Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#102(326)
Qatil Zığda gizlənirdi...
Polis əməkdaşları isə onu 6 il axtarıblar

Bayıl istintaq təcridxanasında Əliyusif Tahirovun və digər 5 müttəhimin məhkəmə istintaqı davam edir.
Dünən Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları Təbriz Ağayev və Rasim Səlimov məhkəmədə şahid qismində ifadə verdilər. Onlar uzun müddət Qum adasında gizlənən Aydın Cəfərovu iki dəfə şübhəli şəxs qismində saxlayıblar. Polislər üzərində heç bir sənədi olmayan A.Cəfərovu bölməyə aparmaq əvəzinə sərbəst buraxıblar. Bunun müqabilində isə hər iki polis əməkdaşı A.Cəfərovdan müxtəlif formada istifadə edib. T.Ağayev A.Cəfərovu bir neçə gün həyətyanı sahəsində pulsuz işlədib. R.Səlimov isə onu polis bölməsinə aparacağı ilə hədələyərək, 5 min dollar tələb edib. Bu qədər pulu olmadığını bildirən A.Cəfərov R.Səlimovla nəhayət 500 dollara razılaşıb.
Sövdələşmənin şərtlərini yerinə yetirmək istəyən A.Cəfərov evinə gəlib. O, razılaşdırılmış məbləği toplaya bilməyəcəyini görüb, polis əməkdaşına büllur vaza aparıb. Lakin bu kiçicik hədiyyə R.Səlimovu qane etməyib. A.Cəfərov bu dəfə həyat yoldaşına məxsus qızıl nişan üzüyünü polisə verir. "O üzük mənim üçün çox qiymətli idi" deyən müttəhimin bu ifadəsini təsdiqləməyən R.Səlimov onu bölməyə aparmağının səbəbini izah edə bilmədi.
Məhkəmə istintaqı zamanı o da məlum oldu ki, R.Səlimov mühafizə etdiyi ərazini talamaqla məşğul imiş. Belə ki, R.Səlimov A.Cəfərovu Zığda - neft buruqlarının yerləşdiyi ərazidən keçən kabel xətlərini sökməyə yollayıb. O, talan edilmiş kabelləri 300 min manata sataraq, həmin puldan Aydına 50 min manat da verib.
R.Səlimovun sözlərinə görə, o, A.Cəfərovun axtarışda olduğunu bilməyib. Ailəsini dolandırmaq məqsədilə Cəfərova bir qədər kabel verdiyini təsdiqləyən polis rüşvət almadığını iddia edir. Qeyd edək ki, mühafizə etdiyi ərazidə polislər bu qədər özbaşınalıq etsələr də, ibtidai istintaq orqanı onlar barədə heç bir tədbir görməyib.
Xatırladaq ki, Aydın Cəfərovun müvəqqəti yaşadığı evdən külli miqdarda silah tapılıb və onun həbsindən sonra Zığda gizlənən sifarişli qətllərin müəllifi Əliyusif Tahirov da 6 il axtarışdan sonra yaxalanıb. Ona görə də Ə.Tahirov həbs edilməsində günahı məhz xalası oğlu A.Cəfərovda görür. Ə.Tahirov A.Cəfərova bir neçə dəfə hədə-qorxu gəldiyindən, müttəhim ailəsinin təhlükəsizliyini təmin etmək üçün məhkəməyə müraciət edib. "Əliyusifin bayırda adamları var" deyən A.Cəfərovun xahişini məhkəmə kollegiyası təmin edib.

Adam oğruları yaxalandı
Onların ikisi qadındır

Dünən səhər saat 5.30-da Azərbaycan-Rusiya sərhədində adam oğurluğu ilə məşğul olan dəstənin (kriminal aləmdə buna kidnepinq deyirlər-red.) üzvləri - Ruslan İsgəndərov, Yaqub Cəfərov, Cavid Şükürov həbs edilib. Onları Qusar rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları və sərhədçilər yaxalayıblar.
Məlumatla bağlı DİN-nin mətbuat xidmətindən aldığımız informasiyaya görə, sentyabrın 6-da əvvəlcə dəstənin 2 qadın üzvü - Lalə Şirinova, Nargilə Əliyeva həbs edilibmiş. Belə ki, onlar bir gün əvvəl Gədəbəy rayonundan Bakıya qonaq gələn 16 yaşlı Mehrab Tağıyevi aldadaraq oğurlayıblar. "Kidnepinqlər" yeniyetmənin azad edilməsi üçün onun valideynlərindən 10 min dollar tələb ediblər. Cinayətkarlar bildiriblər ki, həmin məbləğ ödənilməsə, hüquq-mühafizə orqanlarına şikayət edilsə, Mehrabı öldürəcəklər. Cinayətkarların hədə-qorxularına baxmayaraq, "girovun" yaxınları hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları təhlükə altında olan insan həyatını xilas etmək üçün yüksək peşəkarlıqla əməliyyat planı hazırlayıblar.
Srağagün kidnepinqlər pulları götürmək üçün müəyyən olunmuş yerə 2 qadını - L.Şirinovanı və N.Əliyevanı göndəriblər. Əməliyyatçılar hər iki dəstə üzvünü izləyərək, M.Tağıyevin saxlandığı yeri aşkar ediblər. Qadınlar həbs olunub. "Girov" azad edilərək valideynlərinə qaytarılıb. Cinayətkar dəstənin digər üzvlərini həbs etmək üçün təcili tədbirlər planı hazırlanıb. İlkin dindirmə zamanı adam oğurluğu ilə məşğul olan dəstənin digər üzvlərinin respublika ərazisini tərk etmək niyyətləri olduğu müəyyənləşib. DİN-in əməkdaşları onların gizlənəcəyi və sərhədi keçə biləcəyi ehtimal edilən əraziləri nəzarətə götürüblər.
Dağıstana keçmək istəyən cinayətkarların bu arzusu baş tutmayıb və onlar həbs ediliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi qaldırılıb, istintaq gedir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd