|
|
|
|
#102(326)
|
 |
Xatəmi Namiq Abbasovu
qəbul edib
|
"İran Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir",- deyə prezident Məhəmməd Xatəmi Azərbaycanın milli təhlükəsizlik naziri Namiq Abbasovu qəbul edərkən bildirib.
O, iki qonşu ölkə arasında əməkdaşlığın inkişafı məsələsində Xəzər dənizini "mühüm amil" adlandırıb və əlavə edib ki, daxili sular bütün sahilyanı ölkələrə məxsusdur. Bu barədə İran mənbələri məlumat yayıb.
"Güman edirik ki, qarşılıqlı hörmət əsasında bütün sahilyanı ölkələrin qanuni maraqları nəzərə alınacaq",-deyə İran prezidenti vurğulayıb. O qeyd edib ki, sahilyanı ölkələr "kənar qüvvənin" müdaxiləsi olmadan Xəzərin çiçəklənməsi və təhlükəsizliyi üçün əlverişli zəmin yarada bilər. Xatəmi bildirib ki, İran Xəzərin demilitarizasiyasına tərəfdardır.
Xatəmi prezident Heydər Əliyevin İrana qarşıdakı səfərindən məmnun olduğunu bildirib və iqtisadi, mədəni sahələrdə iki ölkə arasında əlaqələrin inkişafına tərəfdar olduğunu vurğulayıb.
Öz növbəsində N.Abbasov İranı "Azərbaycanın güclü qonşularından biri" adlandıraraq Bakı və Tehran arasında əlaqələrin vacibliyini qeyd edib.
Nazir iki ölkə xüsusi xidmət orqanları arasında əlaqələrin möhkəmləndirilməsinə tərəfdar olduğunu vurğulayıb və bildirib ki, bu, dövlətlərarası əlaqələrin də möhkəmləndirilməsinə xidmət edər.
|
Rusiya ilə hərbi
əməkdaşlığı genişləndiririk
|
Dünən Moskvada Rusiya müdafiə naziri Sergey İvanov və Azərbaycanın hərbi idarəsinin rəhbəri Səfər Əbiyev hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.
Görüşdən sonra S.İvanov jurnalistlərə bildirib ki, "hər şeydən öncə söhbət Rusiya mütəxəssislərinin Azərbaycan ordusundakı silah və hərbi texnikanın modernləşdirilməsi, yenidən təchiz edilməsi və istifadəsində iştirakının mümkünlüyündən gedir".
Rusiya hərbi idarəsinin başçısı qeyd edib ki, danışıqlar zamanı azərbaycanlı hərbi qulluqçuların RF Müdafiə Nazirliyinin ali məktəblərində təhsil alması ilə bağlı məsələlər də müzakirə edilib. "Biz bütün MDB dövlətləri üçün nəzərdə tutulan güzəştlər əsasında azərbaycanlı hərbi qulluqçuları qəbul edib onların təhsil almasına yardım göstərməyə hazırıq," - deyə İvanov bildirib.
Öz növbəsində S.Əbiyev deyib ki, danışıqlar zamanı iki dövlət Hava Hücumundan Müdafiə (HHM) sisteminin qarşılıqlı fəaliyyəti barədə razılıq əldə olunub. "Bizim HHM sistemləri qarşılıqlı fəaliyyət göstərəcək və bir-birinin komanda məntəqələrinə informasiya ötürəcək," - deyə nazir vurğulayıb.
|
Azərbaycanda da Ph.D. elmi
dərəcəsi tətbiq olunacaq
|
Milli Məclisin payız sessiyasında deputatlar "Təhsil haqqında" yeni qanun qəbul edəcək. Hələ ötən il sənədin layihəsi birinci oxunuşda təsdiq edilib. Parlamentin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov bildirib ki, qanun layihəsi xeyli təkmilləşdirilib və yaxın günlərdə mütəxəssislərin iştirakı ilə bir daha müzakirə olunacaq.
Mübahisəli məqamlardan biri aspiranturanın saxlanmasıdır. Əsgərov ehtimal edir ki, elm-təhsil sistemində bu institut doktorantura adı altında saxlanacaq. Doktoranturanı bitirən və dissertasiya müdafiə edən şəxslərə bir çox ölkələrdə olduğu kimi, Ph.D.- fəlsəfə doktoru elmi dərəcəsi veriləcək. Ph.D.-nin ardınca konkret elm sahəsinə mənsubluq göstəriləcək.
"Yeni qanunda qeyri-dövlət təhsil sisteminin problemləri əksini tapacaqmı" sualının cavabında Əsgərov bildirib ki, bu məsələlər özəl təhsil ocaqlarına dair ayrıca qanunvericilik aktı ilə tənzimlənəcək.
"Ramstor"da nə baş verib?
Ticarət mağazasını yenidən tikmək üçün tender elan edilib
|
Bu il iyunun 6-dan 7-nə keçən gecə "Ramstor -1" ticarət mağazasında baş vermiş yanğınla bağlı DİN Yanğından Mühafizə Baş İdarəsi istintaq şöbəsinin qaldırdığı cinayət işi bu gün başa çatıb.
CM-in 225-ci maddəsilə (təhlükəsizlik qaydalarının pozulması) qaldırılan iş cinayət tərkibli olmadığı üçün dayandırılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən bəlli olub. İstintaq qəsdən yandırma versiyasını istisna edib. Müəyyən olunub ki, yanğın elektrik lampaları starterində yaranan qısa qapanma nəticəsində baş verib. Dövlətə heç bir zərər dəyməyib. Belə ki, "Ramstor - 1" özəl qurumdur.
"Ramstor -1" rəhbərliyinin nümayəndəsi bildirib ki, bu il sentyabrın 5-də Türkiyədə ticarət mərkəzinin bərpası üçün tender elan edilib. Tenderin nəticələri sentyabrın ikinci yarısında məlum olacaq. Azərbaycanın tikinti şirkətləri də tenderdə iştirak etmək üçün müraciət edib.
Yeni ticarət mərkəzinin tikintisinə 4,5 mln. dollar sərf ediləcək. Həmin məbləği "Günay-Anadolu" sığorta şirkəti ödəyib. Yeni ilədək supermarketin tikintisinin başa çatacağı gözlənilir.
|
Türkiyə konstitusiya
dəyişikliyi ərəfəsində
|
Türkiyədə Partiyalararası Uzlaşma Komissiyasının Parlamentə təqdim etdiyi xüsusi layihə millət vəkillərinin müzakirəsinə çıxarılacaq. Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri deputatları 17 sentyabrda başlayacaq müzakirələrə çağırıb. Xatırladaq ki, layihə konstitusiyanın 37 maddəsinə dəyişikliklər edilməsini, dolayısı ilə ölüm hökmünün məhdudlaşdırılmasını, seçki sisteminin yeniləşdirilməsini və başqa məsələləri nəzərdə tutur. Qanun layihəsinin qəbul edilməsi üçün deputatların 3/5-nün dəstəyi (330 səs) vacibdir.
|
Roma papası 37-ci il
qurbanlarını anacaq
|
Roma Papası İohan İkinci Pavel sentyabrın 22-dən 25-dək Qazaxıstanda səfərdə olacaq. Katolik yepiskop Tomaş Peta deyib ki, Roma Papası Astanada siyasi repressiya illərində əziyyət çəkən və öldürülənlər üçün Allahdan rəhmət diləyəcək.
Papa Qazaxıstan prezidenti ilə görüşəcək. Səfərin əsas tədbiri isə paytaxtın "Ana Vətən" meydanında açıq havada keçiriləcək ayin olacaq. Həmin tədbirə 50 min nəfər dəvət alıb.
Gürcüstan parlamentinin spikeri Zurab Jvaniya 100 deputatın onun istefasını istəyəcəyi halda tutduğu kürsünü təhvil verməyə hazır olması ilə bağlı ərizəni qanunverici orqanın katibliyinə təqdim edib.
Ölkədə hakim olan Gürcüstan Vətəndaş Birliyinin baş katibi Edvard Surmanidzenin "Pram-Nyus"a verdiyi məlumatlara görə, spikerin bu addımı müxalifətin onun istefasını tələb etməsi ilə bağlıdır. Surmanidze deyib ki, spiker postundan imtina prosedurunun baş tutması üçün müzakirələrdə 157 deputatın iştirak etməsi, onların ən azı 118-nin istefaya "hə" deməsi kifayətdir.
|
Xərrazi Daşkənddən razı gəlib
|
İran xarici siyasət idarəsinin başıçısı Kamal Xərrazinin Özbəkistana rəsmi səfəri başa çatdı. İran diplomatı Özbəkistan prezidenti İslam Kərimov və xarici işlər naziri Əbdüləziz Kamilovla ikitərəfli görüş keçirib. Görüşlərin gedişatı zamanı qeyd olunub ki, cari ilin birinci yarımilliyində iki ölkə arasında ticarət dövriyyəsi 54 milyon dollar təşkil edib.
İkitərəfli əlaqələrin hüquqi bazasını müxtəlif vaxtlarda imzalanan onlarla sənəd və saziş təşkil edir. İqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların 3 iclası keçirilib.
|
Tayvan ABŞ-dan raket alır
|
Çin hökuməti ABŞ-ın Tayvana F-16 qırıcılarında istifadə olunan "Maverik" adlı 40 raket satmaq niyyətinə etirazını bildirib. Bu barədə bəyanatı Çin Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Çaku Banszao yayıb. Diplomatın sözlərinə görə, Birləşmiş Ştatların belə bir hərəkəti onun Çinin daxili işlərinə qarışması kimi qiymətləndirməlidir.
Ç.Banszao qeyd edib ki, Amerika silahlarının Tayvana satılması faktı adada müstəqillik tərəfdarlarının sayını artırır və bölgədəki vəziyyətə mənfi təsir göstərəcəkdir.
|
"Zəruri biçin" bərpa olunub
|
NATO-nun Makedoniyadakı sülhməramlı qüvvələri alban yaraqlılarından silahların müsadirə olunması əməliyyatını bərpa ediblər. "Zəruri biçin" adlanırılan bu əməliyyat avqustun 30-da dayandırılmışdı.
Makedoniyadakı NATO qüvvələrinin rəhbərliyi ümid edir ki, konstitusiya dəyişiklikləri ölkədə müharibənin başa çatması üçün zəmin yaradacaq. "Zəruri biçin" başa çatandan sonra rəsmi Skopye blokun hərbi yardımından imtina etmək niyyətindədir.
|
Məktəblilər ABŞ-ı "sökürlər"
|
ABŞ-ın orta məktəblərində oxuyan şagirdlərin 13 milyon nəfəri ya siqaretə qurşanır, ya da alkoqollu içkilər və narkotik maddə qəbul edir.
Bunun nəticəsində məktəblərdə dərslər pozulur, avadanlıqlar sındırılır, bəziləri yaralanır və polisə gətirilir. Şagirdlərin bu "şıltaqlığı" ABŞ təhsil sisteminə ildə 41 mlrddollar ziyan vurur.
Alimlərin hesablamasına görə, hazırda Amerika məktəblərində yuxarı siniflərdə oxuyanların 2,1 milyonu siqaret çəkir, 2,1 mln. alkoqol qəbul edir, 1,4 mln. marexuana çəkir.
|
Ərəfat Pereslə görüşə bilər
|
Yasir Ərəfat İsrail XİN başçısı Şimon Pereslə gələn həftə görüşə bilər. Lakin bunun üçün İsrail höküməti və baş nazir Ariel Şaron 3 şərti yerinə yetirməyə razılıq verməlidir.
Ötən gün Qəzza bölgəsindəki mətbuat konfransında Fələstin beynəlxalq planlaşdırma naziri Nabil Şaat bildirib. Birinci şərtə görə, Şimon Peresə danışıqlar aparmaq üçün bütün səlahiyyətlər verilməli və avropalılar bu barədə məlumatlandırılmalıdırlar. Digər iki şərt isə danışıqların hazırlanması, həmin danışıqlarda əldə olunanların həyata keçəcəyinə zəmanət verilməsi, nəhayət, görüşdə təhlükəsizlikdən başqa, siyasi məsələlərin də müzakirə olunmasıdır.
|
Stansiyanın
istehsal gücü artırılır
|
ARDNŞ Amerikanın "Pennzoil" şirkətinin "Neft Daşlarında" inşa etdiyi qaz-kompressor stansiyasının gücünü artırmaq fikrindədir. Hazırda bu stansiyadan gündə 7 milyon kubmetr qaz ötrülür. Yeni layihə həmin göstəricinin 11 milyon kubmetrə çatdırılmasını nəzərdə tutur.
ARDNŞ-dən bildiriblər ki, "Çıraq" platformasında neft hasilatı artdıqca səmt qazının da həcmi çoxalır. Bundan əlavə, "Neft daşları"nda və "Günəşli" yatağında qaz hasilatının artırılması planlaşdırılır.
|
3-cü dərəcəli internet
domenləri pulsuzdur
|
Hazırda 100 dollara başa gələn üçüncü dərəcəli (ümumi istifadə) az domenlərinin qeydiyyatı oktyabrın 1-dən etibarən pulsuz olacaq.
Bu barədə məlumat verən AZCOM şirkətinin (milli domen adlarının qeydiyyatını həyata keçirir) prezidenti Elman Həsənov bildirib ki,
3-cü dərəcəli domenlərə com.az (kommersiya strukturları üçün), gov.az (dövlət strukturları), mil.az (hərbi təsisatlar), edu.az (təhsil sahəsi), org.az (qeyri-hökumət təşkilatları), info.az (KİV), rr.az (xüsusi şəxslər) və s. aiddir. Elman Həsənovun sözlərinə görə, üçüncü dərəcəli domenləri qeydiyyatdan keçirmək istəyən hər bir şəxs bunu pulsuz reallaşdıra bilər. Lakin domenlərin illik texniki dəstəyi üçün təqribən 50 dollar ödəmək lazım gələcək.
E.Həsənov qeyd edib ki, texniki dəstəyin dəqiq məbləği ilin sonuna kimi müəyyənləşəcək.
Belə bir addımın atılması Azərbaycanda internet məkanının inkişafı və milli web resursların artırılması məqsədi daşıyır.
Birinci dərəcəli domenlərin (az) qeydiyyatına görə alınan rüsumların aşağı salınması imkanlarına şərh verən şirkət rəhbəri bildirib ki, həmin rəqəm Azərbaycan vətəndaşları üçün 50 dollara kimi aşağı salınacaq.
Əcnəbilər üçün qeydiyyat məbləği bir neçə dəfə artıq olacaq. Qeyri-rezidentlərdən alınacaq vəsaitin həcmi yaxın vaxtlarda müəyyənləşdiriləcək. Xatırladaq ki, bu vaxta qədər Azərbaycanda ikinci dərəcəli domenlərin qeydiyyatına görə, 350 dollar vəsait alınırdı.
|
Xərrazi Daşkənddən razı gəlib
|
Sentyabrın 19-da Bakıda, "Avropa" mehmanxanasının sərgi kompleksində "BINE-2001" 7-ci beynəlxalq ixtisaslaşdırılmış sərgi öz işinə başlayacaq.
Bu barədə məlumat verən sərginin təşkilatçısı "Iteca Casrian Ltd" şirkətindən bildiriblər ki, sərginin ilk iki günündə iştirak etmək üçün səhiyyə sferasından olan mütəxəssislər dəvət olunub. İştirakçılar dieta, qida əlavələri, tibb avadanlığı, diaqnostika, gigiyena, sağlamlıq və gözəllik, apteklər, tibb kabinələri üçün avadanlıq və s. sahələr üzrə yeniliklərlə tanış olacaqlar.
Sərgidə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, İsrail, Böyük Britaniya, Almaniya, İsveçrə, Hindistan, İsveç və ABŞ şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər.
|