|
|
|
|
#104(328)
|
 |
Azərbaycanda enerji böhranı gözlənilirmi?
Ölkənin enerji sistemini qışa hazırlamaq üçün 20 milyon dollar vəsait tələb olunur
|
Azərbaycanın enerji sisteminin qışa hazırlanması üçün 20 milyon dollar vəsait tələb olunur. Bu barədə ölkə hökumətindəki mənbələrdən "Bizim ƏSR"ə verilən məlumata görə, hazırda "Azərenerji" Səhmdar Cəmiyyətində göstərilən vəsait olmadığından, sözügedən struktur qışa hazırlıq tədbirlərinə başlaya bilmir.
Mənbənin sözlərinə görə, baxmayaraq ki, ölkə hökuməti maliyyələşmə məsələsini həll edəcəyinə söz verib, lakin hələ də ayrılacaq vəsaitin mənbəyi tapılmayıb.
Qeyd edək ki, noyabrın ortalarına kimi, qışa hazırlıq prosesi başa çatmalıdır.
Bir qədər əvvəl isə "Azərenerji" SC-dən "Bizim ƏSR"ə bildirmişdilər ki, "Azərbaycan" DRES-in 6 saylı, Əli-Bayramlı İES-in 4 saylı enerji blokunda təmir işlərinə başlanılıb. Həmin enerji bloklarının təmirinə yönəldilən vəsait isə "Azərenerji" SC-nin daxili imkanları hesabına ayrılıb. Lakin hökumətdəki mənbələr təmir işlərinə başlanılmasını təkzib edirlər. Bildirilir ki, maliyyə vəsaiti ayrılmadığından təmir işlərinə hələ də başlanılmayıb.
Qeyd edək ki, hələ ötən il əsaslı təmir işlərinin gedişində "Şimal" DRES-in yeganə enerji blokunun gücü 40 mVt-a qədər artırılsa da, o hələ də fəaliyyət göstərmir. 60-cı illərdə "Şimal" DRES-in layihə gücü 150 mVT təşkil edib. Lakin istismar prosesinin gedişində həmin güc 80 mVt-a qədər aşağı düşüb.
Ötən il əhalinin və iqtisadiyyatın enerji resursları ilə təminatının yaxşılaşdırılması üçün bir sıra işlərin həyata keçirilməsi məqsədilə "Azərenerji" SC, "Azəriqaz" QTSC və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 90 milyard manat vəsait ayrılmışdı. "Azərenerji"dən verilən məlumata görə, 90 milyard manatın təqribən yarısı sözügedən struktura verilib.
Hazırda "Azərenerji"nin rezervuarlarında mazut ehtiyatı təqribən 350 min ton təşkil edir. Bu barədə "Azərenerji" SC-dəki mənbələrdən "Bizim ƏSR"ə verilən məlumata görə, sentyabr ayının sonuna qədər, qışa hazırlıq planında nəzərdə tutulduğu kimi, rezervuarlarda mazut ehtiyatı 450 min tona çatdırılmalıdır.
Hər gün "Azərenerji" elektrik stansiyalarında 2,2 min ton mazut, 10 milyon kubmetr qaz istifadə edir. Mazut rezervuarlarının doldurulması məqsədilə hər gün elektrik stansiyalarına 2 min tona yaxın mazut göndərilir.
Energetiklər qış mövsümü üçün optimist proqnozlarla çıxış edirlər. "Azərenerji"SC-dən bildirirlər ki, rezervuarların doldurulması vaxtında və tələb olunan həcmdə yerinə yetirildiyindən bu qış enerji böhranından yan keçmək mümkün olacaq. Lakin hələ də bir məsələ həll olunmamış qalır - mazuta qənaət etmək məqsədilə bütün elektrik stansiyalarının işini "mavi yanacaq"la tənzimləmək.
Bu barədə "Azəriqaz" QTSC-dən verilən məlumata görə, qaz idxalını sutkada 22 milyon kubmetrə çatdırmaq üçün Şirvanovka-Qazıməmməd-Qazax magistral qaz kəmərində təmir işlərinin aparılması maliyyə problemləri ucbatından yubanır. Baxmayaraq ki, bu işlərin görülməsi üçün hələ ötən həftə tender elan olunması planlaşdırılsa da, maliyyə vəsaitinin ayrılması məsələsi hələ də həll olunmayıb.
"Azəriqaz"da hesab edirlər ki, artıq bu həftə yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan tenderin dəqiq tarixi elan olunacaq. Lakin payız-qış mövsümünün "qapını döyməsi" ilə əlaqədar qaz kəmərinin dağlıq ərazilərdən keçdiyi üçün təmir işlərinin yerinə yetirilməsində çətinliklər yaradacaq.
"Azəriqaz"dan bildirirlər ki, bütün təmir işlərini başa çatdırmaq üçün 3-4 ay vaxt tələb olunur.
Lakin ölkə hökuməti işlərin 2 aydan gec olmayaraq yerinə yetirilməsini planlaşdırır.
Plana əsasən Rusiyanın "İtera" və "Transnafta" şirkətləri tərəfindən Azərbaycana qaz idxalı oktyabrın əvvəllərində sutkada 15 milyon kubmetr təşkil edəcək. Qaz kəmərləri təmir edilməsə, məhz bu həcmdən artıq qaz idxal etmək mümkün olmayacaq.
Hazırda adıçəkilən şirkətlər respublikaya 7 milyon kubmetrdən çox qaz idxal etmir. "Azəriqaz"dan bununla bağlı bildirirlər ki, payız-qış mövsümü ilə müqayisədə yayda elektrik enerjisinə tələbat az olur.
Faktlardan göründüyü kimi, soyuqların düşməsinə az vaxt qalmasına baxmayaraq ölkənin enerji sistemi hələ də qışa hazır deyil. Proqnozlara görə isə bu qış əvvəlki illərdən fərqli olaraq sərt keçəcək. Deməli elektrik enerjisinə olan tələbat daha da artacaq. Görəsən bu zaman ölkənin enerji sistemi gərginliyə dözə biləcəkmi?
"Narkobaron" və onun "komanda"sı mühakimə olunur
|
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə qəsdən adam öldürməklə və narkotik maddələr satmaqla məşğul olan 9 nəfərlik cinayətkar dəstənin üzvlərinin mühakiməsi başlayıb. Onların arasında qadın da var.
Bunlar Əlibala Əsədullayev və onun həyat yoldaşı Anaxanım Əsədullayeva, Baba Babayev, Cəfərqulu Paşayev, Nicat Nəcəfov, Vaqif Qədiyev, Ruslan Mirzəyev, Sərbaz Alxazov və İlqar Əhmədovdur.
Müttəhimlərə qarşı elan edilmiş ittihama görə, Xaçmazın Bəbəli-Nizova meşəsində narkotik bitkilər becərən Ə.Əsədullayev 800 dollara həmkəndlisi Osman Fətullayevə satdığı 1200 qram marixuananın pulunu ala bilməyib. Ötən il sentyabrın 6-da saat 23 radələrində o, xəncər tipli ov bıçağı ilə silahlanaraq Fətullayevin yuxu arteriyasını kəsərək qətlə yetirib. Bu hadisədən sonra Əlibala Əsədullayev barədə axtarış elan olunsa da, cinayətkar alverini daha da genişləndirib. Osmanı qətlə yetirdikdən 13 gün sonra Əlibala həmkəndlisi Rəcəb Ağayevin onun yerini polisə nişan verməsindən şübhələnir.
Əlibala ov tüfəngini götürərək, onunla "haqq-hesab" çəkmək qərarına gəlir. R.Ağayevin qapını açmadığını görən cinayətkar atəş açmağa başlayıb. Ev sahibinin cavab atəşi nəticəsində yaralanan qatilin bu cəhdi baş tutmayıb. Ötən ilin aprel-sentyabr aylarında narkobiznesini daha da genişləndirən Əlibala yaratdığı dəstənin üzvlərinin köməyilə "mal"ını tez bir zamanda satdırmağa müvəffəq olub. Onlar bu ilin əvvəllərində həbs ediliblər.
Axtarışda olan bir şəxsin uzun müddət cinayət məsuliyyətindən yayınaraq, geniş bir ərazidə narkotik maddələr əkib-satması da məhkəmə istintaqının araşdırdığı əsas məqamlardan biridir. Bu səbəbdən də məhkəmədə şahid qismində Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları dindirilir.
|