|
|
|
|
#105(329)
|
 |
|
Xəzərdə silahlar kimə qarşıdır?
|
Hövzə ölkələrinin rəvac verdiyi yenidən silahlanma tendensiyası Xəzərin demilitarizasiyası ideyasını sual altında qoyur. Bu ideyanın reallaşması üçün ardıcıl fəaliyyət göstərən rəsmi Bakı da qonşularının silahlanma meylindən narahatlığını gizlətmir. Hərçənd Müdafiə Nazirliyi Azərbaycanın Xəzərdəki donanmasının hərbi gücünə arxayındır.
Xəzərin hüquqi statusu ətrafında müzakirələrin nəticə vermədiyi bir vaxtda hövzə dövlətlərinin silahlanması əlamətdar tendensiyadır. İran və Türkmənistanın ardınca Rusiya da Xəzərdəki hərbi imkanlarını gücləndirmək qərarına gəlib. Bu addımlar Xəzərin sülh, əmin-amanlıq və dinc əməkdaşlıq məkanına çevrilməsi yönündə səslənən çağırışlara tamamilə ziddir. Eyni zamanda Xəzərdəki hərbi donanmalarını gücləndirən ölkələr bunu müstəsna olaraq müdafiə məqsədilə etdiklərini vurğulayırlar. Əslində Xəzər kimi qapalı hövzələrdə irimiqyaslı dəniz müharibəsi praktik olaraq mümkünsüz və hövzə ölkələrinin hər biri üçün strateji yöndən səmərəsiz bir avantüra sayılmalıdır. Çünki beş hövzəyanı ölkənin hər biri Xəzərdə malik olduqları perspektivli karbohidrogen strukturlarının istismarında maraqlıdır. Odur ki, Xəzər ölkələrinin silahlanma tendensiyası daha çox taktiki səciyyəlidir. Hövzədə sektoral bölgünün prinsiplərindən narazı olanlar özlərinin donanma faktoru ilə mübahisədə olduqları tərəf-müqabillərinə siyasi təsir-təzyiq etmək istəyirlər. İki ay öncə İranın Azərbaycana qarşı təhdidi də məhz bu qəbildən idi. Bununla yanaşı, İran yaxşı anlayır ki, Xəzərdə başlayacağı müharibə onun özü üçün ağır fəsadlar doğura bilər. Bütövlükdə isə İranın Xəzərdə silahlanması və hövzədəki hərbi təmsilçiliyini eskadra səviyyəsində qaldırmaq niyyəti onun üçün həm də ciddi özünütəsdiq imkanıdır. Çünki çar Rusiyası və SSRİ dövründə İran Xəzərdə hərbi donanma saxlamaqdan ümumiyyətlə məhrum edilmişdi. Sovetlərin çökümündən sonra Tehranın revanşizm niyyəti aşkardır.
Hövzənin digər dövləti Türkmənistanın silahlanmaya meyli xüsusilə maraq doğurur. 1995-ci ildən özünü rəsmən neytral dövlət elan edən Türkmənistanın cari hərəkətləri həmin statusla bir araya gəlmir. Xatırladaq ki, 1992-ci ildə SSRİ-nin hərbi mirası bölüşdürüləndə ("Daşkənd sazişi") Türkmənistan Xəzərdə hərbi donanmaya iddialı olmadığını bildirmiş, daha sonra isə payına düşən hərbi gəmilərdən Rusiyanın xeyrinə imtina etmişdi. Lakin son vaxtlar Aşqabad bu addımını təftiş etməyə başlayıb. Bu ilin yayında Ukraynadan iki hərbi gəmi alan Türkmənistan Azərbaycanla orta xətt mübahisəsində güc mövqeyindən çıxış edə biləcəyinə arabir işarə vurur. Hərçənd MM üzvü, istefada olan general Vladimir Timoşenko Aşqabadın bu iddialarını görüntü yaratmaq istəyi kimi qiymətləndirir. Onun sözlərinə görə, Türkmənistan hərbi donanma quruculuğuna sıfırdan başlayıb və onun Azərbaycana güc göstərmək niyyəti ciddi sayıla bilməz. Timoşenkonun qənaətinə görə, Azərbaycan Xəzərdəki donanması ilə yalnız Rusiyadan geri qalır. Bu xüsusda bir haşiyə çıxmaq gərəkdir. Azərbaycan mediasında tez-tez İranın Xəzərdə gücünü artırmaq üçün Fars körfəzindəki iri hərbi gəmilərini hövzəyə daşıyacağı barədə mülahizələr səslənir. Və onların heç birində dəqiqləşdirilmir ki, İran öz hərbi gəmilərini qapalı dəniz olan Xəzərə hansı yolla gətirəcək. İranın bunun üçün müvafiq kommunikasiya imkanları sadəcə, mövcud deyil. Dünya okeanında Xəzərə daxil olmaq üçün yeganə marşrut(Qara dənizdən Volqa-Don kanalı vasitəsilə) Rusiyanın nəzarətindədir və hövzədə hamıdan çox ambisiyaları olan Moskva İrana heç vaxt bu imkanı verməz. Rusiyanın Xəzərdəki donanmasını müasir hərbi gəmilərlə gücləndirmək qərarı da onun məlum ambisiyalarından xəbər verir. Moskva nümayiş etdirir ki, Xəzərdə kiminsə onun qarşısında "at oynatması"na seyrçi qalmayacaq.
Xəzər hövzəsində İran, Türkmənistan və Rusiyanın rəvac verdiyi silahlanma fonunda Azərbaycanın və Qazaxıstanın təmkinli siyasəti qeyd olunmalıdır. Əvvəla, praqmatik kurs yeridən bu iki ölkə Xəzərin təbii ehtiyatlarının istismarına nəzərəçarpacaq uğurlar qazanıb və Xəzərə yeni hərbi texnika deyil, perspektivli sərmayə gətirməyə üstünlük verirlər. Digər yandan, yuxarıda vurğulandığı kimi, Azərbaycanın Xəzərdəki hərbi donanmasının müdafiə imkanlarından ümumən arxayındır və əlavə sihalanmaya ehtiyac duymur. Əksinə, Bakı lap əvvəldən Xəzərin demilitarizasiyası yönündə ardıcıl mövqe tutur. Üstəlik Azərbaycan dəfələrlə hövzənin silahsızlaşdırılmasının status müzakirələri ilə paralel aparılması təşəbbüsü ilə çıxış edib. Bunun üçün ilk addım kimi Xəzərdə yenidən silahlanmaya qarşılıqlı moratorium qoyulmalıdır. XİN başçısı Vilayət Quliyevin sözlərinə görə, Xəzərdə yenidən silahlanma (o cümlədən Rusiya tərəfindən) mövcud balansın pozulması və arzuolunmaz yarışın start götürməsi ilə müşayiət oluna bilər. Hər halda Azərbaycan sözdə "Xəzər sülh dənizi olmalıdır" deyib işdə bunun əksini edənlərdən fərqli olaraq dediyinə də əməl edir.
Xəzəri barıt çəlləyinə çevirməkdənsə, onun hüdudsuz "qara qızıl"ını qarşılıqlı səmərə əsasında çəlləklərə yığıb bəhrələnmək lazımdır. Bu aksioma əvvəl-axır hamı tərəfindən qəbul olunacaq.
"Rusiya güc nümayiş etdirir"
Politoloqlar Xəzərin hərbiləşdirilməsini yolverilməz sayırlar
|
"Rusiyanın Xəzər dənizindəki hərbi donanmasını gücləndirməsi Xəzərin statusu ilə bağlı problemə ciddi təsir göstərməyəcək". Prezident Aparatının bölmə müdiri, politoloq Rüstəm Məmmədov bu fikirdədir.
Politoloqun fikrincə, Rusiya sadəcə olaraq, üçüncü dövlətlərə öz gücünü göstərmək üçün bu addımı atır: "Rusiyanın Xəzərdə donanma saxlamaq hüququ olub, indi də var. Sadəcə olaraq, onlar öz hərbi donanmalarını müasirləşdirirlər. Azərbaycan da bunu onlara yasaq edə bilməz. Sadəcə olaraq, bunu ona görə bəyan edirlər ki, bəzi dövlətlər özlərinə yığılsın".
Bununla belə, Rüstəm Məmmədov Xəzərin hərbiləşdirilməsini yolverilməz sayır: "Azərbaycan tələb edir ki, Xəzərdə demilitarizasiya aparılsın. Rusiya isə bunun əleyhinə çıxır. Və Xəzərdə hərbiləşdirmənin tərəfdarı kimi çıxış edir".
Yurddaş Partiyasının sədri, millət vəkili Mais Səfərli isə Rusiyanın Xəzərdə güclənməsinin status probleminə ciddi əngəl yaradacağı qənaətindədir. Onun fikrincə, Azərbaycan Moskvanın bu addımına ciddi etirazını bildirməlidir: "Xəzərin satusu ilə bağlı danışıqların intensivləşdiyi bir dövrdə Rusiyanın güc nümayişi Xəzərin statusunu əngəlləyə bilər. Xəzər sülh və əməkdaşlıq dənizinə çevrilməlidir. Burada iri tutumlu hərbi gəmilərin yerləşdirilməsi, silahların sayının artırılması regionda sülhün və sabitliyin pozulması üçün təhlükə mənbəyidir. Ona görə də bölgə dövlətləri bu məsələyə ciddi etiraz etməlidirlər. Xüsusən də Azərbaycan məsələyə kəskin mövqeyini bildirməlidir. Çünki Xəzərdə ən zəngin neft və qaz yataqları Azərbaycana məxsusdur".
|