İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#103(327)
Doğma yurda qayıdış başlanır...
Ağdam və Füzuli rayonlarından olan köçkünlər ölkə Prezidentinin fərmanını razılıqla qarşılayıblar

Məlum olduğu kimi, srağagün Prezident Heydər Əliyev Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlərin bir qisminin yaşayış şəraitinin yaxşılaşdırılmasına dair fərman imzalayıb. Fərmana əsasən, Dövlətqaçqınkoma tapşırılıb ki, 2001-2002-ci illər ərzində 1300 ailənin məskunlaşdırılması məqsədilə həmin rayonların ərazisində 8 yaşayış qəsəbəsinin tikintisini təmin etsin. Belə ki, Ağdam ərazisində 500 ailə üçün hər biri 150 ailəlik 2 və hər biri 100 ailəlik 2 qəsəbə, Füzuli rayonu ərazisində isə 800 ailəlik - hər biri 200 ailəlik 4 qəsəbə tikilməlidir.
Həmin qəsəbələr Ağdam rayonunun Ergi, Xındırıstan, Quzanlı, Ayaq Qərvənd kəndlərində, Füzuli rayonunun isə Haramı adlanan sahəsində salınacaq. Burada məskunlaşacaq əhaliyə müəyyən olunmuş qaydada həyətyanı və əkin torpaq sahələrinin ayrılması üçün rayon icra hakimiyyətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə tədbirlər görməlidir. Dövlətqaçqınkom isə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün köçkünlərə lazımi miqdarda vəsait ayrılmasını təmin etməlidir.
Bütün bu işlərin görülməsi üçün Dövlətqaçqınkoma Dövlət Neft Fondunun hesabından 84 milyard manat məbləğində vəsait ayrılacaq. Köçkünlərin yeni yaşayış məntəqələrinə köçürülməsi üzrə xərcləri Maliyyə Nazirliyi çəkəcəkdir. Qəsəbələrin tikintisi üçün layihə-smeta sənədlərini Dövlət Tikinti və Arxitektura Komitəsi hazırlayacaq. Sifarişçi təşkilat isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondudur.
Fərman yalnız çadır və vaqonlarda məskunlaşmış məcburi köçkünlərə aid edilsə də, məlumdur ki, ölkə ərazisinin xeyli hissəsində, o cümlədən elə paytaxtın özündə də yüzlərlə qaçqın məskunlaşıb. Görəsən, onların bu qərara münasibəti necədir? Bu suala cavab almaq məqsədilə paytaxtın Şərifzadə küçəsindəki yataqxanada məskunlaşmış Ağdam və Füzuli köçkünləri ilə görüşdük. Fərmanı yüksək qiymətləndirən qaçqınların əksəriyyəti hətta qərarın onlara şamil edilmədiyindən təəssüf hissi keçirdiklərini də bəyanladılar.
Elnaz Qurbanova (Füzuli rayonu): "Düzgün fərmandır. Bizə şamil edilsə, biz də getməyə razıyıq. Bu natəmiz, uçuq-sökük yataqxanalarda yaşamaqdansa, əlbəttə o yerlərdə yaşamaq daha yaxşıdır. Heç olmasa, həsrətində olduğumuz doğma Füzulimizin havasını udacağıq".
Rizvan İbrahimov (Ağdam rayonunun Mərzili kəndi, Qarabağ müharibəsi əlili): "Mənim burada nə işim var?ı Həmişə əkib-becərməklə, torpaqla məşğul olan bir insanın indi beşinci mərtəbədə, dörd divar arasında əl-qolu bağlı qalmağı dözülməzdir. Bizimki yaşamaq deyil. Qohumlarımın əksəriyyəti hazırda həmin Ergi deyilən kənddə yaşayır. Ergi bizim kəndin, əslində, yarı hissəsidir. Eşitdiyimə görə, bu qərar hələlik çadır şəhərciyində yaşayanlara aiddir. Bu isə doğrudan da sevindirici haldır. Mən inanıram ki, çadırda, acınacaqlı vəziyyətdə yaşayan həmyerlilərimizə müsbət şərait yaradılacaq. Onların yaşayışı, axır ki, yaxşılaşacaq"
Xaliq Quliyev (Füzuli rayonunun Kərimbəyli kəndi): "Dünən prezidentin fərmanını televiziyada eşidəndə xeyli sevindim. Əvvəl elə başa düşdüm ki, bu bizə də aiddir. Eşitdiyimizə görə, çadırda yaşayanların məskunlaşcaqları həmin kəndlərdə bərpa işləri gedir. Evlər tikilir və onlara torpaq sahələri verəcəklər. Humanist qərara görə mən prezidentimizə minnətdaram. Nə vaxta qədər bu camaat yataqxanalarda və yaxud çadırlarda yaşayacaq. Əksəriyyəti torpaqla məşğul olan adamlardır və həmin yerlərdə torpaq sahələri veriləcək ki, bu da onların xeyrinədir. Həmçinin mal-qara saxlayanlar üçün də əlverişli şərait yaranacaq. Axı torpağı da əkib-becərmək lazımdır. İşləmək lazımdır. Biz burada yenə nisbətən yaxşı yaşayırıq. Lakin vaqonlarda və çadırlarda yaşayanların vəziyyəti daha acınacaqlıdır.
Kamilə Əsgərova (Ağdam rayon sakini): "Yaşadığım yerdən o qədər də narazı deyiləm. Lakin mən də həmin kəndlərə qayıtmaq istəyirəm. Xüsusən çox sevindirici haldır ki, çadır şəhərciyində və vaqonlarda yaşayanlar üçün belə bir şərait yaradılıb. Qoy onlar getsinlər, rahat yaşasınlar.
Əgər bu gün prezidnt bu fərmanı veribsə, yəqin ki, düşmən əlində olan torpaqlarımız da tezliklə qaytarılacaq və hər kəs öz ev-eşiyinə qayıdacaq. Böyük ümidlə yaşayırıq".
Qeyd edək ki, prezidentin fərmanı heç də ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Belə ki, əksəriyyət, o cümlədən, bəzi siyasi dairələrdə bu evakuasiyanı əks mənada yozurlar. İddia edirlər ki, çadır şəhərciyində yaşayan qaçqınların həmin ərazilərə köçürülməsi guya işğal altında olan torpaqların artıq geri qaytarılması məsələsinin həllinə nöqtə qoymaqdır. Yəni artıq o torpaqların geri qaytarılmasından söhbət gedə bilməz.
Ağdamdan seçilmiş millət vəkili Bəxtiyar Sadıqov isə bu fikrin tamamilə yanlış olduğunu bildrdi: "Ərazisinin 72 faizi işğal altında olan və respublikanın 58 rayonuna səpələnən Ağdam rayonunun əhalisi prezidentin məlum fərmanını razılıqla qarşılayıb. İndi şayiələr gəzir ki, guya köçkünlər doğma torpaqlarına qayıtmaq istəmirlər. Lakin elə məlum qərardan sonra çadır şəhərciyində yaşayan 1750-dən çox köçkün sözügedən kəndlərdə məskunlaşmaq üçün ərizə ilə müraciət edib." Füzulidən seçilən millət vəkili Bahar Muradova isə həyatının müəyyən hissəsəsini çadırda keçirmiş olan qaçqınlar üçün fərmanın böyük əhəmiyyət daşıdığını bildirdi: "Bu, köçkünlərin sosial rifahının yüksəldilməsidir. Çadırlar uzunmüddətli yaşayış üçün deyil. Ən azı iqlim fərqi var. Füzuli əhalsi Sabirabadın, Biləsuvarın, İmişlinin çölündə salınmış çadırda nə qədər yaşayacaq? Kim deyir ki, bu, torpaqların azad olunmaması deməkdir? Həm məcburi köçkünlər, həm də onların hüquqlarını müdafiə edən şəxslər bu fikirdədir ki, bu yolla problemin həllinə kömək etmiş olarıq. Məcburi köçkünlər doğma torpaqlarına yaxın olar. Vətəninin azad edilməsini çadırda gözləməkdənsə, öz torpağında qarşılayar"
Millət vəkili İqbal Ağazadə köçkünlərin məskunlaşdırılmasının torpaqların azad edilməməsi məqsədi daşıdığına inanmadığını bildirir. Onun fikrincə, köçkünləri buna inandırmaq üçün təbliğat aparılmalıdır.

Telefon "pirat"ları

Bu yaxınlarda İnterpolun Bakı Bürosu 3 nəfəri həbs edib. Onlardan ikisi 20-22 yaş həddində olan qadındır. Həmin şəxslərin tutulması aşağıdakı kimi olub.
1999-cu ildə Bakı şəhəri Nəsimi rayon sakinlərinin hesabına böyük məbləğlərdə beynəlxalq danışıq haqları gəlməyə başlayıb. Həmin məbləğlərin ödənilməsi əvəzinə "Aztelekom" İstehsalat Birliyinə vətəndaşlardan ərizələr daxil olub. Belə ki, xarici dövlətlərdə qohumu, tanışı olmadığını bildirən bu yaşlı şəxslər, pensiyaçılar pulun silinməsini tələb ediblər. Məlum olub ki, telefon zəngləri Pakistanın Kəraçi şəhərinə edilib. Ötən il sözügedən məbləğ 2 min dollara çatanda "Aztelekom" kömək üçün İnterpola müraciət edib. İnterpolun Pakistandakı əməkdaşları ilə aparılan birgə əməliyyat tədbirləri nəticəsində bütün yerli zənglərin bir telefona olduğu aşkar edilib. Həmin telefon Pakistan vətəndaşı, oradakı "Paradiz" mehmanxanasının meneceri Mohamed Yamənə məxsusdur. Yamen İnterpolun Pakistandakı əməkdaşlarına bildirib ki, onun telefonundan mehmanxanada qalan, əslən, Azərbaycandan olan gənc qızlar istifadə edirlər. Bakı şəhəri Nəsimi rayonunun ərazisində yaşayan 22 yaşlı Sevda və 20 yaşlı Təranə Musayeva bacıları Bakıdan Nəsimi Əliyevlə danışıblar.
Sonradan məlum olub ki, N.Əliyev gecələr telefon xətti keçən dirəyə çıxaraq, telefon naqillərini müxtəlif nömrələrə birləşdirərək Pakistanla danışıb.
İnterpol qızlar barəsində ətraflı məlumat toplayaraq, onların ünvanlarını dəqiqləşdirib. İstintaqçılar Musayevaların anasına baş çəkərək, qızlarının harada olduğunu soruşublar. Qadın isə soyuqqanlıqla böyük qızının evdən çıxıb getdiyini, kiçiyinin isə ailə həyatı qurduğunu bildirib. Ana qızlarının harada yaşadığı barədə məlumatı olmadığını söyləyib. İnterpolçular Musayevaların evini tərk edən kimi qadın Sevdaya zəng vuraraq, onların axtarıldığını bildirib və ehtiyatlı olmağı tapşırıb. Buna görə də əməliyyatçılar gözləməyə üstünlük veriblər. Nəhayət, Bakıya gələn bacılar yaşadıqları mənzildəcə həbs olunublar. Qızlar ifadələrində bildiriblər ki, atalarının vəfatından sonra anası onların hər birini 400 dollara sutenyor qadınlara satıb. Bu yolla 1995-ci ildən əvvəlcə Birləşmiş Ərəb Əmirliklərində, sonra isə Pakistanda qalan qızlardan "bədən alverçiləri" istifadə ediblər. Musayeva bacılarının Bakıdan yeniyetmə qızları xarici dövlətlərə aparması faktı da istisna edilmir.
Həbs edilən Sevda və Təranə Musayevalar və Nəsimi Əliyev barəsində CM-nin müvafiq maddələriylə cinayət işi qaldırılıb.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd