|
|
|
|
#103(327)
|
 |
|
Rusiya Azərbaycana hərbi yardım edəcək
|
Dünən Moskvaya üçgünlük işgüzar səfərini başa vuran Azərbaycan
müdafiə naziri Bakıya məmnun qayıdıb. İki ölkə arasında
Qəbələ RLS-in istismarı, silah təchizatı və hava hücumundan
müdafiə sahəsində əməkdaşlığa dair prinsipial razılıq əldə olunub.
Azərbaycan hərbi nazirinin Rusiyaya səfərinin ən əlamətdar yekunu kimi iki ölkənin HHM sistemlərinin əməkdaşlığı barədə razılaşmanı qeyd etmək olar. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik Ramiz Məlikovun sözlərinə görə, bu razılaşma Rusiya və Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin komanda məntəqələri səviyyəsində informasiya mübadiləsini nəzərdə tutur.
MN rəsmisi HHM sahəsində əməkdaşlığın konkret təfərrüatlarını açıqlamayıb. Bununla belə, ehtimal etmək olar ki, Rusiya ilə tərəfdaşlıq Azərbaycanın cənubdakı hava sərhədlərinin qorunmasını da əhatə edəcək. Xatırladaq ki, bu yaxınlarda İran tərəfindən Azərbaycanın Xəzər üzərindəki hava sərhədinin pozulmasından sonra Rusiya tərəfi belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürmüş, əvəzində Bakıya MDB-nin "Kollektiv Təhlükəsizlik Müqaviləsi"nə qoşulmağı təklif etmişdi. Lakin Bakı indiyədək təmsil olunmadığı bu sazişə qoşulmağa meylli deyil. Azərbaycanla Rusiya arasında əldə olunan ilkin razılıq bu məsələdə kompromisin tapıldığına işarədir.
Nazirlərin əldə etdiyi digər razılıq Azərbaycan Ordusunun hərbi texnika ilə təchizatını nəzərdə tutur. R.Məlikovun sözlərinə görə, Azərbaycan Ordusu əsasən keçmiş SSRİ-nin istehsalı olan texnika ilə təchiz olunduğundan bu cür əməkdaşlıq zəruridir və Rusiya hərbi texnikanın modernizə edilməsi, təmiri və utilləşdirilməsi (köhnələrin məhv edilməsi) sahəsində Azərbaycana yardım etməyə hazırdır.
Azərbaycan və Rusiya müdafiə nazirlərinin Qəbələ RLS-in statusu barədə razılığı da diqqət çəkir. Razılığa əsasən, obyekt Azərbaycanın mülkiyyəti kimi Rusiyaya orta müddətli (təxminən 10 il) icarəyə veriləcək, Rusiya isə stansiyanın ətraf mühitə zərərli təsirini minimuma endirəcək. Amma icarə haqqının həcmi dəqiqləşdirilməyib. Güman ki, bu məsələ də Azərbaycan prezidentinin Rusiyaya səfərinə qədər həll olunacaq.
Qırıcılarımız parada hazırlaşır
Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü
münasibəti ilə düzənlənəcək təntənələrdə hərbi parad da nəzərdə tutulur
|
Bu mərasimə hazırlaşan Azərbaycanın hərbi təyyarələri dünən növbəti uçuşlarını keçiriblər. "Nasosnı" hərbi aerodromunda gerçəkləşən uçuşlarında MİQ-25 qırıcı təyyarələri məharətlərini göstəribilər.
Qeyd edək ki, bir neçə gün öncə "SU" markalı hərbi təyyarələr də Bakı səması üzərində analoji uçuşlar keçirmişdilər. Əldə etdiyimiz məlumata görə, Azərbaycanın Silahlı Qüvvələri oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə keçirilməsi nəzərdə tutulan hərbi parada ciddi şəkildə hazırlaşırlar. Təntənəli mərasimdə prezident Heydər Əliyevin iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, bu son 9 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin düzənləyəcəyi ilk hərbi parad olacaq. Azərbaycan müstəqillikdən sonra yalnız bir dəfə, 1992-ci ilin oktyabrında analoji mərasim keçirib.
"Ermənistan qorxuya düşüb"
İqbal Ağazadə: "Köçəryan "nə hərb, nə sülh" vəziyyətinin uzanmasında maraqlıdır"
|
"Hərbi əməliyyatlara başlamaq heç bir münaqişə tərəfinə xeyir gətirməyəcək. Əksinə, müharibəni birinci başlayan tərəf uducazaq". Ermənistan prezidenti Robert Köçəryanın "QazetaSNQ.ru" İnternet saytında keçirilən forumda bəyan etdiyi bu fikir siyasi dairələrdə birmənalı qarşılanmayıb.
VBP sədri, millət vəkili İqbal Ağazadə Robert Köçəryanın sözügedən bəyanatını Ermənistan tərəfinin hərbi əməliyyatların yenidən başlanmasından ehtiyatlanması kimi izah edir: "Əslində, bu, Ermənistanın qorxusunu ifadə edir. Robert Köçəryan bilir ki, müharibə başlasa, Ermənistan ciddi itkilər verəcək. Bu da nəticə etibarilə müvəqqəti hərbi uğurlar üzərində hakimiyyətə gəlmiş Köçəryana qətiyyən sərfəli deyil. Əslində, Robert Köçəryanın bu bəyanatı göstərir ki, Ermənistan psixoloji baxımdan müharibəyə hazır deyil".
Onun fikrincə, Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü prinsiplərdən əl çəkməməsi də Robert Köçəryanın hakimiyyət maraqları ilə bağlıdır: "Əgər Ermənistan sülh danışıqlarından geri çəkilməyə məcbur olacaqsa, bu, Köçəryan hakimiyyətinin sonuna gətirib çıxaracaq. Əslində, Köçəryan özü də yaxşı bilir ki, danışıqlar prosesinin sonu yoxdur. Ona görə də irəli sürdüyü 3 prinsipdən əl çəkmək istəmir. O, "nə hərb, nə sülh" prosesini uzatmaqla iqtisadi, siyasi və demoqrafik vəziyyəti sabitləşdirməyə çalışır. Eyni zamanda, o, digər dövlətlərlə imzalanan hərbi müqavilələrdən gələcəkdə Ermənistanın müdafiəsi üçün istifadə olunacağına ümid edir. Söhbət Suriya, Rusiya və Yunanıstanla bağlanan müqavilələrdən gedir".
Millət vəkili hesab edir ki, Köçəryanın bəyanatı həm də Ermənistanın yenidən hərbi əməliyyatlara başlamaq niyyətindən uzaq olduğuna işarədir: "Bu gün Ermənistan müvəqqəti hərbi uğurlar əldə edib. İndi onların məqsədi yalnız və yalnız bu uğurları qoruyub saxlamaqdır. Onlar bir növ istədiklərinə nail olduqları üçün müharibəyə başlamaq istəmirlər. Köçəryan bu bəyanatı ilə həm də Ermənistanın guya sülhpərvər dövlət olduğunu nümayiş etdirmək istəyir".
Kimə qrant ayırılır?
Akif Nağı: "Sabiqlərin dəstəklədiyi bu cərəyan millətçilərə qarşı yönəlib"
|
"Qarabağ Xartiyası" müəllifləri - Eldar Namazov və Tofiq Zülfüqarovun Dağlıq Qarabağ erməniləri ilə keçirdiyi görüş qeyri-hökumət təşkilatları arasında növbəti ajiotaja səbəb olub. Dünən Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağının Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla birgə keçirdiyi mətbuat konfransı da bu məsələyə həsr edilmişdi.
Çıxış edən QAT sədri Akif Nağı son zamanlar Azərbaycanda millətçilik əleyhinə təhlükəli cərəyanın ortaya atılmasından narahatlığını ifadə etdi. O bildirdi ki, politoloq statusunda siyasi proseslərə təsir göstərməyə çalışan bir çox tanınmış şəxslər liberal dəyərlərin müdafiəsi adı ilə Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxırlar. Akif Nağı liberalizm tərəfdarlarının millətçilər əleyhinə geniş fəaliyyətə başladığını və yaranmış tendensiyanın təhlükəli olduğunu vurğuladı: "Qarabağ Xartiyası müəlliflərinin fəaliyyəti sayəsində Azərbaycan cəmiyyəti iki yerə parçalanıb. Tofiq Zülfüqarov, Eldar Namazov, Arzu Abdullayeva, Sabit Bağırov, Hikmət Hacızadə, Rasim Musabəyov və cəmiyyətdə az-çox nüfuza malik digər şəxslər liberal dəyərlərin müdafiəsi adı altında dövlətçiliyimizin əleyhinə çıxırlar. Onlar dəfələrlə deyiblər ki, Azərbaycan xalqı hələ tam formalaşmayıb. Onların təbliğ etdikləri bu təhlükəli xətt ondan ibarətdir ki, biz demokratiya naminə torpaqlarımızdan imtina etməliyik. Son proseslər də göstərir ki, bu adamlar xalqa deyil, beynəlxalq təşkilatlara güvənirlər. Biz inanırıq ki, xalqın dəstəyi ilə qələbə millətçilərin olacaq".
Akif Nağı da bu fikirdədir ki, Dağlıq Qarabağ ermənilərinin Bakıya səfərində qeyri-hökumət təşkilatlarının maliyyə marağı var: "Əslində, indi hər iki tərəfdə - Ermənistanda və Azərbaycanda fırıldaqçı qruplar yaranıb. Onlar belə səfərlərlə beynəlxalq təşkilatlardan pul almağa çalışırlar".
Ancaq biz heç də o fikirdə deyilik ki, danışıqlar aparılmamalıdır. Ermənistanda elə partiya liderləri var ki, Azərbaycan torpaqlarının işğal olunduğunu etiraf edirlər. Özünü separatçı rejimin vətəndaşı kimi təqdim edən Karen Ohadcanyandansa, həmin şəxslərin Azərbaycana gəlməsi daha məqsədəuyğundur".
QAT sədri, həmçinin Eldar Namazov və Tofiq Zülfüqarovun ermənilərlə görüşündən narazı qaldığını söylədi. Onun iddiasına görə, "Qarabağ Xartiyası" müəllifləri, əslində, özlərinin şəxsi reabilitasiyalarına can atırlar: "Onların hazırladığı "Qarabağ Xartiyası"ndakı prinsiplər Qarabağ Azadlıq Təşkilatının hazırladığı analoji sənəddən götürülüb".
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə ermənilərin Bakıya buraxılmasının düzgün olmadığını bildirdi: "Çünki onlara qarşı hər hansı terror, emosional hərəkətin məsuliyyəti Azərbaycanın üzərində qalacaqdı".
Leyla Yunus əlavə etdi ki, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatları hansı qeyri-hökumət qurumlarına qrant ayırdıqları barədə hesabat verməlidirlər: "Jurnalisitlər bunu onlardan tələb etməlidir ki, cəmiyyət hansı təşkilatın qrantla fəaliyyət göbstərdiyinin şahidi olsun".
|
Britaniyalı diplomatın
səfəri başa çatdı
|
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərq ölkələri şöbəsinin rəisi Pol Bravilin Bakıya üçgünlük səfəri dünən başa çatıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, P.Bravil xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və parlamentin beynəlxalq əlaqələr komissiyasının sədri Səməd Seyidovla görüşüb, ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib. Bundan başqa, o, ölkəmizdə fəaliyyət göstərən Britaniya neft şirkətlərinin işi və qayğıları ilə tanış olub. Qaçqınların və məcburi köçkünlərin yaşadıqları düşərgələrə baş çəkən P.Bravil Britaniya hökumətinin bu düşərgələrə humanitar yardım göstərməsi üçün situasiyanı öyrənib.
|
Bakı İlahiyyət Universitetinin
tikintisi başa çatdırılacaqmı?
|
Bakı İlahiyyat Universitetinin tikintisinin nə zaman bərpa etdiriləcəyi hələ də sual altındadır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
Azərbaycanın savadlı din xadimlərinə ciddi ehtiyacı olduğunu deyən Paşazadə tikintinin təkcə elmi-tədris yox, həm də dini-mənəvi xarakter daşıdığını xatırladıb. QMİ rəhbəri tikintilə bağlı bəzi problemlərin həlli üçün Bakı şəhər meri Hacıbala Abutalıbova müraciət etdiyini bildirib.
|
MBD İqtisadi Şurası
sentyabrda yığışacaq
|
MDB İqtisadi Şurasının təkrar iclası bu ilin sentyabrında keçiriləcək. İclasda MDB-nin icra orqanlarının maliyyələşdirilməsi, həmçinin 2001-ci il üçün büdcə layihəsi müzakirə olunacaq.
Şuranın sentyabrın 7-də keçirilmiş iclasının gündəliyinə isə 19 məsələ daxil idi. Bunların arasında azad ticarət zonası, əmtəə və xidmətləri MDB ölkələri bazarlarına çıxarmaq üçün məlumat-marketinq mərkəzinin yaradılması, dabaq xəstəliyinə qarşı birgə mübarizə və digər məsələlər vardı.
|
"Şəmkir-konyak" da satılır...
|
İqtisadi İnkişaf Nazirliyinin oktyabrın 10-da keçirəcəyi növbəti pullu hərraca 111 müəssisənin səhmləri çıxarılacaq.
Bunlar, əsasən, ticarət, xidmət, kənd təsərrüfatı, inşaat müəssisələridir. Hərracda alıcılara Bakı Qeyri-iplik Materiallar Kombinatı (Nizamnamə kapitalı 13,2 milyard manat), "Qəbələ-tütün" (10,1 milyard manat), "Qaraqaşlı-broyler" (7,5 milyard manat), "Şəmkir-konyak" (7,4 milyard manat) kimi iri müəssisələrin səhmləri təklif olunacaq.
|
Ankaradakı səfirliyimizin əməkdaşlarına ev tikiləcək
|
Xarici İşlər Nazirliyi ölkəmizin Ankaradakı səfirliyinin əməkdaşları üçün yaşayış binasının inşasını aparacaq tikinti təşkilatını müəyyənləşdirmək üçün tender elan edib.
Elanda bildirilir ki, təkliflər qiymətləndirilərkən yüksək keyfiyyət, aşağı qiymət, tikintinin qısa müddətdə təhvil verilməsi, oxşar obyektlərin tikintisi üzrə təcrübə, yüksək səviyyəli mütəxəssislərin olması, texniki imkanlar və s. meyarlar nəzərə alınacaq. Bina müqavilə imzalandıqdan sonra 1 il müddətinə tikilib istifadəyə verilməlidir.
"Qaçqınlar yurdlarına qayıdacaqlar"
Əli Həsənov: "Məskunlaşma obyekti qəsəbə şəklində olacaq"
|
Son 20 gün ərzində ölkə prezidenti Heydər Əliyev tərəfindən Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə əlaqədar çox mühüm fərman və sərəncamlar imzalanıb.
Sentyabrın 7-də isə dövlət başçısı Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlərin bir qisminin (1300 ailə) Ağdamın Erqi, Xındırıstan, Quzanlı, Ayaq Qərvənd kəndlərində və Füzuli rayonunun Harami düzündə məskunlaşması üçün 2001-2002-ci illərdə fərdi ev tikilməsi barədə fərman verdi. Fərmana əsasən məcburi köçkünlərin məskunlaşması məqsədilə qəsəbələrin salınması üçün Dövlət Neft Fondunun hesabından 84 milyard manat vəsait ayrılacaq. Məcburi köçkünlərin yerləşdirilməsi ilə əlaqədar görüləcək işlər barədə müfəssəl məlumat almaq üçün baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdük.
Əli müəllim, məcburi köçkünlərin
məskunlaşması ilə bağlı prezident fərmanı hansı səbəbdən məhz indiyə təsadüf edir?
- Ölkənin iqtisadi imkanları bir neçə il bundan əvvəl tamamilə başqa cür idi. Dövlət Neft Fondunda bu qədər vəsait cəmlənməmişdi. Fikir verin, prezident Dövlət Neft Fondunun vəsaitlərindən bir hissəsini ilk dəfə olaraq qaçqın və məcburi köçkünlərin problemləri üçün ayırdı. Digər tərəfdən, respublikada fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların bir qismi öz proqramlarını başa çatdırıblar. Humanitar təşkilatların həyata keçirdikləri proqramların maksimum müddəti 7 ildən çox çəkmir. Bizdə isə artıq 10 ildir ki, münaqişə həll olunmaz qalır. Digər tərəfdən, keçid dövründə olmağımıza baxmayaraq, Azərbaycanın iqtisadi durumu əvvəlki illərdən xeyli fərqlənir.
Prezidentin son fərmanından sonra
belə söhbətlər gəzir ki, dövlətin qaçqın və məcburi köçkünləri yerləşdirməsi torpaqların azad olunmayacağından xəbər verir.
- Əvvəla bizdə məcburi köçkünlər 157 min ailədir. Prezident 157 min ailədən 1300-nün həyat tərzini yüngülləşdirirsə, bunun torpaqların işğaldan azad olunmasına heç bir dəxli yoxdur. Ərazilər işğaldan azad olunacaq. Bu əksinə, prosesə kömək edəcək. Fikir verin, torpaqlar azad olunandan sonra biz böyük qayıdış problemi ilə üzləşə bilərik. Dövlət gələcəkdə belə bir çətinliklə üzləşməmək üçün problemi yavaş-yavaş həll edir.
Yeni qəsəbələrə köçürüləcək ailələr
hansı meyar və prinsiplər əsasında seçiləcək?
- 1992-1993-cü illərdə məcburən yurd-yuvasını tərk edərkən bir ailə olmuş, son 8-9 ildə tərkibində daha bir neçə ailələrin yarandığı insan toplumu seçiləcək. Baxaq görək, bununla hansı problemlər həll olunacaq? Əvvəla, onlar bütün infrastrukturu olan qəsəbədə məskunlaşacaq. Torpaqlar azad olunduqdan sonra isə ailə başçısı öz torpağına qayıda biləcək. Yəni burada bir dəfəyə bir neçə ailənin problemi həll olunacaq. Digər tərəfdən, çadırlarda, vaqonlarda yaşayan məcburi köçkünlərin arasından seçəcəyimiz ailələri məskunlaşdırdıqdan sonra istər-istəməz çadır şəhərciklərində seyrəliş yaranacaq. Yerdə qalan məcburi köçkünlərin də həyat tərzi yüngülləşəcək. Hal-hazırda çadır düşərgələrində və digər yerlərdə məskunlaşmış məcburi köçkünlər dövlətin və beynəlxalq humanitar təşkilatların təminatındadır. Bu qəsəbələrdə yerləşdiriləcək ailələr isə 12 sot torpaqdan əlavə, 2 hektar əkin-otlaq sahəsi alacaq. Və həmin 2 hektar sahəni şumlamaq, toxum almaq üçün onlara vəsait veriləcək. Bununla da həmin ailələr dövlətin təminatından çıxacaq. Nəticədə dövlətin özünün də yükü azalacaq. Yəni həmin insanlar işğaldan əvvəlki vəziyyətlərinə qayıdaraq heç kimə möhtac olmadan özləri-özlərini təmin edəcəklər.
Seçiləcək ailələrin köçürülməsi
məcburidirmi?
- Heç bir məcburiyyət yoxdur. Köçürülmə könüllü şəkildə aparılacaq. Artıq yüzlərlə insan prezidentin fərmanını alqışlayaraq, həmin ərazilərdə məskunlaşmaq barədə bizim komitəyə müraciət edib.
Yeni yaşayış yerlərində ev tikmək
üçün vəsait köçkün ailələrin özlərinə veriləcək, yoxsa evlər hazır şəkildə...
- Məskunlaşma obyekti qəsəbə şəklində olacaq. Bilirsiniz ki, fərdi yaşayış obyektlərinin tikintisində əsasən, Ermənistandan zorakılıqla qovulmuş ailələrə yardım edilir. Onların daimi məskunlaşması üçün şərait yaradılır.
İşğal altında olan digər rayonların
köçkün əhalisi üçün ərazi ayrılması nəzərdə tutulurmu?
- Hələlik bu qədərdir. Lakin prezident Heydər Əliyev son çıxışlarından birində söyləmişdi ki, qaçqınların yerləşdirilməsi ilə bağlı daha bir neçə fərman imzalayacaq.
|