Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#103(327)
"Ölü qatarlar"ın səsi varmış...

Şamaxının Basqal kəndi ona şöhrət gətirən kəlağayısını rus imperiyasına qurban verəndən unudulmuşdu. Kəndi təkrar yaddaşlara gətirmək, adının unudulmasına əngəl olmaq lazımıydı. Bu da Əbülhəsən Ələkbərzadənin qismətinə düşdü. O Əbülhəsən Ələkbərzadənin ki, Azərbaycan Sovet romanının banisi olub ("Dünya qopur", "Müharibə", "Yoxuşlar", "Utancaq" kimi bir neçə kitabın müəllifidi-M.N.). Doğulduğu kəndə şöhrət gətirməkçün üzünü paytaxta tutan vaxt bığ yeri təzə tərləyirmiş. Ayları, illəri arxaya atıb yaş üstünə yaş gətirdikcə, şöhrəti də artıb, hörməti də. Günlərin birində də yolu Tovuza düşən nasir tək qayıtmayıb. Bu yerin işvəli qızlarından biriylə - Şöhrət xanımla ailə qurub. Çingiz də bu izdivacın meyvəsidi. Hansı Çingiz?.. Şair, yazıçı, rejissor, aktyor... hansını deyim? Qısası, ədəbiyyatımızda türmə şerlərinin atası sayılan ÇİNGİZ ƏLƏKBƏRZADƏdən danışıram.

Şagirdini qaçıran şair

Xoşbəxt, qayğısız böyüyüb Çingiz. Ata kölgəsiylə yanaşı, istedadı bu qayğısız oğlanın yollarını elə hamarlayıb ki, nə oxumaq dərdi çəkib, nə iş problemi olub... Televiziya yaranan gündən Şirvan zonası üzrə bölgə müxbiriydi. Hərdən də yox, lap tez-tez "çaşırdı". "Hər kəsin öz Sevastopolu var" deyib qayda-qanun "tanımırdı". Gördüklərini olduğu kimi ekrana çıxarmaq istəyirdi. Tənqidi yazılarını o vaxtkı dövri mətbuatın səhifələri qoruyub saxlayır. "Olmaz", "hər yerə burnunu soxma" sözlərini eşitsə də, arada işindən ayırsalar da elə ciddi qarşıdurma hiss eləmirdi. Əlindən yanıqlı olan məmurlarsa ondan yox, atası Əbülhəsəndən çəkinirdilər. SSRİ xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin oğluna toxunmaqmı olardı?.. Elə buna görə də "bostanına daş atılan" adamlar məqam gözləyirdilər. Məqamasa hələ var... Tələsməyim. Övladlarını, ömür dostunu xeyli əvvələ qaytarım. O vaxta ki, nə Çingiz Ələkbərzadə tutulmuşdu, nə də babaları - Əbu dedikləri Əbülhəsən müəllim dünyasını dəyişmişdi. Hələ Çingizin qız qaytaran vaxtıydı. İşiylə əlaqədar Şamaxı-İsmayıllı zonasına tez-tez gedirdi. O vaxtlar İvanovka kəndində dərs deməyə də vaxt tapıb. İlk gündən də gözü sinfin ən cəzbedici qızına düşüb. Günün birində də İsmayıllıdan İvanovkaya sahə dərmanlamağa gələn təyyarənin pilotunu dilə tutub, o qızı - Şüşə xanımı qaçırdıb. Şüşə xanım da evliliyin 19-cu ilinəcən ağrısız, rəvan bir həyat yaşadığını deyir. Amma birdən-birə dövran tərs gəldi, zaman geri işlədi... Əvvəllər ancaq Mərkəzi Univermağa allı-güllü paltar, daş-qaş almağa gedən bu xanımın da marşrutu dəyişdi. Bazar, dükan bir yana, türmə yollarını ağartdı.

Maşını iki təkər üstdə...
Şüşə xanımın dediklərindən:

- Ona qoşulub qaçanda yaşım ZAQSa düşmürdü deyə Çingizi çox incitdilər. Onda da işləri qayınatam sahmanladı, hər şeyi yoluna qoydu. Qayınanam Şöhrət xanım da xanım-xatın arvadıydı. Evdə də bir sözü iki olmazdı. Çingiz də o qədər zarafatcılıydı ki... Elə lətifələr danışırdı, uğunub gedərdim. Qonaq getməyi, qonaq qarşılamağı da ayrı aləmiydi. O vaxtlar xarici mallar altdan satılırdı. Harda yaxşı paltar görsə alıb gətirərdi. Uşaqlara da həmişə zarafatca deyirdi ki, bala, ananız təzə böyüyüb. Dünənə qədər paltarlarını "Detski mir"dən alırdım. 42 razmer geyirdi. Balalarını çox istəyirdi, hara getsə aparar, gələndə də görərdim ki, əyin-başlarını təzələyib. Emma da Çingiz evə gəlincə yatmazdı. Ata-baladan çox dostuydular. Ən qorxduğum şey onun sürdüyü maşına minmək idi. Maşını iki təkər üstə sürürdü. Elə ki, qışqırırdım, bir az da qızışırdı. Bir dəfə də hardansa gəlirdik, Çingiz də içkiliydi. Yolda milislər saxladılar. Tanıyandan sonra milislərdən biri sükanın arxasına oturub, bizi sağ-salamat evə gətirdi. Əvvəlki evlilikləri necə olub, bilmirəm (Şüşə xanım onun üçüncü arvadıdı-M.N.), amma mənə qarşı çox həssas, mehriban, diqqətciliydi. Çingiz Ələkbərzadənin Azərbaycan ədəbiyyatında yeri olduğu kimi, incəsənətimizə bağışladığı iki istedadın - Emma və Sevanın (Elmira və Sevda Ələkbərzadələr) da öz yerləri var.

Baba da ləng işləyirdi...
Şairin böyük qızı Emma:

- O vaxtlar Əbu da, atam da məni hər yerə aparardılar. Əbu ilə Sevastopola da getmişəm. Müharibə iştirakçısıydı axı. Yaxşı söhbətləri vardı. Deyirdi ki, Basqalda böyük kəlağayı sexləri olub. O vaxtlar İngiltərə, Fransa, Almaniyadan belə tacirlər gələr, kəlağayı alarmışlar. Babam da Basqaldan çıxan ilk ziyalıdı. Elə bir ziyalı ki, heç vaxt qeybət eləməyib, kiməsə pisliyi dəyməyib. Həmişə də gördüyünü yazıb. Elə atam da.
Gözümü dünyaya açandan evimizdə məşhur adamları görmüşəm - İlyas Əfəndiyev, Elçin Əfəndiyev, Rəsul Rza, Nigar xanım... Bunlar babamın dostlarıydı. Atamın dostları isə fərqliydilər. Çoxu da rumka dostlarıydı. Hər gün bizdəydilər, yemək-içmək. Atam tutalana qədər... Sonra heç birini görmədim. Bircə rəhmətlik Etibar Erkindən başqa (ona əmi deyirdik). Bizim musiqiçi olmağımız da təsadüfi deyil. Əbunun da, atamın da, hələ üstəlik nənəm Şöhrət xanımın da gözəl səsləri vardı. Elə ki yola çıxdıq, maşında maqnitafon işə düşmürdü. Bütün yolu atam muğamat oxuyurdu. Həmişə deyərdi ki, Emma dahi bəstəkar olacaq. Babam "Şəbu-hicran"ı elə oxuyardı ki... Əvvəl klassik musiqiyə meylliydim. Sonra xalq mahnılarına, estradaya vuruldum. Mənə deyirlər, ləng işləyirsən. Bu iradı atama da tuturdular. O da həmişə deyərdi ki, mən əllidən sonra yazacam. Doğrudan da elə oldu. Mənim də prinsipim budur - az olsun, saz olsun.

"Oxumaqdan başqa heç nə bilmirsən"
Kiçik qızı Seva:

- Bir dəfə ona çay verəndə özümü yandırmışam. O vaxtdan məni buyurmurdu. "Heç nə bacarmırsan, get mikrafonu götür, oxu. Sənin işin ancaq budur". Əvvəl-əvvəl oxumağımdan xoşu gəlmirdi. Amma sonralar... Səsyazmalara özü aparırdı, həvəslə, iftixar hissiylə. Saatlarla çöldə oturub gözləyərdi. Hiss edirdim ki, ləzzət alır...
... İllər ötürdü. Çingiz Ələkbərzadənin qələmə aldığı tənqidi yazılar da getdikcə sərtləşirdi. Hər tənqidi yazıdan sonra iş yerini də dəyişirdi, yaşadığı ərazini də. Əli Bayramlıda alverçilərdən yazdığı yazıdan sonra onu çağırıb mədəni surətdə bildirmişdilər ki, getməlisən. İsmayıllıya getmişdi. Orda da dinc durmamışdı, nəsə yazmışdı. Yenə çıxarmışdılar. Bu dəfə də Bakıya gəlmişdi. Bir müddət işsiz qalandan sonra "Kirpi"yə düzəlmişdi. Orda da rəhbərliyin xoşu gəlməyən bir nəfərlə oturub-durduğuna görə işdən azad eləmişdilər.
- Dostluğa sədaqətliydi, amma dostları etibarsız çıxdı. Yalnız Etibar əmiylə, Səbrağa Həsənovdan başqa.

Hamıya "S" vitamini!
""İşıq" qəzeti redaksiyasında işləyəndə gələn kimi birinci sözü beləydi: "Redaktor məni soruşmayıb?" Otağa girən kimi eşitdiyi, yaxud uydurduğu hansısa məzəli əhvalatı danışıb hamını gözü yaşarıncaya qədər güldürərdi. Deyirdi ki, hamınızı "S" vitaminiylə zənginləşdirirəm. Sonra keçərdi redaktorun otağına. Onu da "S" vitaminiylə təmin eləyib işə başlayardı. Onun duzlu felyetonlarıyla çox adamlar maraqlanırdı. Tənqid yazılmalıydısa, kimliyindən, hansı vəzifə sahibinə aid olmasından bir damcı da çəkinməzdi. "Hardasan, ay müştəri" felyetonunda kolxoz bazarında əliəyrilik eləyən alverçiləri, xalqın qanını soran vəzifəliləri, milis işçilərini tənqid atəşinə tutmuşdu...

Atasının sonuncu cüməsində şərlədilər

... Yuxarıda dedim axı, əlindən bezmişdilər. Məqam gözləyirdilər. Məqam da gəlib çatdı. Artıq Çingizin atası Əbülhəsən Ələkbərzadə haqq dünyasındaydı.
" ... 1986-cı il idi. Atamı vəsiyyətinə görə doğulduğu Basqal kəndində, anası Şahzadənin yanında dəfn elədik. 36 gündən sonra Şamaxı rayon partiya komitəsinin birinci katibi Firuz Mustafayev maşın göndərib məni ora apardı və həbs elətdirdi. Adını da qoydu ki, guya mən yeməkxana müdirinin qardaşından rüşvət almışam (Çingiz Ələkbərzadənin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirova yazdığı məktubdan)".
Bəs raykom katibinin müxbirlə nə ədavəti?
Çingiz Ələkbərzadə Şirvan zonası üzrə televiziyanın bölgə müxbiriydi. "Günün ekranı"na xüsusi süjetlər hazırlayırdı. Və bir gün...

Leninin əlində butılka...
Şüşə xanım:

- Hər şey heykəldən başladı. Bahar bayramıydı. Şamaxıda həmin gün "dahi rəhbər" Leninin büstünün açılışıydı. Pərdə açılanda... araya pərtlik düşdü. Heykəl açıldı, gördülər ki, büstün əlində rumka, içində də konyak. Çingiz də bunu yazmışdı. Ona görə də onunla əyrişmişdilər. Demişdilər ki, müxbirsən, öz işinə qarış, nəyə görə hər yerə burnunu soxursan. O gün də İsmayıllıdaydıq. Katib maşın göndərdi ki, çəkiliş üçün Şamaxıya gəlin. Orda da şərləyib tutdular.
- Bəs hər şeyi öncə görən Etibar Erkin Çingizə bir şey deməmişdi?
- Niyə deməmişdi? Zəng eləmişdi ki, mən gəlincə evdən çıxma. O da çıxmaq istəmirdi, üzə düşüb getdi. Ümumiyyətlə, Etibar Çingizi çox bəlalardan qurtarıb. Onu da deyim ki, türməyə düşəndə hamı deyirdi, pul verin, qurtarsın. Ancaq Etibar dedi ki, onu türmədən heç nə qurtara bilməz.

Kamera katibdən asılıdır...

"Mənim tragikomediyamın səbəbi budur ki, yenidənqurma xəstəliyinə tutulmuşam. Yenidənqurma ölkənin hər yerinə ayaq açsa da, Şamaxının bundan xəbəri yoxdu. Jurnalist olaraq Şamaxının birinci katibi Firuz Mustafayevlə söhbət eləmək istəyirdim. İki ildi ki, operator Çinar Məcnunbəyovla Şamaxının iqtisadi, sosial vəziyyəti, mədəni həyatına dair reportajlar eləyirdim. Həmin reportajlar "Günün eranı"nda translyasiya olub. Amma görürdüm ki, həqiqəti nə mənim, nə də kameranın göstərməyə gücü yoxdu. Eləcə, bayramsayağı şeylər hazırlayırdıq. Ancaq həqiqət torpaqdı, torpaqdan utanırdım. Torpaq hardan biləydi ki, bütün işləri raykom katibi həll eləyir. Torpaq bir yana, mən də bilmirdim ki, kamera katibdən asılıdır. Yalnız o, kameranın harda çəkiliş aparmasını planlaşdıra bilərdi. Plan 100-120 faiz "dolurdu". Mağazalarsa südsüz, ətsiz, yağsız..."
Məktub uzundu. Suda boğulan saman çöpünü qurtuluş yolu bilən kimi, Çingiz müəllim də dərdlərini bu məktuba tökməklə yarasının sağalacağını zənn eləyib. Bəlkə mən də yanılıram. Amma vaxt o vaxtıydı ki, "həqiqət donmuşdu."

"Şamaxının qapılarını üzünə bağlaram!"

Çingiz Ələkbərzadə rüşvət üstə tutulmuşdu. Rüşvəti ona kim, harda, nədən ötrü vermişdi? Yenə öz qeydlərindən:"1986-cı ilin yazında Şamaxıya heyvandarlıq işini, biçini çəkməyə gəldik. Operator çəkiliş yerinə, mən də katiblə söhbətə getdim". Söhbət xoşagəlməz dialoqdan ibarət olub. Müxbirin hər şeyə maraq göstərməsi, tənqidə meylli olması raykomun xoşuna gəlməyib. Bu söhbətdə Ələkbərzadənin ara-sıra qəzetlərdə dərc elətdirdiyi tənqidi yazıları yada salan raykom söhbətin sonluğunu belə qurtarıb: "Elə eləmə ki, Şamaxının qapısını üzünə birdəfəlik bağlayım".
Bəs sonra? Sonrası yenə orda:"Beləcə, çox keçmədi, katib üzərinə "Burda haçansa insan yaşamışdır" sözləri qeyd edilən Şamaxı qapısını da, taleyimin qapısını da bağladı. Ona bu işdə Şamaxı rayonu üzrə KQB-nin rəisi A.Məmmədyarov kömək elədi. Təəssüflər ki, bunu mən işim qaldırılanda bildim".
Çəkilişdən sonra bizi şam yeməyinə ("Turist" yeməkxanasına - M.N) dəvət elədilər. Və ... şərlədilər. Məni yemək yeyərkən, kruqa aldılar, yerə yıxıb guya cibimdən pul çıxartdılar (400 manat, 21 ədəd nömrələnmiş pul-M.N.). O dəqiqə də rüşvətxor kimi damğaladılar.
Məhkəmə prosesində məlum oldu ki, birinci katib Mustafayev ardımca maşın göndərəndə artıq hər şey hazırmış. Beləcə, mən Ciddi Rejimli Əmək Koloniyasına düşdüm...

Yalançı şahidlər "gördüklərini" unutdular

Sonra da məhkəmə... şahidlər...
Şüşə xanım:
- 30-a yaxın şahid vardı. Guya hamısı gözüylə görüb, qulağıyla eşitmişdi ki, Çingiz Şamaxıdakı "Turist" yeməkxanasının müdiri Xudayat Zamanovu ifşa eləyəcəyiylə hədələyib, onun qardaşı Müzəffər Zamanovdan 700 manat pul istəyib, sonda 400 manatla razılaşıb. Yazıq Çingiz deyirdi ki, qoy bu rüşvəti mən 2-3 adamın yanında alım. Belə çıxır, bütün Şamaxıya rüşvət alacağımı bildirmişəm. Amma şahidlər üç il sonra ikinci məhkəmədə ifadələrini dandılar. Xəstə olduğunu, əvvəlki ifadəsini unutduğunu deyib, hərə bir yolla yaxasını kənara çəkdi. Onu da deyim ki, Çingizin vəkili Aydın Bababəyov çox güclüydü. O olmasa bəlkə də Çingizin günahsız olduğunu sübut eləmək mümkün olmazdı. Amma axıra qədər o pullar ortalığa çıxmadı.
Məhkəmədə çox incitdilər Çingizi. Xəstələnməyinin səbəbkarı da onlardı. Məhkəmə vaxtı Şamaxıda necə döymüşdülərsə başından zədə almışdı. Sonra xəstəlik tapdı. Üç gün sonra Pirəküşkülə onu görməyə getmişdim, tanımadım. Tutulanda cavan oğlan idi. Üç gün sonra qarşımda saçları ağappaq, beli bükülən qoca durmuşdu. Amma... İki il yatdı. Azərbaycanda o türmə qalmadı ki, gəzdirməsinlər.

"Ölü qatarlar"a musiqi

İlk şerlər kitabını da Şamaxı türməsində yazdı. Dərdlə, ağrıyla yüklü bir kitab. Ancaq o dərdlərini, problemlərini kimsəyə yükləməyi xoşlamazdı. - Yanına gedərdik. Elə danışardı, elə gülərdi, elə bil sanatoriyadadı. Belə "sanatoriya"lardan birinə ilk gəlişi, bəstəkar, "İRS" ansamblının yaradıcısı Rəşid Nəsiboğluyla görüşünü özü belə xatırlayarmış: "Məni iki saylı İslah Əmək Düşərgəsinə 1987-ci ildə, avqust ayının 22-də gətirdilər. Ciblərimin astarını üzünə çevirəndən sonra zonaya buraxdılar. Və... qarşımdakı dustağın nəmli gözlərini görəndə ürəyim üşürgədi: "İlahi, mən bunu harda görmüşəm?"
- Özünü yorma, Çingiz Ələkbərzadə. Rəşidəm də, Nəsiboğlu.
Sonra da köksünü ötürüb "Çingiz Əbülhəsən oğlu da tutularmış" dedi. Rəşid məni qoltuğuna vurub, öz barakına apardı. Adama bir stəkan şəkərsiz çay içəndən sonra zonanın bulaq adlandırdığı yerə getdik. Sonralar biləcəm ki, kişilər ağlamaq istəyəndə bulağa gedib orda səsləri batınca hönkürürlər. Biz də o bulağın qonağı olduq. Səsim batıncaya qədər ağladım. İndiyəcən mənə üç türmə gəzdirmişdilər, amma ürəyimi boşaltmağa bir dalda yer olmamışdı. Ağlamaq üçün əlimə fürsət düşmüşdü. Rəşiddən soruşdum ki, sən niyə ağlamırsan? "Sən gəlincə ağlamaq planını doldurmuşam", dedi.
... Zonanın klubunda pianino vardı. Rəşidin piano çalmaqdan ötrü ürəyi gedirdi. Di gəl, kim ona icazə verərdi? O piano zonaya qonaq gələn musiqi kollektivləri üçün idi. Amma bir dəfə onu səhnəyə dəvət elədilər. Rəşid də mənim "Ölü qatarlar" şerimi mahnıya çevirdi. Həmin mahnını ürəyində bəstələmişdi. Sonra yazdım "Rəşid" şerini.

Elə bir yerdəyik, hamımız naçar,
Zülmətlərə düşdük, gördük goru da.
Az qalıb, taleyin qapını açar,
Rəşid Nəsiboğlu, döz bir hovur da.

Emma:
- Biz həmişə atamın yanına gedəndə Rəşid əmi də gəlirdi. O qədər utancaq, sakit adam idi ki. Rəşid əmi orda çox əziyyət çəkirdi. Taxtanın üzərində sabunla notları çəkmişdi. Əllərini onun üzərində oynadırdı. Belə söndürürdü piano yanğısını...

Məmməd İsmayıldan səs çıxmadı...

Nəhayət, acı günlər arxada qaldı. Amma o illər Çingiz ömrünün bir çox əhəmiyyətli hadisəsini özündə saxladı. Nə atasının ilinə gələ bildi, nə də bala deyib Yazıçılar İttifaqı ilə türmə qapısını yağır eləmiş anası Şöhrət xanımı son mənzilə çiyinlərində apara bildi. Sonra... Türmə həyatına əlvida dedi. Bəraətini aldı. Türmənin qapısını örtüb, əvvəl işlədiyi televiziyanın qapısını açmaq istədi. İmkansız... Onu televiziyaya yaxın buraxmadılar. "Ekran-efir" qəzetinə göndərdilər. Çingiz müəllim burda işləmək istəmədiyi, əvvəlki işinə qayıtmaq istədiyi haqda dəfələrlə o vaxtlar Tele-radio şirkətinin sədri olan Məmməd İsmayıla məktub yazdı. Hamısı da cavabsız.
- ...Radioya göndərdilər. Orda da heç bir tapşırıq vermədilər. Sındı, yaman sındı Çingiz. Bir tərəfdən də yaxasını tanıyan xəstəlik. Əlyazmalarının çoxunu onda cırdı.
- Bəraətini necə qarşıladı? Həmin vaxt səhv eləmirəmsə, həm də kitablarından hansınınsa pulu da gəlmişdi...
- Pul dəyişən vaxtlarıydı. Həmin vaxt rus puluyla milyon yarım almalıydı. 5 şirvan, nə qədərsə verdilər. "Zindan"a görə də 20 şirvan aldı. "Qumarbaz"a da elə. Hər tərəfli zərbəydi.
- Bəraətə pulunuz çıxdı?
- Yox, bir qəpiyimiz də qalmamışdı.
- Bəs, İsmət Qayıbovun heç bir köməyi dəymədi? Axı onlar dostuydular.
- Bu iş sifarişliydi. Heç İsmət Qayıbov da kömək eləyə bilməzdi. Amma türmədən çıxanda evə onu rəhmətlik İsmət özü gətirdi. O vaxtlar bizə maddi kömək də eləmişdi.

"Kef cəhənnəmdədi"

Nə qədər ssenariləri vardı. Çəkmək arzuları, üzləşdiyi laqeydlik üzündən puç oldu. Yeganə təskinliyi eviydi, balalarıydı. O, ağır vaxtlarında da hər şeyi lətifəyə çevirərdi. - Heç yadımdan çıxmaz. Bir gün fikirli-fikirli dedi ki, görən, mən öləndən sonra cənnətə gedəcəm, ya cəhənnəmə? Seva da qayıdasan ki, ata, bilirəm, cəhənnəmə gedəcəksən. Çingiz elə tutuldu: "Niyə, ay qızım?" Seva da qayıdasan "cənnətdə nə var e. Kim olacaq orda? Bir-iki molla, vəssalam. Rumka dostların, incəsənət adamları - müğənnilər, rəssamlar, rejissorlar... hamısının yeri cəhənnəmdi. Kef orda olacaq". Sevdanın sözləri Çingizə bir ləzzət eləmişdi ki. Harda otursa danışıb-gülürdü.
"Üç arvaddan beş bala almışam" desə də, haqq dünyasına gedəndə dördüylə vidalaşdı - Zahid, Zaur, Emma, Seva.

Son əvəzi

1998-ci ilə qədər yaşadı. Yıxıla-dura, pis-yaxşı haqqını tələb eləyə-eləyə neçə kitab, roman, povest, hekayə, şer... Hamısı da həyatdan götürdüyü motivlər əsasında. Onlar qaldı bizə, bir də Azərbaycan incəsənətinə bağışladığı iki istedad. O istedadlar - Emma və Seva isə belə deyirlər:
- Atamızla fəxr eləyirik. Çingiz Ələkbərzadənin qızları olduğumuz üçün başımız həmişə ucadı.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd