Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#104(328)
Sabit Bağırov:
Status məsələsində realist olmalıyıq

"Azərbaycan müharibəyə başlamalı olsa, neft faktoru karımıza gələcək"

Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın əsas prinsiplərini formulə edən xartiya işini iki yekunlaşdırıb. Yaxın günlərdə nəticələri ictimaiyyətə təqdim olunacaq. Təşəbbüsün müəlliflərindən biri də "Sahibkarlığa Yardım Fondu"nun prezidenti Sabit Bağırovdur. Elmi proqnozlaşdırma və məlumatların təhlili sahəsində sanballı mütəxəssis olan S.Bağırov bu təşəbbüsün sülh prosesinə göstərəcəyi təsirdən, tənzimləmədəki iqitsadi amillərdən, habelə Azərbaycan siyasətində yeni modelləşdirmənin vacibliyindən söhbət açır.

Dağlıq Qarabağ
tənzimlənməsinin əsas prinsipləri ilə bağlı məsləhətləşmələr artıq yekunlaşıb. Bu işin əhəmiyyətini necə qiymətləndirirsiniz? Sizcə, bu qədər geniş müzakirə zəruri idimi?

Bu müzakirələr cəmiyyətdə geniş həmrəylik olduğunu sübutladı. Müzakirəyə çıxarılan xartiyada yeni heç nə yoxdur, sadəcə olaraq tənzimləmə ilə bağlı bu vaxtadək səslənən fikirlər yığcam tezislər şəklində ifadə edilib. Hətta xartiyaya formal olaraq qoşulmayan hakim partiyanın təmsilçiləri də oradakı tezislərlə razı olduqlarını bildirirlər. Eyni zamanda onların mövqeyini də başa düşmək olar. Çünki YAP-ın sədri ölkənin prezidentidir və bu status hakim partiyanın ictimai təşəbbüsə qoşulmasını çətinləşdirir. Təşəbbüsün doğurduğu beynəlxalq rezonansın əhəmiyyəti ondadır ki, müxtəlif vasitəçi təşkilatlar və dövlətlər ilk dəfə olaraq Azərbaycan cəmiyyətinin tənzimləmə ilə bağlı vahid mövqe nümayiş etdirməsinin və öz prinsiplərinin arxasında durmasının şahidi oldu. Son zamanlara qədər beynəlxalq dairələrdə belə bir yanlış təəssürat formalaşmışdı ki, Azərbaycan cəmiyyəti ona təklif olunan istənilən sülh sazişini qəbul etməyə hazırdır. Bu fikrə əsaslanaraq Azərbaycana ardıcıl təzyiqlər edilirdi. Odur ki, təşəbbüs həm də sözügedən təzyiqlər qarşısında Azərbaycan tərəfindən danışıqlarda iştirak edənlərə müəyyən mənada ictimai dəstəkdir. Bu gün sülh variantları üzərində işləyən beynəlxalq təsisatlar artıq əmindirlər ki, Azərbaycanda həmrəylik var və onu nəzərə almaq lazımdır.

Bununla belə, yenə fikirlər
səslənir ki, guya Ermənistandan fərqli olaraq Azərbaycanda iqtidarla cəmiyyətin mövqeləri fərqlənir və hakimiyyət prinsipcə təslimçi sülhə meyllidir, amma ictimai rəyi nəzərə alaraq bunu edə bilmir?

- Mən inanmıram ki, Azərbaycan iqtidarı milli və dövləti maraqlara zidd olan hər hansı sazişə imza atsın. Ölkə rəhbərliyi dəfələrlə bunu bəyan edib. Xartiya bu vaxtadək ümumi şəkildə bəyan olunmuş mülahizələri, konkretləşdirir. Hətta bir-biri ilə danışmayan partiyaların yekdilliklə xartiyaya qoşulması göstərir ki, Dağlıq Qarabağ konflikti həqiqətən Azərbaycanda ümummilli həmrəylik predmetidir. Əlbəttə, bu xartiya danışıqlar prosesi üçün bəzi çətinliklər yaradır. Çünki konsensus hər iki tərəfdən müəyyən geri çəkilməni zəruri edir. İndi isə Ermənistanın və bizim bəyan etdiyimiz prinsiplər bir-birindən diametral şəkildə fərqlənir. Amma iş orasındadır ki, Ermənistan cəmiyyəti Ki Uest sammitindən əvvəl və sonra öz prinsiplərini israrla bəyan etdiyindən biz də bunu etməli idik. Çünki danışıqlar prezidentlər səviyyəsində aparılsa da, cəmiyyətlər arasında müəyyən virtual dialoq, mövqelər mübarizəsi gedir. Təbii ki, nə onların, nə də bizim müddəalar ayrılıqda real tənzimləmə üçün əsas ola bilməz. Ermənistanın prinsipləri məlumdur. Bizim prinsiplər də həmçinin. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, azərbaycanlı köçkünlər işğal olunmuş bütün yaşayış məntəqələrə, o cümlədən Dağlıq Qarabağdakı ərazilərə də qaytarılmalı, əhalinin təhlükəsizliyi təmin edilməlidir, Dağlıq Qarabağın erməni və azərbaycanlı icması özünüidarə səlahiyyəti almalı və bu zaman Azərbaycanın dövlət suverenliyini təmin edən səlahiyyətlər və Dağlıq Qarabağ üzərində müəyyən vertikal nəzarət saxlanılmalıdır.

"Güzəşt "dəhlizləri" öncədən müəyyənləşməlidir"

Sizin qənaətinizə görə,
qarşılıqlı güzəştlər xətti təxminən haradan keçməlidir, optimal konsensusu necə görürsünüz? Yaxud da ayrı-ayrı blokları (siyasi, iqtisadi, hüquqi məkan və s.) götürsək, Azərbaycan hansı səlahiyyətlərdən güzəştə gedə bilər?


- Təbii ki, bu barədə çoxlarında olduğu kimi mənim də müəyyən mülahizələrim var. Amma etiraf etməliyəm ki, hələlik konkret nəticələrə gəlməmişəm. Danışıqların müəyyən mərhələsində mövqelərdə yaxınlıq hiss ediləndən sonra bu barədə daha konkret müzakirə aparmaq labüd olacaq. Dağlıq Qarabağa status verilərkən Konstitusiyada dəyişikliklər, Vergi Məcəlləsi, "Seçki qanunu", bələdiyyələr haqqında qanunvericilikdə və digər normativ aktlarda müəyyən güzəşt "dəhlizlər"inin müəyyənləşdirilməsi zərurəti yarana bilər. Bu sahədə həm prinsipial, həm də güzəştə gedilməsi mümkün olan məsələlər var. Məsələn, erməni tərəfinin bir qismi israr edir ki, Dağlıq Qarabağın özünün valyutası olmalıdır. Amma bu tələbin ciddi olmadığı hər bir mütəxəssisə bəllidir. Çünkü bu pulun dəyərini təmin etmək mümkün olamayacaq. Ona görə bu cür təkliflər ciddi sayıla bilməz. Bu gün hətta böyük dövlətlər öz pullarının dəyərini saxlaya bilmirlər. Biz bu tələbin absurd olduğunu ermənilərə göstərməliyik. Yox, əgər israrlarını davam etdirsələr, bir müddətdən sonra özləri səhv etdiklərini anlayacaqlar. Bir mütəxəssis kimi buna qəti əminəm. Yaxud götürək vergi sistemini. Qənaətimə görə, Dağlıq Qarabağa dair vergi qanunvericiliyində lakin müəyyən zaman kəsiyində ümumölkə sistemindən fərqlənən özəlliklər ola bilər. Lakin bir müddətdən sonra bunlar mütləq əriyib getməli olacaq. Ola bilər ki, ilk mərhələdə onlar Azərbaycan büdcəsinə hər hansı vergi ödəməkdən boyun qaçırmaq istəyəcəklər. Amma burada da problem yoxdur, bu zaman mərkəzi büdcədən də bir şey istəməyə haqları olmayacaq. İnsan təbiəti belədir ki, bu və ya digər hadisəyə reaksiya ilk növbədə emosiyalardan ibarət olur, yalnız ikinci mərhələdə düşüncə mexanizmi işə düşür və insan bu və ya digər təhlil nəticəsinə əsaslanaraq hərəkət edir. Bu məsələdə də ola bilsin ilk mərhələdə emosiyalar üstünlük qazansın, sonradan isə mütləq məntiq və ağıl üstünlük qazanacaq. Azərbaycanda liberal iqtisadiyyat qurulduğunu nəzərə alsaq deyə bilərik ki, iqtisadi güc və bacarıq həlledici olacaq.
Eyni zamanda Dağlıq Qarabağa veriləcək status barəsində fikir yürüdərkən realist olmaq gərəkdir. SSRİ vaxtında mərkəzdən idarəçilik daha güclü idi və o, Dağlıq Qarabağ kimi muxtariyyətlərin idarə olunmasında da özünü göstərirdi. İndi isə beynəlxalq praktikada inzibati idarəçilik islahatları əksmərkəzləşmə istiqamətində gedir. Lakin bu proses Azərbaycanın suverenliyi hesabına baş verməməli və Dağlıq Qarabağın özünüidarəsi üçün açılacaq "dəhliz"lərin yuxarı həddi öncədən dəqiqləşdirilməlidir.

"Ermənistan reallığı dərk etməli olacaq"

Belə mülahizə də səslənir ki,
ilk mərhələdə Dağlıq Qarabağa Azərbaycanın suverenliyini məhdudlaşdıran iqtisadi səlahiyyətlər tanımaq olar. Müəyyən zamandan sonra biz iqtisadi inkişafın diqtə edəcəyi gerçəkliklər sayəsində onların bir qismini geri ala və Dağlıq Qarabağı daha çox özümüzə bağlaya biləcəyik. Bu tezisə münasibətiniz necədir?


- Bu xeyli dərəcədə realdır, lakin bizim bacarığımızla bağlıdır. Ümumiyyətlə, dünyanın iqtisadi inkişafı buna doğru gedir və Ermənilər özləri Azərbaycana inteqrasiyada, bizim iqtisadi üstünlüklərimizdən istifadə etməkdə maraqlı olacaqlar. Bütün təhlillər göstərir ki, Azərbaycan ən uzağı 10 ildən sonra başqa ölkələrə sərmayələr qoymaq imkanında olacaq. Təbii ki, ilk sərmayə bazarı kimi biz yaxın ölkələri nəzərdən keçirəcəyik. Öz növbəsində Ermənistanın da sərmayə "aclığı" davam edəcək və bu ölkə bizim yatırımlara böyük ehtiyac duyacaq. Əslində Ermənistan indidən bu perspektivi görür, lakin özünü o yerə qoymur. Cənub, Qafqaz respublikalarının iqtisadi inteqrasiyası onların hər üçünə böyük dividentlər verəcək və sülh sazişi imzalanandan sonra burada da, Avropada olduğu kimi vahid iqtisadi bazarın yaranması zəruri olacaq. Odur ki, hazırda aqressiv və güzəştsiz mövqelərini sürdürən ermənilər əvvəl-axır bu reallığı dərk və qəbul etməli olacaqlar. Ermənilər Gürcüstanın bu sahədəki perspektivini və Azərbaycanla əməkdaşlıqdan qazandığı uğurları yaxşı görürlər.

Bayaqdan danışdıqlarımız
münaqişənin dinc həllinə aid idi. Amma cari vəziyyət ondan ibarətdir ki, bu yol perspektiv vəd etmir. Bir mütəxəssis kimi necə düşünürsünüz, Azərbaycan tənzimləməni hərbi relsə salmağa məcbur olsa, neft amili nə dərəcədə bizim xeyrimizə, yaxud zərərimizə işləyə bilər?


- Bu məsələni iki hissəyə ayırmaq lazımdır. Sözsüz ki, Azərbaycan haqq etdiyi hərbi əməliyyatları Dağlıq Qarabağda deyil, işğal olunmuş ətraf bölgələrdə aparacaq. Fikrimcə, Azərbaycan artıq bu niyyətini beynəlxalq ictimaiyyətə bəyan etməlidir. O ki qaldı beynəlxalq rezonansa, əlbəttə, hərbi əməliyyatların arzuolunmazlığı, danışıqların bərpa olunması barədə çağırışlar ediləcək, amma heç kim gəlib əlimizi tətikdən götürərək "öz torpaqlarını işğaldan azad etmə" deməyəcək. Sözsüz ki, Azərbaycanın iqtisadi potensialı və neft faktoru bu məsələdə bizim karımıza gələcək. Əvvəla, hərbi qüdrət iqtisadi potensialla düz mütənasibdir. Digər yandan, burada milyardlarla dollarlıq sərmayəsi olan Qərb Azərbaycanı qınamaq məsələsində daha dözümlü olacaq. Təbii ki, hərbi yol arzuolunmazdır, lakin vəziyyətin bu cürə qalması da dözülməzdir. Dinc əhalini mütləq öz yurduna qaytarmaq lazımdır. Yüzminlərlə qaçqınları əzab-əziyyətdə yaşamaqdan qurtarmaq lazımdır. Bunu hamı anlamalıdır. Mən düşünmürəm ki, biz məcbur olub onları öz yerlərinə hərbi yolla qaytarmalı olsaq kimsə bizi qınıya bilər. Ermənilər də, beynəlxalq vasitəçilər də anlamalıdırlar ki, paket variantından əl çəkmək lazımdır. İlk növbədə qeydsiz-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməlidirlər. Status məsələsi isə bu proses tamamlandıqdan və ya müəyyən mərhələyə çatdıqdan sonra müzakirə edilməlidir. Bu mərhələdə həm Dağlıq Qarabağ, həm də ətraf rayonların əhalisinin təhlükəsizlik məsələləri müzakirə predmeti olmalıdır.

"Bizdə "üçüncü qüvvə"yə qərəzli münasibət var

Sabit müəllim, müstəqil
ekspertlərin Qarabağ tənzimlənməsi ilə bağlı təşəbbüsləri həm də cəmiyyətdə bu şəxslərin rolunun və "üçüncü qüvvə" anlayışının gündəmə gəlməsi ilə müşayiət olunur. Sizcə, "üçüncü qüvvə"nin fəallaşması hansı praktik nəticələr doğura bilər?


- "Üçüncü qüvvə" dedikdə bəziləri hansısa yeni güc mərkəzini, yaxud da iqtidarla müxalifət arasında dayanacaq potensial siyasi qüvvəni nəzərdə tuturlar. Bu söhbətlərin arxasında hər iki düşərgədən narazılıqlar durur. Lakin "üçüncü qüvvə"nin hər hansı yeni ortaq mövqedə dura biləcəyi inandırıcı deyil. O, ya müxalifət düşərgəsində yer tapmalı, ya da iqtidarda əriməli olacaqdır. Çünki istənilən siyasi partiya hakimiyyətə iddialıdır. Deməli "üçüncü qüvvə" yalnız hakimiyyətə iddiası olmayan, eyni zamanda siyasi proseslər barədə fikir və təkliflər irəli sürən, proseslərə təsir etmək imkanına malik olan mütəxəssislərdən, ziyalılardan, cəmiyyətin digər təbəqələrinin nüfüzlü nümayəndələrindən ibarət olan müəyyən bir qrup ola bilər. Bu qrupun siyasi proseslərə təsir etmək gücü isə onun tərkibindən, tərəfdarların sayından və intellektual potensialından asılı olacaqdır. Azərbaycanda "üçüncü qüvvə"nin fəallaşması hər iki güc düşərgəsinin fəalları tərəfindən qısqanclıqla qarşılanır. "Üçüncü qüvvə"nin qeyri-mütəşəkkiliyi və ambisioz olmaması onu siyasi dairələr arasında mübarizə obyektinə çevirir və hər kəs bu qüvvəni öz içərisində "əritmək" istəyir. Bu baş tutmayanda "üçüncü qüvvə"yə qarşı qərəzli münasibət özünü göstərir. Ümumiyyətlə, Azərbaycanda bütün siyasi təşkilatlarda sərt piramida sistemi mövcuddur və geniş ziyalı təbəqəsinin bu struktura daxil olması çətinliklərlə müşayiət olunur. Siyasi partiyalar bu cür sərt mərkəzləşdirmədən imtina edərək nisbətən yayğın struktura keçsələr, "üçüncü qüvvə"nin daha geniş təmsilçiliyinə nail olarlar. Azərbaycandakı partiyalarda (istisnasız olaraq) sanki keçmiş Kommunist Partiyasının strukturu və idarəçilik fəlsəfəsi qüvvədədir. Halbuki partiyalarda təşkilatlanma liberal və demokratik olmalıdır. Siyasi partiyalar, nəhayət, sərt üzvlük sistemindən daha perspektivli və səmərəli olan təəssübkeşlik sisteminə keçməlidirlər. Bu gün Qərbdə məhz belə sistem özünü doğruldur. Hətta Amerikada iki böyük partiyanın çox məhdud sayda funksionerləri olur, amma seçkilərdə bu partiyalara on milyonlarla seçici səs verir. Eyni zamanda, onların real tərəfdar və təəssübkeşləri sırasında həmin "üçüncü qüvvə"nin minlərlə təmsilçisi, sanballı mütəxəssislər, ekspertlər, alimlər və s. olur. Bizdə də belə olmalıdır. Partiyalar gerçək güclərini məhz seçkilər zamanı nümayiş etdirməli, seçkilərarası dövrdə isə üzvlərinin deyil, məhz tərəfdarlarının çoxalmasının, maarifçilik işinin qeydinə qalmalı, müxtəlif sahələr üzrə layihələr hazırlayaraq ictimaiyyətə təqdim etməlidirlər. Eyni zamanda, iqtidarın səhv addımları meydanlarda deyil, sanballı diskussiyalarda saf-çürük edilməlidir.

Lukaşenko yenə prezident seçildi

Sentyabrın 9-da Belarusda keçirilən prezident seçkilərində seçki siyahısına daxil olan elektoratın 75,62 faizi A.Lukaşenkoya səs verib. Mərkəzi Seçki Komissiyasının katibi Nikolay Lazovikin verdiyi məlumata görə, Vladimir Qonçarik 15,39 faiz, Sergey Qaydukeviç isə 2,48 faiz səs toplayıblar.
Belarus qanunvericiliyinə əsasən, seçkilər baş tutmuş hesab olunur. Lukaşenko prezident vəzifəsini özündə saxlayıb. Vladimir Qonçarik isə seçkilərin nəticələrinin həqiqətə uyğun olmadığını bəyan edib. Onun seçki qərargahına daxil olan ekspertlərin hesablamalarına görə, Lukaşenko təqribən 45 faiz, Qonçarik isə 40 faiz səs toplayıb.
Lukaşenkonu qələbə münasibətilə ilk olaraq prezidentliyə namizəd Sergey Qaydukeviç təbrik edib. Onun fikrincə, istər seçkilərin təşkili, istərsə də səsvermə prosesi Avropada qəbul olunmuş seçki standartlarına tam cavab verir.
ABŞ-ın nüfuzlu "The Christian Science Monitor" qəzeti Belarusdakı seçkilərdə demokratik düşərgənin fiaskoya uğramasını təhlil edərək yazır ki, Ağ Ev strateqlərinin Yuqoslaviyada həyata keçirdikləri ssenarinin Belarus şəraitində də tətbiq olunması ideyası tamamilə uğursuzluğa düçar olub. Serbiyanın müxalif qüvvələrinə maliyyə yardımı göstərilməsi təcrübəsi heç bir nəticə verməyib. Amerikanın qeyri-hökumət təşkilatlarının Belarus təşkilatlarına ayırdığı 24 milyon dolların bir hissəsi müxalifət funksionerləri tərəfindən mənimsənilib. Qəzet belə bir nəticəyə gəlib ki, prezident A.Lukaşenkonun müxalifətin ünvanına irəli sürdüyü ittihamlar ədalətlidir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd