|
|
|
|
#104(328) |
 |
"Bütün dünya qrantla dolanır"
Leyla Yunus: "Qrantlara münasibətdə mənfi fikir formalaşdırmaq düzgün deyil"
|
Son günlərin qalmaqallı hadisələri qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı şübhələri bir qədər də artırıb. Bəzi ekspertlər hesab edir ki, qrantların paylanması zamanı baş verən maxinasiyalar qeyri-hökumət təşkilatlarının sayının günü-gündən artmasına gətirib çıxarır. Maraqlıdır ki, Dağlıq Qarabağ ermənilərinin Bakıya səfərinin təşkili də bununla əlaqələndirilir. Yayılan məlumatlara görə, səfərin reallaşması üçün Soros Fondu 30 min ABŞ dolları ayırıb. Müvafiq orqanları bu cür qrant maxinasiyalarına qarşı mübarizəyə çağıranlar da var.
Məsələyə münasibətini bildirən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Azərbaycanda qrantlara mənfi münasibətin formalaşmasını düzgün saymır. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin yaradılması uğrunda fəaliyyət göstərən təşkilatların qrant almasında qəbahətli nəsə yoxdur: "Bütün dünyada qrantla dolanırlar. Yəni qeyri-hökumət təşkilatları qrantlarla maliyyələşir. Xaricdə hətta elmi işlər də qrant vasitəsilə reallaşır. Dövlət özü də qrant alır. Burada qəbahətli nəsə yoxdur. Başqa məsələdir ki, hər bir qrant verən və onu alan təşkilatların fəaliyyəti şəffaf olmalıdır. Düzdür, donor təşkilatları qrantların xərclənməsi ilə bağlı illik hesabat hazırlayırlar. Burada qrant layihəsinin adı, məqsədi göstərilir. Amma bu hesabat cəmiyyət üçün də açıq olmalıdır".
Leyla Yunusun fikrincə, qeyri-hökumət təşkilatlarının "qrant maxinasiyaları" barədə qaldırılan ajiotaj o qədər də əsaslı deyil. Onun sözlərinə görə, donor təşkilatlar ayrılmış qrantların təyinatı üzrə xərclənməsinə ciddi nəzarət edirlər: "Əgər layihə müsabiqədən keçirsə, bu zaman donor təşkilatlar ayrılan vəsaitin yarısını vermirlər. Müəyyən müddətdən sonra görülən işlər onları qane edirsə, onda vəsatin qalan hissəsi də verilir. Əgər hesabat düzgün verilməsə, bu zaman həmin qeyri-hökumət təşkilatına qarşı ciddi ölçülər götürülür. Ancaq bəzən özlərinə hörmət etməyən müəyyən təşkilat rəhbərləri fikirləşirlər ki, hansısa Fondla bir daha işləməyəcəklər. Onlar maxinasiyalara yol verə bilərlər. Amma bu hal ən yaxşı halda bir dəfə baş verə bilər".
AXCP-də narazı qrup yaranıb
Osman Qunduzov: "Ali Məclisdə "sürprizlər" ortaya çıxa bilər"
|
AMİP-lə saziş imzalanmasına etiraz edən AXCP Ali Məclisinin bir qrup üzvü partiyada "müqavimət qrupu" yaratmaq qərarına gəlib. Partiyaya yaxın mənbədən əldə etdiyimiz məlumatlara görə, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi narazılar qrupunda AXCP Ali Məclisinin tanınmış üzvləri - Əliməmməd Nuriyev, Osman Qunduzov, Xaliq Bahadır və İbrahim Vəliyevin də adı çəkilir.
Bildirilir ki, narazılar ayrı-ayrı Məclis üzvləri ilə danışıqlar apararaq AMİP-lə sazişin AXCP-yə ziyanlı olduğunu sübut etməyə çalışırlar. Bundan başqa, "müqavimət qrupu"nun ayrı-ayrı rayon şöbələrində də görüşlər keçirmək niyyətində olduqları bildirilir. Belə ki, onlar sıravi partiya üzvlərinə müraciət edərək onları AMİP-lə sazişə qarşı çıxmağa çağıracaqlar.
AXCP Ali Məclisinin üzvü Osman Qunduzov bizimlə söhbətində narazıların qrup yaratdığını təkzib etsə də, AMİP-lə sazişə qarşı çıxanların partiyada azlıq təşkil etmədiyini bildirdi:
"Narazıların xüsusi qrup yaratmasına, təşkilatlanmasına ehtiyac duymuruq. Ali Məclisdə öz sözümüzü deyəcəyik. İndi deyirlər ki, guya sazişə qarşı çıxanlar partiyada azlıq təşkil edir. Əslində isə çoxlu narazılar var ki, hələ müzakirələr aparılmadığı üçün mövqelərini ortaya qoymayıblar. Yəni kimlərsə, narazılığını açıq şəkildə mətbuata çıxarır, kimlərsə yox. Elələri də var, sədrin sözünə qarşı çıxmaq istəmirlər. Bu baxımdan, azlıq-çoxluq barədə deyilənlərin özü də şərtidir. Ali Məclisdə müzakirələr zamanı tamamilə başqa "sürprizlər" ortaya çıxa bilər".
Osman Qunduzovun fikrincə, AXCP-nin yerli təşkilatları AMİP-lə sazişə qarşı çıxacaqlar. O, bu barədə konkret məlumatlara malik olduğunu vurğuladı: "Hələ Ali Məclis yerli şöbələrə bu məsələ ilə bağlı müzakirələr aparmaq barədə göstəriş verməyib. Amma məndə dəqiq məlumatlar var ki, AXCP və AMİP-in bəzi yerli şöbələri arasında ciddi qarşıdurma var. Onlar sağlam əməkdaşlığa hazır deyillər. Kifayət qədər ciddi məsələ olduğundan bu ilk növbədə, yerli şöbələrdə müzakirə edilməlidir. Çünki sabah sazişin reallaşdırılması üçün çalışanlar hər iki partiyanın yerli təşkilatları olacaq".
"Köçəryanı istefaya göndərə bilməyəcəklər"
"Dəmirçiyanın qətlə yetirilməsindən sonra Ermənistan müxalifəti yeni mərhələyə keçib" |
Ermənistan prezidenti Robert Köçəryanı istefaya göndərmək istəyən müxalifət qüvvələri yenidən fəallaşıb.ÿSentyabrın 9-da birgə mitinq keçirən "Milli Birlik", Respublika və Xalq Partiyalarının "istefa" tələbi ilə aksiya keçirməsi bir daha göstərdi ki, Ermənistanda siyasi vəziyyət kifayət qədər gərgindir. Köçəryan ölkə Konstitusiyasını kobud şəkildə pozmaqda, terrora şərait yaratmada, ən başlıcası isə 1999-cu ildə parlamentdə baş verən qanlı hadisədə birbaşa ittiham edilir.
Maraqlıdır ki, ekspertlər birləşmiş qüvvələrin Köçəryanın istefa tələbi ilə kütləvi aksiyalara başlamasının Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfəri ilə üst-üstə düşməsini təsadüfi hesab etmir. Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, millət vəkili İqbal Ağazadə də o fikirdədir ki, Köçəryanın istefasını tələb edən qüvvələrin fəallaşması ilə Putinin səfəri arasında bağlılıq var: "Onlar bununla özlərini Rusiyaya yaxın dairə kimi göstərmək istəyirlər. Köçəryanın Rusiya ilə ilişgilər qurması Ermənistandakı bir çox dairələri narahat edir. Amma bununla belə, Köçryanın istefası üçün Ermənistanda ciddi müxalifət formalaşmadığından buna əsas görmürəm. Dəmirçiyan parlamentdə qətlə yetiriləndən sonra Ermənistan müxalifəti yeni mərhələyə keçdi. Çünki bütün məsələlər Qarabağ fonunda olub. Və bir çox erməni siyasətçiləri Qarabağ məsələsində Köçəryanın rolunu qeyd edir. Köçəryan hakimiyyətə müharibənin içərisindən - Dağlıq Qarabağdan gəlib".
Millət vəkilinin qənaətinə görə, bu gün Qarabağ məsələsində nə sülh müqaviləsinin imzalanmasından, nə də ki, hərbi əməliyyatların başlamasından söhbət getmir. Yəni bunların fonunda Köçəryana təsir ediləcək hər hansı bir problem yoxdur. VBP sədrinin sözlərinə görə, Ermənistanda Qarabağdan olan siyasətçilər artıq regional müstəviyə sürüşməyə başlayıb: "Ermənistanınn özündə də siyasət artıq regional müstəviyə sürüşür. Ermənistanda dərc edilən qəzetləri və siyasi prosesləri izləyirəm. Açıq-aşkar görünür ki, Ermənistanda bu gün ciddi müxalifət yoxdur. Ona görə də Köçəryanın zor gücünə istefaya göndərilməsinə və növbədənkənar prezident seçkisinin keçiriləcəyinə inanmıram".
|