Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#103(327)
"Alim Qasımov nə üçün indiyədək öz məktəbini yaratmayıb?"
Bu, "Şərq təranələri" beynəlxalq festivalının münsiflər heyəti üzvlərinin ciddi marağına səbəb olub

Alim Qasımovun "Şərq bülbülü" titulu ilə Azərbaycana dönüşündən bir müddət keçməsinə baxmayaraq, bu səfər barədə yeni, bir-birindən maraqlı xəbərlər hələ də eşidilməkdədir. Çünki səbəbkarın özü mətbuatla birbaşa ünsiyyətdən nədənsə gen gəzir və uğurla keçən bu səfəri barədə son dərəcə qısa və rəsmi cavablarla kifayətlənir.
Ailəsindən aldığımız xəbərə görə, festival iştirakçıları arasında proqramdan kənar daha bir sənət yarışması olub. Bu yarışmanının ən yaddaqalanı Alim Qasımovla Hindistanı təmsil edən musiqiçinin ifası sayılıb. Alim Qasımov bu dəfə də birmənalı olaraq qalib gəlib. Bir-birilərinə yol verə-verə oxusalar da, sonda Hindistan musiqiçisi Alim Qasımovun ifası qarşısında, sadəcə, susmalı olub.
Ən nəhayət, çoxdan bəri Alim Qasımovun öz məktəbinin açılmasını səbirsizliklə gözləyənlərin nəzərinə. Belə ki, Alim Qasımov sənətinə heyran qalan münsiflər heyətinin üzvləri, təbii olaraq, maraqlanıblar ki, "Nə üçün Alim Qasımov indiyə qədər öz məktəbini yaratmayıb?". Belə bir sənətkarın məktəbinin tək öz ölkəsi miqyasında deyil, dünyəvi səviyyədə yaradılmasının gərəkliyini də vurğulayıblar.
Alim Qasımovun məktəb yaratmaq fikrində olduğunu və bu yolda müəyyən addımlar da artıq atdığını biləndə isə ona hər cür dəstək, o cümlədən, maliyyə köməyi də göstərməyə hazır olduqlarını söyləyiblər. Xatırladaq ki, sözügedən tədbir YUNESKO-nun xətti ilə gerçəkləşib. Və bu maraq və təkliflər də eyni ünvandan səslənib. Hələ ki, bu fikir və təklif danışıqlar səviyyəsində olsa da, onun gələcəkdə Alim Qasımov məktəbinin açılışına təkan verəcəyi şübhəsizdir.

"Bağ", "Süfrə" və "Axşam görüşləri"

Rafael Hüseynov yazı masasının üstündə olan əlyazmalardan öncə, bu günlərdə işıq üzü görən iki kitabından söhbət açdı.
"Millətin zərrəsi" oxucular tərəfindən böyük maraqla qarşılanan "Vaxtdan uca", "Min ikinci gecə" kitablarının bir növ davamıdır. "Ayrı-ayrı insanların həyatından, tarixi dönəmlərdən bəhs edir" deyən müəllif, əslində, XX yüzillikdə Azərbaycan xalqının taleyini canlandırıb. Kitabda Bəhruz Kəngərli, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd, Şövkət Ələkbərova, Əbülfəz Elçibəy, Alim Qasımov haqda oxuyacaqsınız. "Bağ" romanı və "Süfrə" əsəri barəsində isə onun özünü dinləyək.
""Bağ" romanı 1936-cı ilin yayından bəhs edir. Hüseyn Cavid, Rəsul Rza, Mikayıl Müşfiq yayda öz ailələrilə Pirşağı bağlarında dincəlirlər. Hamısı kasıb, gənc şairlərdir, heç birinin bağ mülkü yoxdur. Bir-birilərinə yaxın bağ evlərini kirələyiblər. Hər axşam isə birinin evində cəm olurlar. Radiosuz, televizorsuz keçən bu yay gecələrini onların sözü-söhbəti rövnəqləndirir.
Bu, onların bir yerdə olduqları axırıncı yaydır. 37-ci ilin yayında artıq pərən-pərən düşəcəklər. Mən illər boyu o bağda keçən yay günlərinin xatirələrini soraqlamışam. Zaman-zaman topladığım xatirələr o bağda keçən günləri kinolent kimi gözlərim önündə canlandırdı. O bağın ən qiymətli yadigarı isə Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeridir. Bu şeri Mikayıl Dilbərə yox, başqa birisinə yazıb. İllər boyu o qadın bunu gizlətsə də, sonda etiraf elədi...
"Süfrə" isə 30 il Azərbaycan teatrında, sözün əsl mənasında, külüng çalan Aleksandr Tuqanov haqqındadır. Aleksandr Tuqanov hər ad günündə sənət dostlarını bir araya yığarmış. Məclisin sonuna yaxın isə stolun üstünə məşhur bir süfrəsini salarmış. Və onlardan təvəqqe edərmiş ki, hərə öz ürək sözünü yazsın. Təbii ki, onlar da yazırmışlar. Sonra isə Aleksandr Tuqanovun həyat yoldaşı o sözlərin üstünə ilmə salaraq, tikmə ərsəyə gətirərmiş. Təəssüf ki, o süfrə bu gün Azərbaycanda yoxdur..."
İkinci kitabsa, nə qədər təəccüblü görünsə də, "Əlifba"dır. Bir ara pedaqoji fəalliyyətlə məşğul olan Rafael Hüseynov "Əsr, minillik, dünyagörüş də dəyişdi, amma Azərbaycanda əlifba dəyişmədi" gileyinin ardınca yeniləşməyə böyük ehtiyac olduğunu vurğuladı.
"Əlifba" da məhz bu zərurətdən yaranıb. "Amerikada 100 əlifba kitabı var", - deyən Rafael Hüseynov bu kitabı hazırlayarkən, 30 ölkənin tədris vəsaitinə nəzər yetirib.
Yazı masasına gəlincə, öncə elmi əsərləri barədə məlumat verən həmsöhbətim bildirdi ki, Nəsrəddin Tusi və XI əsrdə yaşamış Baba Tahir Üryan haqqında elmi əsərlərini tamamlamaq üzrədir.
Növbəti kitabı isə "Axşam görüşləri" adlanır.
Uzun illər hər bazar günlərində radioda "Axşam görüşləri" adlı veriliş hazırlayan müəllif bu materalları bir araya yığmaq qərarına gəlib.
Onu oxuculara iki cilddə təqdim edəcək.

Çin sirki Bakıda
Çinlilər bir həftə ərzində şəhərimizin qonağı olacaqlar

Çin Xalq Respublikasının dünya şöhrətli "Ninsyan" sirkinin aktyorları sentyabr ayının 23-dən 30-na qədər Bakı şəhərinin qonağı olacaqlar.
Sirkin əsasən, akrobatlardan ibarət truppası Bakı Dövlət Sirkində, o cümlədən, Sumqayıt şəhərində öz məharətlərini nümayiş etdirəcəklər. Bir həftə ərzində paytaxt əhalisi gözəl tryuklara baxmaq şərəfinə nail olacaq. Böyük sirk məktəbini bu gün də yaşatmaqda davam edən çinlilərin göstərdikləri şou-tamaşalar həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.
"Ninsyan" sirkinin ölkəmizə gəlişi ilə bağlı bu işin təşkilatçıları sentyabrın 15-də mətbuat konfransı keçirəcəklər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd