|
|
|
|
#103(327)
|
 |
İnformasiya təxribatı
Azərbaycan mediasında yer alan jurnalist təhqiqatları bəzən nəticə etibarilə dövlətimizə qarşı təhlükəyə çevrilir
|
Ermənistanın güclü təbliğat maşını indi də Azərbaycanı beynəlxalq terrorizmin kəsişmə nöqtəsi kimi təqdim etməyə başlayıb. Onların bu cəhdləri əslində qeyri-adi sayılmamalıdır. Lakin acınacaqlı odur ki, ermənilər öz "arqument"lərini məhz Azərbaycan mediasının məhsulu ilə əsaslandırırlar.
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyacəti əvvəldən genişmiqyaslı və hazırlıqlı informasiya müharibəsi ilə müşayiət olunub. Ermənilər bilavasitə hərbi əməliyyatlara başlamazdan öncə informasiya savaşında bizi yetərincə üstələmişdilər. Onların işğalçılığına qarşı beynəlxalq məzəmmətin xeyli zəif olsmasında bu amil də rol oynayıb. Atəşkəs rejimindən sonra informasiya savaşı xüsusi aktuallıq qazanıb. Azərbaycan və Ermənistan təmsil olunduqları beynəlxalq təşkilatlara öz mövqelərini qəbul etdirmək üçün böyük siyasi-diplomatik mübarizədə üz-üzədirlər. Bu baxımdan Bakı son vaxtlar əlamətdar nəticələr əldə edib: xüsusilə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti Ermənistanın işğalçılıq, etnik təmizləmə və dövlət terrorizmi siyasətinin pislənməsi, Dağlıq Qarabağdakı hadisələrə beynəlxalq birliyin ədalətli qiymətinə nail olmaq üçün ciddi fəaliyyətə başlayıb. AŞPA-nın aprel və iyun sessiyalarında bu istiqamətdə bir neçə bəyanat və qətnamə layihəsi müvafiq proseduru gecikməklə təşkilatın rəsmi sənədi kimi yayılıb. Bu fəaliyyətin AŞPA-nın iki həftə sonra başlanacaq payız sessiyasında davam etdirələcəyi şübhəsizdir.
Lakin ermənilər də əllərini yanlarına salıb dayanmayıblar. Düzdür, onlar indiyədək Azərbaycanın Avropa Şurası müstəvisindəki fəaliyyətini əngəlləmək imkanında olmayıblar. Hətta Ermənistan rəhbərliyi AŞPA-dakı deputat heyətinin passiv fəaliyyətindən ciddi narahatlığını bildirib. Odur ki, ermənilər Qarabağ mövzusunda Azərbaycan tərəfin haqlı və əsaslı arqumentlərinin önünə bir şey qoya bilməsələr də, dolayı üsullarla Azərbaycanın imicinə xələl gətirəcək təşəbbüslərdən qalmılar. Amma nə yazıqlar ki, onlar niyyətlərini reallaşdırmaq üçün bizim özümüzdən üsulluca istifadə edirlər və Azərbaycan mediasının məhsulu onların işinə çox yarayıb. Ermənistan ideoloqları və siyasi dairələri Bakını "vurmaq" üçün məhz burada səslənən, çap olunan və İnternetdə yerləşdirilən materiallardan əks-təbliğat faktoru kimi bəhrələnirlər. Burada ideoloji, psixoloji və kütləvi təbliğata yönəlik məqamlarla yanaşı (məsələn, Azərbaycan Ordusunun neqativ mənzərəsinin ermənilərdə doğurduğu məmnunluq), beynəlxalq hüquqi və siyasi aspektlər də var. Bu baxımdan ermənilər Azərbaycan dövlətinin nüfuzuna "xal" salmaq üçün gözləmədikləri fürsət tapıblar.
Son vaxtlar Azərbaycan mediasında (xüsusilə, rusdilli mətbuatda) ölkəmizin beynəlxalq terrorizm şəbəkəsinin təsir dairəsinə düşməsi barədə xeyli material yer alır. Əksəriyyət etibarilə xarici qaynaqlardan götürülən, sensasiya xatirinə (tiraj və ictimai diqqət) bir az da "ətə-qana" gətirilən materiallarda dünyanın terror "as"larının (o cümlədən, məşhur Üsəma bin Ladenin) Azərbaycandakı "izləri" araşdırılır. Bu məsələdə gerçəyə yaxın elementlər var. Beynəlxalq terrorizm şəbəkəsinin Azərbaycan kimi geostrateji bir regionda kök salmaq, buranı transmilli qaçaqmalçılıq "dəhliz"inə çevirmək və nəhayət, Azərbaycanda ekstremist təzahürlü ideologiyaların cücərməsinə nail olmaq cəhdləri faktdır. Lakin Bakı bu cəhdlərin önünü almaq üçün həm öz imkanları, həm də beynəlxalq dairələrlə əməkdaşlıq sayəsində ciddi tədbirlər görməkdədir. Bir qədər əvvəl Azərbaycanın təhlükəsizlik idarəsi tərəfindən "Hizbut-Təhrir" dini-ekstremist təşkilatının özəyinin ifşa olunması buna sübutdur. O cümlədən, Azərbaycanın müvafiq orqanları Amerikanın analoji dövlət idarələri ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan mətbuatının daha çox həvəskarcasına izlədiyi konkret faktlar da sözügedən əməkdaşlıq nəticəsində ortaya çıxıb.
Lakin mediada bu məsələlərin işıqlandırılmasında Azərbaycan dövlətinin nüfuzunun qeydinə qalmaqdan çox, həvəskarlıq və sensasiyapərəstlik meyli daha güclüdür. Üstəlik bir para "müstəqil ekspert"lərin şərh və mülahizələri bu tendensiyanı daha da qatılaşdırır. Təsadüfi deyil ki, Azərbaycan mediasının "yarımfabrikat" materillarından istədikləri kimi bəhrələnən erməni təbliğat maşını həmin "ekspert" rəylərinə xüsusi yer ayırır. Bu günlərdə geniş şəbəkəyə (bir neçə xarici dildə) və beynəlxalq ictimai rəyə təsir imkanlarına malik "Panarmenian" internet portalında Azərbaycanın beynəlxalq terrorizmlə əlaqələrini "ifşa edən" məqalələr dərc olunur. Məqalələrin "ana xətti" ondan ibarətdir ki, Azərbaycan nəinki beynəlxalq terrorizmin mühüm tranzit bölgəsinə çevrilib, üstəlik dövlət özü yarırəsmi səviyyədə bu prosesi təşviq edir. Özü də erməni agentlikləri bunu Azərbaycanın istefada olan təhlükəsizlik xidməti əməkdaşlarının Azərbaycan mediasında yer almış mülahizələrinə istinadən deyirlər. Ermənilər bu mülahizələri bir qədər də "abıra" salaraq dünyaya tirajlamaqla kifayətlənmir və onların əsasında beynəlxalq instansiyalara təqdim olunacaq konkret sənədlər hazırlayırlar. Sabah onlardan biri Avropa Şurasında peyda olsa, təəccüblənməməliyik. "Ermənistanı terrorizmdə ittiham edən Azərbaycan öz mediasının etirafına görə beynəlxalq terrora qucaq açıb". Bu, ermənilərin əks-təbliğatından sitatdır.
Azərbaycanda müxalif fikrin, daxili siyasi mübarizənin və mətbuat, söz azadlığının bu cür fəsadları birinci dəfə üzə çıxmır. Amma biz yenə müxalifətçilik edəndə də, qəzetlərin manşetinə hay-küylü sensasiya çıxaranda da dövləti təəssübkeşlik kimi fundamental məsələni gözardı etməkdəyik. Düşünmürük (bunu qəsdən edib həzz alanlar da az deyil) ki, efirdən dediyimiz, bər-bəzəklə İnternetdə yerləşdirdiyimiz mülahizələr sonradan əleyhimizə necə istifadə edilə bilər.
Prezident Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təəssüflə qeyd edir ki, Azərbaycan mediası hələ də dövləti maraqlarla bu cür həvəskarcasına davranmaq tendensiyasından qurtulmayıb: "Bunun ağrısını, doğurduğu mürəkkəb fəsadların altını isə nəticədə dövlət çəkməli olur". PA rəsmisi etiraf edir ki, Azərbaycan bəlli səbəblərdən daima xarici xüsusi xidmətlərin, ekstremist cərəyanların və beynəlxalq terrorizm şəbəkəsinin hədəfindədir. Amma Azərbaycan dövləti buna qarşı ardıcıl və qəti tədbirlər görür. "Təəssüf ki, çox vaxt bizim media bu tədbirləri işıqlandırmaq, təbliğ etmək əvəzinə, Azərbaycanın adının neqativ fonda göstərilməsinə xidmət edir". PA rəsmisinin sözlərinə görə, ötən il ABŞ Dövlət Departamentinin beynəlxalq terrorizm haqqında hesabatında Azərbaycanın adının mənfi prizmadan hallandırılmasında bu cür media təəssübkeşliyinin rolu az olmamışdı: "Sonradan dövlət səviyyəsində onun təkzibinə nail olmaq üçün biz xeyli əziyyət çəkməli olduq".
Sonda bir məqamı vurğulayaq. Mətbu azadlığın imkanlarından istifadə etmək haqqımızı özümüzdə saxlamaqla bərabər hələ müharibənin bitmədiyin, düşmənlə informasiya savaşının isə hətta sülhdən sonra da uzun müddət davam edəcəyini unutmamalıyıq.
Bu gün Belorusda seçki hüququna malik olan seçicilər ölkənin yeni prezidentini seçəcəklər. Sorğu mərkəzlərinin rəyinə görə seçki marafonuna prezident postuna iddialı olan Aleksandr Lukaşenko liderlik edir. Güman ki, yaxın 7 ildə Belorusa məhz o başçılıq edəcək. Belorusun müxalifət koalisiyasına başçılıq edən Vladimir Qonçarik A.Lukaşenkonun əsas opponenti hesab olunur. V.Qonçarik iddia edir ki, A.Lukaşenko nəyin bahasına olursa-olsun seçki kampaniyasını pozmağa cəhd edir, tərəfdarlarını şirnikləndirərək müxalifət düşərgəsində qarşıdurma yaratmaq istəyir. İqtidar emissarlarının təkliflərini rədd edən müxalifətçilərə qarşı müxtəlif təzyiq fəndlərindən istifadə olunur.
Vladimir Qonçarikin səbr kasası iqtidarın Minskin mərkəzi meydanlarının birində güzəştli qiymətlərlə meyvə-tərəvəz bazarını təşkil etməsindən sonra daşmağa başladı. Qonçarikin lideri olduğu Belorus Həmkarlar İttifaqları Konfederasiyası şəhər bələdiyyəsinin icazəsi ilə seçkiqabağı toplantı keçirməli idi. Lakin meriyanın təklif etdiyi meydan yarmarkanın ixtiyarına verilmişdi. İndi iqtidar mənsublarının ikibaşlı oyunundan qəzəblənən müxalifət funksionerləri Lukaşenkonu Beynəlxalq Haaqa Ədalət Məhkəməsi ilə hədələyirlər.
Bundan əlavə, beynəlxalq müşahidəçilər korpusunun verdiyi məlumata görə, iqtidar Lukaşenkonun namizədliyinə qarşı çıxış edən tələbələri əyalətlərə məcburi səyahətə göndərməyə çalışır. Həmin iradlara ATƏT, Avropa Şurası və Birləşmiş Ştatların Dövlət Departamenti də qoşulub. Lukaşenko seçkilərin gedişatını izləyən müşahidəçiləri inandırmağa çalışır ki, hakim elita şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün əlindən gələni edəcək. Öz növbəsində Lukaşeko tam əminliklə bəyan edib ki, o, Belorus xalqının etimad mandatını yenidən əldə edəcəyinə ümidlidir.
Ümumiyyətlə, hazırkı prezident seçkiləri qalmaqallı hadisələrlə o qədər zəngindir ki, bunun araşdırılması üçün saatlarla vaxt tələb olunur. Lukaşenkonun hakimiyyəti dövründə Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Viktor Qonçarın, tanınmış biznesmen Anatoli Krasovskonun və Rusiyanın ORT telekanalının operatoru Dmitri Zavadskinin itkin düşməsi, hazırkı seçki kampaniyasının əsas mövzusuna çevrilib. Üstəlik, rəsmi Minskin beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməsi, Belorusun beynəlxalq izolyasiyasını qaçılmaz fakta çevirib. Belə ki, ölkə mətbuatında ATƏT-in Minskdəki missiyasının Qərbin xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirməsi barədə müxtəlif yazılar dərc olunur. Lukaşenko prezident seçiləcəyi təqdirdə ATƏT-nin Belorusdakı fəaliyyətinin məhdudlaşdırılması barədə bəyanat verib.
Bütün neqativ hallara baxmayaraq, şərhçilər hesab edirlər ki, 1994-cü ildən bəri hakimiyyətdə olan Aleksandr Lukaşenko yenidən siyasi olimpi fəth etmək üçün kifayət qədər resurslara malikdir. Cənab Lukaşenko populist bəyanatlar sayəsində geniş kütlənin səslərinə bel bağlaya bilər.
|