|
|
|
|
#105(329)
|
 |
"Dördlər"dən biri Nazim İmanov yaradılacaq ictimai forumun əleyhinə deyil, sadəcə olaraq, hələlik buraya daxil olub-olmamağı barədə düşünür. N.İmanov bununla bağlı "Bizim ƏSR"ə öz fikirlərini belə açıqladı: "Mən düşünürəm ki, Azərbaycan cəmiyyətində dövlətin strateji inkişaf yollarını araşdıran cəmiyyətə, qeyri-hökumət təşkilatlarına həmişə ehtiyacı olub və bu gün də ciddi ehtiyacı var.
Məhz bu məsələləri qarşısına məqsəd kimi qoyan istənilən təşkilat dövlətçiliyimiz baxımından əhəmiyyətlidir."
Onun bu foruma qatılmayacağı haqda gedən məlumata öz münasibətini bildirən N.İmanov qeyd etdi ki, həmin forumun təsisçiləri sırasına qatılmaq barədə təklif alıb: "Lakin hələ qərar verməmişəm." Nəyi gözlədiyi ilə bağlı sualımıza cavab olaraq İmanov heç nə gözləmədiyini dedi: "Sadəcə olaraq, hər bir qərarı verməmişdən əvvəl düşünmək, götür-qoy etmək lazımdır".
|
... "Yurdçu" "yurd"a qayıdır
|
İqbal Ağazadənin sədr olduğu Vətəndaş Birliyi Partiyasındakı narazılığın nəticələri görünür. Aldığımız məlumata görə, sədrləri hazırda Türkiyədə olan VBP-çilərin əksəriyyəti partiyanın təcili qurultayını çağırmaq niyyətindədirlər. Qurultayın sentyabrın 12-də, "Hüriyyət" qəzetinin akt zalında keçirilməsi nəzərdə tutulur. Gedənlərin vaxtilə AXCP-nin "islahatçılar" qanadından VBP-yə gəldiyi bildirilir. Məsələdə xüsusi marağı olanlardan ilk növbədə Əli Kərimlinin adı qeyd olunur. Bildirilir ki, İ.Ağazadə vaxtı ilə bu partiyanın elektoratından yeni təşkilat yaratmışdı.
Heç bir partiya ilə uzaq zaman ərzində də müttəfiqlik sazişinin gözlənilmədiyini xüsusi olaraq vurğulayan Ədalət Partiyası Ali Məclisinin sədri Aydın Kərimov "Bizim ƏSR"ə bildirib ki, partiyanın siyasi xəttini və liderini qəbul edən hər bir təşkilatla bir yerdə olmağa hazırdırlar:
"Bu gün mətbuatda və siyasi arenada siyasi mübarizə diapazonu ilə konkret seçki kompaniyasını qarışdırırlar. Lakin hər bir prosesin özünəməxsus fəaliyyət mexanizmi və qrupları olur. İndi hər kəs öz liderini və siyasi xəttini digərlərinə qəbul etdirmək niyyətindən uzağa getmir. Vahid lider məsələsi isə seçkilər ərəfəsində mümkündür. Ona isə hələ çox qalıb."
AXCP "klassiklər" qanadının təşkilat məsələləri üzrə müavini Mirmöhsün Mahmudov bir çox təşkilatın, o cümlədən Müsavat, ADP, ALP və Ədalət partiyaları ilə normal münasibətdə olduqlarını qeyd edərək, onların "klassiklər"lə əməkdaşlıq etmək üçün yalvardıqlarını deyir: "Lakin biz bunu istəmirik. Hələlik müstəqil olmağa üstünlük veririk. Ölkədə yeganə güclü partiya bizik, bizdən sonra isə Müsavatdı."
Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin "islahatçılar"la "klassiklər"i barışdıracağı haqda gedən məlumatlara öz münasibətini bildirən M.Mahmudov buna inanmadığını deyir: "Almurad bəy elə işlərə qarışmır. Əli Kərimovla yaxınlaşmaqdansa, gedib iqtidarla birləşmək daha yaxşı olardı. Ya da Əli Kərimov etiraf eləsin ki, iqtidara xidmət edir, deputatlıqdan imtina eləsin və bizdən üzr istəsin. Belə olsa yaxınlaşmaq olar. Ümumi müxalifətə zərbəni iqtidardan daha çox Əli Kərimov vurub."
SİDSUH-a oxşar təşkilatın oktyabrın əvvəllərində yaranacağı gözlənilir. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynov isə bunun vaxtının müəyyənləşmədiyini deyir: "Bu təklif müxtəlif tərəflərdən gəlib.
Demokratiyanın Müdafiə Fondu və Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin rəhbərliyi də bu tipli təşkilatın yarana biləcəyi ilə nəticələnəcək forum təklif ediblər. Lakin bunun konkret olaraq SİDSUH tipli olub-olmayacağı məlum deyil. Hal-hazırda seçki islahatları və seçkilərin demokratikliyinin təmin olunması üçün siyasi təşkilatların əlaqələrinin koordinasiyasına ehtiyac hiss olunur. İndiki mərhələdə bu tipli təşkilatın yaranması məntiqi olardı. Hələlik iş gedir nə vaxt yaranacağı isə məlum deyil. Vaxt qoymaq çox çətindir."
|
... Gərək axtarıb tapsınlar
|
AMİP-lə Müstəqil Azərbaycan Partiyasının birləşəcəyi haqqında məlumatları şayiə adlandıran MAP sədri Nizami Süleymanov Etibar Məmmədovla mütəmadi görüşdüklərini deyir: "1998-ci il oktyabrın 29-da biz AMİP-lə ikitərəfli saziş imzalamışıq və onun müddəalarını yerinə yetiririk. Lakin birləşmədən söhbət gedə bilməz. Biz əməkdaşlıq üsulunun tərəfindəyik və heç bir bloka getməyəcəyik."
Müstəqil Azərbaycan Partiyasının zəif fəaliyyət göstərdiyi haqda sualımızla razılaşmayan N.Süleymanov partiyanın tam normal fəaliyyət göstərdiyini dedi. "Sadəcə olaraq, mən tez-tez elmi ezamiyyətlərdə oluram. Yəqin ki, jurnalistlər məni tapa bilmədiklərinə görə, qəzetlərdə MAP-la bağlı az informasiya gedir."
|