hakim: Fazil Mürşüdov (Sumqayıt);
"Araz" (Naxçıvan) - MOİK. Naxçıvan şəhər stadionu. Hakim: Zöhrab Qədiyev (Bakı);
10 sentyabr
"Şəfa" (Bakı) - "Neftçi" (Bakı). "Şəfa" stadionu. Hakim: Məhəmməd Məmmədov (Gəncə);
"Şəmkir" (Şəmkir) - "Turan" (Tovuz). Şəmkir şəhər stadionu. Hakim: Azad Mütəllimov (Sumqayıt).
Qeyd: "Şəfa" - "Neftçi" görüşü istisna olmaqla (bu barədə yuxarıda bəhs etmişdik), digər matçlar saat 17.00-da başlanacaq.
Teymur liderliyi Polqarla bölüşür
|
Buenos-Ayresdə Migel Naydorfun xatirəsinə həsr olunmuş XII ənənəvi beynəlxalq şahmat turnirinin üç turu arxada qalıb.
İlk görüşdə heç-heçə oynayan həmyerlimiz Teymur Rəcəbov növbəti iki turda Cənubi Amerikanın ən güclü şahmatçıları Pablo Rikardi və Jilberto Miloşa qalib gəlib: 14 yaşlı beynəlxalq qrossmeysterimiz 2,5 xal toplayaraq hazırda Macarıstan şahmatçısı Yudit Polqarla 1-2-ci yerləri bölüşür.
Onların ən yaxın izləyiciləri Anatoli Karpov və Viktor Korçnoyun hesabında 2 xal var.
|