İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#103(327)
Dörd futbolçu oyunu başa çatdıra bilmədi
"Xəzər Universiteti" - "Qarabağ/Azərsun" görüşünü idarə edən FİFA referisi Xaqani Məmmədov daha 6 futbolçunu sarı vərəqə ilə cəzalandırdı

Dünən futbol üzrə XI Azərbaycan çempionatının 3-cü turunun startı verilib. Hadisələri qabaqlayıb bildiririk ki, turun ilk iki görüşündə üstünlük yenə qonaqların tərəfində olub: bu günədək keçirilən 13 görüşün 8-də məhz onlar qalib gəliblər.
Qusarda yerli "Şahdağ" komandasının qonağı Gəncənin "Kəpəz" kollektivi olub. Şövkət Orduxanovun adını daşıyan Qusar şəhər stadionuna toplaşmış azarkeşlər sevimli komandalarının qələbəsi üçün əllərindən gələni əsirgəməyiblər. Görüş maraqlı mübarizə şəraitində keçib. Güclülər dəstəsinin debütantı layiqli müqavimət göstərsə də, təcrübə öz sözünü deyib: matçın başa çatmasına 4 dəqiqə qalmış gəncəlilər qol vurmağa müvəffəq olublar - Rövşən Süleymanov cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu, cari mövsümdə "Kəpəz"in ilk qələbəsidir.
"Xəzər Universiteti" ilə Ağdamın "Qarabağ/Azərsun" klubları arasında Zabrat qəsəbə stadionunda keçirilən görüşün də taleyi son dəqiqələrdə həll olunub. Oyunun 12-ci dəqiqəsində Aqşin Ömərov meydan sahiblərini irəli çıxarıb - 1:0. İkinci hissədə təşəbbüsə yiyələnən qonaqlar rəqib qapısı qarşısında tez-tez təhlükəli vəziyyətlər yaratmağa başlayıblar. Hücumların birində "Qarabağ/Azərsun"un rusiyalı legioneri Dmitri Kudinov bərabərliyi bərpa edib. 86-cı dəqiqədə isə Azər Cabbarov "Xəzər Universiteti" futbolçularını ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib 2:1 hesabıyla qalib gələn "Qarabağ/Azərsun" turnir mövqeyini xeyli yaxşılaşdırıb. Matç antifutbol elementlərlə də zəngin olub: FİFA referisi Xaqani Məmmədov 4 futbolçunu meydandan çıxarıb: 65-ci dəqiqədə qapıçı Nadir Şükürovla ("Qarabağ/Azərsun") Kaxaber Cebisaşvili ("Xəzər Universiteti"), 7 dəqiqə sonra isə Abuzər İbrahimovla ("Qarabağ/Azərsun") Aqşin Ömərov ("Xəzər Universiteti") qarşılıqlı kobud hərəkətlərə görə qırmızı vərəqə qazanıblar. X.Məmmədov daha 6 (hər tərəfdən 3) futbolçunu sarı vərəqə ilə cəzalandırıb. Hər iki görüş, həmçinin 3-cü turun bu gün və sabah keçiriləcək digər matçları barədə "Bizim ƏSR"in növbəti sayında ətraflı məlumat verəcəyik. Xatırladırıq ki, bu gün "Ümid" "Dinamo/Bakılı"nı, "Araz" MOİK-i, sabah isə "Şəfa" "Neftçi"ni, "Şəmkir" "Turan"ı qəbul edəcək.

"Dinamo/Bakılı"damı ofsaydda?

Güclülər dəstəsində çıxış edən "Dinamo/Bakılı" klubunun rəhbərliyi komandanı buraxmaq barədə bəyanatla çıxış edib. Klubun icraçı direktoru Yaşar Seyidovun imzaladığı həmin bəyanatda bildirilir ki, sentyabrın 9-da "Ümid"ə qarşı keçirəcəkləri oyun "Dinamo/Bakılı"nın tarixində sonuncu olacaqdır. O, komandanın buraxılmasını sponsor dəstəyinin olmaması ilə izah edib.
Xatırladaq ki, klubun maliyyə vəziyyəti Bakı şəhərinin keçmiş meri Rafael Allahverdiyev vəzifəsindən gedəndən sonra ağırlaşmağa başlamışdı. Maddi problemlərin həlli üçün yeni mer Hacıbala Abutalıbovla danışıqlar isə nəticəsiz olmuşdu. Bununla belə son anda "Dinamo/Bakılı"nın cari mövsümdə çıxış etməsi müsbət həllini tapmışdı. "Dinamo/Bakılı" rəhbərliyinin bəyanatı ilə bağlı AFFA-nın mövqeyini öyrənmək məqsədilə qurumun mətbuat katibi Lətif Novruzovla əlaqə saxladıq. O, klubun düşdüyü vəziyyətin AFFA-nı da narahat etdiyini bildirdi: "Dinamo/Bakılı" gənc və perspektivli kollektivdir. Gənclərdən ibarət milli komandanın bir neçə üzvü bu klubda çıxış edir. Biz klublardan üzvlük haqqını tələb edəndə çoxlarının xoşuna gəlmirdi. Komandanın üzləşdiyi çətinliyə görə ilk növbəbə klubun rəhbərliyi məsuliyyət daşıyır. "Dinamo/Bakılı"nın indiki durumu bir daha göstərir ki, klublarımız malayyə məsələsinə ciddi yanaşmalıdırlar".
"Klub mövcudluğuna son verərsə, bu halda çempionatın reqlamentində nə kimi dəyişiklik ola bilər" sualına cavab olaraq L.Novruzov bildirdi ki, bu məsələ AFFA-nın İcraiyyə Komitəsində müzakirə olunacaq.

Təxirəsalma olmasa...
Ölkə birinciliyinin püşkatması sabah keçiriləcək

Futzal üzrə Azərbaycan çempionatının güclülər dəstəsində iştirak ərizələrinin təqdimetmə müddəti başa çatır.
Birincilikdə çıxış etmək hüququnu qazanmaqdan ötrü ərizə ilə yanaşı, futzal federasiyasının hesabına 8 milyon manat üzvlük haqqı ödəmək lazımdır.
Buliki mövsümün bir sıra özəllikləri var, hansı ki, həmin yeniliklərin xarakteri onlar barədə xüsusi bəhs etməyi vacib edir.
Məsələn, əvvəlki illərdən fərqli olaraq, indi klub rəhbərliyi ilə oyunçu arasında razılaşma şifahi əsasda deyil, rəsmi qaydada aparılacaq. Komandalar sifariş ərizəsinə 18 futzalçının adını daxil edə biləcəklər (əvvəllər bu say 15 idi). Maraqlı məqamlardan biri futzal komandasının heyətində futbol çempionatında çıxış edən 3 oyunçunun çıxışına icazə verilməsidir. Lakin belə hallarda "böyük futbol" təmsilçisindən məxsus olduğu klub rəhbərliyinin rəsmi icazəsini alması tələb ediləcək.
Futzal çempionatında çıxış edən idmançı AFFA bayrağı altında keçirilməyən hər hansı turnirdə iştiraka görə 1 milyon manat məbləğində cərimələnəcək. Hadisə təkrarlanarsa, növbəti dəfə cərimə cəzası yox, artıq həmin oyunçunun birdəfəlik diskvalifikasiyası gündəmə çıxacaq. "İkili vətəndaşlığı" olan (yəni, həm futbol, həm də futzal çempionatında çıxış edən) dəri top ustası sarı və ya qırmızı vərəqəni hansı türnirdə alıbsa, cəzalar məhz həmin yarış üçün nəzərdə tutalacaq. Yalnız xuliqanlıq hallarına görə verilmiş cəza hər iki çempionata aid ediləcəkdir.
Cari mövsümdə futzal üzrə ölkə çempionatının güclülər dəstəsiylə yanaşı, anoloji növdə həvəskarlar liqasında da turnir keçiriləcək.
Beləliklə, təxirəsalma olmasa, sabah futzal birinciliyinin püşkatma mərasimi olacaq: mərasim AFFA mənzil-qərargahında keçiriləcək. Çempionatın start götürəcəyi gün isə indidən məlumdur - sentyabrın 23-də ilk turun görüşləri təşkil ediləcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd