|
|
|
|
#102(326)
|
 |
Qəbələ RLS-in statusuna dair sənəd imzalanacaq
Bu barədə prezident Heydər Əliyevin Moskvaya səfəri zamanı son qərarın qəbul ediləcəyi gözlənilir
|
Rusiya "Ermənistan və Azərbaycanla yaxşı münasibətləri dəstəkləyən bir dövlət, bir vasitəçi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maksimum maraqlıdır".
Bu barədə dünən RF müdafiə naziri Sergey İvanov Azərbaycan hərbi idarəsinin rəhbəri Səfər Əbiyevlə danışıqlarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz öz fikirlərimizi tərəflərə məcburən qəbul etdirmədən mümkün nizamlanma yollarını axtarmağa hazırıq",-deyə İvanov qeyd edib. Nazir bildirib ki, nizamlanma hər şeydən öncə Azərbaycan və Ermənistan arasında razılıq əsasında əldə edilməlidir.
Xəzərin bölünməsi probleminə gəlincə, İvanovun fikrincə, istənilən situasiyada nizamlanmaya sivil yollarla nail olmaq lazımdır.
Onun sözlərinə görə, Rusiyanın ümumi istəyi belədir ki, "ayırıcı xətlərin suyun qalınlığına aidiyyatı olmasın və Xəzərdə sərbəst hərəkətə maneçilik törətməsin".
İran təyyarələrinin Azərbaycanın hava məkanını dəfələrlə pozması barədə jurnalistlərin suallarını cavablandıran S.Əbiyev bildirib ki, "Azərbaycan Xəzərdə hərbi gərginliyin yaranmasını istəmir". O deyib ki, Azərbaycan Xəzərin demilitarizasiyasına və bütün məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdardır. Nazirin sözlərinə görə, Xəzər məsələsilə bağlı Bakı və Moskva arasında tam qarşılıqlı anlaşma əldə olunub.
Qəbələ RLS-in taleyilə bağlı sualın cavabında Əbiyev deyib ki, tərəflər məsələ ilə bağlı razılığa gəliblər və bu ilin sonlarında Heydər Əliyevin Moskvaya səfəri zamanı sözügedən hərbi obyektin statusuna dair sənəd imzalanacaq.
Öz növbəsində Sergey İvanov bildirib ki, saziş kifayət qədər uzun müddətə imzalanacaq.
Ermənilərlə görüşməkdən çəkinməyəcəklər
HVA ADQK sülhpərvər fəaliyyətini davam etdirəcəyi barədə bəyanat yayıb
|
Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan Dağlıq Qarabağ Komitəsi (ADQK) Dağlıq Qarabağ erməniləri nümayəndə heyətinin Bakıya gəlişilə əlaqədar yaranmış qalmaqalla bağlı bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, HVA ADQK HVA AMK-nın tərkib hissəsi olaraq uzun illər Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətdə obyektiv yanaşmanın formalaşması üçün fəaliyyət göstərib. Bəyanatda daha sonra deyilir: "Qurum bu istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində erməni ictimayyəti arasında məsələni obyektiv anlayan həmfikirlər tapıb, onları Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, qondarma respublikanın heç vaxt suveren dövlət ola bilməyəcəyinə inandırıb, məsələnin sülh yolu ilə həlli üçün erməni tərəfi ilə görüşləri intensivləşdirib".
Eyni zamanda, sənəd müəllifləri görülən işlərə bir sıra ictimai təşkilatların qısqanclıqla yanaşmasından gileylənir.
"Biz HVA ADQK üzvləri bildiririk ki, sülh prosesi istiqamətində aparılan hər bir görüş, atılan hər bir addım Qarabağımızı bir daha yaxınlaşdırır və Azərbaycanın əksər ictimayyətinin ümumi rəyi ilə üst-üstə düşür".
Xəfiyyələr əməkdaşlıq
etsinlər...
Namiq Abbasov: "Azərbaycan öz
ərazisindən İran əleyhinə istifadə
olunmasına imkan verməyəcək"
|
Sentyabrın 6-da Azərbaycanın milli təhlükəsizlik naziri Namiq Abbasov və İranın informasiya (təhlükəsizlik) naziri Əli Yunisinin görüşündə regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlər müzakirə edilib.
İrna agentliyinin yaydığı xəbərə görə, N.Abbasov bildirib ki, Azərbaycan İranla əlaqələri inkişaf etdirmək və genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, Azərbaycan öz ərazisindən İran əleyhinə istifadə olunmasına imkan verməyəcək. Nazir həmçinin qeyd edib ki, bəzi ölkələr Bakı və Tehran arasında münasibətlərin inkişafını alqışlamayacaq.
"Buna görə də iki dövlət xüsusi xidmət orqanları arasında əlaqələrin inkişafı ölkələrimizi mümkün zərərdən qoruya bilər",-deyə N.Abbasov vurğulayıb.
|
Rassel Conston Cənubi Qafqaza gəlir
|
Sentyabrın 8-16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti lord Rassel Conston Cənubi Qafqaz ölkələrinə səfər edəcək. AŞ mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də Rassel Conston Ermənistanda olacaq. Sonra Gürcüstana yola düşəcək, oradan isə Azərbaycana gələcək.
Səfər zamanı AŞPA prezidenti Cənubi Qafqaz ölkələrinin AŞ-yə qəbul olarkən götürdükləri öhdəlikləri yerinə yetirməsinin gedişilə tanış olacaq. Constonun hər üç ölkə prezidenti, həmçinin siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələrilə görüşləri nəzərdə tutulur.
|
Söz azadlığı ləğv edilir?
|
ABŞ höküməti konqres üçün ekspert hesabatı hazırlayır. Həmin sənəddə dövlət sirri hesab olunan məlumatların KİV-ə "sızması"nın nəticələri araşdırılacaq.
Hesabat ABŞ ədliyyə nazirinin rəhbərliyi altında hazırlanacaq. Ötən il konqresdə gizli məlumatların mediaya sızdırılmasının təşkili üçün cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna cəhd edilmişdi. Lakin Klinton administrasiyasının təzyiqləri altında deputatlar bu ideyadan əl çəkmişdilər. Gözlənilir ki, ABŞ höküməti ekspertlərinin hesabatını aldıqdan sonra konqres yenidən bu məsələyə qayıdacaq.
|
Almaniyadan
qaz sayğacları gətirilib
|
Almaniyanın "Elster" şirkəti Azərbaycana 378 ədəd rotorlu qaz sayğacı gətirib. Sayğaclar sənaye müəssisələrində və boru kəmərlərində quraşdırılacaq.
Bu məlumatı "Media-PRESS" agentliyinə verən "Azəriqaz" SC-nin layihələr üzrə qrupun rəhbəri Elxan Məmmədovun sözlərinə görə, Almaniya şirkəti ölkəmizə ümumilikdə 765 ədəd sayğac göndərməlidir. Yerdə qalan 387 ədəd cihazın sentyabrın ortalarında gətirilməsi nəzərdə tutulur.
|
Qazaxıstanın kəmərə
gücü çatmaz...
|
Çinin Xarici Ticarət və İqtisadi Əməkdaşlıq Nazirliyinin şöbə müdiri Li Qan Qazaxıstanın "Qərbi Qazaxıstan-Qərbi Çin" neft kəmərinin inşasına hazır olmadığını bəyan edib.
Onun fikrincə, bu layihə yalnız ildə 20 milyon ton xam neft nəql ediləcəyi təqdirdə rentabelli ola bilər. Qazaxıstanın illik neft hasilatı (31,4 milyon ton) və neft ehtiyatlarının həcmi (738,9 milyon ton) bu layihəyə nikbinliklə baxmağa əsas vermir.
|
Qafqaz Jurnalistləri Birliyi yaradıldı
|
Dünən Bakı Mətbuat Klubunda Qafqaz Jurnalistləri Birliyinin (QJB) təsis konfransı keçirilib. Yeni təşkilatı Azərbaycan, Gürcüstan, Çeçenistan, Kabarda-Balkar, Adıgey, İnquşetiya, Abxaziya, Çərkəz-Qaraçay jurnalistləri yaradıb.
Konfrans iştirakçıları qurumun Məramnamə və Nizamnaməsini qəbul edib. QJB-nin yaradılmasında başlıca məqsəd Qafqazın "düşmən" qüvvələrin təsirindən xilas edilməsinə, regionun müstəqil inkişafının təminatına, "qafqazlıların könüllülük, azad və bərabərlik əsasında birləşməsinə" yardım göstərməkdir.
Nizamnaməyə görə, QJB rəhbər orqanlarına regionu təmsil edən ölkə nümayəndələrinin bərabər sayda daxil olması nəzərdə tutlur. Sentyabrın 8-də QJB-yə sədr seçkisi keçiriləcək.
Köçkünlər məskunlaşdırılır
Ağdam və Füzuli köçkünlərinin bir
qismi bu rayonların işğal altında
olmayan ərazilərində yerləşdiriləcək
|
Dünən prezident Heydər Əliyev Ağdam və Füzuli rayonlarında məcburi köçkünlərin məskunlaşdırılması barədə fərman imzalayıb. Fərmanda bildirilir ki, Dağlıq Qarabağ və ətraf rayonlardan köçkün düşmüş əhalinin böyük hissəsi artıq neçə illərdir ki, çadır şəhərciklərində, müvəqqəti taxta evlərdə və yük daşınması üçün nəzərdə tutulan vaqonlarda məskunlaşıb.
Ölkə hökuməti, yerli iş adamları və xarici humanitar təşkilatlarının yardımlarına baxmayaraq, bu köçkünlərin həyat şəraiti çox ağırdır. Həmin köçkünlər arasında işsizlik xüsusilə yüksəkdir. Odur ki, ölkə prezidenti çadır düşərgələrində, dəmiryol vaqonlarında müvəqqəti məskunlaşmış Ağdam və Füzuli rayonundan olan məcburi köçkünlərin bir qisminin yaşayış şəraitinin yaxşılaşdırılması üçün müvafiq infrastrukturlar daxil olmaqla yaşayış qəsəbələrinin tikilməsi, məcburi köçkünlərin kənd təsərrüfatı ilə məşğul olması üçün hər bir ailəyə həyatyanı və torpaq sahələrinin ayrılması məqsədilə fərman imzalayıb. Fərmana əsasən, Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlərin bir qisminin Ağdam rayonunun Ergi, Xındırıstan, Kursallı, Ayaq Qərvənd kəndlərinin və Füzuli rayonunun Haramı ərazisində məskunlaşması üçün 2001-2002-ci illərdə 1300 ailəyə fərdi ev tikiləcək.
Bu məqsədlə Ağdam rayonu ərazisində 500 ailənin yerləşdirilməsi üçün 4 qəsəbə (iki 100 ailəlik və iki 150 ailəlik), Fözuli rayonu ərazisində isə 800 ailənin yerləşdirilməsi üçün daha 4 qəsəbə (hər biri 200 ailəlik) tikilməlidir. Fərdi evlərlə yanaşı hər köçkün ailəsinə həyətyanı və əkin üçün torpaq sahəsi veriləcək. Bu işlər "Dövlətqaçqınkom" və müvafiq icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək. Tikinti işləri, köçkün ailələrinin sözügedən ərazilərə köçürülməsi və torpaq sahələrinin ayrılması üçün Dövlət Neft Fondunun hesabından "Dövlətqaçqınkom"a 84 milyard manat vəsait ayrılacaq. İşlərin həyata keçirilməsi üçün sifarişçi təşkilat qismində Sosial İnkişaf Fondu çıxış edəcək.
Qeyd edək ki, bir qədər əvvəl ölkə prezidenti Ermənistandan didərgin düşmüş və indiyədək normal həyat şəraiti ilə təmin olunmamış qaçqınların daimi məskunlaşdırılması barədə fərman vermişdi. Lakin həmin sənəddən fərqli olaraq cari fərman Qarabağ köçkünlərinin bir qisminin məhz köçkün düşdükləri rayonların işğal olunmamış ərazisində müvəqqəti məskunlaşdırılmasını nəzərdə tutur. Bu heç də o demək deyil ki, ölkə rəhbərliyi Qarabağ köçkünlərini yeni ərazilərdə məskunlaşdıraraq münaqişənin həllini uzaq perspektivə saxlayır. Sadəcə olaraq bu addımla vəziyyəti xüsusilə ağır olan məcburi köçkünlərin bir hissəsinə elə təmsil etdikləri rayonların ərazisində nisbi həyat şəraiti yaradılacaq.
"Xalq diplomatiyası Qarabağ problemini həll edə bilməz"
Eldar Namazov: "Bizi müharibəyə çağırsalar, ermənilər uduzacaq"
|
Siyasi müxalifət lidelərindən fərqli olaraq "Dördlər" (Nazim İmanov istisna olmaqla-red.) DQ-dən gələn erməni nümayəndə heyəti ilə görüş üçün əvvəlcədən təyin etdikləri vaxtı təxirə salmadılar. Xartiyanın müəlifləri özünü qondarma "DQR" vətəndaşı kimi təqdim edənlərlə polemikaya girdilər, Azərbaycanın mövqeyini bir daha ortaya qoydular.
Prezidentin sabiq köməkçisi Eldar Namazov da ermənilərlə görüşmək istəmirmiş, məcbur olub. Özünün dediyinə görə, Azərbaycanı gözləyən növbəti informasiya təhlükəsini dərhal hiss edib...
Ermənilər Sizin "DQ-yə Rusiyada
olan Tatarsıtan statusu verilə bilər" təklifinizə necə reaksiya verdilər?
- Biz bunu konkret olaraq təklif kimi səsləndirməmişik. Həm də mən bu görüşün danışıqlar kimi qəbul edilməsini də düzgün hesab etmirəm. Danışıq aparmaq üçün görüşdə iştirak edən tərəflərin qərar qəbul etmək səlahiyyəti olmalıdır. Bu isə bizdə yox idi. Görüşün baş tutması sadəcə olaraq DQ-dən gələn ermənilərin xartiya ilə maraqlanmaları olub. Bilirdik ki, onlar xartiya ilə maraqlanırlar. Sonra biz onlara Azərbaycan cəmiyyətinin əsas mövqeyini çatdırdıq. Dedik ki, torpaqlar azad olunmalı, qaçqınlar yurd-yuvalarına qayıtmalıdır. Əgər bu sülh yolu ilə mümkün olmasa, Azərbaycan güc tətbiq etməli olacaq.
Xartiyaya ermənilərin münasibəti nə
cür oldu? Mövqelərini Sizə açıqlamadılar ki?
- Açığını deyim ki, onlar heç bir münasibət bildirmədilər. Amma bizə təşəkkür etdilər ki, onlara bu informasiyanı çatdırmışıq. Bəzi jurnalistlər dedilər ki, ermənilər Azərbaycan cəmiyyətinin mövqeyini öyrənəndən sonra o qədər də xoşbəxt olmayıblar. Özləri ilə görüşdə sadəcə üzbÿəüz oturmuşduq və ona görə də onların mövqeyi ilə tanış olmadıq. Amma öz mövqeyimizi necə lazım idisə, onlara çatdırdıq.
Bəs "Dördlər" ermənilərin
Azərbaycana dəvət olunmasına nə cür baxır? Çünki siyasi dairələrdə ikitirəli mövqe var.
- Onların Azərbaycana dəvət ediləcəyi ilə bağlı bizə əvvəldən ciddi məlumat daxil olmayıb. Səfərdən bir neçə gün əvvəl eşitdik ki, ermənilər Bakıya gəlir, artıq görüşlərə qədər hər şey razılaşdırılıb. Amma eşitmişdik ki, ermənilər bizimlə görüşmək istəyirlər. Xalq diplomatiyasına şəxsən mənim münasibətim belədir ki, bu, Qarabağ probleminin həllində rol oynaya bilməz. Əsas rolu Azərbaycan dövlətinin, ordunun qüdrəti oynayacaq. Xalq diplomatiyası isə hansısa yardımçı funksiyanı yerinə yetirə bilər. Ona görə də ermənilərlə bu cür görüşləri həlledici və vacib hesab etmirəm. Sadəcə olaraq bu dəfə əvvəlkilərdən tamam başqa bir vəziyyət yarandı. Qarabağ erməniləri hava limanında çox provakasion bəyanat verdilər. Bu isə hamının, o cümlədən mənim qəzəbimə səbəb oldu. Bundan sonra ermənilərin nəzərdə tutduğu görüşlərin əksəriyyəti baş tutmadı. Biz burada bir təhlükə hiss etdik. Çünki həmin ermənilər qayıdıb bütün dünyaya car çəkəcəkdi ki, "getdik Bakıya, bizi heç kim qəbul etmədi, bizimlə danışmadılar, hər yerdə söyüb təhqir etdilər". Sonra da bundan bir bəhanə kimi istifadə edəcəkdilər ki, bu cür şəraitdə biz Azərbaycanın tərkibində qala bilmərik. Ona görə də belə bir qərara gəldik ki, ermənilərlə media nümayəndələrinin qarşısında görüş keçirək, Azərbaycanın mövqeyini onlara açıq, aydın şəkildə izah edək. Və təklif edək ki, gedib düşünsünlər, Azərbaycanın mövqeyini nəzərdən keçirsinlər, gələcəkdə onları nə gözləyə bilər, bunu indidən dərk etsinlər.
Həmişə ermənilərin arqument kimi
istifadə etdiyi məsələ DQ ermənilərinin təhlükəsizliyinə Azərbaycan tərəfinin zəmanəti olub. ÿSizə elə gəlmir ki, ermənilərə qarşı emosional reaksiya bu məsələdə vəziyyəti bizim üçün daha da əngəllədi...
- Belə güman etmirəm. Əksinə, biz onlara çatdırdıq ki, torpaqlarımızı işğal etmisiniz, hələ əvəzində bizdən təminat da tələb edirsiniz. Düşünmürsünüz ki, Azərbaycan öz torpaqlarını, əhalisini qorumalıdır, vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir? Yəni bu, birtərəfli ola bilməz.
Bugünkü (dünənki - V.A.) görüşdə
belə bir fikr səslənib ki, DQ ermənilərinə təminat verilərsə və bu sonradan pozularsa, Azərbaycan ölkəyə investisiya yatıran nəhəng dövlətlər qarşısında cavab verməli olacaq. Ümumiyyətlə, həmin dövlətlər təhlükəsizliyin qarantı kimi iştirak edə bilərmi?
- Vaxtilə Azərbaycan tərəfi razılıq verdi ki, Qarabağ problemi ATƏT çərçivəsində müzakirə olunmalıdır və bunun ardınca da Minsk qrupu yaradıldı. Onda mən bunu o qədər də düzgün addım hesab etmədim. Amma bundan sonra hər hansı bir ümumi razılıq əldə edilsə, onda ATƏT Minsk qrupu qarant kimi çıxış edəcək.
Görüşdə ermənilərdən biri "bəli,
Azərbaycanın torpaqları işğal olunub" deməsi "Dördlər"in uğurudur, yoxsa ermənilər artıq həqiqəti başa düşür?
- Onlar "tutaq ki, razılaşdıq ki, Azərbaycanın torpaqları işğal olunub, qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdır. Onda Azərbaycanın tərkibində bizim statusumuz nə cür olacaq" dedilər. Ona görə də biz hesab etmirik ki, burada hansısa ciddi uğur var. Onu da deyim ki, hər bir danışıqlarda, görüşlərdə Azərbaycanın mövqeyini çox dəqiq və sərt şəkildə qoymalıyıq. Qarşı tərəf başa düşməlidir ki, onlar qarşı tərəfin ərazi bütövlüyünü tanımaq istəmirlərsə, Azərbaycanı faktiki olaraq müharibəyə dəvət edirlər. Və bizi müharibəyə çağırırlarsa, ermənilər uduzacaq.
Bizdə olan məlumata görə,
xartiyanın müəllifləri yaxın günlərdə Ermənistana dəvət alacaq.
- Ermənistana getmək planımız yoxdur. Düzdür, bir müddət əvvəl mən belə bir dəvət almışam. Amma getmədim.
Niyə?
- Hesab edirəm ki, yalnız Qarabağ problemini həll edəndən sonra hara istədik, ora gedə bilərik.
|