|
|
|
|
#103(327)
|
 |
|
Gürcüstan və Azərbaycan
sərhədləri yenidən böləcək
|
Yaxın vaxtlarda Bakıda Gürcüstan-Azərbaycan dövlət sərhəddində mübahisəli sahələrin delimitasiyası üzrə danışıqlar aparılacaq. Bu barədə jurnalistlərə Gürcüstan XİN xüsusi tapşırıqlar üzrə səfir Zaza Kandelaki məlumat verib. Danışıqların mövzusu Erisimedi kəndi ərazisində mübahisəli sərhəd sahəsi olacaq. Bundan əlavə Milli Təhlükəsizlik Şurası Gürcüstan-Azərbaycan sərhəddinin Qırmızı Körpü ərazisindəki mübahisəli sahə ilə bağlı məsələyə baxacaq. Kandelaki bildirib ki, Azərbaycan tərəfin rəsmi cavabını aldıqdan sonra danışıqların vaxtı təyin ediləcək.
|
Torpaq Komitəsinin
Əsasnaməsi təsdiqlənib
|
Azərbaycan Prezidenti Heydər Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnaməni təsdiq edib.
Bu sənədə əsasən, komitə torpaq kadastrının, torpaq monitorinqinin formalaşdırılması, həmçinin geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini həyata keçirəcək. Fiziki və hüquqi şəxslərə geodeziya, topoqrafiya, xəritçəkmə və qravimetriya sahəsində lisenziyalar da burada veriləcək. Komitənin tərkibinə mərkəzi aparat, rayon şöbələri, Naxçıvan MR-in Torpaq və Xaritəçəkmə Komitəsi, Yer quruluşu Layihə İnstitutu, Dövlət Torpaq Kadastrı, Monitorinq və Məlumat mərkəzi, "Aerogeodeziya və kadastr" istehsalat birliyi, Bakı Xəritəçəkmə Kombinatı daxildir.
|
Parlamentin payız
qanunları hansıdır?
|
Milli Məclisin payız sessiyası oktyabrın 1-də öz işinə başlayacaq. Bu sessiyada ötən sessiyadan qalan qanun layihələri və yeni sənədlər müzakirə ediləcək.
"Azərbaycan dilindən istifadə olunması və onun qorunması haqqında", "Elm və texnika sahəsində dövlət siyasəti haqqında", "Təhsil haqqında" və digər qanun layihələri ötən sessiyadan qalıb. Müzakirəyə çıxarılacaq yeni sənədlər arasında "2002-ci ilin dövlət büdcəsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Xaricdəki həmvətənlərlə əlaqədar Azərbaycan Respublikasının dövlət siyasəti haqqında", "Bakı şəhərinin statusu haqqında", "Siyasi partiyalar haqqında", "Fövqəladə vəziyyət haqqında", "Yeli (bələdiyyə) vergiləri və rüsumları haqqında", "Ekoloji sağlamlıq haqqında", "Korrupsiya ilə mübarizə haqqında", "Alternativ hərbi xidmət haqqında" qanun layihələri var.
|
"Lider" TV "Şəfəq" media
diplomuna layiq görülüb
|
Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı milli-mənəvi dəyərlərimizin təbliği sahəsindəki xidmətlərinə görə ölkəmizin bir sıra media qurumlarını "Şəfəq" diplomu ilə təltif edib.
Yüksək mükafata "Lider", "Spase", ANS, AzTV telekanalları, "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "Bakinski raboçi", "Yeni Azərbaycan" qəzetləri layiq görülüblər. "Şəfəq" media diplomunun yeni sahibləri arasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin deputatı Şaitdin Əliyev, "Azərbaycan" nəşriyyatının baş direktoru Nazim İbrahimov da var.
|
Nağı Əbdüləzimov vəfat edib
|
Dünən millət vəkili Nağı Əbdüləzimov ürək tutmasından vəfat edib.
2000-ci ilin noyabrında keçirilən parlament seçkilərində Gəncədən millət vəkili seçilən Nağı Əbdüləzimov Yeni Azərbaycan Partiyasının Mərkəzi Şurasının üzvü idi. 1997-ci ildən YAP-ın Gəncə şəhər təşkilatına rəhbərlik edirdi.
Qırıcılarımız parada hazırlaşır
Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü
münasibəti ilə düzənlənəcək təntənələrdə hərbi parad da nəzərdə tutulur
|
Bu mərasimə hazırlaşan Azərbaycanın hərbi təyyarələri dünən növbəti uçuşlarını keçiriblər. "Nasosnı" hərbi aerodromunda gerçəkləşən uçuşlarında MİQ-25 qırıcı təyyarələri məharətlərini göstəribilər.
Qeyd edək ki, bir neçə gün öncə "SU" markalı hərbi təyyarələr də Bakı səması üzərində analoji uçuşlar keçirmişdilər. Əldə etdiyimiz məlumata görə, Azərbaycanın Silahlı Qüvvələri oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə keçirilməsi nəzərdə tutulan hərbi parada ciddi şəkildə hazırlaşırlar. Təntənəli mərasimdə prezident Heydər Əliyevin iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, bu son 9 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin düzənləyəcəyi ilk hərbi parad olacaq. Azərbaycan müstəqillikdən sonra yalnız bir dəfə, 1992-ci ilin oktyabrında analoji mərasim keçirib.
|
Sabahdan şəxsiyyət vəsiqələrinin
verilməsinə başlanacaq
|
Sentyabrın 10-da Bakının bütün rayonlarında Azərbaycan Respublikası ilk şəxsiyyət vəsiqələrinin verilməsi mərasimi keçiriləcək. 300-ə yaxın rayon fəalı, idmançı, təhsil əlaçısı şəxsiyyət vəsiqəsi alacaq.
İlk şəxsiyyət vəsiqəsi bu il mayın 29-da prezident Heydər Əliyevə verilib. Məlum olduğu kimi, 1994-cü ildə şəxsiyyət vəsiqələri haqda qanun qəbul edilib. Bundan sonra sənədlərin hazırlanması proseduru başlanıb. 2000-ci ilin iyununda vəsiqələri hazırlamaq üçün "Kanadien banknot" şirkətinə sifariş verilib. Hazırda Azərbaycana 13 milyon şəxsiyyət vəsiqəsi gətirilib. Onlardan 10 milyonu 16 yaşından yuxarı, 3 milyonu isə 16 yaşınadək uşaqlar üçün nəzərdə tutulub.
Vəsiqələrin verilmə proseduru sovet pasportlarında olduğu kimidir. Şəxsiyyət vəsiqələri rayon polis idarəsi və bölməsinin pasport şöbələrində verilir. Onları almaq üçün pasport şöbəsinə ərizə-anket, köhnə pasport və ya doğum haqda şəhadətnamə, tibbi arayış, 3x4 ölçüdə iki fotoşəkil təqdim etmək lazımdır.
Vəsiqəni alarkən 5.500 manat ödəmək lazımdır. Təqaüdçülər və 16 yaşınadək uşaqlar ödəmə haqqından azaddırlar. Vəsiqələr aşağıdakı yaş kateqoriyaları üzrə dəyişdiriləcək: 16 yaş, 25, 35 və 50 yaş. Vəsiqələr ölkə hüdudlarında istifadə üçün nəzərdə tutulur.
|
Doğma
yurda
qayıdış
başlanır...
|
Məlum olduğu kimi, srağagün prezident Heydər Əliyev Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlərin bir qisminin yaşayış şəraitinin yaxşılaşdırılmasına dair fərman imzalayıb.
Fərmana əsasən, Dövlətqaçqınkoma tapşırılıb ki, 2001-2002-ci illər ərzində 1300 ailənin məskunlaşdırılması məqsədilə həmin rayonların ərazisində 8 yaşayış qəsəbəsinin tikintisini təmin etsin. Belə ki, Ağdam ərazisində 500 ailə üçün hər biri 150 ailəlik 2 və hər biri 100 ailəlik 2 qəsəbə, Füzuli rayonu ərazisində isə 800 ailəlik - hər biri 200 ailəlik 4 qəsəbə tikilməlidir.
Həmin qəsəbələr Ağdam rayonunun Ergi, Xındırıstan, Quzanlı, Ayaq Qərvənd kəndlərində, Füzuli rayonunun isə Haramı adlanan sahəsində salınacaq.
|
Novatorluq müsabiqəsinə
yekun vuruldu
|
ABƏŞ-in təşkil etdiyi "2001-ci ilin ən böyük novatorluq yarışı" adlanan müsabiqəyə dünən Milli Parkda yekun vuruldu. Gəncləri, eləcə də avtomobil modelçiliyi həvəskarlarını texniki ixtiraçılıq yaradıcılığına həvəsləndirmək məqsədi daşıyan bu müsabiqə iyunun əvvəlində elan olunmuş, yarışın əsas qalibi üçün 1000 dollar, ikinci yeri tutan qaliblər üçün isə 600 dollar mükafat ayrılmışdır. Gözlənildiyi kimi, müsabiqə ixtiraçılıq həvəskarları tərəfindən böyük maraqla qarşılanmış, yarışa hər biri 4 nəfərdən ibarət 18 komanda qatılmışdır. Əlamətdar haldır ki, müsabiqəyə Bakı sakinləri ilə yanaşı, Azərbaycın əyalət gəncləri də qoşulmuşlar.
Müsabiqənin yekun mərhələsində hər bir iştirakçı komanda ixtira etdiyi özüyeriyən avtomobili nümayiş etdirdi. Burada ən vacib şərt qarşıya qoyulan məsələnin yaradıcı özülü, seçilən texnologiyanın milli mədəniyyətə uyğunluğu, maşınların cəld və təhlükəsiz hərəkət etməsi, ən başlıcası isə tullantılardan istifadə olunaraq düzəldilməsi və ətraf mühitə ziyan vurmaması idi. Həmin vəzifənin uğurlu həllini nümayiş etdirməsi üçün hər bir maşın üzərinə qoyulmuş yumurtanı sındırmadan finala çatdırmaq idi. Uzun müddətdən sonra Bakıda texniki yaradıcılıq ənənələrinə dönüş kimi diqqəti cəlb edən novatorluq müsabiqəsinin qalibləri peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən mükafata layiq görürdülər.
Sonra ABƏŞ-in məsul işçisi Toni Pris qalibləri elan etdi. Müsabiqənin qalibi 12 saylı komanda oldu. Ramin Məlikova 1000 dollar pul mükafatı verildi. 13 saylı komandanın kapitanı Elnur Axundov isə 2-ci yerə müvafiq olaraq 600 dollarla mükafatlandırıldı. 8 və 9 saylı komandalar 3-cü yerin 400 dollarlıq mükafat fondunu bölməli oldular.
|
Daha bir fəvvarə
kompleksi açıldı
|
Bakı fəvvarələr şəhərinə çevrilməkdədir. Hacıbala Abutalıbov şəhər meri təyin ediləndən sonra Bakıda aparılan abadlaşdırma işləri, yeni istirahət zonalarının salınması geniş vüsət alıb. Belə zonalardan biri də bu günlərdə Yasamal rayonunda inşa edilib. Dünən şəhər 5 saylı uşaq poliklinikasının qarşısında yeni tikilən fəvvarə kompleksinin açılış mərasimi keçirildi. Mərasimdə Bakı şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Füdumə Hüseynova, Yasamal rayon İH başçısı Azər Əliyev və onun müavinləri, YAP rayon təşkilatının sədri Fikrət İsmayılov, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Onlar tədbirdə çıxış edərək H.Abutalıbovun rəhbərliyi ilə son bir neçə ayda şəhərin abadlaşdırılması istiqamətğində görülən işlərdən danışdılar. Yeni kompleksin açılması münasibətilə rayon sakinlərini təbrik edən F.Hüseynova küçələrin təmizlənməsi, yeni yaşıllıq zonalarının yaradılmasını müsbət hal kimi qiymətləndirdi. Məhəllə sakinləridən olan bəstəkar Əfsər Cavanşirov və 5 saylı poliklinikanın şö`bə müdiri Əzizə Babayeva çıxış edərək bildirdilər ki, yaşayış binalarının, təhsil və səhiyyə müəssisələrinin yaxınlığında belə bir istirahət guşəsinin yaradılması onları çox sevindirir.
Qeyd edək ki, bu obyekt son 6 ayda Yasamal rayonunda inşa edilən sayca səkkizinci istirahət zonasıdır. Həmin fəvvarə kompleksinin tikintisinə rayon icra hakimiyyəti tərəfindən 80 milyon manat vəsait ayrılıb. Açılış mərasiminin rəsmi hissəsi bitdikdən sonra tədbir bəddi özfəaliyyət kollektivlərinin çıxışları ilə davam etdirildi.
|
Səhiyyədə islahatlar başlanır
|
Dünya Bankı ilə əldə olunan razılaşmaya əsasən Azərbaycan hökuməti bir aydan sonra "Səhiyyə sistemində islahatlar" layihəsinin həyata keçirilməsinə öz payını ayıracaq.
Hökumətin ayıracağı vəsait layihənin ümumi dəyərinin (5 milyon 500 min dollar) 10 faizini təşkil edəcək. Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, hökumət sözügedən vəsaiti köçürdükdən sonra layihənin həyata keçirilməsinə "start" veriləcək. Sözügedən layihə artınq hökumət və Dünya Bankı tərəfindən təsdiq olunub. Layihə Göyçay, Salyan, Şəmkir, Şərur və Xaçmaz rayonlarında tibbi yardımın sürətləndirilməsini nəzərdə tutur. Reallaşdırılması 2004-cü ildə başa çatacaq layihənin müddəti 3 ildir.
|
Rusiya Azərbaycan məktəblərinə 103 min kitab verib
|
Bu il Rusiya hökuməti Azərbaycanın rusdilli məktəblərinə təmənnasız olaraq 103 min kitab təqdim edib.
Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, I-XI siniflərin şagirdləri üçün nəzərdə tutulmuş kitabların verilməsi respublikada rus dilinin yüksək səviyyədə tətbiq olunması məqsədi daşıyır.
Qeyd edək ki, artıq kitablar Naxçıvan, Gəncə, Şamaxı, Lənkəran, Ucar, Xaçmaz, Zaqatala, İsmayıllı, Qusar, Qəbələ və digər şəhərlərə göndərilib.
Səfirlikdən onu da bildiriblər ki, Rusiya tərəfi Azərbaycanın təhsil sferasına yardımlarını davam etdirəcək. Belə ki, Azərbaycan tərəfinin xahişinə əsasən 2001-2002-ci tədris ilində Rusiyanın ali məktəblərində oxuyan həmyerlilərimizin təqaüdünə qoyulmuş kvota iki dəfə artırılıb. Bundan başqa yeni tədris ili ərəfəsində Azərbaycanın 35 rusdilli məktəbində çalışan müəllimlərin Rostovda ödənişsiz şəkildə ixtimsartırma kurslarında təhsil almasına şərait yaradılıb. O cümlədən, 90 azərbaycanlı məktəbli pulsuz olaraq Rusiyanın uşaq sağlamlıq təsisatlarında dincəlib.
|