|
|
|
|
#102(326)
|
 |
Küçə reklamları bələdiyyələrdən alındı
Hacıbala Abutalıbov yeni sərəncam imzalayıb
|
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 22 avqust 2001-ci il tarixli 563 saylı sərəncamına əsasən bələdiyyələrin Bakı ərazisində reklam fəaliyyətinə qadağa qoyulub. Sərəncamda qeyd olunur ki, reklam fəaliyyəti sferasında xaos hökm sürür.
Belə ki, son vaxtlar bələdiyyələr tərəfindən qeyri-qanuni reklam fəaliyyəti həyata keçirilir. Reklam şitlərinin yerləşdirilməsi şəhərin eksteryerini pozur. Bələdiyyələr tərəfindən reklamların quruluşu, dizaynı və qrafikasına diqqət yönəldilmir. Bu da şəhərin küçə və meydanlarının görünüşünü pozur.
Hacıbala Abutalıbovun sərəncamına əsasən Bakı ərazisində reklamların yerləşdirilməsi, reklam fəaliyyəti ilə məşğul olmaq hüququ yalnız meriyanın reklam və informasiya idarəsinə məxsusdur.
Bakı bələdiyyələri yaradılandan bəri onlar büdcələrini artırmaq üçün heç cür küçə reklamlarına nəzarət etmək hüququ əldə edə bilmirlər.
Bu onunla əlaqədardır ki, prezidentin müvafiq sərəncamı olmasına baxmayaraq, hələ də bələdiyyələrin torpaq sahələri müəyyən edilməyib. Nəticədə də meriya bu cür boşluqlardan yararlanmaq istəyir.
Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin reklam və informasiya idarəsi ölkə prezidenti Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" sərəncama uyğun olaraq avqustun 1-ə kimi paytaxtda yerləşdirilmiş bütün reklam şitlərindəki, lövhələrdəki yazıları Azərbaycan dilinin ədəbi normalarına uyğunlaşdırmalı idi. Lakin xarici dillərdə hazırlanmış reklam şitləri, lövhələr və s. çox olduğundan onların sökülməsini hələ də başa çatdırmaq mümkün olmayıb.
Meriyadan bildirirlər ki, bu günlərdə demontaj "əməliyyatı" başa çatdırılacaq. Firmaların, mağazaların, adları xarici dildə saxlanılacaq. Lakin elə həmin reklam lövhələrində Azərbaycan dilində aydınlaşdırma aparılmalıdır.
Reklam lövhələrinin sahibləri isə onları demontaj etməkdən boyun qaçırırlar. Onların bu addımına səbəb yeni lövhələrə çəkiləcək xərclərin onların boynuna düşəcəyi ilə əlaqədardır.
Azərbaycana qanunsuz sement idxal olunurmu?
Dövlət Gömrük Komitəsi bunu qeyri-mümkün sayır
|
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Aydın Əliyev "Qaradağsement" Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbərliyinin komitənin ünvanına söylədiyi ittihamları rədd edib. Xatırladaq ki, baş direktor "Qaradağsement" SC-nin baş direktoru Devid Stoun İrandan Azərbaycana rəsmi idxal göstəricisindən iki dəfə çox qeyri-qanuni sement gətirildiyini, hər iki dövlətin rəsmi statistik göstəriciləri arasında yaranmış fərqə əsaslanmışdı.
Devid Stounun sözlərinə görə, İran statistikası Azərbaycana 486,533 ton sementin idxal olunduğunu göstərir. Bu da Azərbaycan statistikasının göstərdiyi 248,094 ton rəqəmlərilə uyğun gəlmir. Dövlət Gömrük Komitəsinin sədr müavini ANS-ə verdiyi müsahibədə bildirib ki, o, İran statistikası ilə tanış olmasa da, bu dövlətdən Azərbaycana 486,533 ton sementin idxal edilməsini qeyri-mümkün sayır.
"Sərhəd yaxınlığında sement istehsal edən 3 zavodun birgə istehsalı heç bu qədər deyil", - deyə sədr müavini bildirib.
Devid Stoun İran sementinin qeyri-qanuni idxalı barədə fikrini də onunla əsaslandırırdı ki, gömrük rüsumu, əlavə dəyər vergisi, tranzit xərcləri nəzərə alınarsa, 1 ton idxal sementinin maya dəyəri 56 dollara çatmalıdır. Bazarda isə İran sementinin satış qiyməti bəzən bundan da ucuz olur. Aydın Əliyev isə qeyd edir ki, İrandan idxal edilən sementin maya dəyəri 48-51 dollara başa gəlir. Belə ki, sement Devid Stounun göstərdiyi kimi, 20 tonluq deyil, ən azı 30 tonluq maşınlarda gətirilir. Aydın Əliyevin bildirdiyinə görə, ötən ilin ilk 7 ayı ərzində sement idxalı ilə məşğul olan 90 hüquqi və fiziki şəxs qeydiyyata alınıb. İdxalçıların belə çoxsaylı olması da qeyri-qanuni idxalı istisna edir.
|