|
#104(328)
|
 |
Şənbə günü Azərbaycan Xarici İşlər Nazirliyi ikinci ərazi idarəsinin rəisi Şahin Abdullayevin başçılıq etdiyi rəsmi nümayəndə heyəti prezident Heydər Əliyevin sentyabrın 17-də İrana nəzərdə tutulan rəsmi səfərinə hazırlıq məqsədilə Tehrana yola düşüb.
Nümayəndə heyətinə bir sıra nazirlik, neft və nəqliyyat sahəsi idarələrinin yüksək vəzifəli məmurları, həmçinin Naxçıvanın hakimiyyət nümayəndələri daxildir.
H.Əliyevin İrana üç günlük səfəri zamanı siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığa dair 10 dövlətlərarası sazişin imzalanması nəzərdə tutulur.
|
Parlament rəhbərləri
Parisdə görüşəcək
|
Fransa Senatının sədri Kristian Ponselenin təşəbbüsü ilə yaxın vaxtlarda Parisdə Azərbaycan, Gürcüstan və Ermənistan parlament spikerlərinin görüşü keçiriləcək.
Dünən Bakıda Fransa Senatı Fransa-Qafqaz dostluq qrupunun başçısı Jan Buayeni qəbul edən Milli Məclisin sədri Murtuz Ələsgərov belə görüşün keçirilməsi ideyasını dəstəkləyib.
M.Ələsgərov ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında səylərini yüksək qiymətləndirib. Eyni zamanda o, rəsmi Parisi Dağlıq Qarabağ yerli hakimiyyət orqanlarına keçirilən qanunsuz seçkiləri pisləməyə çağırıb.
Buaye münaqişənin dinc yolla nizamlanmsının vacibliyini vurğulayaraq ümidvar olduğunu bildirib ki, üç spikerin Paris görüşü bu prosesin sürətlənməsinə kömək edəcək. Buaye, həmçinin Fransa-Qafqaz dostluq qrupunun yeni rəhbəri Ambruaza Düponu M.Ələsgərova təqdim edib.
Üç il əvvəl, 1998-ci ildə Versalda Ponselenin təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri spikerlərinin görüşü keçirilib.
|
YUNESKO Bakıda beynəlxalq konfrans keçirəcək |
Bu il noyabrın 27-dən dekabrın 1-dək Bakıda YUNESKO-nun himayəsi altında "Mədəniyyət və turizm" beynəlxalq konfransı keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat veriblər.
Konfransın gündəliyinə Qafqazda mədəni dialoqun bərqərar olması, mədəni turizm, regionun mədəni inkişafı məsələlərinin daxil ediləcəyi bildirilir. Konfransa 15 ölkədən nümayəndələr dəvət olunub.
Konfransın təşkilat məsələlərini Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, həmçinin YUNESKO-nun milli komissiyası öz üzərinə götürüb.
Azərbaycan hökumətində aparılan struktur dəyişikliklərinin gedişini öyrənmək məqsədilə Dünya Bankının missiyası sentyabrın 15-də Bakıya gələcək. Bunu DB-nın Bakı nümayəndəliyində "Media-PRESS" agentliyinə bildiriblər.
Bu, DB numayəndələrinin iyul ayından sonra Azərbaycana ikinci səfəridir. Səfər zamanı missiya iştirakçıları struktur dəyişikliklərinin planını Azərbaycan tərəfinə təqdim edəcəklər. Azərbaycan hökumətiylə razılaşmadan sonra plan Dünya Bankına təsdiq olunmaq üçün göndəriləcək.
Əvvəlki səfər zamanı Azərbaycana 30 milyon dollar kredit ayrılması üçün müzakirələr aparılıb. Kreditin verilməsi noyabr ayı üçün nəzərdə tutulub. Həmin kredit struktur dəyişikliyilə bərabər qeyri-neft sektorunun inkişafı və həmçinin əhalinin qaz, elektrik enerjisi və su təchizatının yaxşılaşdırılmasına sərf olunacaq.
Sentyabrın 9-da Kürdəmir rayonunun Seyirimli kənd sakini6 1964-cü il təvəllüdlü Zülfi Rüstəmovun evi yandırılıb. Bununla bağlı aldığımız mə`lumata görə, hadisə axşam baş verib. Z.Rüstəmovun ikimərtəbəli evi ciddi ziyan çəkib. Hadisə nəticəsində ev sahibi və onun oğlu azyaşlı Ülvi Rüstəmov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Uşağın vəziyyəti ağırdır.
|
Cinayətkar dəstə yaxalandı
|
Dünən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları 5 nəfərlik cinayətkar dəstəni yaxalayıblar. Dəstəyə 24 yaşlı Bagiya Aleksandr Vladimiroviç rəhbərlik edir. Onlardan üçü-Afət Cabbarov, Rəhim Sərdarov və başçıları əvvələr məhkum olunublar. Elçin Hüseynov və Rusiya vətəndaşı 22 yaşlı Yelena Aleksandrovna isə bu dəstəyə sonradan qoşulub. Cinayətkarlar Qaraçuxur qəsəbəsinin sakini Şahsuvar Fətullayevin şikayət ərizəsi əsasında həbs ediliblər. Belə ki, Ş.Fətullayevin "Jiquli" markalı maşınına əyləşən quldurlar sürücüyə hədə-qorxu gələrək, onları Ramana qəsəbəsinə aparmağı tələb ediblər. Yolda Ş.Fətullayevi bıçaqla qorxudan dəstə üzvləri 120 min manatı, mobil telefonu ələ keçirərək, onu maşından düşürüblər.
|
Narkotika daşıyıcıları
həbs edildi
|
Ötən gün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Musabəyov küçəsində yaşayan Telman Bünyatovdan 7,86 qram marixuana aşkar edilib.
Elə həmin gün idarənin əməkdaşları H.Abbasov küçəsində yaşayan Rafael Rzayevi də həbs ediblər. Axtarış zamanı onun üzərindən 5,89 qram marixuana götürülüb.
DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları isə Salyan rayon sakini Anar Hüseynovun üzərindən 301,182 qram tiryək aşkarlayıblar.
DİN-dən aldığımız məlumata görə, Sabunçu RPİ-nin əməkdaşları rayon ərazisindən bir ədəd qaz tapançası, bir ədəd qumbara, 3 ədəd qumbaraalışdırıcı, 248 ədəd avtomat patronu və iki ədəd patron darağı aşkar ediblər.
Tərtər Rayon Polis İdarəsinin əməkdaşları isə rayonun Çaylı kəndi ərazisindən 4 ədəd qumbara, 1484 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapıblar.
|
Kəndlərdə yanğın baş verib
|
DİN-in Yanğından Baş Mühafizə İdarəsindən verilən məlumata görə, sentyabrın 9-da Samux rayonunun Lək, Goranboyun Qaradağ və Kürdəmirin Çaylı kəndində yanğın hadisələri baş verib. Yanğın yaşayış obyektlərinə xeyli ziyan vursa da tələfat olmayıb. Yalnız Çaylı kəndində iki nəfər yaralanıb. Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Zülfi Rüstəmova məxsus 2 mərtəbəli ev yanıb.
Həmin vaxt evdə olan Z. Rüstəmov və oğlu - 1995-ci il təvəllüdlü Ülvi ağır dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına köçürülüblər.
|