Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#102(325)
XXI
m.nur@azeurotel.com

İrandan qız alın! İrana qız verin!
... Bəlkə də məhz indi ricət məsələsi qoyuldu ortalığa?

İrana dirsək göstərənlərə və bunu Turan təəssübkeşliyinin üstünə yazanlara elə də yer verilmir. Ümumi fikir təxminən belədir: dadaş, biz nə İranıq, nə də Turan - biz Azərbaycanıq. Bizim mədəniyyətimizdə hər ikisinin - Turanın da, İranın da sintezi var, amma biz özümüz elə bir böyük mədəniyyət sistemi yaratmışıq ki, onu dağıtmaq və ya kiminsə adına çıxmaq gülüncdür...
Bakıda çoxlu İran xəfiyyələri var. Hamı bilir ki, Cənubla bağlı bir çox təşkilatlar və onların nümayəndələri bu və ya digər formada ya o tərəfdən, ya da bu tərəfdən kəşfiyyat orqanları ilə əlaqədədirlər. Rəhmətlik Elçibəyi yaxşı tanıyanlar bilirlər ki, o da sözügedən adamların hər birinə yanında oturmağa yer göstərsə də, onların hər biri ilə ayrılıqda ehtiyatlı davranmağı ustalıqla bacarırdı. O bilirdi ki, kəşfiyyat sistemi, əxlaqi-ideloji, tarixi dəyərlər toplusunun dövriyyəyə buraxılıb istifadə olunması nə qədər mürəkkəb və nə qədər mənəviyyatsızdır. Amma bütün hallarda hər bir sistemin işə salınması ayrılıqda işdir. Fərqi yoxdur, bu sistem nə güdür və bu sistemi kim işlədir?
Bu gün də Bakıda kifayət qədər cənubulu qan qardaşlarımız var ki, beynəlxalq siyasi oyunların, regional maraqların katalizatornları kimi arada öz işlərindədirlər və bu maraqlar onların fəaliyyətini gah qabardır, gah səsləri alınır, gah da əridib-itirirlər. İndi həm İran xəfiyyəsi, həm də bizim xəfiyyə Bakıda işləyir. Bakı xəfiyyəsinin işi az qala ETTELAAT-ınkından çoxdur. Çünki biz nə Təbrizdə, nə Ərdəbildə, nə də Xoyda tutarlı bir iş görə bilmirik. Ən azı bu bizimçün əlavə yükdür: normal adamlar soruşurlar, axı bu darmacalda Cənub bizim nəyimizə lazım? İran xalqı sovet hökumətində olduğu kimi öz sabit sovet dövrünü, sosial sabitlik günlərini yaşayır və hətta bir vaxtlar Şurəvinin dağılmasını istəyənlər indi bizim günümüzə düşənlərdən olmaq istəmirlər...
Bizə çox çətin oldu. Özümüzün üzümüz bərkdi, amma biz dözənlərə nə cəmi İran, nə də cəmi Turan milləti dözməzdi ki, biz bu zadların hələ də altını çəkməkdəyik. Amma kim deyə bilər ki, İran bizim deyil. Bunu Namiq Abbasov da Xatəmi ilə görüşdə inkar etsə, Xatəmi də dönüb təyyarələrini bir də göyə qaldırsa, İranın bizə doğmalığını kim bizim əlimizdən ala bilər ki?
Hələlik rəsmilərdən başqa heç kəs İran barədə cəmi Azərbaycanın adından danışmağa haqlı deyil. Sadəcə çərənçilikdi. İran hər zaman bizimki və onlarınkı ola bilər.
Məncə bunu etmək lazımdır: İrana qız vermək və İrandan qız almaq. Bu da sizinçün erməni deyil ki...

Məqsəd Nur

Pərdəarxası

"Dərdli" ermənilər

Bakıya gələn Qarabağ erməniləri məlum etiraz nümayişindən nisbətən duruxsalar da dünən, nəhayət, ürəklərini açdılar. Və buraya "dərd yükü" ilə gəldiklərini dedilər. Bəlli oldu ki, Qarabağdakı ermənilər sözdə nə qədər müstəllikdən, Azərbaycan dövləti üzərində qələbədən, nə bilim, beynəlxalq birliyin subeykti olmaq iddialarından dəm vursalar da, gerçəkdə orada tikan üzərində oturublar. Narahat olmalarına da əsas var. Bəlli dairələr tərəfindən bu azara düçar edilən separatçılar nə qədər korazehin olsalar da, anlayırlar ki, onlar oğru, xain və quldurdurlar. Və əməllərinə görə gec-tez cəzalandırılacaqlar. Baxmayaraq ki, çeşidli səbəblər indiyədək bu cəzanı çox gecikdirib və onlar Azərbaycanın bir hissəsində meydan sulayırlar. Lakin onlar yaxşı bilirlər ki, oğurlayıb üstündə oturduqları torpaq onların deyil, heç vaxt olmayıb və nəticə etibarilə onların olmayacaq. Azərbaycan dövləti bir gün onların oyuncaq rejimini təpiklə dağıdıb bütün ərazisində suverenliyini təmin edəcək. Bəs onda nə olacaq? Bax ermənilərin "dərdi" də budur. Qarabağa ağalıq (müvəqqəti) edən dığalar, təbii ki, bu aqibəti istəmirlər. Amma qorxduqlarını da boyunlarına almırlar. Çünki özbaşına deyillər və yaxın Ermənistandan, uzaq diaspordan "ağardılan" gözlərdəki qəzəbi görürlər. Dağlıq Qarabağ avantürasında bilavasitə yerli ermənilərin separatçılıq iştahası nə qədər əlamətdar olsa da, ümumilikdə bu avantüranın idarəedici iplərinin başqalarının əlində olduğu çoxdan aşkardır. Qarabağ erməniləri bu avantürist fars-tamaşada sonda boğazına ip keçirilmək təhlükəsi ilə üzləşə biləcək siyasi girov rolunda çıxış etdiklərini içərilərində anlayırlar. Və dünən bu təşvişi məhz Bakıda büruzə verdilər. Yerevandan gələn "Azərbaycan sizi əzmək üçün məqam gözləyir. Nəbada müstəqillik davasından əl çəkib konstruktiv olasınız. Bu savaşda axıracan biz deyənlə oturub-durmaq zorundasınız" təhdidi ilə daima üz-üzə olduqlarını boyunlarına alan Qarabağ erməniləri Bakıdan təhlükəsizliklərinə təminat istəyirlər. "Mövqeyinmzidən çəkilib Azərbaycanın suverenliyi ilə razılaşsaq, axırda bizim, ümumiyyətlə, Qarabağdan qopardığımızı götürməzsiniz ki?" deyə bizə sual edirlər. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ ermənilərinə beynəlxalq hüquqda təsbit olunmuş tam təhlükəsizlik, özünüifadə və özünüidarə (muxtar) imkanları yaratmağa hazırdır. Yetər ki, Qarabağda separatçılıq xəstəliyinə tutulanlar gözlərini qamaşdıran illüzor siyasətdən reallığa ensinlər. Məgər Azərbaycan tərkibində ermənilər pis yaşayırdılar, rifahlarından şikayətçi idilər? Sovet dövrünün bütün rəsmi statistikasında Dağlıq Qarabağ Muxtar Vilayəti sosial-iqtisadi, səhiyyə, təhsil, enerji təchizatı və s. göstəricilərə görə orta Azərbaycan səviyyəsindən yüksəkdə olub. İndi siyasi ambisiyaların əsiri olub tank-top kölgəsində yaşayan Qarabağ erməniləri bundan mərhumdurlar. Siyasi reklam xatirinə Xankəndinin mərkəzi küçələrini əcnəbilərə nümayiş etdirən separatçı rejim əslində nə qədər müflis durumda olduğunun fərqindədir. Özlərini nə tox göstərsələr də xarici tulapayına möhtac olduqlarını gizlədə bilməzlər. Ermənilərin Bakıya gəlişi nə qədər haqlı ictimai etiraz doğursa da, bir cəhətdən əhəmiyyətli oldu. Qukasyan və melkumyanların Bakını hədələyən içi boş hikkəsinin altından bir həftəliyə də olsa qurtulub buraya gələnlər hər şeyi gördülər. Gördülər ki, təcavüzə məruz qalan Azərbaycan ona təcavüz etmiş Ermənistandan xeyli yaxşı rifahdadır. Gördülər ki, Azərbaycan dövləti yaxın perspektivdə Ermənistanın 10 illik büdcə gəlirinə bir ildə sahib olacaq. Gördülər ki, Azərbaycan onları girov saxlayan Ermənistandan daha vüsətlə dünyaya açılır və sanbalını təsdiqləyir. Bunun hamısını gördülər və indi müqayisə (seçim) imkanları kifayət qədərdir. Qoy nəticəni çıxarsınlar. Bakıya gəlişlərinin ilk günü vulqarlıq göstərsələr də sonra dərdlərini Bakıya deməli oldular. Elə bu özü də nəticədir.

V.Orxan

Künc zəbəsi

Məqamında deyilməyən söz

"Futbol+" qəzetinin 85-ci sayında (6-7 sentyabr 2001) "İqor Ponomaryova ittiham dalğası" başlığı altında "Şəmkir"in yarımmüdafiəçisi Vidadi Rzayevlə müsahibə dərc olunub. Yazının sərlövhəaltı isə belədir: "Türkiyədə nə baş verdyini desəm, heç kimə yaxşı olmaz".
Həmin müsahibəni oxuyarkən qeyri-ixtiyari Oliver Birhoff yadıma düşdü: 1996-cı ildə Almaniya milli seçmə komandasının Avropa çempionu adını qazanmasında bu futbolçunun əməyi danılmaz idi.
Məhz qitə birinciliyinin final mərhələsində parlamış və İtaliyanın "Milan" klubuna transfer olunmuş O.Birhoffu baş məşqçi B.Foqts İngiltərəyə aparsa da (final mərhələsi orada keçirilirdi), meydana buraxmırdı.
Jurnalistlər bunun səbəbi ilə maraqlanır, Birhoffa çoxsaylı suallarla müraciət edirdilər. Özü də sualların qoyuluşu elə idi ki, onu cavablandırarkən futbolçunun fikirlərində məşqçinin əleyhinə yönəlmiş məqamlar mütləq olacaqdı. Lakin idman yazarlarının "qaşınmayan yerdən qan çıxarmaq" arzusu hər dəfə ürəklərində qalırdı, çünki peşəkar futbolçu məsələyə peşəkarcasına yanaşmağı bacarırdı. V. Rzayev anoloji suala belə cavab verir: "Necə olur ki, bir neçə ay öncə yığmaya cəlb olunurdum, indi yox? Hesab etmirəm ki, əvvəlkinə nisbətən zəifləmişəm...Bəlkə mən kimdənsə güclüyəm...Bunlar hamısı bəhanədir". Və daha sonra deyir: "Türkiyədə (Türkiyə komandası ilə oyunda-R.B.) nə baş verdiyini desəm, heç kimə yaxşı olmaz". Əgər həmin qarşılaşmada milli mənafeyimizə zidd hadisə baş veribsə, onda nə üçün susursan, Vidadi?! Oxu atıb, yayı gizlətmək yaxşı deyil axı. Deyirsən ki, Ponomaryovla vaxtilə bir komandada oynayanda da dost olmamısan, indi də dost ola bilməzsən, çünki İqor vətəni (Azərbaycanı-R.B.) İsveçə dəyişib. Vidadi Rzayev müstəqil Azərbaycanın futbol tarixində həmişə yaşayacaq. Bu əbədiliyin əsası 31 avqust 1996-cı ildə qoyulub - İsveçrə ilə dünya çempionatının qrup seçmə matçının 26-cı dəqiqəsində! Futbol tariximizə belə faktlarla düşmək çox şərəflidir. 34 yaşlı futbolçu isə hansısa pərdəarxası məqamlara toxunur, amma təfərrüatını açıqlamır: "Türkiyə ilə qarşılaşmada kim yaxşı oynadı ki, mən də oynayım"- deyir. Həmin matçda adımıza ləkə ola biləcək hadisə həqiqətən baş veribsə, bu cavab Vidadinin də bizlərə başucalığı gətirməyən o prosesdə iştirakını sübut etmirmi?

Rövşən Binnətli

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd