|
|
|
|
#104(328)
|
 |
Sentyabrın 9-da axşam və 10-na keçən gecə ölkənin qərb rayonlarında intensiv yağışlar yağıb. Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi hidrometeoroloji proqnozlar xidmətinin rəhbəri Sahib Xəlilovun verdiyi məlumata görə, Zaqatalada yağıntının miqdarı 113 mm, İlisuda 83 mm, Şəkidə 44 mm, Oğuzda 10 mm, Mingəçevirdə 16 mm, Yevlaxda 10 mm, Daşkəsəndə 6 mm olub.
Kiş çayının daşması nəticəsində Şəkinin su təchizatı pozulub, bəzi küçələri su basıb.
Bu, Kiş çayının daşması ilə bağlı ikinci hadisədir. Birinci dəfə avqustun 27-28-də çay daşıb. Hazırda fövqəladə hallar üzrə Dövlət Komissiyasının nümayəndələri Şəkidə təbii fəlakət nəticəsində dəyən zərərin həcmini müəyyənləşdirir.
Zaqatalada güclü yağış nəticəsində şəhərin yuxarı hissəsində Talakənd körpüsünə ziyan dəyib. Körpüdə hərəkət müvəqqəti dayandırılıb, bəzi yerləri su basıb.
Ötən şənbə və bazar günləri Böyük Qafqazın 2008 metrdən yüksək hissəsində qar yağıb. Qar örtüyünün qalınlığı 5-10 sm-ə çatır.
Sentyabrın 13-dək Azərbaycan ərazisində hava şəraiti mülayim isti olacaq. Bəzi rayonlarda axşam və gecə saatlarında qısamüddətli yağışlar yağacaq. Bakıda və Abşeronda yağmursuz olacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında 29-34, dağlıq rayonlarda 20-25, Bakıda və Abşeron yarımadasında 27-32 dərəcə isti olacaq.
Gürcüstan öhdəliklərini yerinə yetirməyib
|
Gürcüstan müəyyən irəliləyişə nail olub, lakin 1999-cu ilin aprelində Avropa Şurasına (AŞ) daxil olarkən götürdüyü öhdəlikləri yerinə yetirməsinə hələ çox var. Bu barədə ötən həftə AŞ Parlament Assambleyası Monitorinq Komitəsi üzvlərinin qəbul etdiyi qətnamə layihəsində deyilir.
Sənəddə Gürcüstanın AŞ-nin əsas sazişlərini-insan haqlarına dair Avropa Konvensiyası və işgəncələrin qadağan edilməsinə dair Konvensiyanı ratifikasiya etməsi alqışlanır. Lakin milli azlıqlar, yerli özünüidarəetmə, cinayətkarlıqla mübarizəyə dair konvensiyaların ratifikasiya olunmamasına "təəssüf" edilir.
AŞ mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Avropa parlamentarları Gürcüstan hakimiyyətinin insan haqlarının təminatı sahəsində mühüm irəliləyişə nail olmamasından narazılığını bildirir. Parlamentarlar həmçinin işgəncələrin tətbiqi, polis və təhlükəsizlik qüvvələri tərəfindən adamların saxlanması faktlarından "ciddi narahatlığını" bildirir. Pravoslav ekstremistlərin dini azlıqların əleyhinə "zorakılıq" faktları da avropalılarda narahatlıq hissi oyadır.
Komitə hakimiyyətin Acariyaya muxtariyyət statusu verməyə hazır olmasını alqışlayır və "Gürcüstan hökumətinin səylərinə baxmayaraq" Cənubi Osetiyada, Abxaziyada münaqişələrin həll edilməməsindən "təəssüflənir".
Layihənin müəllifləri Lino Diana və Matias Erosi bildirir ki, Gürcüstan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı ölkə rəhbərliyinin səylərinə baxmayaraq, qəbul edilən qanunlarla tətbiq olunan qanunlar arasında "ciddi fərq" var.
AŞPA Monitorinq Komitəsinin hazırladığı qətnamə layihəsi AŞPA-nın plenar yığıncağına göndəriləcək. Yığıncaq sentyabrın 24-28-də Strasburqda keçiriləcək.
"Azərbaycanlı da gürcü dilini bilməlidir"
Tengiz Xaladze: "Gürcüstan iqtisadi böhran keçirir"
|
Dünən Bakı Mətbuat klubunda AXCP-nin təşəbbüsü ilə Gürcüstan-Azərbaycan strateji müttəfiqliyi mövzusunda dəyirmi masa keçirildi. AXCP ("klassiklər") sədrinin müavini Zəlimxan Məmmədli gürcü və azərbaycanlıların tarixi dostluğundan danışdı.
Bildirdi ki, bu gün iki dövlət arasında qarşıdurma yaratmaq istəyində olan qüvvələr mövcuddur. Z.Məmmədli Avroatlantik məkanına inteqrasiyada Azərbaycanın bir sıra iri kommunikasiya lahiyələrinin Gürcüstan ərazisindən keçməsinin tərəfdarı olduğunu dedi. O, Rusiya qoşunlarının hələ də Gürcüstan ərazisindən çıxarılmamasını rusların oradakı etnik separatçılara dəstək verməsi ilə əlaqələndirdi.
Azərbaycanlıların kompakt yaşadığı Bolnisi, Dmanisi, Qardabani və Marneuli rayonlarında huquqlarının pozulduğunu vurğulayan Zəlimxan Məmmədli buradakı kənd adlarının dəyişdirilməsini, məktəblərin bağlanmasını, siniflərin ixtisara salınmasını, idarəetmə orqanlarında yerli sakinlərin təmsil olunmamasını iki dövlət arasında əlaqələrin möhkəmliyinə xidmət etmədiyini qeyd etdi: "Ümumiyyətlə, gürcü-azərbaycanlı problemlərinin dərinləşməsi oradakı separatçıların güclənməsinə əsas verə bilər".
Z.Məmmədlidən sonra çıxış edən Gürcüstanda fəaliyyət göstərən Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov oradakı azərbaycanlıların iqtisadi problemlərinə toxundu. Ə.Əsgərov söylədi ki, "Torpaq haqqında" qanun azərbaycanlıların torpaqdan istifadə imkanlarını məhdudlaşdırır. Torpaqların Müdafiə Nazirliyinin tabeçiliyinə verildiyini qeyd edən Ə.Əsgərov MN-in torağı öz qiymətindən 5 qat baha əhaliyə satdığını dedi: "Bundan başqa yeni qüvvəyə minmiş qanuna görə rəsmi idarələrdə işləmək istəyən hər bir gürcü vətəndaşı dil imtahanı verməlidir. Bu da nə qədər azərbaycanlının işsiz qalması deməkdir".
Gürcüstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Tengiz Xaladze isə yuxarıda deyilənlərə münasibətini bildirərək Gürcüstanın iqtisadi böhran keçirdiyini təsdiqlədi. O, adı çəkilən problemlərin təkcə azərbaycanlılara deyil, həm də gürcülərə aid olduğunu bəyan etdi. Onun sözlərinə görə, elə gürcü var ki, onun bir hektar torpağı belə yoxdur. Dil məsələsinə toxunan T.Xaladze dilin çətin olmasına baxmayaraq Gürcüstanda yaşayan hər bir vətəndaşın bu dili bilməsinin vacibliyini qeyd etdi.
Xatırladaq ki, tədbirdə Tamerlan Qarayev, Abbas Abdulla, Gürcüstan parlamentinin üzvü Zümrüd Qurbanov da bu barədə fikilərini söylədilər.
"Payızda dəyişiklik olmayacaq"
Bahar Muradova: "Qurultayı keçirək, kimin gedəcəyi, kimin qalacağı ondan sonra bəlli olar"
|
YAP rəhbərliyinin noyabr ayında partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı mövqeyini açıqlaması hakim partiyadakılardan çox müxalifət düşərgəsini hərəkətə gətirib. "Bu ilin payızında dəyişiklik olacaq" iddiasında olan müxalifət funksionerləri YAP-ın gözlənilmədən qurultay çağırmasını da elə bununla bağlayır. Üstəlik, partiyanın yeni qərargahında YAP sədri, Azərbaycan prezidenti Heydər Əliyev üçün ayrıca otaq ayrılmasını "payız dəyişikliyi"nə hazırlıq kimi yozan qüvvələr bu dəyişikliyi oktyabr ayının ortalarına proqnozlaşdırmaqdadırlar.
YAP icra katibinin müavini Bahar Muradova qərargahda partiya sədri üçün ayrılan otağa bu cür rəng verilməsini məntiqsizlik kimi qəbul edir. Və deyir ki, hər bir partiya sədri üçün rəhbəri olduğu təşkilatda otaq ayrılmalıdır və burada qeyri-adi heç nə yoxdur:
- Prezident Heydər Əliyev həm də YAP-ın sədridir. İstənilən partiyanın qərargahında həmin təşkilatın sədri üçün otaq ayrılır. Bu gün bizim sədrimiz ölkə prezidentidir. Onun gündəlik YAP-ın qərargahında əyləşib sədr funksiyasını həyata keçirməsinə ehtiyac yoxdur. Ona görə də prezident çox vaxt öz iş yerindən müvafiq göstərişlərini verir. Lazım gələndə prezident partiya qərargahında da olur. Onu da deyim ki,ÿpartiyanın yeni qərargahında keçirilən İdarə Heyətinin ilk iclasında cənab prezident də iştirak edib. Ona görə də partiya qərargahında sədr üçün otaq ayrılmasına heç də qeyri-adi bir hadisə kimi baxmıram.
Bəs YAP-ın növbəti qurultayının
gözlənilmədən çağırılması ilə bağlı qərar hansı zərurətdən yarandı? Çünki nizamanaməyə görə, YAP-ın qurultayı 4 ildən bir çağırılmalıdır.
- YAP kütləvi, çoxminlik partiyadır. Sıravi üzvlərimizin sayı artıq 200 min nəfəri ötüb. Partiyanın ilk qurultayı iki il əvvəl keçirilib. İki il ərzində partiya sıralarında həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılığa doğru çox dəyişikliklər olub. Cəmiyətdə dinamik inkişaf var və buna görə də proseslər kifayət qədər sürətlə getməyə başlayıb. Bunlar isə partiya həyatına öz təsirini göstərir. Partiyanın isə cəmiyyətdən kənar, özünə xas həyatı ola bilməz. Ona görə partiyanın struktur, ideoloji və təşkilati işində olan dəyişikliklər YAP-ın növbəti qurultayında qəbul ediləcək qərarlarda öz əksini tapacaq. Bu səbəbdən partiya sədri növbəti qurultayın keçirilməsi təklifi ilə çıxış edib.
Qurultayda partiyanın növbəti
prezident seçkisinə kimin namizədliyini irəli sürəcəyi dəqiqləşdiriləcəkmi?
- Növbəti prezident seçkisinə təxminən iki il qalır. Mənə belə gəlir ki, prezident seçkisinə qədər buna imkanımız çatacaq.
Söhbət növbəti qurultayın
çağırılmasından gedir?
- Konkret olaraq indidən "seçkiyə qədər növbəti qurultay olacaq" demək də düzgün olmazdı. Hər halda bizim partiyamızın namizədi bəllidir. Bu namizəd partiyamızın sədri, Azərbaycan prezidenti cənab Heydər Əliyevdir. Bu, həm partiya üzvlərimizin, həm də cəmiyyətin arzusundan doğan fikirdir. Eyni zamanda prezident də bu yaxınlarda öz qərarını açıqlayıb və deyib ki, 2003-cü il prezident seçkisində öz namizədliyini irəli sürmək fikrindədir. Ona görə də növbəti qurultayımızda partiyanın namizədinin müəyyənləşdirilməsi istiqamətində qərar qəbul etməyimizə heç bir lüzum yoxdur. Seçki ərəfəsində qərarımızı elan edəcəyik.
Siyavuş Novruzovun sözlərinə görə,
işinin öhdəsindən gələ bilməyən partiyanın rəhbər şəxsləri vəzifələrindən uzaqlaşdırılacaq. Söhbət kimlərdən gedir?
- Deyə bilmərik ki, bizdə hamı işinin öhdəsindən yüz faiz gəlir. Təbii ki, işinin öhdəsindən daha yaxşı gələn və bununla yanaşı nisbətən az çalışqan olan adamalar da var. Amma Siyavuş müəllimin konkret olaraq kimi nəzərdə tutduğunu deyə bilmərəm. Buna Siyavuş müəlimin özü cavab versəydi, daha yaxşı olardı. Amma güman edirəm ki, qurultayda müvafiq qərarlar qəbul ediləcək. Bu qərarların nələrdən ibarət olacağını indidən demək çətindir. Çünki onların hamısı aparılacaq müzakirələrdən sonra bəlli olacaq. Qurultayı keçirək, ondan sonra bəlli olacaq ki, kimlər gedir, kimlər qalır.
Siyasi Şuranın üzvlərinin sayı da
azalmalıdır, yoxsa...
- Bəli, belə bir fikir var. Bəziləri hesab edir ki, Siyasi Şuranın üzvlərinin sayı çoxdur. Mən də haradasa bu fikirlərlə razıyam. Amma hər halda bu məsələ ilə bağlı qərarı da qurultay verəcək. İndi bu barədə söz demək çətindir. Bu barədə hələ ayrı-ayrı şəxslər fikir bildirib.
Amma YAP-ın icra katibi Əli
Əhmədov Siyasi Şura üzvlərinin sayının azaldılacağını deyib.
- Bu, qərar şəklində ortada yoxdur. Sadəcə olaraq müəyyən fikirlər var. Qurultayda da həmin təkliflərə toxunulacaq. Güman edirəm ki, qurultada həmin qərarın qəbul edilməsi baş verə bilər.
Son günlər belə bir məlumat yayılıb
ki, YAP sədrinin müavini, millət vəkili İlham Əliyev növbəti qurultayda partiyaya icra katibi seçiləcək.
- İlham Əliyev YAP sədrinin müavinidir və öz işinin öhdəsindən lazımi səviyyədə gəlir. İlham Əliyevin sədr müavini seçilməsi partiya həyatında yaxşılığa doğru köklü dəyişikliklərə səbəb olub. Ən azı partiyaya gələn gənclərin sayını göstərmək kifayətdir. Bu faktı inkar etmək olmaz. Amma bu günə kimi partiyada İlham Əliyevin növbəti qurultayda partiyaya icra katibi seçiləcəyi barədə söhbət getməyib.
Bildirilir ki, qurultayda müəyyən
struktur dəyişiklikləri də gözlənilir...
- Mən bilmirəm bu qurultayla bağlı məlumatları haradan alırsınız. Açığı, hələ də konkret olaraq müəyyənləşdirməmişik ki, qurutayda hansı dəyişikliklər olacaq.
Müxalifət partiyaları payazda nə isə
gözləyir. Hətta YAP-ın gözlənilmədən qurultay çağırması da payızda gözlənilən hadisələrlə əlaqələndirilir.
- Müxalifət partiyalarından fərqli olaraq biz payızdan, qışdan və yaydan nə isə gözləmirik.ÿÇünki fəslin dəyişməsi ilə situasiyanın dəyişməsini əlaqələndirmək gülməlidir. Payız öz vaxtında gəlib, öz zamanında da gedəcək. Ona görə də cəmiyyətdə baş verəcək dəyişiklikləri ilin fəsilləri ilə əlaqələndirmirik və bunun da tərəfdarı deyilik. Cəmiyyət, dövlət yaşayır, insanlar fəaliyyət göstərir. Zaman, dövr nəyi diqtə edəcəksə, o da həyata keçiriləcək. Ona görə də indidən öncəgörmələrlə məşğul olmaq, nəyisə proqnoz vermək düzgün deyil. Müxalifətə gəlincə, onlar da nə isə deməlidirlər. Onlar yazda payıza, payızda isə qışa ümidli olan adamlardır. Hesab edirəm ki, bu ümidi onların əlindən almaq yaxşı deyil. Qoy, onlar da nəyəsə ümid etsinlər.
Avropa Şurası Qarabağdan narahatdır
Lord Rassel Conston Qarabağ tənzimləməsində bu təşkilatın birbaşa iştirakını zəruri sayıb
|
"Qarabağ probleminin tənzimlənməsi prosesinin ləngidilməsi Starsburqda və Avropa Şurasının üzvü olan dövlətlərdə məyusluq doğurur". Bu sözləri AŞPA-nın sədri lord Rassel Conston dünən Ermənistan parlamentində çıxış edərkən deyib.
O xatırladıb ki, Ermənistan və Azərbaycanın AŞ-yə qəbulunun danışıqlar prosesinin sürətlənməsinə təkan verəcəyi gözlənilirdi. Hər iki ölkənin AŞ üzvü olduğunu vurğulayan lord Conston Qarabağ tənzimlənməsində bu təşkilatın birbaşa iştirakını zəruri saydığını bildirib. Lord Conston xatırladıb ki, məzh Avropa Şurası Azərbaycan və Ermənistan parlament spikerlərinin görüşünün təşəbbüskarı olub. Münaqişə edən tərəflər arasında müxtəlif səviyyəli görüşlərdən, o cümlədən prezidentlərin birbaşa təmasından razılığını bildirən Rassel Conston deyib ki, ikitərəfli diloqlara əhalinin müxtəlif təbəqələrinin də cəlb edilməsi yaxşı olardı.
AŞPA sədri Ermənistan parlamentindəki çıxışında sensasiyalı bir açıqlama da verib. O, iki il əvvəl, Ermənistana ilk səfəri zamanı parlamentin keçmiş sədri Karen Dəmirçiyanla söhbətini yada salıb. Dəmirçiyan Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş torpaqların Azərbaycana qaytarılmasının və Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin saxlanılmasının tərəfdar olduğunu bildirirmiş...
Yüksək rütbəli qonağın bu sözlərindən sonra müxtəlif parlament birliklərini və fraksiyalarını təmsil edən 10-dan artıq deputat etiraz əlaməti olaraq iclas salonunu tərk edib. Onların fikrincə, Dəmirçiyan belə söz deyə bilməzmiş...
R.Conston deyib: "Mən inanıram ki, Azərbaycan və Ermənistan xalqları sülh, sabitlik və mehriban qonşuluq şəraitində yaşamağa meyl göstərirlər. Bu isə Avropa Şurasının vasitəsilə gerçəkləşə bilər". AŞPA sədrininn Bakıya sentyabrın 13-də gələcəyi gözlənilir.
Bizimkilər özlərini qoruyublar
|
Ölkəmizin Sankt-Peterburqdakı fəxri konsulu Qüdsi Osmanovun sözlərinə görə, hüquq-mühafizə orqanları ötən cümə günü baş vermiş qanlı hadisədə yerli sakinləri günahkar sayıb.
Sentyabrın 7-də Sankt-Peterburqda yerli sakinlərlə azərbaycanlılar arasında baş vermiş münaqişə faktı ilə əlaqədar cinayət işi açılıb. Lakin təqsirləndirilənlər arasında azərbaycanlılar yoxdur. Bunu Azərbaycanın Sankt-Peterburqdakı fəxri konsulu Qüdsi Osmanov "Lider" TV-nin müxbiri ilə dünənki söhbətində bildirib. Onun sözlərinə görə, əməliyyat-istintaq tədbirləri həmyerlilərimizin bu qarşıdurmada özünümüdafiə vəziyyətində olduqlarını tam sübuta yetirib.
Xatırladaq ki, hadisə Sankt-Peterburqun Moskva rayonundakı bir kababxanada baş verib. Müştərilər azərbaycanlı satıcını kənara çəkərək onu keyfiyyətsiz kabab bişirdiyinə görə döyüblər. Satıcıya hücum edənlər onun avtomobilini də əziblər. Dava edənlərə digərləri də qoşulub, nəticədə onların sayı 20-yə çatıb. Onlardan bəzisində bıçaq və balta, bir nəfərdə isə əldəqayırma silah olub.
Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Onların arasında azərbaycanlılar yoxdur. Qüdsi Osmanovun sözlərinə görə, istintaq orqanlarının azərbaycanlıları cinayət məsuliyyətinə cəlb etməməsi yerli millətçi qüvvələrin narazılığına səbəb olub. Lakin hüquq-mühafizə orqanlarının qərarı dəyişməyib.
Onu da bildirək ki, Qüdsi Osmanov Sankt-Peterburqdakı nüfuzlu "Sülh şəhəri" ictimai hərəkatının "İlin adamı" nominasiyasına layiq görülüb. Mükafatçılar sırasında Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov, Kabarda-Balkar, Dağıstanın prezidentləri və digər tanınmış şəxslər var. Mükafat azərbaycanlı diplomata bu ilin oktyabrında Sankt-Peterburqda ölkəmizin dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə keçiriləcək mərasimdə təqdim ediləcək.
|