|
|
|
|
#103(327) |
 |
"Erməniləri yenə
Bakıya dəvət edəcəyəm"
Arzu Abdullayeva: " Onlarla görüşmək üçün bizə yalvaran partiya sədrlərinin adlarını açıqlaya bilərəm"
|
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Dağlıq Qarabağın erməni icması nümayəndələrinin Bakıya gəlişinin təşkilatçısı kimi ictimaiyyətin kəskin ittihamları ilə üzləşsə də bu istiqamətdə təşəbbüslərini davam etdirmək niyyətindədir. O, məhz belə təşəbbüslərlə "Qarabağ ermənilərinə Azərbaycanı vətən kimi qəbul etdirməyi" mümkün sayır. "Bizim ƏSR"ə eksklüziv müsahibəsini isə A.Abdullayeva Qarabağ erməniləri ilə görüşdən imtina edən siyasi partiya sədrləri haqqında sensasiyalı açıqlama ilə başladı:
- Həmin liderlər öz siyasi imiclərinin zədələnməsindən qorxdular. Çünki onların funksional vətənpərvər imici var. Yəqin ki, elə bundan qorxub görüşdən imtina etdilər. Çünki, içi mən qarışıq hamımız əmin idik ki, gələnlərin Azərbaycan pasportu olmayacaq. Onlarda Azərbaycan pasportlarının olması üçün biz uzun müddət iş aparmalıyıq. Ən birincisi ehtiraslarımızı cilovlamalıyıq. Birinci Azərbaycanı, sonra imicimizi, reytinqimizi düşünməliyik.
Amma siyasi partiya rəhbərləri
əvvəlcə görüşə razılıq vermişdilər. Sonra qəfildən tamam başqa bir addım atdılar.
- İnanın ki, bizə qarşı kəskin bəyanatla çıxış edənlər yalvarırdılar ki, onları nümayəndə heyəti ilə görüşdürək.
Ermənilərlə görüş üçün yalvaran
partiya sədrləri kim olub?
- Hələ onların adlarını çəkmək istəmirəm. Amma görsəm ki, bu məsələyə mətbuatda mənfi reaksiya göstərirlər, onda məndən inciməsinlər. Bir-bir həmin liderlərin adlarını açıqlayacağam.
Erməniləri Bakıya dəvət
etməyiniz kifayət qədər sərt reaksiyalarla müşayiət olundu. Yəqin ki, bundan sonra bir daha Azərbaycana erməni dəvət etməyəcəksiniz...
- Bu cür səfərlərin təşkilini davam etdirəcəyik. Çünki özümüzü haqlı sayırıq. Bilirik ki, bu cür danışıqların daha çox xeyiri var, nəinki danışmamağın...
Bu dəfə kimləri dəvət
edəcəksiniz?
- Növbəti dəfə Azərbaycana kimlərin dəvət ediləcəyini hələ dəqiqləşdirməmişik. Amma onu da deyim ki, biz Ermənistana səfər edəcəyik, danışıqlar aparacağıq. Dağlıq Qarabağ erməniləri Azərbaycanı vətən kimi qəbul edənə qədər bu tədbirləri davam etdirəcəyik. Bizim üçün Azərbaycanın bütövlüyündən ali heç nə yoxdur.
Bəs Ermənistana Azərbaycandan
kim gedəcək?
- Açığını deyim ki, hələ səfərin vaxtı və kimlərin gedəcəyi dəqiq bilinmir. Hazırlıq işləri görülür. O gün belə bir məlumat yayıldı ki, guya Soros Fondu bu layihənin həyata keçirilməsi üçün 30 min dollar qrant ayırıb. Kökündən yalandır. Çünki həmin mehmanxanada mən bir dəfə 90 nəfərin iştirakı ilə tədbir keçirmişəm. Onda bizə 10 gün üçün 12 min dollar qrant vermişdilər. İndi nə cür olur, 11 nəfərin bir həftəlik görüşü üçün 30 min dollar verirlər? Bu cür böhtanlarla bizi dayandıra, mane ola bilməyəcəklər. Təşkilatımız sülhpərvərliklə məşğuldur. Bu sülhpərvərliyə görə, bir dəfə də olsun, qrant almamışıq. Əgər buna görə kimsə qrant alıbsa, burada heç bir qəbahət görmürük. Çünki dünyanın bütün qeyri-hökumət təşkilatları qrant alaraq fəaliyyət göstərirlər. Gürcüstanda və Ermənistanda Azərbaycandan 10 dəfə artıq qrant alırlar.
Ermənilərlə görüşdən sonra
"Dördlər Xartiyası" belə bir açıqlama verdi ki, xalq diplomatiyası Qarabağ probleminin həllinə kömək edə bilməz...
- Yəqin ki, onların mövqeyi qəzetlərdə təhrif olunub.
Eldar Namazov bizə verdiyi
müsahibəsində də belə deyib.
- Xalq diplomatiyasının işi rəy yaratmaqdan ibarətdir. Düzdür, xalq diplomatiyası heç bir qərar qəbul edə bilməz. Amma biz elə işləyə bilərik ki, gələcəkdə siyasi qərarlar qəbul edə bilək. Xalq diplomatiyası olmadan boş siyasi qərarların qəbulu da mümkün deyil. İctimaiyyət həmin qərarları qəbul etməyəcək. Problemin müharibə yolu ilə həllinə gəlincə, mən bu variantı istisna edirəm. Çünki təcrübə də göstərib ki, revanşist ideyalarla çıxış edənlər həmişə danışıqlar prosesinə gərginlik gətiriblər. Mən deyirəm ki, antiterror aksiyalarına başlamaqla torpaqlarımızı azad edə bilərik. Bizim buna imkanımız var. Torpaqlarımızı azad etmək üçün kimdən utanmalıyıq? Oradakı dinc əhalinin aqibətinə gəlincə, xalq diplomatiyası ilə sübut etməliyik ki,ÿonların təhlükəsizliyinə zəmanət veriləcək.
Arzu xanım, ermənilər
Azərbaycandan hansı təəsüratlarla qayıdırlar?
- Bakıya gələn ermənilər Azərbaycana meylli insanlardır. Dedilər ki, əgər bizi belə qarşılayırlarsa, onda Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinə təminatın veriləcəyinə kimi inandırmaq olar? Düzdür, Karen Ohancanyan hava limanında böyük bir səhvə yol verdi. Onun "mən müstəqil "DQR"in vətəndaşıyam" deməsi səhv cavab idi. Biz məsələni birgə müzakirə etdik və dedi ki, o, böyük bir səhvə yol verib.
Sizinlə razılaşdı?
- Bəli, bizimlə tamamilə razı olduğunu dedi. Hətta bildirdi ki, Azərbaycandadırsa, həddindən artıq korrekt cavab verməli idi...
YAP-ın qurultayından
nə gözlənilir?
Səyyad Aran: "Bir neçə partiya YAP-a birləşə bilər"
|
Yeni Azərbaycan Partiyasının noyabrın 21-nə təyin edilmiş qurultayında bir sıra dəyişikliklər olacağı gözlənilir. Hətta partiyanın icra katibinin müavini Siyavuş Novruzov son açıqlamasında deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyən rəhbər şəxslər tutduqları postdan uzaqlaşdırılacaq, onların yerinə isə daha fəal üzvlər irəli çəkiləcək. İcra katibinin müavini qurultayın partiyada struktur dəyişikliyi ilə bağlı qərarlar qəbul edəcəyini də bildirib.
YAP-ın digər funksioneri, millət vəkili Səyyad Aran "işinin öhdəsindən gələ bilməyənlər"in kimlər olduğunu deməyə çətinlik çəkdi. Partiyada gözlənilən struktur dəyişikliklərinə gəlincə, millət vəkili bunun qurultaydan bir neçə gün əvvəl bəlli olacağını bildirdi: "Açıqlamanın müəllifi Siyavuş Novruzovdur və onun kimləri nəzərdə tutduğu barədə məndə heç bir məlumat yoxdur. Yaxşı olardı ki, özündən soruşasınız. Struktur dəyişikliklərinə gəlincə, bu məsələlər qurultaya bir neçə gün qalmış açıqlanacaq".
Səyyad Aran iqtidaryönlü partiyalardan bir neçəsinin YAP-a birləşməsi məsələsinin də qurultayda həll olunacağını istisna etmədi. Onun sözlərinə görə, bir neçə partiyanın YAP-a birləşəcəyi gözlənilir: "Təcrübə də göstərir ki, qüvvələrin təmərküzləşməsi daha da səmərəli şəkildə fəaliyyət göstərməyə kömək edir. Amma indidən konkret olaraq YAP-a birləşəcək partiyaların adlarını deyə bilməyəcəm".
Başqa bir məlumatda isə bildirilir ki, YAP Siyasi Şurasının 198 üzvünün sayı qurultayda azaldılacaq, İdarə Heyətinin tərkibində dəyişiklik ediləcək. YAP sədrinin müavinləri arasında hər hansı bir dəyişikliyin olub-olmayacağı isə hələlik bilinmir.
|