Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#104(328)
XXI
m.nur@azeurotel.com

Öyrənək? Öyrənməyək?

... Sözsüz, gürcülər ədabazdırlar...
Amma gürcü dostu olan hər kəs bilir ki, bu dost o birisinə bənzəmir. Çoxlarından fərqli olaraq mən dostun fərqini erməniylə müəyyənləşdirmirəm. Gürcü ədası, ümumiyyətlə fərqli bir şeydir. Gürcüyə azəricəni rahatlukum eləyib versən də boğazından keçməyəcək. Amma gürcü əsl heyranedici şeylərə hamıdan daha hörültülü səslə səs verəndir. İndi, durub gürcünü heyran etməyə baş qoşmaq əlbəttə bizim qayğımız deyil. Sözsüz, biz də gərək bir az ədabaz olaq. Və biz də gərək bir az dikbaş olaq...
... Nədənsə, Soso Pavliaşvilinin konsertinə baxanda (Lider TV) fikirləşdim: "... qaqaş rus dilini təmiz bilir, amma öz şivəsində bu dili elə yıxır-sökür və elə gürcüləşdirir ki, rusca eşidirsən, amma kökdə gürcü dilində danışıldığını qanırsan. Adam istər ki, məsələn, onun yerinə indi Faiq Ağayev danışaydı, biz də hamımız ağzımızı açıb baxaydıq, fəxr edəydik. Ya da qarşımızda cəsarətli, professional, iddiası özü boyda bir azərbaycanlı duraydı ki, cəmi rus zənənlərinin ağzının suyu töküləydi. Sonuncu dəfələr səhv eləmirəmsə Sərxan Sərxan Moskvanı belə heyran etmişdi. O da ki... lap düzü, azərbaycanlı xarakteri barədə söz deyə bilməmişdi. Bu mənada yeganə bazarımız olan Rusiyaya çıxan şou biznesimizdə nə varsa nərmanazikdir...
Mən bu nərmanaziklikdən bezmişəm...
Söhbət təkcə şou biznesdən də yox, həyat uğrunda mübarizədən gedirsə, haqlarımızı bütün cəbhələr boyu qorumaq, daralmış dairələrimizi içəridən genişləndirmək zorunda qalmışıq. Soso sadəcə mənimçün simvolik - bacara bilmək adamıdır. Tutaq ki, Sosonun həyat yolu sevimli Samir Bağırovun qarşısında açılsaydı, Samir sadəcə əriyib gedəcəkdi. Biz daha çox nədən qorxuruq: xarakterimizin nərmanazikliyindən. Biz mədəniyətimizin və dilimizin gücünü hesab-kitaba vura bilmirik. Sanki bu mədəniyyət içimizdə bir ayrıca immunitent kimidir: lap son anda özü yaşamaq və özü yaşatmaq tapşırığını alır: bizdən xəbərsiz...
Xəbəriniz olsun ki, o immunitent bizdən bezməyib.
İndi durub Borçalıda sinəmizi yerə sürtək ki, gürcü dilini öyrənməyəcəyik və gürcü dili bizi əridəcək, sadəcə başqalarını öz siyasi fırıldaqlarımızla çaşdırmış olarıq. Bəlkə də bir az əvvəl öyrənmək lazım idi: necə ki nərmanazik olmaq gücümüz hər şeydən güclü, immunitetimiz hamıdan dözümlüdü. Bu da xarakterdi. Ta durub gürcü kimi ədabazlıq etsək, bizə yaraşmaz. Borçalını minillər qoruyub: oranı tanıyanlar bilir. Məncə hər şeyin sonda nə ilə nəticələnəcəyini bildiyimiz halda, sözlərə güc vermək yalan olacaq.
Öyrənək? Öyrənməyək? Hər ikisi sualdır. Sual heç vaxt sərbəst deyil.

Məqsəd Nur

Bu da bizik

Hər şey göz qabağında

Dostumla metrodayıq. Bütün diqqətim həmsöhbətimdədir. Birdən hiss edirəm ki, ətəyimi kimsə dartır. Tarazlığımı pozanın kimliyini müəyyənləşdirmək üçün nəzərimi o tərəfə yönəldirəm. Boyu yerdən, yalan olmasın, bir qarış ancaq qalxan balaca bir qız görürəm. Dörd-beş yaşı olar-ya olmaz. Bütün sifətini tutmuş iri, qara və narazılıqda dolu gözlərini üzümə zilləyib acıqla mənə baxır. Başını rəngini itirsə də, vaxtilə qırmızı olduğu bilinən nimdaş bir yaylıqla bərk-bərk bağladığından görə bilmirəm saçları da gözləri kimi qaradır, ya yox. İlk rəngini his-pas örtmüş donu, görünür ki, onun üçün alınmayıb. Topuğunu gizlədən rəngsiz paltarının balaqlarının qıraqlarından yalın ayaqları güclə görünür. Deyəsən, bayaqdan ona əhəmiyyət verməməyimə acığı tutub. Bu dəfə gözlərimin içinə baxa-baxa, özü də daha hökmüranə paltarımı dartır və balaca, çirkli əlini açıb lal-dinməz mənə sarı uzadır.
- A, bu sənsən, necəsən?
Dostum köhnə tanışını görübmüş kimi bütün səmimiyyəti ilə uşağın üzünə gülümsəyir. Qızcığaz ona əhəmiyyət verməyib inadkarcasına mənim üzümə baxır. Ta ki mən qızın istəyini təmin edib özümdən uzaqlaşdıranacan dostum cavabsız suallarla qızı yorur: "Bəs anan hanı? Qardaşların, bacıların necədirlər? Bir şey qazana bilirsən? Anan sənə marojna alır? Ayaqqabılarını harda qoymusan?" və s. və ilaxır. Uşaq olanda nolar, mənə elə gəldi ki, qız bizə yaxınlaşmağının peşmançılığını çəkir. Nəhayət ki, bizdən uzaqlaşır və qatarın qapısına söykənmiş qadına sarı yüyürür.
- Anası da burdaymış ki... Bu balaca qız bilirsən kimdir, mənim ilk məhəbbətim...
- ???
- Daha doğrusu, ilk məhəbbətimin yadigarı.
- ???
Uşağı böyrünə sıxıb qatardan düşməyə hazırlaşan pırtlaşıq saçlı orta yaşlı qadına baxıram.
- Qızla bulvara çıxmışdıq. Qabağımızı bu gördüyün arvad kəsib başladı ki, gəlin falınıza baxım. Əl çəkmədi. Tək olsaydım, başımdan rədd eliyərdim, qızla olduğumdan çox dərinə getmədim. Nə isə, on dəqiqənin içində bizi evləndirdi də, dörd uşağın sahibi elədi də, xəstələndirdi də, məni qızdan əvvəl öldürdü də. Qısası, bir nağıl danışıb cibimdə olan beş-üç manatımı aldı. Dörd-beş ilin söhbətidir. Bax onda bu qız arvadın bətnindəydi. Bir neçə aydan sonra arvadı qucağında körpə gördüm. Bildim ki, həminkidir. Bu qız dünyaya gələndə biz artıq ayrılmışdıq. Arvadın vəd verdiyi xoşbəxt ömrü yaşamaq bizə qismət olmadı. Sonralar bu ana-balanı tez-tez görürdüm - küçədə, metroda, qatarda dilənən yerdə. Nədənsə sonralar məndə qəribə hiss yarandı bu uşağa qarşı. Çox vaxt "28 May"ın ərazisində olurlar. O tərəflərə yolum tez-tez düşdüyündən, çox görürəm bunları. Maraqlıdır ki, qız heç vaxt mənə yaxınlaşmır. Üstünə gedirəm, yenə mən tərəfə baxmır. Balaca, arıq-sısqa, çirkin bir uşaq idi. Deyirdim, ölər, qalmaz. Amma indi görürsən, necə şeytan olub? İndi bu qıza baxanda yadıma o günlərim düşür. Bu qız mənim insan donunda maddiləşmiş ilk məhəbbətimdir. Görürsən, daha nəyisə xatırlamağa da ehtiyac qalmır. Hər şey göz qabağındadır. Pisi bir odur ki, ilk məhəbbətimi dilənən yerdə görmək o qədər də xoş deyil. Razısan?
Qatar stansiyaya çatdı. Qapılar açıldı və dostumun məhəbbəti anasının əlindən buraxılıb qatarın o biri vaqonuna tərəf qaçdı.

N. Hüseynli

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd